Anamı deyirəm

Anamı deyirəm

 

Anamı deyirəm
 
Anamı deyirəm ey insanlar. Deyirəm görəsən ondan ülvü, ondan təmiz , ondan istiqanlı adam varmı? Anamı dünyalar qədər sevirəm. Görəsən anasını sevməyən adam varmı? Əgər belə bir
adam varsa mən onu lənətləndirirəm. Ana bala məhəbbəti . Ləkəsiz, təmiz. İndiyə qədər ədəbiyyatımızda oxuduğumdan, həyatda eşitdiyimdən, gözlərimlə gördüyümdən belə bir nəticə çıxarmışam ki, bacının bacıya, bacının qardaşa və yaxud qardaşın bacıya, övladın ataya və hətta həyatda az-az rast gəlinsə belə övladın Anaya xain şıxması hadisələri olub. Lakin bir kəs deyə bilməz ki, filan ana öz balasına kəm baxıb. Hətta, ana balasını atsa belə, ürəyi daşa dönsə də övladını görəndə analıq hissi özünü biruzə verir.
Müxtəlif rəssamların çəkdikləri tablolara baxmışam, onlardan mənəvi zövq almışam. Lakin həmişə bir mövzu, ananın öz balasını əmizdirməsi səhnəsi məni həyəcanlandırıb, ürəyimi riqqətə gətirib. Elə həyatda da öz balasını əmizdirən analara tez-tez rast gəlmişəm. Balasını əmizdirən ananın baxışları, gözləri nələri demir. Onlarda həm balasına qarşı mehriançılıq, həm də onun gələcəyi üçün narahatçılıq, həm də ki, sevinc vardır.
Eşitdiklərimdən : Deyirlər ki, bir gün şair Səməd Vurğun oğlu ilə kəndlərin birindən keçirdi. Kənddən bir az aralı qaraçı köçü düşmüşdü.  Köçə yaxınlaşanda şair sürücüyə müraciət edir ki, maşını saxlasın. O, alaçıqların arasına keçib qaraçılarla bir-bir görüşür. Onlardan hal-əhval tutur. Birdən şairin gözü alaçıqların birinin yanında öz balasını əmizdirən qaraçı qadınına sataşır. Qadına yaxınlaşıb salam verəndə o, şlyapasını başından çıxarıb əlində tutur. Söhbət qurtarana kimi şlyapasını başına qoymur. Sonra maşında yollarına davam edərkən oğlu ona sual verir ki, niyə sən qadına yaxınlaşıb söhbət edəndə şlyapanı çıxardın. Sualın cavabında şair deyir ki, əgər ixtiyar məndə olsa idi bütün bəşər övladlarına əmr edərdim ki, uşaq əmizdirən ana ilə söhbət edəndə mütləq şlyapasını çıxarsınlar.
Bütün xarakterimə, insanlığıma, müsbət cəhətlərimə görə, bir sözlə bu günə qədər həyatda nəyə nail olmuşamsa, hər şey üçün sənə minnətdaram ana!
Dözümlüyü, səbr eməyi, bir işi başladınsa, onu axıra çatdırmağı, insanlar haqqında pis düşünməməyi, heç kəsin arxasınca danışmamağı, sözü üzə deməyi və digər müsbət xarakterləri sən mənə aşılamılsan.
Uşaqlıq xatirələrimdən : Yadındadırmı ay ana bir gün nəsə qələt etmişdim. Sən ağacı götürüb  düşdün dalımca. Mən qaçırdım, sən isə arxamca gəlirdin. Məhz bir neçə küçə beləcə hərləndik. Sən inadından əl götürüb evə qayıtmırdın. Axı bilirdin ki, indi uşağın qarşısını almasan, onun inadını qırmasan, sonra onunla bacara bilməyəcəksən. Mənim gələcəyim idi səni narahat edən. Nəhayət ki, sən qalib gəldin. Müəllimimin sözünə baxıb evə qayıtdım. Sən də məni ay əzişdirdin ha.
Sən mənə öyrətmisən ki, bir kəs sənə pislik etdisə sən çalış ona yaxşılıq et. Sən öyrətmirdin, sən göstərirdin. Toyuqlarımızı zəhərlədən, il keçdikdən sonra zəhərli dən tökülən yerdə arpa bitdiyini görüb yenə o qonşuya yaxşılıq edirdin. Deyirdin ki, əgər o pisliyindən qalmırsa, sən də yaxşılığından əl çəkmə. Axı atalar yaxşı deyib : "Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq nər kişinin işidir”. Mən bunu həyat yollarımda dəfələrlə sınaqdan keçirmişəm. Özü də həmişə sən deyən çıxıb ana!
Tələbəlık illərindən : Seminar dərslərinin birində müəllim ilə bərk mübahisəm düşdü. Hətta bir az da hədələdi məni. Dərs qurtardı, auditoriyadan çıxdım. Birdə yadıma düşdü ki, dərsə gələndə aldığım Azərbaycan xəritəsi içəridə qalıb. Tələsik geri qayıtdım. Mənim geri qayıtmağımı hiss etməyən qızlardan biri əlini-əlinə sürtüb o birinə deyirdi: "- Ay qız dinmə, müəllim bir adamı yaman qaralayıb. Daha işi bitdi”. Söz məni qəfil sillə kimi tutdu. Axı ona heç bir yamanlıq etməmışdim. Bəs niyə mənim haqqımda belə deyir. Nə isə özümü saxlaya bilməyib dedim: - Ay filankəs, müəllimin məni qaralamasından zərər yoxdur, vay o gündən ki, səni qaralasın. Gələn seminara möhkəm hazırlaşıb gəldim. Həmən qız seminar dəftərimi məndən istədi. Verdim dəftəri ona. Hazırlaşdı. Başa düşmədiyi yerləri soruşdu, izah etdim. Xəritədə hadisələrin yerllərini bir-bir ona göstərdim. İşin tərsliyindən müəllim auditoriyaya girən kimi dərsi birinci olaraq ondan soruşdu. Cavabından razı qalaraq ona əla yazdı. Yerinə oturan kimi qız mənə sarı çevrilib: sağ ol, çox sağ ol – dedi. Onun gözlərində həm tutduğu işə görə peşmançılıq, həm də minnətdarlıq var idi.
Sən necə də həmişə təkrar edirsən : uşağım gəldi, uşaq acdı, uşaq, uşaq... Yadındamı bir dəfə atam sənə dedi ki, nə uşaq – uşaq salmısan, onun az qala bu gün sabah otuz yaşı olacaq. Sən isə ona hələ də uşaq deyirsən. Cavabında dedin ki, onun otuz yox, qırx, əlli, altmış yaşı olsa belə o, mənim üçün həmişə uşaqdır.
Bir professorun söhbətindən :  Professor nağıl edirdi ki, uşaq vaxtlarında həmişə dərsə gedəndə anam mənə deyərdi ki, oğul küçəni keçiddən keç, özünü maşından, tramvaydan, gözlə. Böyüyüb orta yaşa gəldim, yenə evdən çıxanda bu sözləri eşitdim. İndi yaşım altmışı keçıb. Anam yenə deyir ki, qorxuram uşağıma soyuq dəyər, ay bala qalın geyin, çətirini götür birdən yağış yağar. Artıq küçədə yola düzələndə pəncərədən anamın səsini eşidirəm : - Bala özünü maşından gözlə...
On iki ildir ki, səndən ayrı yaşayıram ana. Amma soruş ki, bu on iki ildə azacıq da olsa məndən soyumusanmı. Xeyr ana, on iki il yox, onlarla belə on iki illər səndən ayrı yaşasam belə, sənə olan məhəbbətim zərrə qədər də azalmayacaq. Səni görəndə özümü unuduram. Elə bilirəm ki, yenə uşaqlıq illəridir. Ətəyindən yapışıb o yan, bu yana gedirəm və yaxud da ocağın yanında oturub fətiri nə vaxt hazır edəcəyini gözləyirəm ki, içərisinə şor yaxaraq dürmələyib yeyim. Müvəqqəti sən yanımda olanda bilmirəm ki, nə edim, o tərəf bu tərəfinə keçirəm, tez-tez səni öpürəm. Məcbur edirəm ki, sən də məni öpəsən. Elə bil ki, bu uzun illərin heyfini çıxarmaq istəyirəm. Nəhayət hirslənib deyirsən ki, bəsdir ay oğul, yüngüllük etmə. Mən isə öz bildiyimi edirəm, ani də olsa uşaqlıq illərimi qaytarmaq istəyirəm.
Bəzən də bir yerim ağrıyanda deyirəm ki, buranı ovxala ay ana, bəlkə ağrısı keçdi. Sən ovxalayırsan, elə bil ağrı sənin əllərinin altında yaz qarı kimi əriyib gedir. Dünyadakı ən qiymətli dərmanlar içərisində ən təsirlisini sənin əllərini hesab edirəm. O bir cüt balaca əllərini.
Başımı sinənə və yaxud dizinin üstünə qoyanda elə bilirəm ki, dünya mənimdir., elə bilirəm ki, arxamda dağ dayanmışdır, mənə heç kəs bata bilməz. Birdən yox olsan. Yox, yox, qoy bu qara fikirləri özümdən kənar edim. Lakin bir dəfə...

Anamı deyirəm

 

Tələbəlik illərindən : Birinci kursda pambıq yığımı zamanı gecə yatmışdım. Yuxuda gördüm ki, evimizdəyəm. Amma həyət adamla doludur. Hamı mənə yaxınlaşıb deyir ki, anan sarıdan başın sağ olsun, axır qəminiz olsun. Necə, sən artıq yoxsan? Dəli kimi olmuşdum yuxuda. Qəfil yuxudan ayıldım. Balış göz yaşlarından islanmışdı. Çölə çıxdım, dayana bilmirdim. Gözümə qaranlıq çökmüşdü, dünya başıma fırlanırdı. Mən heç təsəvvürümə gətirə bilməzdim ki, sən bir gün yox olacaqsan. Səhər açılırdı. Çölə çıxdım. Müəllimə rast gələlərək evə getmək üçün ondan icazə istədim. Soruşdu niyə? Başqa bəhanə gətirdim. Tək getməyim deyə yoldaşlarımın birini də özümlə götürdüm. Yolu necə getdiyimi bilmədim. Evə çatıb qapını döydüm. Ürəyimdə tez-tez təkrar edirdim. Təkçə sən qapını açasan. Qapını açdın, eyni zamanda elə bil dünyanı mənə bağışladın. Səni qucaqladım, öpdüm, lakin... Dönüb yoldaşıma baxdım. Gözləri yaşla dolmuşdu. Səhvimi başa düşdüm. Axı mən səni niyə öpdüm, niyə qucaqladım. Ömrümdə birinci dəfə idi ki, səni qucaqladığıma görə özüm-özümü məzəmmət edirdim. Axı mən bir şeyi yaddan çıxarmışdım ki, yanımda gələn yoldaşım uşaq yaşlarından anasız qalmışdı. Mən isə onun ürəyinin közünü qoparmışdım. Amma mən nə edəydim. Səni sap-sağlam , ayaq üstə görüb hər şeyi unutdum. Bircə sən görə biləydin ki, mən bir günün içərisində nələr çəkmişdim. Orbitini itirmiş peykə dönmüşdüm. Əhvalatı sənə danışdım. Güldün. Dedin ki, əgər sən yuxu görübsənsə, deməli mən uzun yaşayacağam. Təki yaşa, təki sənin ömrün sönməz ocaq kimi uzun olsun, biz də yığışaq o ocağın başına, qızınaq onun istisinə.
Uşaqlığımda sənin hissiyatına valeh olmuşam. Bəzən də ağlıma olmazın fikirlər gəlib ki, "bəlkə anam falçıdır və ya cindardır”. Bu fikrə gəlməyimin səbəbi də var idi. Səhərdən axşama kimi çöldə gəzib gəlirdim. Evə çatanda məndən soruşurdun ki, harda olmusan. Mən də bəzən cəzanın qorxusundan sözün düzünü demirdim. Sən isə mənim olduğum yerləri bircə-bircə sayırdın. O dəqiqə şübhələnirdim ki, "yəqin uşaqlar deyib, yox bu ola bilməz, uşaqları evlərinə ötürüb gəlmişəm”. Gah da belə fikrə düşürdüm ki, yəqin səhərdən axşamacan gəzib dalımca. Elə ki, öyrənirdim, bütün günü evdə olmusan, öz-özümə deyirdim : Sən öləsən bu arvaddan heç nə gizlətmək olmur. Yerin altını da bilir, üstünü də. Axı mən nə biləydim ki, bu insanın beş duyğu üzvündən daha güclü ananın bala haqqında hər şeyi bilməsinə imkan verən başqa bir duyğu üzvü də vardır, bu analıq hissidır.
Hərbi xidmət illərindən : Hospitalda idim. Tezliklə ağır cərrahiyyə əməliyyatına getməliydim.
Gecə-gündüz səni düşünürdüm. Sənə xəbər vermək istəmirdim. Fikirləşirdim ki, dözə bilməz. Ona görə də atama yalvardım ki, sənə deməsin. Cərrahiyyə stolunun üstündə belə yadımdan çıxmırdın. Həkimin verdiyi narkozu ciyərlərimə çəkib sayırdım. Gözüm isə cərrahiyyə stolunun üstündəki işığı yox, səni görürdü...
Nə isə. Elə bildim ki, sənin bundan xəbərin olmadı. Heyhat... Sonradan eşitdim ki, cərrahiyyə əməliyyatı ərəfəsində gecə birdən yuxudan durub səhərəcən ağlamısan. "Vallah uşaqlarımın başında nəsə var” – deyə-deyə səhərə kimi evdə vurnuxmusan. Bəli, bu xəbər gəlib sənə çatmışdı. Özü də xəbəri sənə üç min kilometr məsafədən, müasir texnika ilə silahlanmış telefon və teleqrafdan da tez, gözəgörünməz analıq hissi gətirib çatdırmışdı.
Əskəri xidmət qurtardı. Evə qayıtdım. Oğlunuzun gəlməsi münasibətilə qoyun kəsdiniz, qonaqlar yığışdı. Hara gedirdimsə, hara dönürdümsə gözlərin məndə idi. Cərrahiyyə əməliyyatının yeri tez-tez sancdığından bir əlim orda idi. Bir neçə dəfə özün qəsdən sağ tərəfimə toxundun. İncitdi. Üz-gözümü turşutdum. "Bala səndə nəsə var”- deyə yapışdın mənə. Artıq gizlətmək mümkün deyildi. Hamısını danışdım sənə. Dizlərin əsdi, oturdun yerə, bir müddət özünə gələ bilmədin. Sonra isə göz yaşların süzüldü...
Mərhum şairimiz Əli Kərim deyir ki, "Qaytar ana borcunu”. Axı necə qaytaraq. Necə qaytaraq ki, aylarla yuxusuz qalsaq belə onun bircə yuxusuz gecəsinin, səhərdən axşamadək külüng vursaq onun bircə ağarmış saçının, ömrümüz boyu əllərimiz üstündə gəzdirsək də onun üzünün bircə qırışının belə əvəzini verə bilmərik. Lakin çalışmalıyıq ki, onların dodaqları büzülməsin, ağ alınlarına qara bulud çökməsin, onsuz da ağarmış saçlarına daha bir ağ tük də əlavə olunmasın, az da olsa onları xoşbəxt edək, qədrlərini bilək, lazımınca qiymətləndirməyi bacaraq.
Anamı deyirəm ey ins..., yox, yox anaları deyirəm ey insanlar, anaları...
 
13. 04. 1977-ci il. Bakı. Nizami Aranlı.   
 
 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.