Xristofor Kolumb

 

Xristofor Kolumb


XRİSTOFOR KOLUMB

 

 1.           Böyük kəşflərə gətirib çıxaran çox böyük səhv

 

XV əsrin ikinci yarısında Qərbi Avropada feodalizm dağılma dövrünü keçirirdi. İri şəhərlər meydana gəlir, ticarət genişlənirdi. Avropada mübadilə kimi qızıla tələbat artırdı. Bu da guya qızılın bol olduğu «Hindistan – ədviyyatlar ölkəsinə» meyli qüvvətləndirirdi. Türk istilası nəticəsində Hindistana gedən köhnə yollardan istifadə etmək çətin idi. Yeni yollar axtarılırdı. Afrikanı hərlənərək Cənubi və Şərqi Asiya ərazilərinə gedən yolların axtarışı ilə yalnız Portuqaliya məşğul olurdu. Qalan Avropa ölkələrinə ancaq qərbə istiqamətlənmək qalırdı.

Bu zaman İspaniyada kral hakimiyyəti qüvvətlənməkdə idi. Kastiliya kraliçası İzabella Araqon şahzadəsi Ferdinanda ərə getdikdən 10 il sonra, 1479-cu ildə o, Araqon kralı oldu. Beləliklə, hər iki kral öz titulunu saxlamaqla ən iri Pireney dövlətləri birləşərək İspaniya krallığını yaratdılar. Yarımadada axırıncı müsəlman dövləti olan Qranada əmirliyi İspaniya qoşunlarının hücumu qarşısında duruş gətirə bilmədi və 1492-ci ildə mövcudluğunu itirdi. Bununla da Pireneydə 8 əsrlik müsəlman-qərb ağalığına son qoyuldu. Elə bu hadisədən bir neçə ay sonra Kolumbun ilk donanması okeanın o tayına səyahətə başladı. Birləşmədən sonra İspaniya dünya meydanına çıxdı. Yeni torpaqların ələ keçirilməsi həm kralın, həm də müttəfiqləri olan feodal əyanlarının, şəhər burjuaziyasının və katolik kilsəsinin marağına cavab verirdi. Krallara narahat adamlardan yaxa qurtarmaq lazım idi. Xəzinə də boş idi.

Xristofor Kolumb 1451-ci ildə Genuya şəhərində anadan olmuşdur. Bir müddət atası kimi yun sexində işləmişdir. Məktəbdə oxuması məlum deyil. Lakin sübut edilib ki, o dörd dildə – italyan, ispan, portuqal, latın dillərində çox və diqqətlə oxuyurdı. 1476-cı ildə Kolumb Genuya ticarət evinin nümayəndəsi kimi Portuqaliyaya göndərilir. Özünün dediyinə görə İngiltərədə, Qvineyada, Qızıl Sahildə olmuşdur. Bilinmir ki, bu yerlərə dənizçi kimi və ya nümayəndə kimi üzmüşdür. Lakin Kolumb birinci ekpedisiyası zamanı kapitan, astranom və şturman vəzifəsini icra edərək özünü təcrübəli dənizçi kimi göstərmişdi. Çoxlu mütaliə etmişdi. Pyer d'Alyinin kitabı «İmaqo Mundi»nin təsiri altında coğrafi təsəvvürü yaranmışdı. Pyer d'Alyi Rocer Bekona əsaslanaraq Yerin kürə şəklində olduğu iddiasını irəli sürürdü.  Rəvayətə görə Kolumb məşhur astronom və coğrafiyaçı Toskanelliyə «Hindistana» ən qısa yolun olması haqqında məlumat vermişdir.  O vaxtkı təsəvvürə görə Lissabondan Yaponiyayadək məsafə 10 min kilometrdir. Kolumb bir neçə coğrafi kitablara əsaslanaraq bu hesablamaya öz düzəlişini edərək belə fikrə gəlmişdir ki, Şərqi Rusiyaya Kanar adalarından üzmək daha sərfəlidir. Bunun üçün 4, 4-5 min kilometr Qərbə üzmək lazımdır. Sonralar alimlər bunu «böyük kəşflərə gətirib çıxaran çox böyük səhv» adlandırmışlar.

Kolumb öz layihəsini Portuqaliya kralı II Juana təqdim edir. Uzun süründürməçilikdən sonra “Elmi Şura” Kolumbun dəlillərini rədd edir. İdeyasını həyata keçirə bilməyəcəyini görüb, borc sahiblərindən yaxa qurtarmağa çalışan Kolumb İspaniyanın Pelos şəhərinə gəlir, Rabid monastrında sığınacaq tapır. Baş keşiş onu varlı Kastiliya hersoqu Medinaseliyə təqdim edir. Hersoq layihə ilə maraqlanır, onu maliyyələşdirmək üçün İzabellaya müraciət edir. Feodalının varlana biləcəyindən ehtiyat edən İzabella layihəni ləngidir. 4 il sonra komissiya layihəyə mənfi  rəy verir. Lakin krallar hələ son sözlərini deməmişdilər. Kolumb xəzinədən yardım alsa da, işdə irəliləyiş yox idi. Kralların başı müharibəyə qarışmışdı. Lakin rahiblərin, maliyyəçilərin köməyi ilə Kolumbun layihəsinə 1491-ci ildə yenidən baxılır və rədd edilir. Kral və kraliça qərar ilə razılaşırlar və Kolumb Fransaya yola düşür. Elə bu vaxt iri ticarət evinin başçısı Luis Santangel İzabellanı borcla təmin edəcəyini vəd edir. Kolumbun arxasınca göndərilmiş polis Qranadada ona çatır və saraya qaytarır. Krallar Kolumbun layihəsinin müqaviləsinə yazılı surətdə razılıqlarını bildirirlər. Müqavilə ilə «əlahəzrət ona kəşf etdiyi materik və okeanları bağışlayır, Kolumbu özünün vitse-kralı, kəşf etdiyi materiklərin baş hökmdarı təyin edirdi». Kolumba zadəgan rütbəsi verilir. Burjuaziya və kilsə nümayəndələrinin onu müdafiə etməsi Kolumbun müvəffəqiyyətini qabaqcadan müəyyən etdi.

 

 

Xristofor Kolumb


«
Gəlin, göydən gəlmiş adamlara tamaşa edin»

 

 

Kolumba iki gəmi verdilər. Üçüncü gəmini  o, öz hesabına hazırladı. Bu işdə ona peşəkar dənizçilər olan Pikson qardaşları yardım göstərdilər. Kolumbun gəmisi «Müqəddəs Mariya», iki gəmi isə «Pinta» və «Ninya» adlanırdı. Donanmanın 90 nəfərlik heyətini Palos və yaxın şəhərlərdən yığmışdılar. Kolumbun gəmilərinin heyəti yalnız başqa ölkələrlə ticarət əlaqələri qurmaq üçün yaradıl;rdı. Elə kral və kraliçanın da əsas məqsədi «Hindistanla» ticarət əlaqəsi yaratmaq idi.

1492-ci il avqustun 3-də Kolumbun gəmiləri Palos limanından çıxır. Kran-Kanariya adası yaxınlığında «Pinta»nı təmir etmək lazım gəldi. 3 gün dəniz sakit oldu. 4-cü gün qərbə sarı elə külək əsdi ki, axırıncı Kanar adası olan Perro gözdən itdi. Dənizçilərin çoxusu ruhdan düşdü. Kolumb bilirdi ki, belə olacaq, ona görə qərara gəldi ki, hər gün keçilən məsafəni  bilə-bilə azaltsın. Üç həftə dənizdə yosunların müşayəti ilə üzdülər. Bu, Sarqas dənizi idi. Bir aya yaxın idi ki, Kolumb qərbə sarı yol gedirdi. Dənizçilər və zabitlər istiqamətin dəyişdirilməsini tələb edirdi. O, birini dilə tutur, digərinə mükafat vəd edirdi. Kolumb ilk torpağı görən şəxsə mükafat olaraq ömürlük təqaüd təyin etdi. Oktyabrın 12-də gecə saat 2-də «Pinta»nın dənizçisi Rofriqo Triana uzaqda torpaq görür. Kanar adalarından çıxandan 33 gün sonra Baham adalarından olan Quanaxani adasına gəlib çıxmışdılar. Səhərisi gün Kolumb, Pinson qardaşları, Notarius adaya çıxdılar. Kastiliya bayrağını sahilə sancdılar və adanı İspaniya ərazisi elan etdilər.  Kolumb dedi ki, hələ ayın 11-də axşam adanı görmüşdü. Admiralla dənizçi arasındakı mübahisə admiralın xeyrinə həll olundu və Kolumb kiçik həcmdə olan bu təqaüdü ömrünün axırına qədər aldı. Adada onlar «lüt gəzən, qəddi-qamətli, bədənləri və üzləri gözəl» olan aravak xalqına rast gəldilər. Onlar dəmiri tanımırdılar. Yerli əhali onları müqəddəslər kimi qarşılayırdılar. Kolumb yazırdı: «Onlar inanırdılar ki, mən və mənim gəmilərim göydən enmişlər. Bir-birilərinə deyirdilər: Gəlin, gəlin, göydən gəlmiş adamlara  tamaşa edin». Adada Kolumba «sakinlərin daha çox qiymətləndirdiyi quru yarpaqlar» bağışlayırlar.Bu yarpaq tütün idi. Admiral adaya San-Salvador adını verir. Kolumb ada sakininin burnuna taxılmış qızıla diqqət etdi və öyrəndi ki, qızıl bura hardansa cənubdan gətirilir.

 

Xristofor Kolumb


İki həftə donanma Baham adaları arasında gəzdi. Kolumb indiyə qədər görmədiyi bitkilərə, meyvələrə rast gəlirdi. Onu təəccübləndirən bu idi ki, heç bir adada ev heyvanları gözə dəymirdi. Lakin o heç harda nə qızıl, nə də ədviyyat tapdı.

 

Oktyabrın 28-də o, Kubaya yaxınlaşdı. Yerli əhalini hindular adlandırdı. Belə hesab edirdi ki, Hindistanın heç kəsə məlum olmayan qərb hissəsinə gəlib çıxıb. Gözləyirdilər ki, tezliklə çinlilərin gəmiləri ilə üz-üzə gələcəklər. Heç kəs, hətta admiral özü belə ağıllarına gətirmirdilər ki, Çin burdan düz xətt üzrə 15 min kilometr aralıda yerləşir. Yerli əhali «hətta» ərəbcəni də başa düşmürdü. Burda pambıq əkir, ondan parça toxuyurdular. Avropalılar ilk dəfə hinduların tütünü necə çəkdiklərini gördülər. Buradakı naməlum mədəni bitkilər isə qarğıdalı, kartof və tütün idi. Kubanın gözəlliklərini təsvir edən Kolumb burda istədiklərini tapmadı. Cənub-şərqə hərəkət edən Kolumb Haiti adasını kəşf etdi və onu Espanyola adlandırdı. Qızıl axtaran Kolumbun gəmisi saya oturdu. «Pinta»nın kapitanı Martin Pinson yaxında çoxlu qızıl olan adanın olduğunu eşidib «yoxa» çıxmışdı. Kolumbun əlində «Ninya» qalmışdı. Kiçik «Ninya»da hamını yerləşdirmək mümkün olmadığından Kolumb adada Navidad qalaçasını tikdirir. 39 nəfər könüllü adada qalır. O, İspaniyaya yola düşür. Yolda «Pinta»ya rast gəlir. Martin Pinson onu inandırmağa çalışırdı ki, «azıb». Kolumb bu hiyləyə inanmırdı, amma «təqsirkarı cəzalandırmaq vaxtı deyildi». 1493-cü il martın 15-də admiral «Ninya»nı Palosa gətirir. Kolumb İspaniyaya, kəşf etdiyi yerlər haqqında məlumat, bir qədər qızıl, avropalıların görmədiyi hindilər, qəribə bitkilər, toxumlar gətirmişdi.

 

 

Xristofor Kolumb


2.    
Onlar əllərində xaç, ürəklərində qızıl həsrətilə gedirdilər

 

 

Kolumbun «Qərbi Hindistanı» kəşf etməsi xəbəri ildırım sürəti ilə yayıldı. Portuqaliya böyük təşvişə düşdü. İki ölkə arasında münasibət gərginləşdi. Mübahisəni yalnız katolik kilsənin başçısı həll edə bilərdi. 1493-cü il mayın 3-də Papa VI Aleksandr fərmanla Kastiliyanın torpaq hüququnu saxlayaraq dünyanın ilk bölgüsünü apardı. Papa İspaniyaya Azor və Yaşıl Burun adalarından qərbdə tapacağı torpaqlara sahib olmaq hüququ verdi. Cənubda və şərqdə bu hüquqlar Portuqaliyaya verilirdi.

Ferdinand və İzabella 1492-ci ildə Kolumba vəd etdikləri bütün hüquq və imtiyazları təsdiq etdilər. O, artıq yeni kəşf edilmiş adaların, materikin admiralı, vitse-kralı və hakimi idi. 17 gəmidən ibarət donanma hazırlanır. Donanmanın hazırlanmasında sərf olunmuş vəsait XV əsrin sonunda əmlakları müsadirə edilərək İspaniyadan qovulmuş yəhudilərin hesabına ödənildi. Yeri gəlmişkən deyək ki, bu yəhudiləri o vaxtı yalnız Osmanlı Türkiyəsi öz ərazisinə qəbul etdi. Kolumb yeni torpaqlarda görmədiyi ev heyvanlarından gəmilərə yüklədi. Espanyolada kaloniya təşkil etmək nəzərdə tutulmuşdu. Xeyli miqdarda işsiz adamlar, məmurlar, keşişlər, əyanlar ona qoşuldu. Kolumbun müasiri Yepiskop Las Kasas onları belə səciyyələndirmişdir. Fövqəladə bir qüvvə ilə «Onlar əllərində xaç, ürəklərində çılğın qızıl həsrətilə gedirdilər».

 

Xristofor Kolumb


1493-cü il oktyabrın 25-də Kolumbun ikinci ekspedisiyası Kadisdenə yola düşür. Arxadan gələn şimal-şərq küləyini tutaraq donanma 20 günə okeana keçir. Qvadelupa adasında özlərini kaliblər adlandıran adamyeyənlərə rast gəlirlər. Çoxlu adalardan ibarət arxipelaqı kəşf edən Kolumb buranı «11 min qız adaları» adlandırır. İspanca qız virgen deməkdir. O vaxtdan bu adalar Virginiya adlanır. Espanyolada qoyduğu ispanların şəhərciyi Navidaya yaxınlaşanda gördü ki, yerli əhali onları qırıb, şəhərciyi isə darmadağın etmişlər. Sonradan öyrənir ki, təqsir özünü azğın aparan ispanlarda olmuşdu. Kolumb şəhərcikdən bir az şərqdə İzabella şəhərini salır. Adanın içərisinə gedən kəşfiyyat dəstəsi xəbər gətirdi ki, orada çoxlu hindular yaşayır və zəngin qızıl mə'dənləri vardır. Kolumb İspaniyaya «Xatirə məktubu» yolladı və xəbər verdi ki, qızıl mədənləri tapmışdır. Əslində isə bu, yalan idi. Xeyli ərzaq göndərməyi xahiş edir, əvəzini isə qullarla ödəməyi təklif edirdi. «Xatirə məktubu» Kolumbu hindliləri kütləvi qul etmək təşəbbüsçüsü, ikiüzlü və yaltaq kimi səciyyələndirirdi. Ərzaq çətinliyi üzündən 12 gəmini İspaniyaya qaytaran Kolumb 3 gəmidə Kubaya sarı hərəkət etdi. Kubadan cənubda Yamaykanı kəşf etdi. Sonra Kuba sahilləri ilə qərbə sarı yol aldı. Adanın qurtaracağında Kolumb zabitləri və dənizçiləri yığıb and içdirdi və imza atdırdı ki, onların qarşısında olan bu torpaq Asiyadır. Əgər kim öz sözündən dönərdisə, onu ciddi cəza gözləyirdi. Burada Kolumb ilk dəfə özünü əsl müstəmləkəçi kimi apardı. 1495-ci ildə Espanyolanın «ram» edilməsi başlandı. Hinduları kütləvi surətdə qırırdılar. Las Kasas yazırdı: «Körpə uşaqların başlarını daşa çırpır, zorlayır, onları qılıncla iki yerə parçalayırdılar. İtləri elə öyrətmişdilər ki, hinduları parça-parça edirdi. Onlar insan ətini heyvan ətindən çox xoşlayırdılar». Espanyoladan gələn gəlir xərcini ödəmirdi. Ona görə kral və kraliça Kolumbla olan müqaviləni pozaraq yeni torpağa köçmək istəməyənlərin hamısına icazə verdi. Kolumb öz hüququnu müdafiə etmək üçün təcili İspaniyaya qayıtdı. O, öz nitqi ilə kralları Asiya qitəsinə çatması haqda fikrə inandırdı.

 

Çox çətinliklə Kolumb üçüncü ekspedisiyaya vəsait tapa bildi. Heç kəs «bəxtsiz» admiralla yola çıxmaq istəmirdi. Öz komandasını həbsxanadan yığmağa məcbur oldu. 1498-ci ildə mayın axırında o, Santa-Lukar limanından çıxdı, qərara gəldi ki, cənuba hərəkət etsin. Tirinidad  adasını kəşf etdi. Gəmilər hansısa çayın mənsəbinə daxil oldular. Kolumb elə bildi ki, bu adalardan biridir. Amma bura Cənubi Amerika  idi. Yerli əhalinin boynundan qızıl parçaları asılmış, əl-ayaqlarına mirvari düzümləri bağlamışdı. Kolumb bunları görüb sevindi. Yerlilərdən dəyər-dəyməzinə xeyli mirvari alındı. Admiral xəstələndi. O, Espanyolaya qayıtmaq qərarına gəldi. Yeni torpağa rast gələn Kolumb qərara gəlmişdi ki, bura yerüstü cənnətdir. Belə hesab edirdi ki, bu çay böyük torpağın içərilərindən gəlir. Espanyolada qiyam baş vermişdi. Əyanlar Kolumbun təyin etdiyi adamlara boyun əymək istəmirdilər. O, güzəştə getməyə məcbur olur. Hər bir qiyamçıya böyük torpaq sahəsi ayrıldı.

 

 

Xristofor Kolumb


4. «
Bu zəncirləri xidmətlərimin yadigarı kimi saxlayacağam»

 

 

Kral sarayı yeni müstəmləkədən çox az gəlir alırdı. Elə bu vaxtı portuqaliyalı Vasko da Qama Amerikanın cənubundan keçərək Hindistana gedən həqiqi yolu aşkara çıxardı və çox bahalı yüklə geri qayıtdı. Kolumb gülüş mənbəyinə çevrildi. Onu boşboğaz və yalançı adlandırmağa başladılar. İspan hökuməti yeni torpaqlarda Kolumbun imtiyazlarını ləğv etdi. Bovadilya qeyri-məhdud səlahiyyətlə Espanyolaya göndərildi. Gələn kimi o, Kolumbu və onun qardaşları Bartalome və Dieqonu qandallayıb həbsxanaya atdı. İki aylıq təhqiqatdan sonra istintaq belə qərara gəldi. Xristofor Kolumb «daşürəkli və ölkəni idarə edə bilməyən» adamdır. Onu qardaşları ilə İspaniyaya yolladılar. Gəmi kapitanı qandalı açmağı təklif edəndə o, «Krallar mənə itaət etməyi əmr etdilər, Bovadilya isə məni qandalladı, nə qədər ki, krallar onu açmaq haqqında əmr verməyib qandallar mənimlədir. Açanda isə mən bu zəncirləri xidmətlərimin yadigarı kimi saxlayacağam» – dedi. Kolumb kral ailəsinə məktub yazdı. İspaniyada narazılıqlar eşidilirdi. Qərbi Hindistanı kəşf edən şəxsi əli qandallı gətirmişlər. Kral və kraliça onu həbsdən azad etdi. Bütün təqsiri Bovadilyanın üstünə yıxdılar, halbuki bu haqda gizli göstərişi özləri ona vermişdilər.

Kolumb saraya gəldi. Kralın qarşısında təzim etdi. Kraliçanın ayağına düşdü. İzabella ağladı. Bu, bir tamaşa idi. Bir tərəf öz həqiqi hissini bildirir, digər tərəf isə riyakarlıq edirdi. Ona çox şey vəd etdilər. Təbii ki, sözə əməl edilməyəcəkdi. O, artıq öz işini görüb qurtarmışdı. İndi sadəcə olaraq maneçilik törədirdi.

Kolumb hələ də «Qərbi Okean»dan keçib Hindistana çatmaq ümidində idi. Hesab edirdi ki, Karib dənizindən «ədviyyat ölkəsinə» yol vardır. Yenə kraldan xahiş etməyə başladı. Ferdinand ondan yaxa qurtarmaq üçün kiçik ekspedisiyanın təşkilinə razılıq verdi. Ona Espanyolaya getmək qadağan edilmişdi. Lakin bu qadağaya o, məhəl qoymadı. Kolumb bu səfər Mərkəzi Amerikanın sahillərinə gəlib çatır. Qonduras yaxınlığında özü ilə götürdüyü 13 yaşlı oğlu Ernando xəstələnir. Kolumb yazır: «Mənim yanımda olan oğlumun xəstəliyi ürəyimi parçalamışdı».

Nikaraqua, Panama sahillərini gəzərək, inadkarlıqla həm qızıl, həm də qərbə çıxış yolu axtarırdı. Panama kanalının şimal girişi olan buxtada admiral böyük kəşflər etmək imkanını əldən buraxır. Sakit okeandan onu 65 kilometrlik məsafə ayırırdı. Günlərlə davam edən qasırğaya düşürlər. Qərbə yolun olmadığını görən Kolumb Yamaykaya dönür. Ada yaxınlığında gəmilər qəzaya uğrayır. Bir qrup zabit və dənizçilər qiyam edərək qayıqları götürüb gedirlər. Mendosu gəmi dalınca Espanyolaya göndərir. Yerli əhali olan kasiklərdən ərzaq almaq üçün dəyişməyə bir şey olmayanda astronomik cədvəllərdən yadına düşür ki, 1504-cü il fevralın 29-da ay tutulması baş verəcək. Kasikləri başına toplayır, ay tutulanda kasiklər xahiş edirlər, onların ayını qaytarsın. Təbii ki, bir az keçmiş o, «ayı qaytarır», əvəzində isə bir daha ərzaq qıtlığı çəkmir. Bir ildən sonra Mendos gəmi ilə qayıdır. 1504-cü ildə xəstələnmiş və zəifləmiş Kolumb İspaniyaya qayıdır.

Kolumb artıq adını-sanını, gəlirini, cəmiyyətdə mövqeyini itirmişdi. Kraliça İzabella öldükdən sonra hüquqlarını geri qaytarmaq xülyası da boşa çıxdı. Onun heç saraya getmək heyi qalmamışdı. Bir il belə keçdi. 1506-cı il mayın 20-də böyük səyyah vəfat etdi. Müasirləri bunu heç hiss etmədi də. Yalnız XVI əsrdə  Meksika, Peru kəşf edildikdən, qızılla dolu gəmilər İspaniyaya üzməyə başlayanda Kolumbun kəşfinin əhəmiyyətini dərk etməyə başladılar. Amerikanın kəşfi əmtəə istehsalının artmasına, dənizçilikdə, sənayenin inkişafına təkan verdi, dünya ticarətinin əsasını qoydu.

 

Xristofor Kolumb

 

Nizami HEYDƏRLİ

 

 

 


Müəllif

987456

Oxunub

6353

Tarix

1-12-2011, 22:22

Rəylər

10

 

 
 

Oxşar xəbərlər:

 

attila | 2 dekabr 2011 10:41

Hormetli Nizami muallim. Baxdim oxudum oyrendim. Cox gozel yazilib ela Sizin bu ishiniz mukemmeldir. Nizami muallim Siz harda ishleyirsiniz? Birde eqer mumkun olarsa burada Elcibeyin Baki Universitetinde oxuduqu zaman yaratdiqi telebe gizli teshkilatyi haqqinda yazardiniz onun haqqinda melumatim azdir eqer mumkunse cox saqolun !

987456 | 2 dekabr 2011 19:00

Diqqetinize gore teshekkur edirem.Menim haqqimda melumat sehifemde qoyulmush teqdimatdir. Orda kifayet qeder haqqimda melumat tapa bilersiniz. Qaldi sizin xahishinize. Helelik elimde bir sira ishler var. Gelecekde Ebulfez Elcibey haqqinda yuxaridaki kimi yigcam bir meqale yazmagi planlashdiraram.

nigarucarli | 3 dekabr 2011 15:02

hec kes oz dovrunde layiqince qiymetlendirilmir,bunada subut cox gozel,maraqli yazilmiw Kolumbun heyatidi,Nizami muellime cox sag olun deyirik,gozel meqalelerini gozleyirik.

administrator | 3 dekabr 2011 16:32

Nizami muallim oxudum meqaleni ve cox xoshuma qeldi. Hedden artiq oyredici sozler ve cumlelerden istifade etmisiniz. Bu meqaleni tekce tarixseverler deyil hem de intellektual oyunlarla maraqli olan her bir kes istifade ede biler. Bu yazi menim ucun de bir oyredici melumat oldu. Teshekkur edirem !

samed | 3 dekabr 2011 22:19

Nizami mellim men bu melumata gore size minnetdarligimi bildirirem .Xristofor columb menim de regbet beslediyim dahi shexsiyyetlerdendir.men bu melumatdan cox sey oyrendim ..men 1-ci defe 1492 cennetin fethi filmine baxanda bir cox meqam mene aydin deyildi bu melumatla menim ucun her sey aydin oldu..

cosqun | 4 dekabr 2011 12:03

nizami m ela meqaledi sagolun.xahis edirem .sonraki meqlelerinizde azerbaycan dahilerinden sohbet acin/

xalide_245 | 4 dekabr 2011 14:48

Nizami m cox sagolun

987456 | 4 fevral 2012 01:27

Hormetli Nana,elimde ishim oldugu ucun Size cavab yaza bilmemishem,uzr isteyirem.Sizin sualiniz ikili xarakter dashiyir.Siz derslikleri nezerde tutursunuz,yoxsa tarixi meqale ve ya eserleri.Birinci halda Siz haqlisiniz.Beli,tarix dersliklerini sadeleshdirmek,yeni yungulleshdirmek lazimdir. Ushaqlarin tarix fenninden qacmalarinin esas sebeblerinden biri ve yaxud ele birincisi Siz deyen sebebdir.Bir defe yuksek meclislerin birinde meshur bir tarixciye dedim ki,mene Fransanin qedimden bu gune kimi tarixi cox lazimdir? Bu fikirde- yem ki, biz dunya tarixini besher tarixi ucun analoji olan secilmish hadise ve movzular uzre kecmeliyik.(ABSH-daki kimi) Onda tarix derslikleri de yungulleshecek.Hormetli Nana ne qeder ki, bizim derslikleri alimler(muellimlersiz) yazacaq, problem oldugu kimi qalacaq.Hele meni narahat eden kurikulum tedbiq edilenden sonra yazilan dersliklerdir.2007-ci ilde VIII sinif ucun bir dersliyin ( Insan ve Cemiyyet),muellimler ucun metodiki vesaitin yazilmasinda ishtirak etmishem.Oz yazdigim bir dersi bele sayta qoymusham(hemen kitabdan).Maraqlanib baxa bilersen.Qaldi ikinci hala, yeni meqale ve eserlere,burda Sizinle razi deyilem.Biz tarixi hadiselerin esas mezmununu deyishmeden, qisa ve daha maraqli shekilde ushaqlara catdirmaliyiq.Ele etmeliyik ki,ushaqlar tarixle maraqlansinlar, kitab oxumaga bashlasinlar.(diger bir boyuk problem)Ne yolla buna nail olaq.Deye bilmerem.Amma nece olursa biz buna nail olmaliyiq.Ele sayt ozu (Sag olsun Hamlet muellim)bu yollardan biridir.Mene ele gelir ki,maraqli hemsohbet tapmisham.Sualiniza gore sag olun.Size muveffeqiyyetler.Her zaman huzurunuzda haziram.

melya | 12 iyul 2013 15:58

Nizami muellim eladir,COX SAG OLUN winked

poli | 22 avqust 2014 19:04

Nizami mulellim, cox gozel yazmisiniz.Ustelik o qeder maraqlidir ki.........Tesekkurler.

Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.