Beynəlxalq təşkilatlar

Beynəlxalq təşkilatlar

Azərbaycan Respublikasının multikulturalizm siyasəti və beynəlxalq təşkilatlar

Qloballaşma şəraitində multikulturalizm siyasəti yeni bir siyasi model kimi bir çox dünya dövlətləri tərəfindən tətbiq olunan uğurlu bir siyasətdir. İstər ənənəvi milli azlıqlar, istər də miqrasiya fonunda formalaşmış yeni milli azlıqların hüquqlarının tam şəkildə təmin olunması və ayrı-seçkilik hallarının aradan qaldırılması dövlətlərin suverenliyi baxımından həyati önəm daşıyır.
Xalq Cumhuriyyəti dövründən əvvəl həm çar Rusiyası zamanı, həm də sovet hakimiyyəti dövründə Azərbaycan müstəqil xarici siyasət yürüdə bilməmişdir. 1991-ci ildən özünün müstəqil xarici siyasi xəttini formalaşdıran Azərbaycan multikulturalizmi də xarici siyasətin mühüm amilinə çevirdi.
Azərbaycan öz multikultural təhlükəsizliyini təmin etmək məqsədi ilə çoxmədəniyyətli cəmiyyətin vacib komponentləri sayılan milli azlıqlar və dini konfessiyalarla bağlı qanunvericilik bazasını formalaşdırmış və bu çərçivədə Azərbaycan BMT, Avropa Şurası, ATƏT, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və s. kimi bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq edir və bu günə kimi 50-dən artıq beynəlxalq sənədə tərəfdar çıxmış, bu sahədə beynəlxalq öhdəliyin həyata keçirilməsində mühüm nailiyyətlər əldə etmişdir. 1992-ci il mart ayından BMT-yə üzv seçildikdən sonra milli azlıqlar və multikulturalizm siyasəti ilə bağlı Azərbaycan Respublikasının Ali qanunverici orqan tədricən Azərbaycan Respublikasında 31 may 1996-cı il 95 İC nömrəli Prezident Qanunu ilə təsdiq olunmuş və qüvvəyə minmişdir. Bu Konvensiyada irqi ayrı-seçkilik ifadəsi siyasi, iqtisadi, sosial, mədəni və ictimai həyatın digər sahəsində insan hüquq və azadlıqlarının bərabər əsasda tanınmasını, ifadə olunmasını, yaxud həyata keçirilməsini, irqi, dərinin rəngi, nəsil yaxud etnik mənşə əlamətlərinə əsaslanan hər hansı fərqləndirməni, istisnanı və məhdudiyyəti bildirir. Ancaq dəqiq anlaşılmalıdır ki, bu konvensiya, onun iştirakçısı olan dövlətlərin, öz vətəndaşları ilə onların vətəndaşları olmayanlar arasında qoyduğu fərqlərə, istisna və məhdudiyyətlərə yaxud üstün tutmalara şamil edilmir.
Qeyd etmək lazımdır ki, bu konvensiyada öz əksini tapmış ideya və prinsiplər Azərbaycan Respublikasının həyata keçirdiyi siyasətin əsas istiqamətləridir. Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırmaq sahəsində “Milli Fəaliyyət Proqramı” təsdiq edilmişdir. “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında Beynəlxalq Konvensiya” da öz əksini tapmış hüquqların milli qanunvericilikdə daha səmərəli qorunması ilə bağlı “Milli Fəaliyyət Proqramı” nın 1.1 və 1.2-ci bəndlərini xüsusi ilə qeyd etmək lazımdır. Bu bəndlərdə Azərbaycan Respublikasının tərəfdar çıxdığı insan hüquqları və azadlıqlarına dair beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsi və Azərbaycan Respublikasının normativ –hüquqi aktlarının beynəlxalq hüquqi sənədlərə uyğunluğunun təmin edilməsi öz əksini tapmışdır.
“İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Aradan Qaldırılması haqqında Beynəlxalq Konvensiya” ya əsaslanan “Bərabərlik hüququ” Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində, Cinayət Məcəlləsində, Cinayət Prosessual Məcəllədə, Mülki Cinayət Prosessual Məcəllədə, Ailə, Əmək məcəllələrində və digər qanunvericilik aktlarında təsbit edilmişdir.
Bu konvensiya əsasında irqi ayrı-seçkiliyin ləğvi üzrə komitə yaradılmışdır. O, iştirakçı dövlətlər tərəfindən seçilən 18 ekspertdən ibarət tərkibdə fəaliyyət göstərir. Bir məqam diqqəti çəkir ki, bu komitənin səlahiyyətləri insan hüquqları komitəsinin səlahiyyətləri ilə üst-üstə düşür. Mühüm fərq ondan ibarətdir ki, 1963-cü il Konvensiyasında nəzərdə tutulmuş dövlətlərarası şikayət proseduru məcburi xarakter daşıyır. Bu, o deməkdir ki, komitənin müvafiq səlahiyyətini tanımaq barədə heç bir ilkin bəyanat vermədən istənilən iştirakçı dövlət, öz ərazisində irqi ayrı-seçkiliyə yol verən başqa bir iştirakçı dövlətə qarşı komitəyə ərizə ilə müraciət edə bilər.
Bu gün Azərbaycanın əməkdaşlıq etdiyi ən mühüm beynəlxalq təşkilatlardan biri də Avropa Şurasıdır. Azərbaycan Respublikası 2000-ci il iyun ayının 13-də Avropa Şurasının “Milli azlıqların hüquqlarının müdafiəsi haqqında” Çərçivə Konvensiyasına qoşuldu. Ölkəmiz bu quruma 2001-ci ilin yanvarın 25-dən tam hüquqlu üzv seçildi. O zaman Ulu öndər Heydər Əliyev Strasburqda Avropa Şurasının Parlament Assambleyasında öz tarixi çıxışı zamanı ölkəmizlə bu qurum arasındakı münasibətlərin əsas istiqamətlərini müəyyən etdi.
“Milli azlıqların hüquqlarının müdafiəsi haqqında” Çərçivə Konvensiyası milli azlıqların hüquqlarının müdafiəsinə yönələn ilk beynəlxalq müqavilədir və milli azlıqların mövcudluğunu, onların mədəniyyət və identikliyini ən yüksək səviyyədə qorunması üçün, yalnız bilinən təməl hüquqlar (fikir azadlığı, vicdan azadlığı, dini etiqad azadlığı, sərbəst toplaşma azadlığı və.s), eləcə də diskriminasiyanın qadağan olunmasını nəzərdə tutmur. Bu cür təməl hüquqlar 1948-ci il İnsan Hüquqları haqqında Beynəlxalq Konvenisya ilə də tənzim olunur. Konvensiyada eyni zamanda yalnız milli azlıqlara şamil olunan qarant hüquqlar da müəyyən edilmişdir (Öz dilində danışmaq hüququ, eyni etnik-mədəni, dil və din identikliyinə aid şəxlərlə sərbəst ünsiyyət qurma hüququ və s.). Buna görə də Konvenisyanın 1-ci maddəsində açıq şəkildə qeyd olunur ki, milli azlıqlar və bu azlıqlara məxsus şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, insan hüquqlarının beynəlxalq müdafiəsinin ayrılmaz tərkib hissəsidir və buna görə də beynəlxalq əməkdaşlığın bir hissəsi hesab olunur.
Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyanın qəbul olunmasında qarşıya qoyulan məqsəd, milli azlıqların tam və həqiqi bərabərliyini təmin etmək, həmçinin hüququn aliliyi, ərazi bütövlüyü və milli suverenlik prinsiplərinə hörmət çərçivəsində öz milli fərdiliyini ifadə etmək, qorumaq və inkişaf etdirməyə imkan verən şəraitin yaradılmasıdır. Konvensiyada nəzərdə tutulan ən mühüm müddəalardan biri ondan ibarətdir ki, onu qəbul edən dövlətlər öz üzərilərinə hər hansı bir şəxsin iradəsi əleyhinə assimilyasiya siyasətinin həyata keçirilməməsi öhdəliyini götürürlər. 3-cü maddədə açıq şəkildə qeyd olunur ki, hər bir milli azlığa məxsus şəxs ona bu cür baxılmasını və ya baxılmamasını müəyyən etmək hüququna malikdir və bu seçim və ya bu seçimlə bağlı hüquqların həyata keçirilməsi həmin şəxsi alçaltmamalıdır.
Belə bir həssas sahədə mürəkkəb hüquqi və siyasi maneələr olduğundan Çərçivə Konvensiyası milli azlıq konsepsiyasının dəqiq anlayışını müəyyən etməmişdir, lakin aşağıdakı kriteriləri irəli sürmüşdür: Bu anlayış yalnız din, dil, ənənələr və mədəni irslə müəyyənləşdirilən azlıqlara şamil edilir.
Çərçivə Konvensiyasını ratifikasiya etmiş hər bir dövlət, eləcə də Azərbaycan Respublikası, bir il müddətində onun müddəalarını və prinsiplərini yerinə yetirmək məqsədi ilə həyata keçirdiyi qanunvericilik tədbirlərini və ya digər tədbirlər barədə Avropa Şurasının baş katibinə dolğun məlumat verməlidirlər.
Qanunvericilik tədbirləri dedikdə nə nəzərdə tutulur? Burada söhbət Konvensiyanın əsas prinsiplərinin daxili qanunvercilikdə öz əksini tapmasından gedir. Burada qeyd olunmalı ən mühüm fakt ondan ibarətdir ki, Azərbaycan Respublikası hələ 1992-ci ildə, yəni Çərçivə Konvensiyası imzalanmamışdan 3 il öncə Prezidentin “Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətlərinin inkişafı üçün dövlət yardımı haqqında” Fərmanı ilə onların təməl hüquqlarının qorunmasını təminat altına almışdı.1995-ci il Konvensiyasında nəzərdə tutulan bir çox müddəa, (ayrı-seçkiliyə yol verilməməsi, sərbəst dini mərasimlərini icra etmək, mədəni, dil və dini özünə məxsusluğu qoruyub saxlamaq, öz dilində informasiya almaq hüququ və s.) 1992-ci il Prezident Fərmanında öz əksini öncədən tapmışdı. Digər mühüm müddəalar isə (öz dilində ifadə vermək azadlığı, öz dilində təhsil almaq hüququ və s.) ayrı-ayrı daxili qanunvericilik aktlarında (Cinayət Prossesual Məcəlləsi, Təhsil haqqında qanun və s.) öz əksini tapmışdır.
Milli azlıqların hüquqlarının müdafiəsi haqqında çərçivə konvensiyası özündə aşağıdakı prinsipləri təsbit edir:
- Ayrı-seçkiliyin qadağan olunması;
- Milli azlıqlarla əhalinin çoxluğu arasında bərabərliyin təmin olunmasına yardım etmək;
- Milli azlıqların mədəniyyətinin, dininin, dilinin və adət ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılması;
- Söz, fikir, vicdan və din azadlığı;
- Təhsil almaq hüququ;
- Sərhədyanı əlaqələr və əməkdaşlıq;
- Iqtisadi, mədəni və sosial həyatda iştirak və s.
Bu Konvensiya ilə dövlətlər öz üzərilərinə milli azlıqlarla bağlı böyük öhdəliklər götürmələrinə baxmayaraq, dövlətin suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqillik prinsiplərinə zidd olan hər hansı bir hərəkətə yol verilməsinin güman edilməsi kimi şərh oluna bilməz.
Hazırki Çərçivə Konvensiyasının müddəalarına razılığa gəlmiş dövlətlər tərəfindən əməl olunması məsələsinə nəzarəti Avropa Şurasının Nazirlər Kabineti həyata keçirir. Yekun olaraq bu Konvenisya ilə bağlı onu qeyd etmək lazimdır ki, istənilən tərəf istədiyi vaxt Avropa Şurasının Baş katibinə xəbərdarlıq məktubu yazmaqla hazırki Çərçivə Konvensiyasını etibarsız elan edə bilər. Belə etibarsızlıq elanı Baş katibin belə xəbərdarlıq məktubu almasından altı ay sonra, gələn ayın biri qüvvəyə minir.
Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası 2001-ci ildə “Regional və ya azlıq dilləri haqqında Avropa Xartiyasını imzalamışdır” .
Milli azlıqlar mövzusunda ATƏT çərçivəsində yaşanan ən əhəmiyyətli inkişaf 1973-cü ildən 1975-ci ilədək mərhələli şəkildə davam edən konfransın sonunda 35 iştirakçı dövlət tərəfindən qəbul edilən “Helsinki Yekun Aktı” nda milli azlıqların müdafiəsi ilə bağlı hökmlərin olmasıdır. Bu Aktda əvvəlki dövrlərdə hakim olan “ayrı-seçkiliyin qarşısının alınması” anlayışı “azlıqların qorunması” anlayışı ilə əvəz olunmuşdur. Helsinki Yekun Aktının məcburi hüquqi qüvvəsi olmasa da, ən ali səviyyədə siyasi iradə bəyanatı kimi qəbul edilməlidir. Eyni zamanda ATƏT zonasında azlıqların hüquqlarının lazımi qaydada və ardıcıl tətbiqinə nail olmaq üçün daha üç tövsiyə (Milli azlıqların təhsil hüquqlarına dair Haaqa tövsiyələri (1996), Milli azlıqların dil hüquqlarına dair Oslo tövsiyələri (1998), Milli azlıqların dil hüquqlarına dair Lund tövsiyələri və bir rəhbər müddəa (“Yayım mediasında azlıq dillərindən istifadə haqqında (2003) qəbul edilmişdir.
Hazırda ATƏT-in Milli azlıqların işi üzrə Ali Komissarlığı fəaliyyət göstərir. Ali Komissarlıq institutu Avropada etnik münaqişələrin iri miqyaslı zorakılıqlarına qarşı mübarizə forması kimi yaradılıb. Bu vəzifə ATƏT tərəfindən 1992-ci ildə təsis edilib. Onun rolu sülhə və əmin-amanlığa təhlükə olan etnik fikir ayrılıqlarını aradan qaldırmaq, quruma üzv dövlətlər arasında sülh və əmin-amanlıq yaratmaq və ilkin mərhələdə olan münaqişələrin qarşısını almaqdan ibarətdir.
Azərbaycanda çoxmədəniyyətlilik mühitinin formalaşmasında və onun qorunub saxlamasında ölkəmizin YUNESCO ilə əməkdaşlığı çox böyük əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq çərçivəsində 2010-cu ildə YUNESCO-nun “Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqinə dair Konvensiya” ratifikasiya edilmişdir. Bundan başqa YUNESCO-nun “ Dözümlülük Prinsipi Haqqında Bəyannamə” və “Mədəni Müxtəliflik haqqında Ümumi Bəyənnamə” bəşəri sənədlər olaraq çoxmədəniyyətli və tolerant cəmiyyətlərin formalaşmasında önəmli rol oynayır.
“Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqinə dair Konvensiya” 20 oktyabr 2005-ci ildə YUNESCO-nun 33-cü sessiyasında qəbul olunmuş və 18 mart 2007-ci ildə qüvvəyə minmişdir. Azərbaycan Respublikası bu konvensiyaya 26 noyabr 2009-cu ildən qoşulmuşdur.
Konvensiyanı incələməmişdən öncə belə bir sualı aydınlaşdırmaq zərurət olaraq meydana çıxır. Nədir mədəni müxtəliflik? Ayrı-ayrı qrupların və cəmiyyətlərin mədəniyyətlərinin öz ifadəsini tapdığı müxtəlif formalardır. Bu özünüifadə formaları qruplar və cəmiyyətlər arasında və onların daxilində ötürülür.
Mədəni özünüifadə dedikdə isə ayrı-ayrı fərdlərin, qrupların və ya cəmiyyətlərin yaradıcılığının nəticəsi olan və mədəni məzmun daşıyan özünüifadə nəzərdə tutulur.
Konvensiyanın qəbul olunmasında əsas məqsəd aşağıdakılardan ibarətdir.
 Mədəni özünüifadə müxtəlifliyini qorumaq və təşviq etmək;
 Müxtəlif mədəniyyətlərin çiçəklənməsi və qarşılıqlı səmərəli tərzdə bir-birinə sərbəst təsiri üçün şərait yaratmaq;
 Mədəniyyətlərarası hörmət və sülh mədəniyyəti naminə bütün dünyada geniş və tarazlı mədəni münasibətləri təmin etmək üçün mədəniyyətlərarası dialoqu təşviq etmək;
 Mədəni öünüifadə müxtəlifliyni qorumaq və təşviq etmək sahəsində, xüsusi ilə inkişaf etməkdə olan ölkələrin imkanlarını genişləndirmək məqsədilə tərəfdaşlıq ruhunda beynəlxalq əməkdaşlıq və həmrəyliyi gücləndirmək və s.
Konvensiyanın 2-ci maddəsində mühüm prinsiplər öz əksini tapmışdır. Bu prinsiplər rəhbər başlanğıclardır və aşağıdakılardır:
 İnsan Hüquqları və əsas Azadlıqlarına hörmət prinsipi;
 Suverenlik prinsipi;
 Bərabər ləyaqət və bütün mədəniyyətlərə hörmət prinsipi;
 Beynəlxalq həmrəylik və əməkdaşlıq prinsipi;
 İnkişafın iqtisadi və mədəni aspektlərinin bir-birini tamamlaması prinsipi;
 Davamlı inkişaf prinsipi;
 Bərabər imkan prinsipi;
 Açıqlıq və tarazlıq prinsipi.
16 noyabr 1995-ci ildə qəbul edilən “Dözümlülük Prinsipi haqqında Bəyannamə” isə cəmiyyətimizdə sülhun genişlənməsi, xalqların iqtisadi və sosial rifahının təmin olunması üçün tolerantlıq prinsiplərinin vacibliyini elan edir. Bəyannamənin 1-ci maddəsində tolerantlığa bu cür anlayış verilmişdir: “Tolerantlıq dünyada mövcud olan mədəniyyətlərin, onların öz zənginlikləri və müxtəlifliyi ilə qəbul olunması, tanınması və hörmət olunmasıdır” .
Tolerantlıq müxtəlifliyin harmoniyasıdır və yalnız mənəvi öhdəlik deyil, həmçinin siyasi və hüquqi məcburiyyətdir. Dövlət müstəvisində tolerantlıq, qanunvericilik, inzibati və məhkəmə fəaliyyətində ədalətlilik prinsipinin qorunmasıdır.
Bəyannamənin ikinci maddəsinin məzmunundan aydın olur ki, qeyri- tolerantlıq dedikdə, kiminsə güc və ya diskriminasiya ilə sosial və siyasi həyatdan təcrid olunması kimi başa düşülür. Harmonik birgəyaşayışı təmin etmək üçün, hər bir fərd, qrup və ya cəmiyyət insan-lığın multikultural ruhunu qəbul etməli və buna hörmət etməlidir. Bəyannamədə həmçinin qeyri-tolerantlığa qarşı mübarizənin ən effektiv forması kimi təhsil və tərbiyə göstərilir. Dözümlülüyün genişlənməsi üçün ilk növbədə hər bir kəsə özünün hüquq və azadlıqları öyrədilməli, eləcə də başqasının hüquq və azadlıqlarına hörmətlə yanaşmaq aşılanmalıdır.
Bəyannaməni qəbul edən dövlətlər, qeyri- tolerantıq təhlükəsini ictimaiyyətə daha aydın çatdırılması üçün hər il 16 noyabr tarixini “Dünya Tolerantlıq Günü” kimi qeyd olunmasını elan edirlər.
2001-ci ildə YUNESCO tərəfindən qəbul olunmuş “Mədəni Müxtəliflik haqqında Ümumi Bəyənnamə” mədəni müxtəliflik və qarşılıqlı dialoq haqqında yeni anlayışları özündə birləşdirən 20 əsas bənddən ibarət beynəlxalq və ümümbəşəri bir sənəddir. Bəyənnamənin 3-cü maddəsində qeyd edilir ki, mədəni müxtəlifliyi qorumaq insanın şərəf və ləyaqətinə hörmət olunması baxımından bir məcburiyyətdir. Bununla bağlı olaraq, hətta Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2002-ci il dekabrın 20-də 57/249 saylı Qətnamə ilə 21 May tarixinin dialoq və inkişaf naminə “Beynəlxalq Mədəni Müxtəliflik Günü” kimi qeyd olunmasını qərara aldı.
Çoxkonfessiyalı ölkə olan Azərbaycan dövlətinin bütün dinlərə olan bərabər münasibəti onun multikultural dəyərlərə verdiyi önəmin bariz nümunəsidir. Dini etiqat azadlığı ən yüksək konstitusion səviyyədə təminat tapıb, insan hüquqlarının ayrılmaz tərkib hissəsi kimi dini etiqad azadlığı Azərbaycan Respublikasında hər bir şəxsə məxsus olan hüquqdur.
Konstitusiyamızın 48-ci maddəsi olan “Vicdan azadlığı”, “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın” 18-ci maddəsi ilə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 9-cu maddəsi və eləcə də BMT-nin “ Dinə, yaxud əqidəyə görə dözümsüzlük və ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Bəyannaməsi ilə demək olar ki, eyniyyət təşkil edir. Bu normaya əsasən, Azərbaycan Respublikasında yaşayan hər kəsin dinə münasibitini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Bir sıra dövlətlərdən fərqli olaraq konstitusiyaya əsasən Azərbaycan Respublikasında din dövlətdən ayrıdır və dini etiqad vicdan azadlığının tərkib hissəsidir.
Bildiyimiz kimi, müxtəlif cəmiyyətlərdə multikultural mühitin təhdid altında olduğu bir vaxtda, Azərbaycan multikulturalizm siyasətinə önəm verir və multikultural təhlükəsizliyi dövlət təhlükəsizliyinin tərkib hissəsi kimi qəbul edir.
Emin Edilov
Murad Həsənov
Azərbaycan Respublikasının Prezidenti Yanında
Dövlət İdarəçilik Akademiyası
[email protected]



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.