Bayraq

Bayraq

 

Bayrağın yaranmasının tarixi qədimdir. Əvvəllər bayraqları gəmilərdə qaldırırdılar. Limana yan alan gəmi öz bayrağını dorağacından asırdı. Şəhər əhalisi gəminin sahibini bayrağından tanıyırdı.
Bayraqdan döyüşlərdə də istifadə edirdilər. Qoşunlar üz-üzə gələndə bayraq qaldırırdılar ki, bir-birini tanısınlar. Bayrağı ən cəsur döyüşçü aparırdı. Ona bayraqdar deyirdilər. Bayraqdarı düşməndən qoruyurdular. Çünki bayrağın yerə düşməsi ordunun məğlub olması 
demək idi. Bəzən döyüşən tərəflərdən biri ağ bayraq qaldırırdı. Bununla da həmin tərəf bildirirdi ki, təslim olmaq və ya danışıqlar aparmaq istəyir.
Zaman keçdikcə bayraqlar xalqların, dövlətlərin simvoluna çevrildi. Bu gün dünyada hər bir dövlətin öz bayrağı var. Bu bayraqlar rənginə və üstündəki nişanlara görə fərqlənir. Müxtəlif görüşlərdə, idman yarışlarında da bayraq qaldırılır. Bununla da hər bir iştirakçının hansı ölkədən olduğu bilinir.
Rafiq İsmayılov
 
 

ÜÇRƏNGLİ BAYRAQ

Bayraq

 

Bu üçrəngli bayrağım 
Gözümün işığıdır. 
Azadlıq yağışından 
Doğan göy qurşağıdır. 
Üstündəki ay-ulduz 
Gəlir mənim xoşuma. 
Ay üzüyə bənzəyir, 
Ulduz onun qaşına
Üçrəngli bayraq bizə 
Təsəllidir, dayaqdır, 
Yolumuzun üstünə 
İşıq saçan mayakdır.

 

 

ƏBƏDİ MƏŞƏL

Bayraq

 

Əhmədin babası Digah kəndində yaşayır. Bu kənd Bakının yaxınlığındadır. Balaca Əhməd tez-tez babasıgilə qonaq gəlir. Bir dəfə babası onu yaxındakı təpələrə gəzməyə apardı. Onlar "Yanardağ” deyilən yerə gəlib çıxdılar. Burada yerdən alov çıxırdı.
Bunu görən Əhməd babasından soruşdu:
– Baba, bu yeri kim yandırıb?
Baba gülümsədi:
– Heç kim, bala. Yerin altından çıxan qaz öz-özünə alışıb yanır. Elə buna görə də Azərbaycana "Odlar yurdu” deyirlər.
Əhməd bir az düşünüb dedi
– Baba, atam məni Şəhidlər xiyabanına aparmışdı. Mən orada da alov gördüm. Oradan da qaz çıxır?
– Oğlum, o məşəl Vətən uğrunda həlak olanların xatirəsinə alovlanır. Əbədi məşəli insanlar heç vaxt sönməyə qoymurlar. Onun həmişə yanması qəhrəmanlarımızın xatirəsinin yaddaşlarda daim yaşamasına işarədir.
Gülşən Orucova

 





Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.