TARİXDƏ YANLIŞLIQLAR

TARİXDƏ YANLIŞLIQLAR

 

TARİXDƏ YANLIŞLIQLAR
 
 
Bir yazıçıdan soruşurlar: "Necə bilirsiniz, tarixin gedişini kim daha çox dəyişib: Makedoniyalı İsgəndər, yoxsa Sezar?” Yazıçı cavab verir: 
"Bəşəriyyət mövcud olandan bəri tarixin gedişini tarixçilər qədər heç kim dəyişməyib”.


Bizim tarix haqqında bilik və təsəvvürlərimizdə "ağ ləkələr”lə yanaşı, səhvlər də az deyil. Burada baxış bucağından, tarixi faktların bir nəsildən digər nəslə nə dərəcədə dəqiq və təhrif olunmadan çatdırılmasından çox şey asılıdır. Tarixi hadisələrlə bağlı yanlış bilik və məlumatların formalaşmasında yalnız tarixçilərin deyil, yazıçıların da "günahı” var. Onlar tarixi şəxsiyyətlər haqqında yazarkən bəzən faktlardan çox, öz şəxsi mülahizələrinə yer vermişlər. Zamanın tələbi, yazıçının tarixi şəxsiyyətə münasibəti də yanlışlıqların ortaya çıxmasında az rol oynamır.



Böyük ingilis şairi Uilyam Şekspirin "Yuli Sezar” faciəsi miladdan öncə I əsrdə yaşamış Roma imperatoru Qay Yuli Sezara həsr olunmuşdur. Əsər də Sezarın ölüm səhnəsi də təsvir olunur. İmperator özünə dost sandığı senator Mark Brutu sui-qəsdçilər arasında görüb ona deyir: "Brut, sən də?!” Bu ifadə bir çox dillərdə zərb-məsələ çevrilmişdir. Yaxın adamın düşmən tərəfə keçdiyini görəndə bu məsəldən istifadə olunur. Məhz bu məsələ görə də Brut yaddaşlarda xəyanət rəmzi kimi qalmışdır. 
Beləliklə, biz bu sözləri tarixi həqiqət kimi qəbul edirik. Lakin Sezarın tərcümeyi-halını ilk olaraq qələmə almış Roma tarixçisi Qay Svetoni bildirir ki, Sezar elə birinci bıçaq zərbəsindən sonra yalnız dərindən köks ötürə bilmişdi və heç nə deməmişdi. Düzdür, Svetoni əlavə edir ki, bəzi şayiələrə görə, Sezar üstünə yeriyən Bruta: "Sən də, övladım?” – deyə müraciət etmişdi, amma onun adını çəkməmişdi. Lakin tarixçilər indiyədək bu şayiəni təsdiq edən bir mənbə tapmamışlar. Belə çıxır ki, "Brut, sən də?!” ifadəsi Şekspirin şair təxəyyülünün məhsuludur.

Yəqin ki, filmlərdə qladiator döyüşlərini görmüsünüz. Düşmənini məğlub edən qladiator qılıncını və ya nizəsini onun sinəsinə dayayıb döyüşü izləyən imperatora baxır. Tamaşaçılar bağıraraq baş barmaqlarını yuxarı qaldırır ("Həyat!”) və ya aşağı yönəldirlər ("Ölüm!”). Nəhayət, imperator bu jestlərdən biri ilə məğlub qladiatorun taleyini həll edir. Qalib qladiator onun çıxardığı hökmə tabe olaraq düşmənini öldürür və ya sağ buraxır. 
Əslində isə qladiator döyüşünün tamaşaçıları, eləcə də son qərar verən Roma imperatoru qladiatora ölüm hökmü çıxararkən heç vaxt baş barmağı aşağı endirməyiblər. Ümumiyyətlə, romalılarda baş barmağı aşağı tutmaq kimi bir jest olmayıb. Əgər qladiatora ölüm hökmü kəsirdilərsə, baş barmaq qınından çıxarılmış qılınc kimi yuxarı qalxırdı. Əgər məğlub qladiatora həyat bağışlanırdısa, baş barmaq qınına salınmış qılınc kimi ovucun içində gizlədilirdi. Hətta latın dilində belə bir ifadə də var: "Mərhəmət ovuca salınmış baş barmaqla göstərilir”.
Arif Əliyev




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 12 aprel 2015 18:34
    Tə.şəkkürlər xəbər üçün

    --------------------

  2. 26 oktyabr 2015 19:28
    Cox gozel....

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.