Azərbaycançılıq

Azərbaycançılıq


“Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı-Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənələrini yaşatmalıyıq”.Bu adət-ənənə bizim multikulturalizm mədəniyətimizi dünya səviyyəsində tanıtdırır.
Hazırda Azərbaycan dövlətçiliyində mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri milli dövlətçilik ideologiyasıdır. Azərbaycançılıq termini ölkənin siyasi həyatında yaxın illərdən başlayaraq istifadə olunur. Azərbaycançılıq ölkədə yaşayan bütün etnik qrup və xalqları ümumdövlət mənafeləri əsasında real surətdə birləşdirmək ideyası, xüsusilə 1992-1993-cü illərdə geniş yayılmağa başlamış şovinist-millətçilik və separatçılıq əhval-ruhiyyələri ilə mübarizəyə yönəldilmiş ideya kimi irəli sürülmüşdü.
Məruz qaldığı bütün sınaqlara baxmayaraq, milli dövlət ideologiyası kimi “azərbaycançılıq” bu gün bizim qarşımızda dəqiq ifadə edilmiş ideya və ideologiya kimi durur.
Azərbaycançılıq ideyasının formalaşmasında 90-cı illərdə, dövlət müstəqilliyinin bərpası ərəfəsində başlanmış əvvəlcə xalq, sonra isə milli azadlıq hərəkatının əhəmiyyətli rolu olmuşdur. Bu dövrdə azərbaycançılıqla bağlı müxtəlif əsərlərin yenidən çap olunması və yayılması, yeni məqalə və s. əsərlərin yazılması, milli şüurun, ruhun yüksəlişinə xidmət edən xalq hərəkatının vüsət alması insanların kütləvi düşüncə tərzinə öz müsbət təsirini göstərdi.O dövrdən başlayaraq dövlətimiz böyük uğurlar əldə etməsinin səbəbi bizim mədəniyətimizi dünya səviyəsinə çatdirmaqla oz multikuturalizmizi beynəlxalq dərəcəyə yüksəltdik. Lakin təəssüf hissi ilə qeyd edilməlidir ki, o illərdə Azərbaycanı yönəldən qüvvələr, xüsusən AXC-Müsavat dairələri respublikanın milli-etnik xüsusiyyətlərini nəzərə almadan, meydan əhval-ruhiyyəsi altında azərbaycançılığın təbliğində kobud səhvlərə yol verdilər. Onlar azərbaycançılığı ümumtürklük ideyası ilə eyniləşdirərək ölkədaxili etnik və milli etimadsızlıq toxumu səpdilər ki, bu da azərbaycançılıq ideyasını müəyyən müddət ciddi iflasa uğratdı. 1993-cü ildən Heydər Əliyevin siyasi rəhbərliyə gəlişi ilə bütün Azərbaycan vətəndaşlarının, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkənin istiqlaliyyətini dəstəkləyən insanların vahid dövlətçilik ətrafında birləşdirilməsi üçün ciddi iş aparıldı. Cəmiyyətdə hakim olan istiqlal arzusu, azərbaycançılığın müstəqil dövlətin bütün əhalisinin ali ideologiyasına çevrilməsi, ümummilli birliyin təmin olunması zərurəti tezliklə ictimai-siyasi və mənəvi dairələrin gündəliyinə çıxarıldı.
Yalnız Heydər Əliyevin dövründə Azərbaycan vətəndaşlarını vahid amal, ideya və məqsəd ətrafında birləşdirəcək milli ideologiyanın yaradılması dövlət siyasəti səviyyəsinə qaldırıldı. Cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin hüquqi və siyasi nəzəri əsaslarını irəli sürmüş böyük strateq, azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək, onu dövlət idarəçiliyinin elmi nəzəri əsasına çevirdi. Məhz Heydər Əliyev dühasının səyi ilə azərbaycançılıq mahiyyətcə real məzmun daşıyaraq praktikada realizə imkanları qazandı.
Ulu Öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Heydər Əliyevin baxışlarına görə, azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri zənginləşdirmək, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Bu baxımdan, xalqımızın milli mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideyası ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməldir.
Bunarla yanaşı qeyd edək ki, Heydər Əliyev ilk dəfə azərbaycançılıq ideyasını dövlətin strateji xətti kimi irəli sürəndə bu ideyanın həqiqi böyük mənası çoxları üçün anlaşılmaz idi. Bu gün də qismən belədir. Çünki bu ideya adi şüur səviyyəsində üzə çıxmayıb, yaxud deklarativ bir şüar olmayıb, çox dərin köklərə malik olan mükəmməl bir fəlsəfi konseptual sistemin ifadəsidir.
Heydər Əliyev azərbaycançılıq ideyasına tamamilə yeni bir məzmun verərək onu Azərbaycanın millietnik xüsusiyyətlərinə, müasir dövrün tələblərinə və dünyanın müasir şəraitinə uyğunlaşdırdı. Odur ki, Heydər Əliyevi müasir azərbaycançılıq ideologiyasının - dövrün, zamanın tələblərini, dövlətçiliyin əsaslarını, milli-etnik şəraiti nəzərə alan milli təlimin banisi hesab etmək olar. Azərbaycançılıq ideologiyası məhz Heydər Əliyevin dövründə mükəmməl bir ideoloji təlim kimi ölkənin dövlət siyasətinə çevrildi. Heydər Əliyev azərbaycançılığı bütöv bir xalqın – bütün dünyada yaşayan azərbaycanlıların, Azərbaycanla bağlılığı olan bütün soydaşlarımızın və həmvətənlərimizin söykəndiyi milli birlik platformasına çevirdi. Əgər Heydər Əliyevə qədər bu ideya əsasən etnolinqvistik, etnoqrafik, ədəbi, mədəni - estetik, fəlsəfi və mənəvi dəyər kimi mövcud idisə, onun dövründə ciddi sosial-siyasi məzmun kəsb edərək ümumi ideyalar sisteminə - dövlət quruculuğunun ayrılmaz tərkib hissəsinə çevrildi.
Ən mühüm tarixi hadisə dogurdan da o oldu ki, ulu öndər azərbaycançılığı müstəqil Azərbaycan Respublikasının dövlət ideologiyasına çevirdi. Ümumiyyətlə isə, müstəqil dövlətimizin memarı və qurucusu azərbaycançılıq ideologiyasının həm həyata keçirilməsi, həm də zənginləşməsi üçün qlobal perspektivlər müəyyənləşdirdi .
Azərbaycançılıq ideologiyası mühüm funksional elementlərlə zəngindir. Bunların mahiyyəti ölkənin mənəvi və fiziki baxımdan zəiflətmək cəhdlərindən qorumaqdır. Bu ideologiya unitar, hüquqi və demokratik dövlət kimi Azərbaycanın möhkəmləndirilməsinə və inkişafına yönəldilmişdir. “Azərbaycançılıq” müstəqil və bənzərsiz Azərbaycanı sivil dövlətlər sırasına çıxaracaq bir yoldur. “Azərbaycançılq” xalqımızın çox əzab və əziyyətlə nail olduğu tarixi sərvətdir. O, real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Bu gün “azərbaycançılıq” milli həyatın, konfessiyaların harmoniyasının çoxəsrlik ənənəsi, ölkədə yaşayan bütün millətlərin və etnik qrupların qardaşlığı, qarşılıqlı əlaqə və təsirinin tarixi, onların ümumi taleyi və müstəqil Azərbaycanın bütövlüyü uğrunda birgə mübarizəsinin tarixi təcrübəsidir.
Həqiqətən də azərbaycançılığın çağdaş dövlətçiliyə tətbiqi birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. O, Azərbaycan əhalisində dövlətçilik duyğusunu gücləndirdi, dövlətə hörmət hissi formalaşdırmağa nail oldu. Xüsusilə 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra o, Azərbaycan dili, Azərbaycan tarixi və mədəniyyətini azərbaycançılıq məfkurəsi işığında dünyaya tanıtmaq üçün konsepsiyaların əsasını qoydu.
Məhz H. Əliyevin sayəsində azərbaycançılıq təkcə milli ideologiya yox, həm də çox qüvvətli dövlətçilik təlimi kimi nüfuz qazandı. Onun azərbaycançılıq nəzəriyyəsi sayəsində Azərbaycan dövləti çağdaş dünya inteqrasiyasında beynəlxalq diqqət mərkəzinə keçdi, sivil dövlət nümunəsi kimi həm Qərb, həm də Şərq aləmində qəbul olundu.
Bildiyimiz kimi ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının tarixinə və taleyinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Böyük öndər Azərbaycanın tərəqqi və inkişaf yolunu bir dövlət olaraq dahiliklə müəyyənləşdirmiş, millimənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlamış, köhnə stereotiplər çərçivəsini dağıdaraq milli ruhun, milli ideologiyanın yüksəlişinə təkan vermişdir.
Ümummilli lidеrimiz Hеydər Əliyеv аzərbаycаnçılıq аnlаyışını məzmun bахımındаn çох yüksək qiymətləndirmiş, onun əsas prinsiplərinin “dövlətçilik” və “milli vətənpərvərlik”dən ibarət olduğunu dəfələrlə vurğulamışdır: “Аzərbаycаn dövlətinin milli idеоlоgiyаsının özəyini, əsаsını təşkil еdən аzərbаycаnçılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər - bunlаr hаmısı аzərbаycаnçılıq аnlаyışının tərkib hissələridir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaq və möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə hər bir vətəndaş vətənpərvərlik hissləri ilə yaşamalıdır və bizim bütün təbliğatımız Azərbaycanda dövlətçiliyi inkişaf etdirmək üçün hər bir vətəndaşda milli vətənpərvərlik hisslərini yaratmalıdır”.
Heydər Əliyevin azərbaycançılığin konsepsiyasını yaratması onun Azərbaycan dövlətçiliyi naminə göstərdiyi ən böyük tarixi xidmətlərdən biridir. Məhz azərbaycançılıq məfkurəsi Azərbaycana qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik bölücülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipər olmuşdu.
Həqiqətən də Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ümummilli ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Heydər Əliyevin tarixi xidmətidir. O deyirdi ki: “Hər yerdə azərbaycanlılar olanda Azərbaycanın dayağı da daha çox olur. Bir şərtlə ki, gərək millətini, torpağını, ana vətəni unutmayasan”. Bax budur azərbaycançılıq. Azərbaycançılıq, eyni zamanda Azərbaycan ərazisində yaşayan xalqın həmrəyliyi ilə məhdudlaşmır. Bu ideologiya davakar millətçiliyi inkar etməklə bərabər, Azərbaycanın müstəqilliyini arzulayan, onun güclənməsini istəyən insanları birləşdirir .
Ümummilli liderimiz Heydər Əliyev azərbaycançılıq anlayışının məzmun baxımından da çox yüksək qiymətləndirir. Heydər Əliyev göstərir ki, “Azerbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli - mənəvi dəyərlər, ümumbəşəri dəyərlər - bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir” .
Göründüyü kimi, burada azərbaycançılıq milli dövlətçilik ideologiyasının özəyi, təməli, əsası kimi qiymətləndirilir. Eyni zamanda, dövlətçilik, milli dəyərlər, ümumibəşəri dəyərlər kimi qlobal məsələlər azərbaycançılığın tərkib hissələri kimi verilir. Lakin nəzərə aldıqda ki, azərbaycançılıq ictimai təfəkkürlə, ictimai şüurla, milli-mənəvi dəyərlərlə və ən əsası müstəqil dövlətçiliklə bağlı bir anlayışdır, onda bu anlayışın şəhr olunmasında ən düzgün istiqamət kimi Heydər Əliyev konsepsiyasma əsaslanılmalıdır.
Bir daha qeyd etmək lazımdır ki, H.Əliyev Azərbaycançılığı bir ideologiya olaraq irəli sürməklə, ölkənin dağılması, ərazisinin etnik əlamətlərə görə parçalanması təhlükəsinin qarşısını almaq vəzifəsini həll etdi. Gücümüzün və vahidliyimizin əsası olan milli birlik bərpa edildi, etnik toqquşmalar ehtimalı aradan qalxdı.
Milli dövlətçilik ideyası, dövlət müstəqilliyimizin əbədiliyi fikri, Azərbaycan Respublikasının bütün Azərbaycanlıların milli sərvəti, bütün soydaşlarımızın vətəni elan edilməsi azərbaycançılıq ideologiyasının ən vacib cəhətləridir.
Heydər Əliyevin bütün həyatı, bütün fəaliyyəti hər bir azərbaycanlı üçün doğma Vətəninə sədaqətlə xidmət etməyin nümunəsidir. Əsil azərbaycanlı olmaq üçün Azərbaycançılıq ideologiyası bizim həyat devizimizə çevrilmişdir. O, ömrünün sonuna qədər Azərbaycanın inkişafı və çiçəklənməsi, xalqın rifah halının daha da yüksəlməsi üçün çalışmışdır. Onun əsas amalı, məqsədi, məqamı Azərbaycanı, dünyanın ən inkişaf etmiş qüdrətli dövlətləri sırasına çıxarmaq və dünya azərbaycanlılarını həmrəyliyə səsləyən Azərbaycançılıq ideyası olmuşdur. Ümummill liderin əsas arzusu o idi ki, Azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbacanlılar üçün əsas fəaliyyət proqramına çevrilsin.
Diqqət etsək eyni zamanda görərik ki, H.Əliyevin Azərbaycançılıq ideyasının məzmunu siyasi, sosial, iqtisadi, mədəni-mənəvi keyfiyyətlərlə zəngindir. Başqa sözlə Heydər Əliyevin Azərbaycançılıq konsepsiyası belədir:
- Azərbaycanda yaşayan və dünyanın hər hansı ölkəsində fəaliyyət göstərən əslən Azərbaycandan olan insanların inam, əqidə, məqsəd birliyinə;
- Azərbaycanın bölünməzliyinə, qorunub saxlanmasına;
- Azərbaycanda dövlətçiliyin, ölkədə yaşayan bütün millətlərin ve etnik qrupların qardaşlığı, əlaqə və dostluq ənənəsinin inkişafına;
- Azərbaycanda demokratiyanın, vətəndaş cəmiyyətinin bərqərar olmasına və qorunmasına nail olmaq .
Azərbaycan dilinin rəsmi dövlət dilinə çevrilməsi, azərbaycançılıq ideyalarının, milli-mənəvi dəyərlərin bütün dünyada yaşayan həmvətənlərimiz arasında yayılması, hər il 31 dekabrın Dünya Azərbaycanlılarının birlik və həmrəylik Günü kimi qeyd edilməsi və bu münasibətlə bütün dünyada yaşayan azərbaycanlıların iştirakı ilə keçirilən mərasimlər, xarici səfərləri zamanı Azərbaycan diasporası ilə keçirdiyi görüşlər, Dünya Azərbaycanlılarının Bakıda keçirilən birinci qurultayı və bu səpkili yüzlərlə mühüm işlər Azərbaycan Prezidenti Heydər Əliyevin 1993-cü ildən sonra həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir.
Azərbaycançılıq yüksək milli nizam - intizamın, dövləti şüurun, birgəyaşayış və birgəfəaliyyət mədəniyyətinin həm səbəbi, həm də nəticəsidir.
“Azərbaycancılıq” ideyasıın dərk olunmasının əsasında Azərbaycan xalqının tarixi, mənəvi-əxlaqi, mədəni ənənələri zəminində birlik ideyası durur və bu, nəinki indi, həm də uzaq gələcəkdə azərbaycanlıların təkcə bir yox, bir çox nəsillərinə xidmət edəcəkdir və müstəqillik, milli eyniyyət tezliklə həmin nəsillər üçün həyatı, azadlığı dərk etməyin ayrılmaz atributlarına çevriləcəkdir.
Dünya azərbaycanlılarının birliyinin yaradılması istiqamətində ümummilli liderimizin işıqlı ideyaları bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərini təşkil edir. Odur ki, nəinki öz ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşması, eyni zamanda, dünya azərbaycanlılarının milli həmrəyliyi və birliyi getdikcə daha sürətlə, möhkəmlənir və dünyada nüfuzumuz artır, azərbaycançılıq ideologiyası dünyada mühüm yerlərdən birini tutur, ona maraq artır. Çünki azərbaycançılıq ideologiyası inkişafa, tərəqqiyə, sülhə, haqqa, dinc birgə yaşayışa xidmət edir.
Azərbaycançılığın təbliği istiqamətində bütün vasitələrdən istifadə olunmalı və bunun ən münasib yolu tapılmalıdır. Ulu öndərin və digər görkəmli şəxsiyyətlərin Azərbaycan naminə gördüyü işlər hər bir azərbaycanlıya örnək olmalıdır. Dünyanın hansı guşəsində olmağımızdan, hansı məqsədə qulluq etməyimizdən asılı olmayaraq, Azərbaycan üçün əsl azərbaycanlı kimi nəsə etməyə çalışmaq və ya bunu etmək istəyən soydaşlarımıza dəstək vermək hər birimizin həyat şüarı, ən müqəddəs vəzifəsi olmalıdır. Diaspor təşkilatları tərkibində, tələbə qruplarında, internet bloqlarında, sərhəddə, kitabxanada, təhsildə, tibdə, siyasətdə, elmdə bu xalqın, bu Vətənin adının ön sıralarda səslənməsi bu vətənin övladlarından – bizlərdən, Azərbaycan üçün əsl azərbaycanlı kimi düşünən və çalışanlardan asılıdır.
Azərbaycan Respublikasının Prezidenti Yanınında
Dövlət İdarəçilik Akademiyası
Emin Edilov
Murad Həsənov


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.