Birinci Rusiya-İran müharibəsi

Birinci Rusiya-İran müharibəsi

Birinci Rusiya-İran müharibəsinin başlanması. Car-Balakənin və Gəncənin işğalı, Gəncədə törədilən qarət və talanlar, həmçinin Ruiyanın getdikcə, Azərbaycanın içərilərinə doğru irəliləməsi İranda narahatlıq yaradır, onu qəti addımlar atmağa məcbur edir. İran müstəqil xanlıqlara nisbətən qonşuluğunda böyük və hegemonluğa can atan bir dövlətin olmasını istəmir və onun işğallarını sakitliklə qəbul etmir. Beynəlxalq vəziyyət də İranın Rusiya işğalına  qarşı çıxması üçün imkan yaradır.

 

 

         Hər iki tərəfdən Azərbaycana qarşı ədalətsiz səciyyə  daşıyan müharibə şəraiti yetişir. Onun ədalətsizliyinin səbəbi isə bu müharibənin Azəprbaycan torpaqlarını ələ keçirmək uğrunda  aparılması olur.

         1804-cü ilin mayında İran rus qoşunlarının Cənubi Qaqfazdan çıxarılmasını tələb edir.  Rusiya isə öz növbəsində bu tələbin yerinə yetirilməsini rədd etməklə  işğalçılıq planlarından əl çəkməyəcəyini bir daha göstərir. Belə olduqda, 1804-cü ilin iyunun 16-da  iki dövlət arasıda diplomatik əlaqələr kəsilir, müharibə başlayır.

         İlk döyüş 1807-ci il iyulunda Üçmüədzin monastırının yaxınlığında, ikinci döyüş isə İrəvan yaxınlığındakı Qəmərli kəndində olur.   Hələ Gümrü yaxınlığında olar­kən Sisianov İrəvan xanı Məhəmməd xana məktub yazaraq Rusiyaya tabe olmağı təklif etsə də, rədd cavabı almışdı. Sisianov Məhəmməd xana cavab məktubunda yazır: "Mən gəlməmişəm ki, Gümrü yaxınlığında dayanım, ona görə gəlmişəm ki, İrəvanı tutum. Sizin yeganə xilas yolunuz mən qalaya yaxınlaşan kimi məni qarşılamaq, qala açarlarını mənə vermək və öz iradənizi ali hökmdara tabe etməkdir”. Lakin lovğa və təkəbbürlü Sisianov  İrəvan yaxınlığında məqsədinə çata bilmir. Məğlub olan rus qo­şun­ları sentyabrın 4-də geri çəkilməyə məcbur olur.

Qarabağ, Şəki və Şamaxı xanlıqlarının işğal edilməsi. Gəncə xanlığının işğalından sonra Sisianov digər xanlıqlara da təzyiq göstərməyə başlayır. O, Şəki xanı Səlim xana 1804-cü il 9 yanvar tarixli məktubunda yazırdı ki, Şəki xanlığının da Gəncə kimi yox edilməsi ancaq mənim əmrimdən asılıdır. 

XIX əsrin əvvəlində daxili və xarici vəziyyəti son dərəcə pisləşən xanlıqlardan biri də Qarabağ xanlığı olur. Rusiyapərəst qüvvələrin təkidi və təzyiqi ilə üzləşən İbrahimxəlil xan geri çəkilməyə və Rusiya ilə danışıqlar aparmağa məcbur olur. Bunun nəticəsi olaraq 1805-ci il mayın 14-də Rusiya ilə Qarabağ xanlığı arasında 11 maddədən ibarət Kürəkçay müqaviləsi imzalanır. Müqaviləyə əsasən:

1. Xan, onun varisləri və xanlığın bütün əhalisi Rusiya təbəəliyinə qəbul olunurdu.

2. Xanlıq müstəqil siyasət hüququndan məhrum edilirdi.

3. Xanlığın daxili idarəsi xanın ixtiyarında saxlanılırdı.

4. Xan Rusiya xəzinəsinə hər il 8 min çervon xərac verməyi öhdəsinə götürürdü.

5.  Şuşada rus qarnizonunun saxlanmasına razılıq verilirdi.

 Mayın 21-də Şəki xanlığı da Kürəkçay müqaviləsinə qoşulmaqla Qarabağ xanlığı kimi xarici siyasət yeritmək hüququnu itirir. Lakin Rusiyanın öz üzərinə götürdüyü öhdəlikləri sona qədər yerinə yetirməməsi ucbatından bu müqavilələr dövlətlərarası münasibətləri müəyyən edilmiş şərtlər əsasında hüquqi yolla nizama sala bilmir.

Azərbaycanın qərb torpaqları müstəmləkəçi ordu tərəfindən işğal ediləndən sonra qarşıda Bakı və Şamaxı xanlıqlarının işğalı durur. Bu planı həyata keçirməyi özünə şərəf bilən lovğa və qəddar Sisianov əvvəlcə diplomatik gedişlər edir. O, Azərbaycan xanları ilə məktublaşır, müqavimət göstərməyin əhəmiyyətsiz olduğunu bildirir, xoşluqla tabe olmağı tələb edir. Əks-təqdirdə, zor işlədəcəyini bildirir, Gəncə xanı Cavad xanın taleyini nümunə gətirərək hədə-qorxu gəlməyi də unutmur. Sisianov Şamaxı xanı Müstafa xana bildirir ki, o, öz xoşuna Rusiyanın ali hakimiyyətini qəbul edər­sə xan hüququ saxlanacaq, Rusiya isə xanın daxili işlərinə qarışmayacaq, ancaq vergi almaqla kifayətlənəcək. Eyni zamanda xəbərdarlıq edirdi ki, Mustafa xan xarici siyasət hüququndan məhrum olacaqdır.

Mustafa xan ağıllı, uzaqgörən dövlət xadimi olduğundan başa düşürdü ki, Gən­cə, Qarabağ və Şəki xanlıqlarının işğalından sonra müqavimət göstərmək xanlığın əra­zi­sinin, yaşayış yerlərinin viran olunması ilə nəticələnək, əhaliyə amansız divan tutula­caqdır. Çünki qüvvələr nisbətinin qeyri-bərabər şəraitində müqavimət cəhdi heç bir əhəmiyyət kəsb etmir.

Məcburiyyət qarşısında Rusiyanın ali hakimiyyətini qəbul etməli olan Mustafa xan bu prosesi bir qədər ləngitməyə çalışır. Bu məqsədlə o, Sisianovun qarşısında bir sıra şərtlər irəli sürür. Rusiyanın ali hakimiyyətini qəbul edəcəyi təqdirdə bir neçə il müddətində Azərbaycanın şimal xanlıqları onun tabeliyinə keçməlidir. Bu şərti onunla əsaslandırır ki, babaları olan Şamaxı xanları keçmişdə bütün Azərbaycana hökmranlıq etmişlər. Mustafa xan bu şərtlə bərabər, vergi verməkdən imtina edir, üstəlik ona aylıq maaş təyin edilməsini də tələb edir. Sisianov Mustafa xana heç bir vəd vermir, əksinə vaxtı ilə  Qarabağdan Şirvana köçürülmüş əhalinin geri qaytarılmasını və Şamaxıya tabe olan Cavad ərazisinin Qarabağa verilməsini istəyir.

Mustafa xan Sisianovun tələblərinin əksəriyyətini qəbul etsə də, Kürəkçayda yerləşən düşmən qərargahına getməkdən imtina edir. Belə olduqda Sisianov vəd edir ki, Şamaxı xanlığı tabe edildikdən sonra onun torpaqlarının bir hissəsi Səlim xana, Cavad torpaqları isə İbrahim xana veriləcəkdir. İbrahim xan və Səlim xan yeni torpaqlar ələ keçirmək arzusu ilə rus ordusunda vuruşmaq üçün atlı dəstələr göndərirlər.

1805-ci il noyabrın 30-da düşmən qüvvələri Şirvan torpaqlarına soxulur. Dekabrın 5-də ruslar Ağsu şəhərinin 5 verstliyinə çatırlar. Mustafa xan yenidən Sisianovun müqaviləyə qol çəkmək tələbini rədd edərək Fit dağındakı müdafiə mövqelərini möhkəmləndirir. Lakin rus qoşunları əhalinin müqavimətini qıraraq Fit dağının 15 verstliyinə çatanda Mustafa xan düşmənin hərbi qüvvəsinin üstünlüyünü dərk edərək 1805-ci il dekabrın 27-də Rusiyanın hakimiyyəti altına keçmək haqqında müqaviləni imzalamağa məcbur olur.

Rusiya əleyhinə çıxışlar. Azərbaycanın şimal torpaqlarının bir-birinin ardınca istila olunması İran-Rusiya cəbhəsində hərbi əməliyyatların qızışmasına səbəb olur. İyunun əvvəllərində İran ordusu Qarabağa hücum edir. Şuşa qalasındakı rus qarnizonunun rəisi, Cavad xanın qatili Lisaneviç heç bir dəlillə haqq qazandırılması mümkün olmayan qəddarlığa əl atır. Öz ailəsi ilə Xankəndində yaşayan İbrahimxəlil xan qətlə yetirilir. Bu fakt Lisaneviçin şəxsində rus zabitlərinin müstəmləkəçi vəhşiliyinin bariz nümunəsi olur. İbrahimxəlil xanın öldürülməsi Şəki xanı Səlim xanı hiddətləndirir. O, Rusiya himayəsindən imtina edir və rus qarnizonunu Şəkidən qovur. İşğalçılar Şəki üzərinə yeriyirlər. 1806-ci il oktyabrın 22-də Şəki yaxınlığında həlledici döyüş baş verir. Şəhər müdafiəçiləri inadla müqavimət göstərərək düşmənin başına od ələyirlər. Qüvvələrin qeyri-bərabər olması müdafiəçilərin müqavimətinin qırılması ilə nəticələnir. Şəhər ələ keçirilir, Səlim xan İrana qaçır. Az sonra isə Rusiyaya sədaqət göstərən xoylu Cəfərqulu xan Səlim xanı əvəz edir. Cəfərqulu xan buraya özü ilə xeyli erməni ailəsi də gətirir. Xanlığı idarə etmək üçün Rusiyapərəst bəylərdən ibarət Müvəqqəti idarə yaradılır. Bu vaxt Car-Balakəndə müstəmləkəçilər əleyhinə üsyan alovlanır. Avar xanının və Dağıstanın feodal hakimlərinin hərbi süvari dəstələri də üsyançılara köməyə gəlir. Lakin qanlı döyüşlərdən sonra ruslar bu üsyanı da yatırmağa nail olurlar.

4. Lənkəran xanlığının işğalı. Quba və Bakının işğalından sonra Rusiya hər vəchlə İranla sülh bağlamağa cəhd edir. Çünki beynəlxalq münasibətlərdə yeni gərginlik ocaqları yaranmış, Osmanlı dövləti ilə müharibə qaçılmaz hala gəlmişdi. Belə bir şəraitdə Rusiya hökuməti həm İranla əlverişli şərtlər daxilində sülh bağlamağı, həm də mümkün olarsa onu Osmanlılara qarşı müharibəyə qaldırmağı planlaşdırır.

Bu plana baxmayaraq Rusiya heç də İrana güzəştə getmək istəmirdi. Əksinə o, Naxçıvan və İrəvan xanlıqlarını da işğal etməyi qarşısına məqsəd qoymuşdu. Buna görə də özgə torpaqlarını bölüşdürmək uğrunda hər iki dövlətin apardığı danışıqlar xeyli uzanır. Belə bir şəraitdə Rusiyanın Cənubi Qafqazdakı işğalçı hərəktləri ilə barışmayan Osmanlı dövləti 1806-cı ilin sonunda Rusiyaya müharibə elan edir. Nəticədə Qafqazdakı rus ordusunun vəziyyəti ağırlaşır. Fransa ilə də mübarizənin kəskinləşməsi ucbatından Rusiya Qafqaza əlavə hərbi qüvvələr göndərə bilmir. Cənubi Qafqazı əldən vermək istəməyən Rusiya general Qudoviçə yeni tapşırıqlar verir. 1807-ci il iyunun 18-də general Qudoviçin komandanlıq etdiyi rus ordusu ilə Osmanlı qoşunları arasında Gümrü yaxınlığında qanlı döyüş baş verir. Döyüş Osmanlıların məğlubiyyəti ilə nəticələnir. İranla sülh danışıqlarının nəticə vermədiyini görən Rusiya yenidən hərbi əməliyyatlara başlayır. 1808-ci ilin sentyabr-oktyabr aylarında Üçmüədzini və Naxçıvanı ələ keçirən rus qoşunları İrəvana doğru irəliyərək, şəhəri mühasirəyə alırlar. 1809-cu ilə qədər davam edən müharibə rus qoşunlarının uğursuzluğu ilə nəticələnir. Rus qoşunları Naxçıvanı da tərk etməyə məcbur olur. İran qoşunlarının baş komandanı Abbas Mirzə rus qoşunlarını təqib etməyə başlayır. Qarababa kəndi yaxınlığında baş vermiş döyüşdə Qudoviçin komanlanlıq etdiyi rus hərbi qüvvələri ağır məğlubiyyətə uğrayırlar. Bu müvəffəqiyyətsizliyə görə Qudoviç istefaya göndərilir.

Qafqazdakı  rus ordusunun yeni  baş komandanı təyin edilən general A.P.Tormasov sülh müqaviləsi bağlamağa çalışmaqla bərabər, hərbi əməliyyatları da davam etdirir. Bu qaniçən general  imperatora verdiyi vədi böyük səylə yerinə yetirir. Buna görə də Abbas Mirzənin 1809-cu ildə Qarabağ, Göyçə və Yelizavetpolu ruslardan təmizləmək cəhdi istənilən nəticəni vermir.

1810-cu ilin iyununda İran qoşunları  Qarabağ, Gəncə və Pəmbək istiqamətində irəliləyərək, yenidən Qarğabazar deyilən yerdə və Mehridə möhkəmlənirlər. Mehrinin Azərbaycanın cənub ərazilərinə doğru irəliləməkdə açar rolu oynadığını nəzərə alan P.V.Kotlayrevski bu bölgənin üzərinə qəflətən hücuma keçir. Burada olan qüvvələr inadla müqavimət göstərsələr də, ruslar Mehrini ələ keçirir. Qarabağdakı hərbi əməliyyatların nəticəsində isə İran qoşunları Arazın cənub hissəsinə keçməyə məcbur olurlar.

Abbas Mirzə vəziyyətin ağırlığını görərək ruslarla danışıqları yenidən bərpa edir. Danışıqların gedişində Rusiyanın  müstəmləkəçi siyasəti özünü bir daha qabarıq şəkildə büruzə verir. Rusiya əldə etdikləri ilə kifayətlənməyərək Lənkəran xanlığına da iddialar irəli sürür. Bu işdə Lənkəran xanı Mir Mustafa xanın Rusiyaya güclü meyil göstərməsi də kifayət qədər  öz təsirini göstərir. Abbas Mirzə bu məsələni bildiyindən ciddi narahatlıq keçirir. Rusiya üçün Lənkəran xanlığı strateji məntəqə rolu oynadığından  Xəzər dənizində möhkəmlənmək  üçün onun işğalını gerçəkləşdirmək istəyir. Lakin danışıqlar nəticəsiz qalır. İngilis nümayəndəsi Harford Cekson danışıqları pozur. Azərbaycan torpaqları yenidən dağıdıcı əməliyyatlar meydanına çevrilir.

Rusiya Qafqaz və Balkan cəbhələrində Osmanlı qoşunları üzərində bir sıra qələbələr qazandığından, Osmanlı dövləti  1812-ci il mayın 16-da Rusiya ilə Buxarest müqaviləsini imzalamağa məcbur olur. Bu müqavilə ilə  Cənubi Qafqazın bir hissəsinin Rusiya tərəfindən işğalını Osmanlı dövləti təsdiqləyir.

İranın 1812-ci ilin əvvəllərində etdiyi son cəhdlər də müvəffəqiyyətsizliklə nəticələnir. Bu dövrdə Qarabağ bölgəsindəki dalbadal məğlubiyyətlər İran qoşunlarının geri çəkilməsinə səbəb olur. Avqust ayındı 20 minlik İran qoşunu  Lənkəran xanlığını ələ keçirdiyindən ruslar cavab tədbiri olaraq, buraya həm qurudan, həm də dənizdən hərbi qüvvələr göndərirlər. Həlledici döyüş 1812-ci il oktyabrın 10-da Aslandüz deyilən yerdə baş verir. Rus qoşunlarının komandanı Kotlyarevski qoşunun bir hissəsini düşmənin arxasına göndərir və bu hissənin qəfləti  zərbələri Abbas Mirzəni çaşdırır. Döyüş rusların əhəmiyyətli qələbəsi ilə başa çatır.

1812-ci ilin dekabrında Araz çayını keçən rus qoşunu Muğan istiqamətində hücuma başlayır. Bu hücumda  da ruslar qələbə qazanırlar.  1812-ci il dekabrın 21-də Lənkəran xanlığı ərazisinə  daxil olan rus qoşunları əhalinin şiddətli müqaviməti ilə qarşılaşırlar. Kotlyarevskinin dəfələrlə təkid etməsinə baxmayaraq, Lənəkran qalasının müdafiəçiləri təslim olmaqdan imtina edirlər. Qaladakı İran qoşunlarının sərkərdəsi, həddən  artıq inadkar şəxs olan Sadıq xan Kotlyarevskinin tələblərinə əhəmiyyət vermir və ona belə bir məktub yazır: "Şimal tülküsü... qələbənin kim tə­rə­fində olacağını qabaqcadan xəbər vermək cahillikdir. Qələbəyə inam Allahın işidir. Döyüşmk istəyirsən, irəli gəl, halına bax!” Qala dekabrın 31-dək ruslar tərəfindən fasiləsiz olaraq artilleriya atəşinə  tutulur. Dekabrın 31-dən yanvarın 1-dək qala uğ­runda gedən qanlı döyüşlərdə 6000 nəfər döyüşçü və sərkərdə  Sadıq xan qəh­rə­­man­casına həlak olurlar.  Bu döyüşlə bağlı ilk mənbələrdən birində belə deyilir: "Lənkəran qalasında qan su yerinə axırdı”. Ruslar qalanı tutur və Lənkəran xanlığı da istila edilir.

4. Azərbaycanın bölüşdürülməsinin I mərhələsinin başa çatması. Rusların Aslandüz və Lənkəran qələbələri müharibənin taleyini həll edir, onların İranın içərilərinə doğru irəliləməsi reallaşır. Rusiyanın bölgədəki hərbi-siyasi müvəffəqiyyətlərindən və İranın içərilərinə doğru irəliləmək imkanlarının artmasından qorxuya düşən ingilis məsləhətçiləri şahı sülh müqaviləsi bağlamağa razı salırlar.  Danışıqlar 1813-cü ilin əvvəlində başlayır. Oktyabrın 12-də İran tərəfdən Mirzə Əbülhəsən xan, Rusiya tərəfdən rus qoşunlarının baş komandanı Rtişşev Qarabağın Gülüstan kəndində sülh müqaviləsi imzalayırlar.

Gülüstan müqaviləsinə əsasən:

1. İran Gəncə, Qarabağ, Şəki, Şamaxı, Quba, Bakı və Lənkəran xanlıqlarının ərazisinin, habelə Şərqi Gürcüstan və Dağıstanın Rusiya tərəfindən ilhaq edilməsini güzəştə gedirdi. 

2. Rusiya isə İrəvan və Naxçıvan xanlıqlarının İranın hakimiyyəti altında qalması ilə razılaşırdı.

3. Xəzər dənizində hərbi donanma saxlamaq hüququ yalnız Rusiyaya məxsus olurdu. 4. Rusiya tacirlərinin İranla ticarətində 5%-lik gömrük rüsumu müəyyənləşdirilirdi.

5. İranın ərazisində rus tacirləri daxili gömrük rüsumundan azad edilirdilər.

Beləliklə də dünyanın ən  qədim və mədəni xalqlarından biri olan Azərbaycan türklərinin həyatında XIX əsrin əvvəllərində yaranmış çətinliklərdən istifadə edən Rusiya onun torpaqlarını işğal edir.  Gülüstan müqaviləsi ilə Azərbaycanın iki yerə bölünməsinin birinci mərhələsi başa çatır. Bu müqavilədə torpaqları bölüşdürülmüş xalqın gələcək tarixi taleyini tənzimləyən bir ifadə belə yoxdur. Gülüstan müqaviləsi ümumdünya tarixində özgə torpaqlarının bölüşdürülməsi üçün bağlanmış ilk antihumanist və zorakı müqavilələrdən biridir.

6. Azərbaycanda Rusiyanın işğal rejimi.  Azərbaycanın şimal torpaqları işğal edildikcə Rusiya hakim dairələri bir sıra xanlıqların müstəqilliyini ləğv edərək müstəmləkə inzibati idarə sistemi yaratmağa başlayır. İşğalçılara müqavimət göstərmiş xanlar hakimiyyətdən məhrum edilir. İlk vaxtlar ələ keçirilmiş Qazax, Şəmşəddil, Borçalı və Pəmbək torpaqları Şərqi Gürcüstanın idarə sisteminə daxil edilir. Bu inzibati bölgü sırf milli müstəmləkə səciyyəsi daşıyırdı və Azərbaycan torpaqlarının parçalnması yolunda ilk addım rolu oynadı.

Xanlıq idarə üsulunun ləğv edildiyi ilk xanlıq Gəncə olur. Onun əvəzində başda rus zabiti-komendant olan hərbi idarə yaradılır. Bu dairənin Gürcüstan quberniyasının tərkibinə verilməsi ilə Rusiya Azərbaycan torpaqlarını parçalamaq yolunda ikinci addımı atır.  Bu taleyi Bakı xanlığı da yaşayır. Burada da xanlıq idarə sistemi komendant idarə üsulu ilə əvəz olunur.

Bir sıra hallarda isə komendant idarə üsulu tətbiq edilməmişdən əvvəl qısa bir müddətə keçid sistemi yaradılır. İlk dəfə bu sistem Qubada tətbiq olunur. Quba işğal edil­dikdən sonra rus hərbi dairələrinin nəzarəti altında yerli bəylərdən ibarət Əyalət şurası təşkil edilir. Şuranın sədrliyinə  Abbasqulu ağa Bakıxanovun atası-keçmiş Bakı xanı II Mirzə Məhəmməd xan təyin olunur. Bu şura real hakimiyyətə malik olmadığından rus əsgərləri özbaşınalıq edir, həyətlərdən meyvəni, hətta toyuq-cücəni belə yığıb aparırdılar. Şuranın sədri isə kəndlilərin şikayətlərini həll etməkdə acizlik çəkirdi. 1810-cu ildə rus əsgərlərinin özbaşınalıqlarından cana doyan Quba əyalətinin əhalisi rus hakimiyyətinə qarşı açıq etirazlara başlayır. Özbaşınalıq o həddə çatır ki, yerli əhali Qubadan rusların tamamilə çıxıb getməsini tələb edir. Lakin bu üsyan dalğası amansızlıqla yatırılır və Şuranın fəaliyyəti dayandırılır. Hakimiyyət bütünlüklə komendanta verilir.

İşğalın birinci mərhələsində Quba, Bakı və Gəncədən fərqli olaraq, Qarabağ, Şəki, Şamaxı və Lənkəran xanlıqlarında əvvəlki sistem və idarə aparatı saxlanılmışdı. Çünki həmin xanlıqlar silahlı müqavimət göstərmədən ikitərəfli müqavilələr yolu ilə Rusiyaya ilhaq edilmişdi. Rusiya hakim dairələri də məhz həmin müqavilələr üzrə götürdükləri öhdəliyi guya yerinə yetirir və yeni üsulu tətbiq etmək üçün əlverişli məqam gözləyirdilər. Bu xanlıqlarda isə xanların daxili idarəçilik hüquqları saxlansa da səlahiyyətləri məhdudlaşdırılır. Xanlıqlarda yerləşdirilən rus əsgərləri bu işə ciddi nəzarət edirdilər. Xanlar isə tamamilə Qafqazın baş hakiminə tabe edilmişdilər. Gü­lüs­tan müqaviləsi bağlandıqdan sonra Rusiya hökuməti xanlıqları ləğv etməyə başlayır. Bu məqsədlə Qafqazın baş hakimi general Yermolov xanlara qarşı fitnəkarlıqlar təşkil edir, onları hakimiyyətdən əl çəkmələri üçün müxtəlif vasitələrlə sıxışdırır. Yermolov düşünürdü ki, xanlar hakimiyyətdə qaldıqca Azərbaycan xalqının dövlətçilik ənənləri ləğv edilə bilməyəcək. Xanların hakimiyyətdən salınması üçün əlverişli şəraitin yetişməsini gözləmək lazım gəlirdi.

Belə bir şərait 1819-cu ildə yetişdi. Erməni generalı Mədətovun göstərişi ilə Şəki xanı İsmayıl xan zəhərlənərək öldürülür. Bundan istifadə edən Yermolov həmin il Şəki xanlığını ləğv edir. Şamaxı xanının Rusiyaya olan inamını qıraraq onun İrana qaçmasına nail olur. Bundan sonra 1820-ci ildə Şamaxı xanlığı da ləğv edilir. Şamaxı xanlığından sonra bir-birinin ardınca 1822-ci ildə Qarabağ, 1826-cı ildə isə Lənkəran xanlıqlarının varlığına son qoyulur. Bu ərazilər əyalətlərə çevrilərək komendantların idarəsinə verilir. Müstəmləkəçilər xanlıqları ləğv etdikdən sonra, onların torpaqları, bağları, mülkləri, emalatxanaları, varidatı talan edilərək  xəzinənin ixtiyarına keçirilir.

Rusiya hökuməti başa düşürdü ki, Azərbaycanın dağılmış iqtisadiyyatını qismən bərpa etməsə buradan gəlir götürə bilməyəcək. Odur ki, bu sahədə ilk tədbirlərdən biri kimi qaçıb dağılmış və ya əsir aparılmış əhalinin geri qaytarılması oldu. Məqsəd isə vergi verən əhalinin sayını artırmaq idi. İşğaldan sonra Azərbaycanın zəngin təbii sərvətlərinin talanması prosesi başlandı. Bu sərvətləri mənimsəmək üçün neft mənbələrini, duz göllərini, balıq vətəgələrini müəyyən məbləğ müqabilində iri tacirlərə müqatiəyə vermək üsulu tətbiq olundu. Rusiya hökuməti 1808-1825-ci illərdə Abşeronun neft quyularını, 1814-1829-cu illərdə Şəki xanlığının ərazisindən başlayaraq Xəzər dənizinə qədər Kür çayında balıq ovlamaq ixtiyarını və 1805-ci ildən Zəylik kəndindəki zəy mədənlərini müqaitəyə vermişdi. Bu üsul iqtisadi inkişafını xeyli ləngitdi. Çünki müqatiə sistemi texniki yenilik olmadan amansız istismar hesabına gəlir əldə etməyə imkan yaradırdı.

1821-ci ilin oktyabrında tətbiq edilən imtiyazlar ticarət tarifinin tətbiqi Azərbaycanda daxili ticarətin ləngiməsinə səbəb oldu. Çünki bu tarifə əsasən 5%-lik gömrük haqqı Cənubi Qafqaza gətirilən mallara da tətbiq olunurdu.

Xanlıqlar dövründən mövcud olan vergilər də eynilə qalırdı. Rəhdar, mizan və s. komendantların nəzarəti altında toplanır,  Rusiya dövlətinin xəzinəsinin gəlirlərinə daxil edilirdi.

İşğalın ilk illərində hakim müsəlman silkinin nümayəndələri olan xanların, bəylərin və ağaların hüquqları məhdudlaşdırılır, onların torpaq mülkiyyəti hüquqlarına və kəndlilərlə münasibətlərinə kəskin müdaxilələr edilir. Bu sahədə A.P.Yermolovun yaxın dostu, erməni generalı V.Mədətov xüsusi canfəşanlıq göstərir. Onun fitvası ilə Qarabağda Cəfərqulu xana və Mehdiqulu xana qarşı o qədər amansız hərəkətlər edilir ki, onlar öz doğma yurdlarından didərgin düşür, malikanələri isə müsadirə olunur.

V.Mədətov Qarabağda çoxlu torpaq ələ keçirmək üçün müxtəlif hiylələrə baş vurur. O dövrün rus tarixçisinin yazdığına görə V. Mədətov Qarabağda "ən birinci mülkədara” çevrilmişdi. Ələ keçirdiyi torpaqları rəsmiləşdirmək istəyən Mədətov Sankt-Peterburqdakı havadarlarına yazırdı: "Əslən Qarabağ məliklərindənəm. Son vaxtlar türklər məliklik torpaqlarını zəbt etmişlər. Qanuni torpağımın adıma yazılması barədə razılıq verməyinizi Əlahəzrət İmperatordan xahiş edirəm”. Lakin onun fırıldağının üstü açılmış, qanunsuz yolla torpaq əldə etdiyimə görə məhkəməyə verilmişdi.

Rusiyanın müstəmləkə siyasətini həyata keçirən komendantlar yerli hakim zümrənin bütün hərəkətlərini izləyir, onların siyasi etibarlılığına və müstəmləkəçilərə necə qulluq etdiklərinə ciddi nəzarət edirdilər. Özlərini müstəmləkəçilərin sadiq xidmətçiləri kimi göstərənlərə iltifatla yanaşır, onlara boş torpaqlar və işləmək üçün rəncbərlər belə verirdilər.

Birinci Rusiya-İran müharibəsi

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 7 avqust 2012 20:52
    xebere gore tesekkur

  2. 16 noyabr 2013 21:13
    marqldir.tesekuler.tesekur ediren

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.