Məktəb və maarifçilik ənənəsi

Məktəb və maarifçilik ənənəsi

Azərbaycanda məktəb və maarifçilik ənənəsi: tarixdən gələcəyə
Elmin hüdudları üfüq xəttinə oxşayır: biz ona nə qədər yaxınlaşsaq, o bizdən bir o qədər uzaqlaşır
Pyer Buast

Azərbaycanda elmin, pedaqoji fikrin, təlim-tərbiyə ənənələrinin yaranma tarixi min illər əvvələ təsadüf edir. Qobustan, Gəmiqaya qayaüstü yazılı abidələri əcdadlarımızın öz düşüncələrini yazı şəklində ifadə etmələrinin ilkin cəhdləri kimi sonralar həmin ərazilərdə yazı mədəniyyətinin yaranıb formalaşmasında müstəsna rol oynamışdır. Bu sadə təsvirlər Azərbaycanda yaşamış qədim insanların həyatlarından, yaşam tərzindən ilkin məlumatlar verməklə yanaşı, onların ətraf dünya haqqındakı təsəvvürlərini də nümayiş etdirir. Nəsillər arasındakı tarixi bağlar uzandıqca insanların həyat tərzi və ətraf aləmi qavramaq imkanları da genişlənir. "Nələri və hansı həcmdə öyrətmək?" sualı mütəxəssisləri həmişə düşündürmüşdür. Kamil insan idrakının, elminin, həyat təcrübəsinin gücündən bəhrələnməklə daim həqiqət axtarışındadır. Artıq insanlar elmi təkcə kamilliyə yetmək naminə deyil, həm də dünyanı fəth etmək naminə öyrənirlər.
Çağdaş dünyanın planetdə baş verən müsbət və mənfi dəyişikliklərə nəzarət edib onları tənzimləyəcək mükəmməl bir mexanizmə böyük ehtiyacı var. “Qalib gələcəkmi cahanda kamal?” sualı müasir zamanımız üçün daha aktualdır. Çünki dünyanın və insanlığın taleyinin bir raket düyməsinin qəfil basılacağı qorxusundan asılı olduğu bu günkü həssas məqamda sivilizasiyanı yalnız soyuq başla düşünməyə qadir aqil insanlar xilas edə bilər. Yaşadığımız planetin təhlükəsiz sabahı ağılın və kamalın təntənəsindən keçir. Bu isə toplumu zəkanın oyanışına, özünü dərketməsinə, mənəvi kamilliyə, sülhə, əmin-amanlığa sövq edir.
XXI əsrdə dünyanın siyasi-iqtisadi ağırlıq mərkəzi Avropadan Asiyaya, qlobal miqyasda götürsək, Avroatlantik məkandan Avrasaiya məkanına keçməkdədir. Azərbaycan da bu bölgədə yerləşdiyinə və ümumtürk toplumunun bir parçası olaraq bu proseslərdən kənarda qala bilməz. Azərbaycan geosiyasi və geocoğrafi baxımdan elə bir məkanda yerləşir ki, onun vətəndaşı daha açıq zəkaya, iti ağıla yiyələnməlidir ki, Qərbdən Şərqə, Şimaldan Cənuba əsən “soyuq küləklər” onu “üşütməsin”, əxlaqında, mənəviyyatında kataklizmlər yaratmasın. Tarix toplumların və dövlətlərin “fövqəlgüclərin” asılılığından qurtulmaq yolunu güclü milli müstəqillikdə, iqtisadi stabillikdə və özünəinamda görür. Təəssüflə qeyd etməliyik ki, ölkəmiz üç minillik dövlətçilik tarixinin yalnız min ilində müstəqil söz sahibi ola bilib...
Çağdaş innovasiya mühiti iqtisadi gəlir əldə etmək, yeniliyin praktik tətbiqinə, zehni düşüncənin yaratdığı məhsulların bazara çıxarılmasına, neft kapitalının insan kapitalına çevrilməsinə təkan verərək, cəmiyyəti və dövləti xarici bazardan və digər xarici təsirlərdən daha az asıllığa gətirib çıxarmaqla, getdikcə daha çox müstəqilliyə və özünəinama istiqamətləndirir. Bu mənada hər bir kəs yaşadığı ərazinin mütləq sahibi olmaq üçün özünü dəyişməyə məhkumdur. Ancaq bu dəyişmələr, baş verəcək istənilən inteqrasiya və qloballaşma türk mədəniyyətinin min illər boyu formalaşmış ulusal qaynaqlarını zədələməməlidir. Təsadüfi deyil ki, bu gün mütərəqqi dünyanın əsas hədəf saydığı multikultral dəyərlərin Azərbaycan modeli bütün dünyada qəbul edilir və hətta bir sıra Avropa universitetlərində bu təcrübə tədris olunub öyrənilir.
Açıq və demokratik cəmiyyətdə böyümüş insanda düşüncə tərzi daha mütərəqqi, innovasiyaya meyilli, təşəbbüskar olur. Demokratiya görünən bir hədəf yox, insanın həyatı boyu sona çatmayan bir proses və ikiqat etimad deməkdir. Əməkdaşlıq, dialoq, həmrəylik demokratiyanın əsas elementlərindəndir. Arı min bir çiçəkdən şirə çəkib sonda bu zəhmətini dünyanın ən nadir nemətlərindən olan bala çevirdiyi kimi, şagird potensialının da praqmatik yanaşma ilə yetişdirilib yönləndirilməsi cəmiyyətin ən böyük uğuru hesab edilə bilər. Yoxsa yabançı və kənar təsirlər bu kövrək potensialı cəmiyyətin zərərinə də yönəldə bilərlər.
Bir acı reallığı unutmaq olmaz ki, istənilən səhv qərarın nəticəsi həmişə ağrılı və dağıdıcı olur. Sərbəst və açıq müzakirələr isə hər bir insanda xırda nöqsanları belə üzə çıxarır. Bu isə səhv qərarları və addımları əngəlləyir. Müasir demokratik toplumlarda azad vətəndaş öz hüquqlarını bilən və ictimai məsuliyyət daşıyan, hüquqları dövlət tərəfindən təminat altında olan, qanunların formalaşmasında iştirak edən, azad düşünən, fikrini sərbəst ifadə edən, özünə inamlı, üzərinə düşən vəzifələri anlayan, başqalarının haqlarına hörmətlə yanaşan, fərqlilikləri qəbul edən insandır. L.Tolstoyun çox dəyərli bir kəlamı var: “İnsan kəsrə bənzəyir, sürətdə onun dəyəri, məxrəcdə isə onun özü haqda fikirləri dayanır. Məxrəc nə qədər böyük olarsa, kəsrin qiyməti bir o qədər az olar”. Bu kəlam “millətə məhəbbətin özünə məhəbbətə olan nisbətidir” mənasının başqa bir formada ifadəsidir. Belə bir vətəndaşı formalaşdıracaq təhsil sisteminin yaradılması milləttin qələbəsidir. Təhsil - insanın mənəvi siması olub, bilavasitə mədəniyyət, təlim-tərbiyə və mənəvi dəyərlərin təsiri altında formalaşır. Burada insanın qazandığl biliyin həcmi əsas deyil, ondan sərbəst olaraq istifadə emək keyfiyyəti əsadır. Müasir dövrümüzün inkişafı, tərəqqisi, yaxud da problemlərinin həlli, yalnız və yalnız təhsilimizin inkişafından asılıdır desək, yəqin ki, yanılmarıq.
Təhsil nəsillərdən-nəsillərə ötürülən maddi bir miras, hədiyyə və ya istehlak malı deyil, öyrənilməsi, qorunması və inkişaf etdirilməsi zəruri olan bir həyat tərzidir. Məktəbi heç də gəlişigözəl söz xatirinə “Müqəddəs məbəd” adlandırmamışlar. Bu məbəddə yalnız bilikli insanlar deyil, hər şeydən əvvəl, mənəviyyatlı insanlar yetişdirmək əsas şərtdir. Təsadüfi deyil ki, dövrün, zamanın tələbinə görə müxtəlif vaxtlarda ümumi təhsilin təlimlə bağlı məzmun istiqamətləri dəyişsə də, təhsil alanların mənəvi tərbiyəsinə verilən tələblər dəyişilməz qalır. Xatırladaq ki, ümumi təhsil illəri insanın elə bir yaş dövrünə təsadüf edir ki, həmin zaman kəsiyində o, həyatda ilk kövrək addımlarını atır, yaxşı ilə pisi ayırd etməkdə, baş verən hadisələrin əsil mahiyyətini anlamaqda hələ çətinlik çəkir, şübhələr və qeyri-müəyyənliklər içərisində vurnuxur. Həm də çox vaxt həyatda müxtəlif insanların nümunəsində söz və əməl əksliyinin şahidi olur. Belə bir təzadlı vəziyyətdə, yetkin və mütərəqqi təhsil sistemi uşaq və yeniyetmələr üçün etibarlı kompas rolunu oynayır. Həm də onların düzgün səmti itirməsinin qarşısını alır. Ona görə də məktəbdə elə bir stabil pedaqoji iqlim və təlim-tərbiyə mühiti hökm sürməlidir ki, uşaqlar bütün şübhələrdən azad olsunlar. Onlarda həyata və insanlara dərin inam və etibar hissi formalaşsın. Müstəqil surətdə düşünüb həqiqəti axtarıb tapmağın yollarını öyrənsinlər, mənəvi cəhətdən saf və əqidəli böyüsünlər. Tomas Cefferson yazırdı: “Cəmiyyətin maksimum səviyyədə gücündən istifadə etməsi üçün xalqın özündən daha etibarlı bir qaynaq olduğunu düşünmürəm. Əgər xalqın öz nəzarət imkanlarını ağıllı formada tətbiq etməsi üçün kifayət qədər maarifləndirilmədiyini düşünürüksə, bunun həlli –xalqın nəzarət haqqını əlindən geri almaqda deyil, insanların beyinlərini, düşüncələrini aydınlatmaqdadır.”
Heç bir millət öz təhsilinin yerində sayması ilə barışmamalıdır. Bu həqiqəti qəbul etməyənlər, təbii ki, dünyanın inkişaf sürətindən çox geri qalacaqlar. Ona görə də hər bir vətəndaş daima təhsilə xüsusi diqqət yetirməlidir. A.R.Dyerdi yazırdı: “Kəşf etmək hamının gördüyünü görmək, lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir”. Bu deyilənlərdən isə belə bir həqiqət ortaya çıxır: insan öz potensialını özünə xərcləyəndə az, ətrafa xərcləyəndə isə daha çox xoşbəxt olur. Bu düşüncə “bazar qanunları”nın at oynatdığı çağdaş dövrümüzdə bir qədər utopik görünsə də, gələcəyin düzgün seçimə məhkum olduğu yeganə xilas yoludur. Görün həzrət Peyğəmbərimiz (Muhəmməd s.ə.v.) min dörd yüz il bundan öncə dediyi sözlərlə bu durumu nə qədər dürüst şəkildə ifadə edib: “Mənim ümmətimdən hər bir ağıl sahibinə bu dörd şey vacibdir: elmi eşitmək, onu öyrənmək, yaymaq və ona əməl etmək”.
Bir sıra kosntruktivizm nəzəriyyələrinə istinadən demək olar ki, öyrənmə fəal və reflektiv proses kimi öyrənənin təcrübəsini və düşüncəsini əlaqələndirməyə imkan verir. Şagirdlər arasında baş tutan sosial əlaqə zəmnində müşahidə olunan tənqidi münasibət, əməkdaşlıq və fikir mübadiləsi öyrənənin qarşısında çoxsaylı perspektivlər açır. Fikir mübadiləsi konkret fərdin anlayışını zənginləşdirir. Şagirdin öyrənməsini dəstəkləyən təlim mühitinin-yəni şəxsiyətyönümlü siniflərin təmin edilməsi müəllimlərin öhdəsinə düşən əsas vəzifədir. Öyrənmə təcrübə ilə sosial münasibətlərin məhsuludur. Bunları şərti olaraq belə də qruplaşdırmaq olar:
1. Öyrənən öyrənmə prosesinə daha öncə qazandıqları bilik, bacarıq və təcrübəni gətirir. Hər bir öyrənənin dünyanı necə dərk etməsinə təsir edən əvvəlki təəssüratları var.
2. Öyrənmə daxilən idarə olunur və əlaqələndirilir. Öyrənən məlumatları qəbul edir, şəxsi baxışlarına uyğun emal edir və onda yeni düşüncə formalaşır.
3. Bilik quruculuğu bir çox üsullarla – çeşidli vasitələrdən, təcrübələrdən istifadə etməklə həyata keçirilir. Şagirdlər əvvəlki bilik, bacarıq və təcrübələrini tədris prosesinə gətirir ki, bu da onların sinifdə öyrənəcəklərinə ilkin baza rolunu oynayır. Təcrübəli müəllimlər bunun üçün bəzən tədrisin səmərəliliyini artırmaq məqsədilə qabaqlayıcı ev tapşırıqları verir.
4. Öyrənmə yeni konseptual strukturların, əqli modellərin qurulması məqsədilə məlumatların beyinə yerləşdirilməsi (qəbul ediməsi), mənimsənilməsi (qavranılması), yaxud qəbul edilməməsi (rədd edilməsi) prosesidir. Hər bir insan sonsuz sayda məlumata, müəyyən qədər ideyaya malik olur. Öyrənmə prosesində yeni bilik əvvəlkilərlə uzlaşırsa, o zaman asanlıqla qəbul edilir. Hər bir mövzu yeni olduğu qədər də əvvəlkilərlə bağlıdır. Bu bağlılığı isə məhz müəllim yaradır. Əgər yeni informasiya öyrənənin düşüncə tərzinə uyğun deyilsə, o zaman öyrənən bu informasiyanı necə qəbul etməyi özü seçir. O, ya yeni düşüncə tərzi formalaşdırır, ya da bu informasiyanı qəbul etmir.
Son illər mütəxəssislərin daha tez-tez işlətdikləri fasiləsiz təhsil termini təhsilin sosial effektivliyini artırmaq üçün mövcud təhsil səviyyəsinin müsbət istiqamətdə dəyişilməsinə yönələn bir prosesdir. Fasiləsiz təhsil sistemi insanın ömrü boyu bir şəxsiyyət kimi formalaşması üçün davamlı təhsil almasını nəzərdə tutur. Fasiləsiz təhsilin əsas mərhələlərini şərti olaraq belə qruplaşırmaq olar:
a) insanın müstəqil həyata daxil olması üçün təlim, tərbiyə və təhsili;
b) insanın müxtəlif praktiki fəaliyyəti ilə bağlı olan yetkin yaşda tədris fəaliyyətini istiqamətləndirmək üçün nəzərdə tutulan təhsili.
Birdəfəlik təhsildən – fasiləsiz təhsilə keçid zamanın tələbidir və əlavə pedaqoji təhsil almaq, peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün müxtəlif üsullarla fasiləsiz təhsil almaq imkanlarını əhatə edən vahid təhsil sistemi kimi başa düşülür. Üstünlüyün maddi resurslara deyil, əmək ehtiyatlarına və sosial kapitala əsaslanmasıdır. Bu prosesdə müəllim metodoloji (pedaqoji-psixoloji) baсarıqları, ümumi mədəni səviyyəni əks etdirən baсarıqları, fənyönümlü baсarıqların tələblərinə сavab vermək üçün öz fəaliyyətini sinif otağı ilə məhdudlaşdırmamalıdır Fasiləsiz təhsil sistemi peşəkarlığın inkişafının müstəqil, iсtimai və dövlət formalarını özündə birləşdirir. Birdəfəlik təhsildən fasiləsiz təhsilə keçid hər bir öyrədən qarçısında ciddi tələblər qoyur. Ölməz şairimiz B.Vahabzadə dediyi kimi: ”Mən atamı ötmüşəm, məni ötür övladım”, yaxud “Vaxtın dəyirmanında daş əridi qum oldu” ifadələri artıq bu günün dünən olmadığını anlatmaqdadır.
Təhsil cəmiyyətin barometrdir. Sistemli təhsilə yiyələnən yeniyetmə “bu, mənə lazımdırmı, nə üçün mən bunu öyrənməliyəm?” kimi şablon suallardan azad olur. Təhsildə sistemli dəyişikliklər “müəllim-şagird” ənənəvi formatına da aiddir. Məktəblilər parta arxasında oturub həyəcanla lövhə qarşısına çağırılacaqlarını gözləmir, bunun yerinə kiçik qruplar arasında qurulan əməkdaşlıqda müxtəlif problemlər müzakirə edirlər.
Texnoloji imkanlar müəllimə öz şagirdlərinə təklif etdiyi resurslardan daha səmərəli istifadə etmək imkanı yaradır. Unutmaq olmaz ki, bu günün şagirdi texnologiyalar dövründə yetişmişdir və kifayət qədər məlumatlıdır. Bu günün müəllimi texnologiyalar sahəsidə şagirdinin ondan çox məlumata malik ola biləcəyindən çəkinməməli, əksinə onlardan da nə isə öyrənmək imkanını səmimi dəyərləndirməlidir.
İnternet şəbəkəsi şagirdlərə dünyanın müxtəlif ölkələrindən olan mütəxəsisslərlə, eləcə də öz həmyaşıdları ilə əlaqə saxlamaq və əməkdaşlıq etmək imkanı verir. İnternetdən müxtəlif məlumat toplayan şagird özü öz fəaliyyətini bir növ istiqamətləndirir. Onlar hansı mənbələrdən istifadə etməyi və hansı əlaqələri qurmağı özləri sərbəst seçir. Müəllimlərin müəyyənləşdirdiyi parametrlərdən asılı olaraq şagirdlər öz mövzularına və apardıqları araşdırmalara nəzarəti tam şəkildə öz əllərində saxlaya bilir. Yaradıcı öyrətmə komanda şəklində öyrətmə mühiti yaradır.
Müəllim texnoloji sahədə bilməlidir:
• Hər bir müəllim ilk növbədə öz metodik bloqunu yaratmalı (http://tariximizbizim.blogspot.com-müəllif);
• Müxtəlif proqramlarda işləməyi (offise proqramları, Activİnsprie, Mimio, Smart və s);
• Fənninə dair faydalı saytları - http://www.informatik.az, http://www.e-derslik.edu.az/site/index.php, http://www.informatik.az/, https://edupres.ru http://edcommunity.ru/ , https://www.mindomo.com , http://web2edu.ru/)
• Şagirdlər üşün test, tapşırıq proqramlarını (məs: https://learningapps.org/ )
• Yarışma xarakterli çalışma proqramlarını (məs: http://puzzing.ru/create http://www.jigidi.com/ , müəyyən vaxt ərzində Pazzl-da xəritənin yığılması kimi) ;
• Şagirdləri ilə birgə qoşulmağın mümkün olduğu onlayn lahiyələri (məs: eTwinning kimi);
• Yerli və beynəlxalq (istər müəllim, istərsə də şagirdlər üşün) müsabiqələri (məs; http://musabiqe.edu.az/);
• Bir neçə xarici dili ilkin səviyyədə (bu beynəlxalq lahiyələrdə işləmək üşün çox vacibdir)
• Təhsillə bağlı virtual əməkdaşılq saytlarını;
• Yaradıcılıq proqramlarını, veb alətlərdən istifadə etməyi (http://www.kizoa.com/, https://prezi.com , http://www.photodex.com/proshow/web, https://www.magisto.com , http://www.postermywall.com/, http://www.voki.com/, http://ru.bloggif.com/ və s.);
• Dərs prosesində paralel siniflərlə (digər məktəblərlə) əlaqə (Skype vasitəsilə) qurmağı;
• Müxtəlif texnoloji vasitələrlə işləməyi (kompüter, printer, planşet, proyektor, elektron lövhə və s.);
• Audio, video resurslardan istifadə etməyi;
• Şagirdlərə verilən tapşırıqları onlayn şəkildə izləməyi və qiymətləndirməyi. Həmçinin müxtəlif müzakirə mövzularının yalnız məktəbdə deyil, konkret vaxtda (məs: Skype vasitəsilə) müzakirəsini təşkil etməyi. Belə müzakirələrə valideynlər və digər əlaqədar qurumlar da qoşula bilər;
• Müxtəlif onlayn əlaqə vasitələrini (https://e.mail.ru, https://www.linkedin.com, https://twitter.com, https://www.facebook.com/, https://www.whatsapp.com/, https://who.is/whois/massencer.com , https://www.skype.com/ru/ )
• Müxtəlif sorğuların keçirilməsinə uyğun proqramları ( https://help.surveymonkey.com/ )
Hər bir müəllim fənni ilə bağlı nələri bilməlidir:
• Yeni dərsliklərlə köhnələr arasındakı fərqli məlumatları;
• Yeni yanaşmaların əsaslandığı qaynaqları;
• Fənninə aid yerli və beynəlxalq saytları (http://tarix.info/, http://prezentacii.com/ http://www.history.az/ , http://historu.ru/)
• Saytlara uyğun təqdimatlar hazırlamağı və yerləşdirməyi, yaratdığı resursa münasibəti, ondan nə dərəcədə istifadə olunduğunu izləməyi (lazım gəldikdə doğru və yanlış bildiyi fikirlərə münasibət bildirməyi);
• Fənni ilə bağlı olan yarış və müsabiqələrdə iştirak etməyi;
• Variativ-alternativ dərsliklərlə tanış olmalı;
• Ekskursiya və müzeylərin mövzuya uyğun zamanlarda təşkil etməli. Mümkünsə yeni mövzunu elə orada tədris etməyi;
• İdrak Taksonomiyasının tələblərinə cavab verən təlim üsullarından daha çox istifadə etməyi;
• Fənninin inteqrasiya imkanlarını mükəmməl bilməli;
• Pilot lahiyələrdə iştirak etməli;
• Hər bir mövzunu müasirliklə əlaqələndirməyi (sözügedən hadisə ilə bağlı: ərazi, mədəniyyət, əhali, sosial-iqtisadi vəziyyət, miqrasiya, köçkünlük və qaçqınlıq, ərazi iddiaları, deportasiya, Azərbaycanla bağlılığı, təhsil və s.);
• Vaxtaşırı istər valideynlər, istərsə də şagirdlər arasında tədrisə dair anonim (Survey Monkey vasitəsilə, ya da yazılı) sorğular keçirməli;
• Fənn aylıqları, fənn gecələri keçirməklə yeni ideyalar verməli;
• Valideyn – şadird – məktəb tandemini qorumalı və hətta eyni layihələrdə birgə iştirak etməli (məs: “İdeya-2017” kimi - http://www.community.az/);
Beynəlxalq təcrübə ilə bağlı bilməlidir:
• Onlayn seminar və vebinarları;
• Beynəlxalq trenerlərin ölkə daxilindəki treninqlərində iştirak;
• Beynəlxalq və milli kurikuluma aid dərsliklərin işlənmə mexanizmini;
• Müxtəlif ölkələrin müəllimləri ilə onlayn əlaqələr qurmağı və onların təcrübəsi ilə öz təcrübəsini müqayisə etməyi. Həmçinin öz təcrübəsini də onlarla bölüşməli (https://www.etwinning.net/en/pub/about.htm, http://www.globalteacherprize.org/);
• Beynəlxalq müsabiqələrdə (Global Teacher Prize, eTwinning) qalib gəlmiş müəllimlərin iş təcrübəsi ilə maraqlanmalı;
• Müxtəlif saytlarda işləməyi (https://infourok.ru, http://www.metod-kopilka.ru/, http://prezentacii.com/, https://www.tes.com http://schoolservis.blogspot.com/ http://resourced.classflow.co.uk/promethean-planet/#.VRpRFfysVTk, http://www.metod-kopilka.ru/;
• İngilis, rus dilləri ilə bağlı biliyini daim artırmalı;
• Qabaqcıl təhsil sisteminə malik ölkələrdəki tədris sistemini (məs: Finlandiya, İsveç, Yaponiya);
• Əlçatmaz deyil, əlçatan olmalı;
İnnovasiya mühiti iqtisadi gəlir əldə etmək məqsədilə, yeniliyin praktik tətbiqini, innovasiyaların bazara çıxarılmasını zəruri edir. Rəqabət mühitindən əməkdaşlıq mühitinə keçid iştirakçı tərəflərə qazanc gətirir. Bunun üçün sərhədlər yox, təhsilə münasibətin mahiyyəti dəyişməlidir. Hər bir müəllim özünü konkret sosial sifarişi (məktəbin, şəhərin, ölkənin və s.) yerinə yetirən bir şəxs kimi hiss etməlidir.
Vaxtaşırı müəyyən sorğuların keçirilməsi onun işinə cox müsbət təsir göstərə bilər. Bir sinfin nümunəsində keşirilən sorğunun nəticələri artıq hər kəsdə aydın təsəvvür formalaşdırır. Hesabatlılıq hər bir müəllimdə öz zəif nöqtələrini dəqiqləşdirməyə, işini bu istiqamətdə qurmağa stimul verir. Misal olaraq, 19 şagird arasında keçirilən sorğudan alınan nəticə bir çox məsələlərə aydınlıq gətirməyə imkan yaradır.

Bu tip sorğuların valideynlər arasında da keçirilməsi ümumi işin gedişinə müsbət təsir göstərə bilər. Məsələn:
1.Təhsil sahəsinə nəzarətin həyata keçirilməsində öz iştirakınızı necə görürsünüz?
1 Hökümətdə təmsil olunmaqla
2 VMA-da iştirak etməklə
3 QHT-də iştirak etməklə
4 Bilmirəm
5 Seçkili orqanlarda təmsil olunmaqla
6 Başqa fikir

2. Sizcə təhsilin inkişafı üçün hansı sahələrə daha çox vəsait ayrılması məqsədəuyğundur?
1 Müasir tələblərə cavab verən dərsliklərin hazırlanmasına
2 Yeni-innovativ kadr potensialının hazırlanmasına
3 Yeni texnologiyaların tətbiqinə
4 Beynəlxalq lahiyələrdə iştiraka
5 Beynəlxalq təcrübələrin öyrənilməsinə
6 Başqa fikir

1 Dərsliklərin tələblərə uyğun hazırlanmaması
2 Müəssisə rəhbərlərinin yeniliklərə açıq olmaması
3 Təhsilverənlərin yeni sistemi çətinlikə dəstəkləməsi
4 Repititorluq fəaliyyəti
5 Tələblə təklifin uzlaşmaması
6 Beynəlxalq təcrübələrin, yerli xüsusiyyətlərə uyğunlaşdırılmadan tətbiq edilməsi
7 Bilmirəm
3. Sizcə təhsilimizin inkişafına nə mane olur?

Bütün təhlil və təcrübələrdən çıxış edərək gəldiyimiz qənaət bizə deməyə əsas verir ki, bütöv Azərbaycanın davamlı iqtisadi inkişafı və əbədi müstəqilliyini təmin edəcək yollar yüksək, innovativ və davamlı təhsildən keçir. Dahi şairimiz Nizami Gəncəvinin yazdığı kimi: “Qüvvət elmdədir başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz”.


Məmmədova Şirincan Əvəz qızı
Bakı şəhəri, T.Heybətov adına 126 №-li tam orta məktəbin tarix müəllimi

Yükləmək ücün qeydiyyatdan keçin!



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.