Məhərrəm Mirəziz oğlu Seyidov

 

Məhərrəm Mirəziz oğlu Seyidov

                                                           Məhərrəm Mirəziz oğlu Seyidov

 

     1952-ci ildə Şərur rayonunun Alışar kəndində anadan olub.1959-69-cu illərdə Şərur rayonundaki Nərimanov adına orta məktəbdə təhsil alib.

     Xerson şəhərindəki hərbi xidmət illərindən sonra daxili işlər orqanlarında fəaliyyətə başlayıb.1980-ci ildə Moskva Olimpiadasında ictimai asayişin mühafizəsində fərqləndiyinə görə mükafatlandırılıb. N.Rizayev adına Bakı Xususi Orta Milis Məktəbini bitirmişdir. Şərur RDİŞ yanında mühafizə şöbəsində baş inspektor vəzifəsində işləyirdi. Milis kapitanı idi.

    Naxçıvan Muxtar Respublikası Ali Sovetinin fəxri fərmanına layiq görülmüşdür. Sədərək rayonunda adına məktəb, Şərurda isə küçə vardır. Ölümündən sonra "Qırmızı Ulduz” ordeninə layiq görülüb. Şərur şəhərində tuncdan büstü qoyulmuşdur. Ailəli idi.İki qızı, iki oğlu vardır.

 

 MƏNİM QƏHRAMANLIĞIMI EL BİLƏCƏK.

     Doqquz yaşlı Habil hər dəfə babasının köksünə sığınıb atasının nə vaxt gələcəyini soruşanda Mirəziz kişinin qəlbinə çalın-çarpaz oğul dağı çəkilir, qəhər onu boğur,gözlərinin yaşını içərisinə axıdaraq nəvəsini aldadırdı:

- Gül balam, atan Moskvaya gedib, ezamiyyətdədir, bu günlərdə qayıdacaq.

     Günlər keçir, aylar ötürdü, hər ötən gün qanlı taraximizin ölüm sədalı günlərindən birini – 1990-cı ilin yanvar ayının 19-nu arxada qoyur, balaca Habilin sualı isə hər gün təkrar olunurdu, babanın isə ata həsrətli məsum nəvəsinin qəlbini ovundurmaq üçün gücü yalnız yalan danışmağa çatırdı. Moskvadakı "ezamiyyət günləri” qurtarmırdı ki qurtarmırdı.

     Fəqət babanın da yalanlarının ömrü çox olmadı. Zamanın həqiqət soraqlı bir günü Mirəziz kişinin yalanlarını alt-üst etdi. Şərurluların öz şəhid həmvətənlərinin – Şərur Rayon Daxili İşlər Şöbəsi yanında mühafizə şöbəsinin baş inspektoru, kapitan Məhərrəm Mirəziz oğlu Seyidovun  xatirəsini əziz tutaraq onun məzarı önündə ucaltdıqları abidənin açılışında təsadüfən iştirak edən balaca Habil atasının Vətən yolunda şəhid olduğunu, nəhayət ki, iki ildən sonra bildi. Habil elə o günü babasının yaxasından bərk-bərk yapışaraq "məni Bakıya, Şəhidlər xiyabanına, atamın yanına aparın”, dedi. Narahat dünyamızın qarmaqarışıq işlərindən hələ də baş açmayan Habil elə bilirdi ki, şəhid olanların hamısını Bakıda, Şəhidlər xiyabanında dəfn edirlər.

      1990-cı il yanvar ayı təzəcə girmişdi. Bu yanvarın qara yanvar olacağını, Azərbaycanın sinəsinə dağlar çəkəcəyini hələ heç kim bilmirdi. Qapımızı döyəcək müdhiş faciələrdən xalq xəbərsiz idi. Qonağına da, qonşusuna da ən əziz tikəsini verən bu xalq bilmirdi ki, Bakı düşmən tapdağında qalacaq, Naxçıvana "Alazan-2M” tipli raketlər atılacaq, ulularımızın müqəddəs yadigarı olan torpaqlarımız Vətən oğullarının qanı ilə suvarılacaq, tariximizin qanlı döngələrində şəhidlik zirvəsinə ucalacaqlar.

     ...Yanvar ayının 16-sı. Artıq erməni silahlı birləşmələri Naxçıvanda – Kərkidə öz azğın əməllərinə başlamışdılar. Üç min nəfərdən ibarət silahlı erməni qulduru Kərkini darmadağın edərək evləri yandırmış, vəhşiləşmiş canilərin hücumuna tab gətirməyən soydaşlarımız doğma yurdlarını tərk etməyə məcbur olmuşlar.Yanvarın 17-də nisbətən sakitlik olsa da, düşmən öz azğınlığını yenə də davam etdirir, Sədərək istiqamətində irəliləyir, dəmir yolunu keçərək mebel sexinə və şərab zavoduna yaxınlaşırdı. Yaxınlaşan təhlükə haqda Şərur RDİŞ-nə məlumatlar gəlirdi. Şöbənin rəisi Allahverdi Həsənov vəziyyəti təhlil edib əməkdaşlarına konkret göstərişlər verirdi.

     Vəziyyət son dərəcə gərgin idi. Sayı əllini keçməyən Sədərək müdafiəçiləri avtomatla silahlanmış minlərlə erməni yaraqlılarının qarşısına çıxaraq Vətənin müdafiəsinə qalxdılar. Bu müdafiəçilərin arasında Naxçıvan elinin igid oğlu, Şərurlu Məhərrəm Mirəziz oğlu Seyidov da var idi.

     Yanvarın 18-i qanlı döyüşlər şiddətləndi. Toplardan açılan atəşlər Sədərəkdə yeri-göyü titrədirdi. Cəzasızlıqdan azğınlaşmış erməni yaraqlılarının istifadə etdikləri toplar qədim Sədərək torpağını lərzəyə gətirirdi. Şərur oğulları sinələrini düşmən gülləsinə sipər edərək Vətən torpağının hər qarışı üçün ölüm-dirim mübarizəsinə girişdilər. Sədərəyi, Şəruru, sonra isə Naxçıvanı tutmaq eşqi ilə vəhşiləşən erməni caniləri döyüşlər getdikcə quduzlaşırdılar. Lakin, Şərurun cəngavər oğulları düşmənlə qeyri-bərəbər qüvvədə olmasına baxmayaraq, onları yerlərində oturda bildilər. Düşmən canlı qüvvə sarıdan böyük itki verdi. Məhərrəm Seyidov bu döyüşlərdə xüsusilə fərqləndi. Onun açıq döyüşlərdəki şücaəti qanlı döyüşlərin şahidlərini heyran etdi.

     Sədərəyin müdafiəsi təmin olunsa da,bu çətin mübarizə qurbansız keçmədi. Ölənlər və yaralananlar var idi. Kapitan Azər Seyidov isə əsir düşmüşdü. Bunu qanlı döyüçlərdən sonra nisbi sakitliyə görə istirahətə buraxılan Məhərrəm Seyidov yanvar ayının 19-u Azərin atasından eşitdi. Oğul həsrətli naümid ata Məhərrəmdən kömək istədi. Dar gündə çarəsiz ataya kömək etmək üçün Məhərrəm evə deyil, yenidən düşmən tərəfə qayıtdı. Azəri xilas etmək risqə getmək idi. Bunu Məhərrəm də yaxşı başa düşürdü, yoldaşları da. Ancaq fikri qəti idi.Üç gündən bəri odun-alovun içərisində vuruşan Məhərrəmi heç kimleri qaytara bilmədi. Bircə cümlə - "erməni kimdi ki, onun qabağından qaçım?” –deyib Azərin harayına tələsdi.

     Məhərrəm güllə yağışı altında özünü Azərə yetirdi. İndi onun özü də düşmən əhatəsində idi. Lakin bu onu qətiyyən qorxutmurdu. Kərki kəndi ətrafında gedən döyüşlərdə də Məhərrəm erməni quldurlarının mühasirəsində qalmış, lakin on nəfər quldurun birini belə yaxına buraxmamışdı. Əlindəki qumbaranı hazır vəziyyətə gətirərək "özümü də öldürəcəm , sizi də, deyə düşmənin qarşısında çökməmiş, əksinə, azğın quldurları təslim olmağa məcbur etmişdi. Məhərrəmin həyatında bu cür ölümlə mübarizə anları çox olmuşdu. Odur ki, o, paqon yoldaşı Azərə kömək etməyə qətiyyən tərəddüd etmədi. Məhərrəm bunun üçün ölümün üzünə dik baxmağa hazır idi.

     Altı saatlıq mübarizrədən sonra Məhərrəm Azəri mühasirədən çıxarda bildi. Azərin xilas olmasına, düzü heç kəs inanmırdı. Onu düşdüyü müxasirədən xilas olmağını az qala möcüzə sanırdılar. Məhərrəm qəhramanlıq mücəssəməsinə çevrilmişdi.

     Azər xilas olsa da, mühasirədən çıxaçıxda düşmən gülləsi Məhərrəmi tutdu. Məhərrəm güllə yağışı altında al qan içində təhlükəli zonadan uzaqlaşmağa can atdı. Leytenant Füzuli onun köməyinə yetdi, Məhərrəmi qucağına aldı. Bu dar macalda düşmən güllələri səngimək bilmirdi. Ömrünün son anında da Məhərrəm dost qayğısına qaldı: "Füzuli, məni arxana götür, qucağında saxlama, arxadan atırlar, qoy güllə mənə dəysin”,dedi.

     Məhərrəmi xəstəxanaya çatdıranda o, artıq çoxlu qan itirmişdi. Bütün varlığı ilə doğma xalqa,torpağa bağlı olan Naxçıvan yurdunun igid oğlunun həyatını xilas etmək mümkün olmadı. 1990-cı il yanvar ayının 19-da ilin ilk qurbanı kimi əbədiyyətə qovuşdu. Dörd körpə - Ülviyyə ,Rasim, Şərqiyyə, Habil vaxtsız itirilmiş ata həsrətində qaldılar, dörd bacı yeganə qardaşlarını itirərək qardaş yanğısından alovlandılar, anası Zeynəb xalanın gözləri əbədi olaraq Məhərrəmin divardan asılmış şəklinə dikildi, Mirəziz kişinin dodaqlarından gülüş əskildi.

     İndi Məhərrəm əzizlərinin qəlbində kövrək xatirəyə çevrilib. Axırıncı dəfə evdən çıxanda qapının kandarında bir anlığa ayaq saxlamış, sanki birdə körpələrini görməyəcəyini bilirmiş kimi uşaqlara doyunca baxmış, onlardan ayrılmaq istəməmişdi. Evdən çıxanda həyat yoldaşı Şəkərə "uşaqlardan muğayat olarsan” demişdi. Sanki Şəkər də onların qapısını döyəcək ayrılığı duyubmuş. O, həmin günü ilk dəfə  ərini evdən xeyli aralı məsafəyə qədər ötürmüşdü.

     Sədərək döyüşlərindən bir az əvvəl Məhərrəm Bakıya, bacısı Məsməgilə də gəlmiş, beş-on dəqiqə oturmuş, "sizinlə görüşməyə gəlmişdim”, deyə tələmtələsik Naxçıvana qayıtmışdı.

     Dostluqda düz idi Məhərrəm, çoxlu dostları var idi. Yoldaşa, dosta, tanımadığı adama imkanı daxilində əl tutardı. O, bundan zövq alırdı, yaşamağının mənasını bunda görürdü.

     Məhərrəm uşaqlarına qarşı tələbkar idi. Atası Mirəziz kişi nəvələrini əzizləyəndə, onların min nazı ilə oynayanda Məhərrəm deyərdi ki, uşaqları pis öyrətməyin.

     Düzlüyü sevərdi. Deyərdi ki, ən böyük biclik düzlükdü. Əzilsə də, vurulsa da, həqiqəti müdafiə etməkdən geri durmazdı. Şöbədə işlədiyi vaxtlar da düzlüyünün ağrısını çəkmiş, "gecə milisi”nə göndərilmişdi.

     Vətənpərvər idi Məhərrəm. Millətininin vurğunuydu. Azərbaycanlı olmağı ilə, qeyrətli oğullarımızla fəxr edirdi. Gürcüstan torpağında Azərbaycan xalqının adına şərəf gətirən Ağdam torpağının yetirməsi Rahib Məmmədovun şəklini həmişə cibində saxlayırdı. Onun əməlini əsl kişi işi sayırdı. Deyirdi ki,i nsan başqası üçün ölməyi bacarmalıdır, kişi olan kəs ölümdən qorxmamalıdır.

     Məhərrəm erməni təcavüzü başlayandan özünü həmişə odlu-alovlu yerlərə atmışdı. Onun igidlikləri Şərur camaatının dilində idi. Məhərrəm onun ünvanına deyilən tərifləri qəbul edə bilmirdi. Deyirdi ki, mən xalqım üçün hələki heçnə etməmişəm, elim, Vətənim üçün canımı verməyə hazıram. Mənim qəhramanlığımı tək Şərur yox, Azərbaycan bilməlidir. Bu gün Vətənin ağır günlərində hamımız qəhraman olmalıyıq,Vətən yolunda ölməyi bacarmalıyıq.

     Belə də oldu, Məhərrəm xalqı üçün, Azərbaycanın bir qarış torpağı üçün ölməyi bacardı .1990-cı il yanvar ayının 17,18 və 19-da kapitan Məhərrəm Seyidovun qəhrəmanlığını özü arzuladığı kimi, bütün Azərbaycan bildi. O,mənalı ömrü, şərəfli ölümü ilə xalqımızın qərəmanlıq salnaməsinə yeni bir səhifə yazdı.

 

Hikmət Cəmilzadənin "Azərbaycanın ilk Milli Qəhrəmanları" kitabından istifadə olunaraq yazılmışıdır. 

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 13 mart 2012 16:47
    Salm Hamlet mel.bele vetenverlik movzusunda meqallerin yerldirilmesi tedqire laiqdir.cox deyerlidir. Teshekurler

  2. 13 mart 2012 16:48
    Rauf m cox saqolun ama rica qelen defe sherh yazanda yalniz ingilis herflerinden istifade edin cox saqolun reye qore

  3. 21 noyabr 2013 18:31
    niye gore ingils herflerinden istifade lesin?
    he naladim

  4. 5 avqust 2014 12:25
    Allah rehmet elesin.

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.