Ağa Məhəmməd şah Qacar

                             

Ağa Məhəmməd şah Qacar

 

 

 

        Ağa Məhəmməd şah Qacar

         Azərbaycan türk xalqının tarix səhnəsinə yetişdirib çıxardığı dəyərli şəxsiyyətlərdən biri də Ağa Məhəmməd şah Qacardır. O, Azərbaycan və dünya tarixinə 146 illik hakimiyyət sürmüş (1779-1925) bir  dövlət-Qacarlar  imperatorluğu bəxş etmişdir.

         Mənşəcə Qacar türk tayfasından olan Ağa Məhəmməd şah Qacar 1742-ci il martın 14-də Mazandaranın Əstərəbad (bəzi mənbələrdə Astrabad) vilayətinin Əstərabad şəhərində Məhəmmədhəsən xan Qacarın ailəsində dünyaya göz açmışdır. Qacar tayfası Azərbaycanın dövlətçilik tarixində şərəfli rol oynamışdır. Bir sıra məşhur dövlət xadimləri və sərkərdələr bu tayfaya mənsub olmuşlar. Məsələn, görkəmli sərkərdə Qara Piri bəy Qacar Səfəvi dövlətinin yaranmasında və möhkəmləndirilməsində misilsiz xidmətlər göstərmişdir. Buna görə də Şah I İsmayıl onu «dövlətin sütunları» adlandırdığı məşhur əyanlardan hesab etmişdir.  Sonralar Səfəvi şahları bu nəslin nümayəndələrini  Azərbaycanın və İranın bir sıra ərazilərinə hakim və bəylərbəyi (Şəki hakimi Toygün bəy Qacar, Qarabağ bəylərbəyisi Kəmaləddin Şahverdi xan Ziyadoğlu Qacar, Çuxursəd bəylərbəyiləri Əmirgünə xan Qacar və Qulu xan Qacar, Əstərabad hakimləri  Xəlil xan Qacar, Hüseyn xan Qacar, Fətəli xan Qacar, Məhəmmədhəsən xan Qacar) təyin etmişlər. İrəvan və Gəncə xanları da Qacarlar nəslinin nümayəndələri olmuşlar.

         Görkəmli Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanovun yazdığına görə Qacarların bir qolu Əmir Teymur tərəfindən Suriyadan köçürülərək Qarabağ, Gəncə və İrəvanda məskunlaşdırılmışdır. Bu tayfanın ikinci qolu isə Ağqoyunlu hökmdarı Uzun Həsən tərəfindən Diyarbəkirdən Azərbaycana köçürülmüşdür.

         Əstərabadda yaşayan Qacarlar Aşağıbaş və Yuxarıbaş adlanan hissələrə bölünmüşdü. Ağa Məhəmməd şahın atası Məhəmmədhəsən xan Qacar Aşağıbaşdan, anası Ceyran xanım isə Yuxarıbaşdan idi.   Əstərabad hakimi Məhəmmədhəsən xan Qacar Nadir şahın öldürülməsindən sonra İranda mərkəzi hakimiyyətə yiyələnmək uğrunda fars mənşəli Kərim xan zəndlə apardığı mübarizədə məğlbu oldu və 1759-cu ildə Şirazda   öldürüldü. Mənbələr təsdiq edir ki,   Məhəmmədhəsən xan Qacar cəsur döyüşçü və bacarıqlı sərkərdə  olmuşdur. Lakin Zəndlərə qarşı mübarizədə digər Azərbaycan sərkərdəsi və hökmdarı Fətəli xan Əfşarla  birləşməkdənsə, onlarla düşmən münasibətdə olmuş, bundan isə Kərim xan Zənd faydalanmışdır.

         Ceyran xanım da çox ağıllı, namuslu, tədbirli, eyni zamanda bütün türk xatınları kimi cəngavər ruhlu bir qadın olmuşdur. Bu barədə fransız yazıçısı Jan Gevrin «Xacə şah» romanında çox maraqlı faktlar vardır.

         Uşaqlıqdan at çapmağı, qılınc oynatmağı öyrənən Ağa Məhəmməd anası Ceyran xanımdan mükəmməl bir təhsil almışdı. O, həmişə dərin biliyi və güclü məntiqi ilə fərqlənmişdir. Məhz bu keyfiyyətlərinə görə Məhəmmədhəsən xan  Qacar Ağa Məhəhəmmədi digər oğlullarından üstün tuturdu.  Atasının ölümündən sonra Kərim xan Zənd lə mübarizəyə də məhz onun başçılıq etməsi təsadüfi deyildi. Onun qacar və türkmənlərdən ibarət qoşunu 1762-ci ildə Kərim xanın sayca üstün ordusu tərəfindən məğlub edildi. Bu döyüşdə Ağa Məhəmməd 9 yerindən yaralansa da, xilas ola bildi. Başqa bir döyüşdə isə yenidən yaralanaraq xacə (xədim) oldu. O dövrün adət-ənənəsinə görə kişilikdən məhrum olmuş şəxs heç vaxt hökmdar ola bilməzdi. Bunu, eyni zamanda Ağa Məhəmmədin ağıllı və tədbirli bir şəxs olduğunu bilən Kərim xan Zənd onu öldürməyib, əksinə özünə məsləhətçi təyin edir.

        

Ağa Məhəmməd şah Qacar

 

 

 

Qacarın ağlına məntiqinə heyran qalan Kərim xan Zənd ondan ehtiyat etməyə bilməzdi. Ona görə də Ağa Məhəmməd əslində Zəndlər dövlətinin paytaxtı Şiraz şəhərində fəxri əsirlikdə idi. O, əkrim xanın məclislərində iştirak edir, ona dövlət idarəçiliyi ilə bağlı dəyərli məsləhətlər verirdi. Kərim xanın göstərişi ilə dövrünün görkəmli filosofu və ilahiyyatçısı Şeyx Əli Təcrimi Ağa Məhəmmədə fəlsəfə və ilahiyyat elmlərini öyrədir. Az sonra sarayda bir alim kimi məşhurlaşmış Ağa Məhəmməd Qurana şərhlər yazmağa başlayır. Təəssüf ki, yarımçıq qalmış bu şərhlər bizə gəlib çatmamışdır.

         Fəxri əsirlik həyatı Ağa Məhəmməd xanı qətiyyən ruhdan və  əzmdən salmamışdı. Tezliklə müstəqilləşmək, Qacarların idarə edəcəyi bir dövlət yaratmaq üçün əlverişli məqamın yetişməsini gözləyirdi. O, bunu özlərinin qanuni haqqı hesab edirdi: «Kərim xan Zənd çox ağıllı olsa da, onun Azərbaycan torpaqlarında ağalıq etmək hüququ yoxdur. Mənim babalarım  isə bu torpaqlar uğrunda döyüşmüş, şəhidlər vermiş, dövlətçiliymizi qorumuşlar. İndi bu fars törəmələri bizim üzərimizdə ağalıq edirlər. Mən buna yol verə bilmərəm».

         Ağa Məhəmməd xan yaxşı başa düşürdü ki, Kərim xanın ömrünə az qalıb. Ondan sonra gələnlər dövləti idarə etmək iqtidarında deyildilər. Məqsədə çatmaq üçün isə indidən ehtiyat tədbirləri görmək lazımdır. Bu yolda ilk addım olaraq qardaşı Hüseynqulu xanının Damğan hakimi təyin edilməsinə nail oldu. O, qardaşına qəti olaraq tapşırdı ki, Əstərəabadı hökmən ələ keçirmək və orada möhkəmlənmək lazımdır: «Əgər  mən məktub yazıb səni itaətə çağırsam belə qulaq asma və sonra hətta Kərim xan məni öldürtsə də belə o torpağı heç kimə vermə!» Qardaşının tövsiyyəsini yerinə yetirən Hüseynqulu xan Əstərabadı ələ keçirdi.  Onun buradakı ilk işi bir-biri ilə düşmənçilik edən Aşağıbaş və Yuxarıbaş qacarlarını  barışdırmaq və burada möhkəmlənmək oldu.  1772-ci ildə  Hüseynqulu xan özünü Cahansuz şah adlandırdı və Əstərabadın müstəqilliyini elan etdi. Kərim xan onun üzərinə güclü ordu göndərsə də , Cahansuz şah bu qoşunu məğlub etdi.

         Kərim xan 1779-cu ildə vəfat etdi. Bu fürsətdən faydalanan Ağa Məhəmməd xan martın 13-də Şirazdan qaçdı. 5 gün ərzində 900 km-dən artıq məsafəni qət edərək Əstərabada yetişdi və özünü hökmdar elan etdi. Qardaşları Cəfərqulu xanın, Mustafaqulu xanını və Murtuzaqulu  xanın dəstəyi ilə kürd separatçılarının fitnələrini puça çıxarır. Alicənablıq göstərərək düşmənlərə qoşulmuş qardaşı Rzaqulu xanı bağışlayır.

         Tezliklə Bərfiruş və Amol şəhərləri ələ keçirilir. 1782-ci ildə  Tarom mahalı, Lahican və Gilan da tabe edilir. Burada Ağa Məhəmməd xan ilk dəfə olaraq rus diplomatiyası və hərbi gücü ilə üzləşdi.  Belə ki,  Kərim xanın ölümündən sonra ölkədə yaranmış özbaşınalıqdan istifadə edən II Yekaterina I Pyotrun vəsiyyətlərinin yerinə yetirilməsinə girişdi. O, 1781-ci ilin iyununda qraf Voynoviçin komandanlığı ilə Əstərabada bir hərbi eskadra göndərdi. Bu səfərdə məqsəd Rusiyapərəst hakimlərdən birini Əstərabadda hakimyyətə gətirmək və onun köməyi ilə bölgəni öz nəzarəti altına almaq idi. Rusiya  hökumətinin bu hiyləsini yaxşı başa düşən Ağa Məhəmməd xan II Yekaterinanın Əstərabad sahillərində hərbi dəniz qüvvələrindən ibarət  baza yaratmaq təklifini rədd edir. Eyni zamanda diplmatik gediş edərək onun hakimiyyətinə qarşı çıxmış Gilan hakimi Hidayətullanı rusların köməyi ilə zərərsizləşdirdi.

         Tehran ələ keçirildikdən sonra Azərbaycanın cənub xanlıqları da (Xoy, Təbriz, ərdəbil, Urmiya, Marağa və s.) tabe oldular. 1790-cı ildə Azərbaycanın cənub torpaqlarını bütünlüklə öz dövlətinə birləşdirən Ağa Məhəmməd xan Təbriz şəhərini Qacar vəliəhdlərinin oturduğu «darüssəltənə» etdi. O vaxtdan etibarən Qacar dövlətinin süqutunadək Təbriz şəhəri bu statusunu saxlamışdı. Qacar hökmdarının övladı olmadığından qardaşı Hüseynqulu xanın oğlu Xanbaba Cahanbanini (sonradan Fətəli şah) özünə vəliəhd təyin etdi.

         Ağa Məhəmməd xan İranda mərkəzi hakimiyyəti ələ keçirməyə girişdi. Onun başlıca düşməni Zəndlər idi. Kərim xandan sonra hakimiyyətə keçmiş Lütfəli xan Zənd (1789-1794) Ağa Məhəmməd xanın hakimiyyətini tanımayan yeganə qüvvə idi. Vəliəhd Cahanbani güclü ordu ilə  1791-ci ildə Semirom döyüşündə Lütfəli xanı məğlub edir. Bu qələbə nəticəsində  Şirazla birlikdə Fars vilayətinin böyük bir hissəsi Qacarların əlinə keçdi. Fars vilayətindəki Əbrəç adlı yerdə 1792-ci ildə baş vermiş döyüş  də Lütfəli xanın müvəffqiyyəti ilə bitdi.

         Kirman şəhərinin mühasirəsi (1794) Qacarların hərb tarixində mühüm yer tutdu. Ağa Məhəmmədin bir  sərkərdə kimi istedadı özünü burada daha qabarıq  göstərdi.  Qışlalardan (kazarmalardan) ibarət hərbi şəhərciyin salınması Avropa tarixçilərinin və hərb xadimlərinin yüksək qiymətini almışdı. Məsələn, ingilis yazıçısı Robert Uotson yazırdı ki, Napolen Bonapart da Ağa Məhəmməd xanın bu üsulundan istifadə etsə idi, Rusiyanın şaxtası onun ordusunu məhv edə bilməzdi.

         Qacarın göstərişi ilə hərəkət edən bürclər Kirmanın qala  divarlarına yaxınlaşdırıldı. Bu bürclərdə gizlənən döyüşçülər bürclə divar arasına taxta körpülər qoyaraq şəhərə daxil oldular. Lütfəli xan Zənd burada da aradan çıxmağa müvəffəq oldu. Kirmanın tutulması zamanı Ağa Məhəmməd xan ilk dəfə olaraq öz qoşununa şəhərdə qarət və talanlar törətməyə icazə verdi. Ağa Məhəmmədi istəməyən bir çox qərb tarixçiləri, o cümlədən ruslar bu faktdan istifadə edərək onu «qəsbkar», «qəddar» və «amansız» bir insan kimi qələmə verirlər. Əslində isə Kirman əhalisi mühasirə günlərində bağışlanılmaz səhvə yol vermiş, Qacarın ən ağrılı yeri olan fiziki şikəstliyinə sataşaraq onu aramsız təhqirlərə məruz qoymuşdular.

         Lütfəli xanın ələ keçirilməsi ilə Zəndlərin hakimiyyətinə birdəfəlik son qoyuldu. Ağa Məhəmməd xan Xanbaba Cahanbanini Fars vilayətinə hakim təyin edir. Onun əsas məqsədi  tabe etdiyi ərazilərdə əmin-amanlığı bərpa etmək, yaratdığı dövlətin əsaslarını möhkəmlətmək, xalqın güzəranını yaxşılaşdırmaq üçün bir sıra islahatlar keçirmək idi. Lakin şimaldan gələn rus təhlükəsi onun bu planlarını pozdu.

         II yekaterina hökuməti Qacarın hərəkətlərini diqqətlə izləyir, onu Rusiyanın Şərqə dair planlarının həyata keçirilməsi yolunda ciddi maneə hesab edirdi. Osmanlı imperiyası ilə Yassı sülh müqaviləsini bağladıqdan sonra əl-qlou açılan II Yekaterina bütün Qafqaza sahib olmaq planını həyata keçirməyə başladı. O, bu məqsədlə öz sevimlisi general Qudoviçi Qafqaz ordusuna komandan təyin etdi. Rusiyanın işğalçılıq niyyətləri  Dövlət Şurasının 1795-ci ildə Qudoviçə göndərdiyi təlimatda öz əksini aydın tapmışdı:  «1) ...Rusiya tərəfdarı olan yerli hakimlərin yekdilliyinə nail olmalı; 2) ... ilk növbədə heç olmasa Lənkəran xanının əlahəzrət imperatriçəinin əbədi tabeliyinə keçmək arzusuna əməl etməli; 3) həmin xanı və yuxarıda göstərilən digər xanları ümumi iş üçün birləşdirməyə çaılşmalı, onlara lazımii məsləhətlər verməli, əlahəzrət imperatriçəinin himayəsi və mərhəməti barədə vəd verməli, yaxud çar İraklinin və başqa xanların qüvvələrini möhkəmləndirməli, bu məqsədlə sərəncamındakı qoşunlardan istifadə etməli».

        

Ağa Məhəmməd şah Qacar

 

 

 

Ağa Məhəmməd xan Rusiyanın hərbi-siyasi  gücünü və diplomatiya üstünlüyünü yaxşı bilirdi, lakin ondan çəkinmirdi. Sadəcə olaraq diplomtik manevr işlədir, Cənubi Qafqazda Rusiyanın əlaltısına çevrilmiş Gürcüstanı zərərsizləşdirməyə, Rusiyaya meyil göstərən bəzi şimal xanlıqlarını dinc yolla çəkindirməyə çalışırdı. Ağa Məhəmməd xan öz sələflərindən fərqli olaraq Osmanlı imperatorluğu ilə yaxınlaşmağı üstün tutmuş, Rusiyaya qarşı mübarizədə onun siyasi, hərbi və diplomatik dəstəyini əldə etməyə çaılşmış, qismən olsa da, buna nail olmuşdu.  




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 28 may 2012 18:16
    xebere gore cox sagolun mellim

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.