Azərbaycan II dünya....

 

 Böyük dövlətlərin planında-Azərbaycan

        Azərbaycan İkinci Dünya müharibəsində böyük dövlətlərin strateji planlarında mühüm yer tuturdu. Almaniya Bakı neftini ələ keçirməklə Şərqə — İran körfəzinə və Hind okeanına hərəkət etmək niyyətində idi. Hitlerin tapşırığı əsasında hətta Bakının sənaye və hərbi əhəmiyyətli obyektlərinin dəqiq xəritəsi hazırlanmışdı. Nasist rəhbərləridən biri olan Rozenberqin hazırladığı "Qafqazın idarə olunması planı”na əsasən Azərbaycanda Qafqaz reyx Komissarlığına tabe olan xüsusi komissarlıq idarə üsulu yaradılmalı idi.  Digər bir plana görə SSRİ məğlub edildikdən sonra onun ərazisində olan türklərin "Böyük Türküstan”dövləti yaradılmalı idi. Azərbaycan da onun tərkibinə daxil edilməli idi. Hitlerin "Edelveys” adlanan Qafqaza hücum planında Bakının tutulmasının dəqiq vaxtı da göstərilmişdi. ABŞ və Böyük Britaniyanın da xüsusi planı var idi. "Vilvet” adlanan bu planda Azərbaycanı öz nüfuz dairələrinə çevirmək göstərilirdi.Həmçinin SSRİ-nin də azərbaycanlıları Mərkəzi Asiyaya və Qazaxıstana köçürmək planı var idi.

 Azərbaycan oğulları ön cəbhədə

      Sovet Azərbaycanı SSRİ-nin tərkibində olaraq 1941-ci ilin iyununda faşizmə qarşı müharibəyə cəlb olundu. Azərbaycanda da cəbhəyə kütləvi səfərbərlik elan olundu. Müharibə illərində Azərbaycan döyüşən cəbhəyə 600 minə yaxın oğlan və qız göndərdi. Ondan 40 mini könüllü olaraq cəbhəyə yollanmışdılar. Azərbaycanlılardan döyüş yolu Qafqazdan başlayan 77-ci, 223-cü, 271-ci 402-ci, 416-cı, diviziyalar formalaşdırıldı. 40 nəfər azərbaycanlı Brest qalasının müdafiəsində iştirak etmiş və son nəfəsinədək qala uğrunda mərdliklə döyüşmüşdülər. 1941-ci ilin payızında Leninqrad (indi Sankt-Peterburq) səmasını qoruyarkən Hüseynbala Əliyev misilsiz qəhrəmanlıq göstərmişdi. O, düşmənin ona qarşı döyüşən 6 təyyarəsindən ikisini məhv etmiş, 17 yara almasına baxmayaraq öz təyyarəsini salamat uçuş meydançasına endirmişdi. Lakin özü həlak olmuşdur və Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdü. Azərbaycanlılar arasında ilk dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüş şəxs isə Qafur Məmmədov olmuşdur. O, 1941-ci ilin dekabrında Novqorod yaxınlığındakı Pustinka kəndi uğrunda mübarizədə igidlik göstərmişdir. II Dünya müharibəsindən danışarkən Azərbaycan  diviziyalarının igidliklərini xüsusi qeyd etmək lazımdır. 1942-ci ildə 402-ci diviziya Mozdok ətrafındakı yaşayış məntəqələrinin, 416-cı diviziya Şimali Qafqazın bir sıra yaşayış məntəqələrinin azad edilməsində  iştirak etmişdilər. Şimali Qafqaz uğrunda gedən döyüşlərdəki rəşadətə görə Qafur Məmmədov və İdris Süleymanov Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdülər. 1942-ci ildə Stalinqrad uğrunda döyüşlərdə azərbaycanlılar şücaətlə vuruşmuşdular.Onlar arasında  cəsur Baloğlan Abbasovun snayperlər qrupu, Həzi Aslanovun tank alayını missal göstərmək olar. Stalinqrad uğrundakı döyüşlərdə göstərdiyi rəşadətə görə 1942-ci il dekabrın 22-də Həzi Aslanov ilk dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. O ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adını Berezina çayını keçərək Pleşeni şəhərini,  508 yaşayış məntəqəsini azad etdiyinə görə almışdı. Bu barədə fərman onun ölümündən  sonra 1991-ci ildə həyata keçirilmişdi. 1943-cü ildə Ukraynanın azad olunması uğrunda döyüşlərdə, Dnepr çayını keçməkdə göstərdikləri qəhrəmanlıqlara görə F.Səfərov, M.Ələkbərov, M.Məhərrəmov, Ə.Məmmədov Sovet İttifaqı Qəhrəmanı fəxri adını almışdılar. 416-cı diviziya "Taqanroq diviziyası”, döyüşçülərinin əksəriyyətini azərbaycanlılar təşkil edən , 271-ci diviziya "Qarlovka diviziyası”, 77-ci diviziya "Simferopol diviziyası” və 223-cü diviziya "Belqrad diviziyası” adını qazanmışdılar. 416-cı diviziya Qafqazdan Berlinə kimi böyük döyüş yolu keçmiş, Berlin əməliyyatında  iştirak etmişdi, Polşa və Çexoslovakiyanın faşistlərdən azad edilməsi uğrundakı döyüşlərdə göstərdikləri misilsiz xidmətlərə görə Ziya Bünyadov da daxil olmaqla 20 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdülər.

 

Azərbaycan II dünya....

 


 

 

 

 Faşizmə qarşı mübarizədə azərbaycanlı partizanlar

      Partizan hərəkatında da fəal iştirak etmiş azərbaycanlılar  Krımda, Ukraynada, Belorusiyada, Şimali Qafqazda, Baltikyanı ölkələrdə, Polşada, Çexoslovakiyada, Macarıstanda, Yuqoslaviyada və İtaliyada partizan dəstələri sıralarında  igidliklə vuıuşmuşdular. İsmayıl Əliyev Smolenskdə fəaliyyət göstərən partizan qərargahının rəisi, Krımdakı  partizan dəstəsinin başçısı Məmməd Əliyev, Ələkbər Əliyev Belorusiyada  "Dyadya Kolya” partizan birləşməsinin qərargah rəisi olmuşdu. 1942-ci ildə Polşada faşist hərbi əsir düşərgəsində Hadi Qiyasbəyovun və Mirzəxan Məmmədovun gizli təşkilat yaratmışdılar. Onlardan Fransa müqavimət hərəkatında vuruşan Əhmədiyyə Cəbrayılovun adını isə xüsusi vurğulamaq lazımdır.. O, "Armed Mişel” (Xarqo) adı ilə müqavimət hərəkatında fəal iştirak etmişdir. Məhz igidliklərinə görə Fransanın 5 ordeni və en yüksək fəxri adı — "Fransanın Milli Qəhrəmanı” ilə təltif edilmişdir. Həm də, onu da qeyd edək ki,Ə.Cəbrayılov şəxsi igidliyinə görə paradda əskərə generaldan qabaqda getmək hüququ verən hərbi medalı ilə də təltif olunmuşdu. Yuqoslaviyada Azərbaycanın mərd övladı Mehdi Hüseynzadə (Mixaylo) faşistlərə qarşı mübarizədə əfsanəvi qəhrəmanlıqlar göstərmişdi. O, Yuqoslaviyada 1000 nəfərdən çox faşisti məhv etmiş, və 700 nəfər hərbi əsiri azad etmişdi. 1944-cü ildə həlak olmuşdu. 1957-ci ildə ona ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdi. İtaliyada partizan dəstələrində vuruşan V.Hüseynov , Ə.Babayev, H.Nadirov, M.Nəzərov, İ.Məmmədov, , və b. Şimali İtaliyanın azad edilməsində fəal iştirak etmişdilər. Əli

 Babayev Haribaldi adına batalyonun komandiri olmuş və "Hərbi şücaətinə görə” gümüş medalla təltif olunmuşdu. İtaliyada faşistlərinin lideri Mussolinini həbs edənlərdən arasında Vilayət Hüseynov da olmuşdur. Azərbaycandan cəbhəyə səfərbər edilmiş 600 minə yaxın adamdan 300 mindən çoxu həlak olmuş və itkin düşmüşdü. Müharibə cəbhələrində göstərdikləri şücaətə görə xalqımızın 121 nəfər mərd oğlu Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdü.

 

Azərbaycan II dünya....

 


 

 Müharibə illərində antisovet hərəkatı           

        Bütün bunlarla yanaşı azərbaycanlılar  antisovet hərəkatında da iştirak etmişdilər. Hitler hökumətinin Şərq nazirliyi 1941-ci ilin payızında M.Ə.Rəsulzadəni Almaniyaya dəvət etmişdi. Onunla azərbaycanlı əsirlərin azad edilməsi, onlardan milli ordu yaradılması məsələləri müzakirə edilmişdi. Hitler 1941-ci il dekabrında Qafqaz müsəlmanlarından xüsusi hərbi hissə yaradılması barədə əmr vermişdi. Qafqaz müsəlmanlarından təşkil edilmiş hərbi hissələr 1942-ci ilin yayında Qafqaz cəbhəsindəki döyüşlərdə iştirak etmişdilər. Azərbaycanlılardan təşkil olunmuş 7 min nəfərdən çox döyüşçüsü olan "Aslan”, "Dönməz”, "Qafqaz” adlı hərbi dəstələr bu döyüşlərdə iştirak etmişdilər.

 1943-cü ilin yazında antisovet hərəkatına rəhbərlik etmək üçün Berlində Milli Azərbaycan Komitəsi yaradılmışdı. Həmçinin eyni ildə azad türk diviziyası yaradılmışdı və hansı ki, bu diviziyanın tərkibində Azərbaycan legion da var idi.Lakin Hitlerin Azərbaycanı işğal etmək niyyətlərindən xəbər tutan M.Ə.Rəsulzadə almanlarla əlaqəni kəsmişdi və Almaniyanı tərk etmişdi. 1943-cü  ilin  payızında  Berlində mühacir  Azərbaycan parlamenti və hökuməti yaradılmışdı. Bu hökumətə Fətəlibəyli Düdənginski başçılıq etmişdi. Bu hökumət 1944-cü ilin qışınadək fəaliyyət göstərmişdi.


 Bakı-döyüşən ordunun cəbbəxanası

        Müharibə illərində Azərbaycanın iqtisadiyyatı da müharibəyə uyğunlaşdırılmışdı.İş günü 11-12 saata çatırdı. Məzuniyyətlər ləğv olunmuşdu. Kartoçka sistemi tətbiq edilmişdi. Orduya aparılanların yerinə qadınlar və yeniyetmələr cəlb olunmuşdular. Bütün sənaye sahələri cəbhə üçün məhsul istehsal etməyə başlamışdılar. Müharibə illərində Bakı ölkə neftinin 70-75 faizini, benzinin 85-90 faizini verirdi. 1941 1945-ci illərdə Bakı 75 milyon ton neft, 22 milyon ton benzin vermişdi. Bakı döyüşən ordunun cəbbəxanalarından birinə çevrilmişdi. Bakıda "Katyuşa” raketi, "Şpakin pulemyotu” istehsal edilir, "YAK3” qırıcı təyyarəsi yığılırdı. Bakıda 130-dan çox silah və onun hissələri hazırlanırdı.

 Azərbaycan iqtisadiyyatı-müharibə illərində

           Azərbaycanın kəndliləri ölkəyə 500 min ton pambıq və digər strateji xammal məhsulları vermişdilər.Cəsur azərbaycanlılar təmənnasız olaraq müdafiə fonduna milyardlarla rubl könüllü vəsait və qiymətli əşyalar vermişdilər. 1941 — 1943-cü illərdə Azərbaycan vətəndaşları müdafiə fonduna 15 kiloqram qızıl, 952 kq gümüş, 311 milyon manatlıq istiqraz vermişdilər. Cəbhəyə 1,6 milyon ədəd müxtəlif əşya, 125 vaqon isti paltar göndərmişdilər.

 

Müharibə illərində-Azərbaycan elmi

           Azərbaycanın alimləri də müharibədə öz əməklərini əsirgəməmişlər. Məşhur alim Yusif Məmmədəliyev aviasiya üçün yüksək oktanlı benzin istehsalının yüksək texnologiyasını hazırlamışdı. Bundan başqa 38 növ sürtkü yağı, 8 növ dizel yağı istehsal olunmuşdu. Məşhur cərrah Mustafa Topcubaşov  hərbi cərrahiyyədə yeni müalicə metodları hazırlayaraq minlərlə insanı ölümdən xilas etmişdi. Geoloqlardan Mirəli Qaşqay, Şamil Əzizbəyov strateji xammal yataqları kəşf etmişdilər.1945-ci ilin yanvarında Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması çox mühim hadisə idi. Bütün insanların fəaliyyəti faşizm üzərində qələbəyə yönəldilmişdi.

 

Müharibə illərində ədəbiyyat və incəsənət.

       Ədəbiyyatda müharibə mövzusu mühüm yer tuturdu.S.Vurğunun "Şəfqət bacısı”, "Ananın öyüdü”, S.Rüstəmin Ana və Poçtalyon”, N.Rəfibəylinin "Get, sevgilim, uğur olsun” və b əsərləri müharibə mövzusuna həsr olunmuşdur.Həmçinin bəstəkarlar Ü.Hacıbəyovun "Şəfqət bacısı”, "Qələbə himni”, S.Rüstəmovun "Cəbhəyə”, S.Ələsgərovun "Gözlə məni” mahnıları dillər əzbəri idi. Döyüşcü Kamal Qasımova həsr olunmuş "Vətən oğlu”, Bəxtiyar Kərimova həsr olunmuş "Bəxtiyar” kinonovellalar ,dənizçilərin igidliklərinə həsr olunmuş "T-9 sualtı gəmisi” bədii filmi çəkilmişdi.

  İkinci dünya müharibəsində faşizm üzərində qələbənin əldə olunmasında doğma vətənimiz  Azərbaycan  öz böyük töhfəsini vermişdi.   Faşizm üzərindəki qələbədə  Azərbaycan oğul və qızlarının şücaəti haqqında bu gün də geniş danışılır. 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 9 may 2015 19:28
    Dəyərli məlumat üçün təşəkkürlər....

    --------------------

  2. 10 may 2015 10:56
    Saqolun Mətanət müəllim gözəl məqalədir

    --------------------

  3. 11 may 2015 18:56
    Ela meqaledir.Cox faydalandim.Sag olun

  4. 14 may 2015 06:23
    METANET muellim, deyerli meqaleye gore sag olun. lol

  5. 29 may 2015 07:47
    cox pis saytdir.sualları yoxlamaq olmur angry

    --------------------

  6. 4 iyul 2015 18:20
    maraqlı məqalədir

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.