Naxçıvan haqqında...

Naxçıvan haqqında...

 

Mədəniyyət

Hazırda Muxtar Respublikada 297 kitabxana, 265 klub müəssisəsi, 16 muzey, 1 rəsm qalereyası, 2 dövlət teatrı, 6 mədəniyyət və istirahət parkı, 25 uşaq musiqi və incəsənət məktəbi fəaliyyət göstərir.

Etnik tərkibi

1970-ci ildə aparılmış siyahıya almaya əsasən Naxçıvan Muxtar Vilayətinin əhalisi 202.187 nəfər olmuşdur.

27 yanvar - 4 fevral 1999-cu il tarixində Azərbaycan Respublikasında aparılmış əhalinin siyahıya alınmasının yekunlarına əsasən Naxçıvan Muxtar Respublikasının əhalisi 354.072 nəfər (350.806 nəfər azərbaycanlı, 2.282 nəfər kürd, 517 nəfər rus, 215 nəfər türk, 140 nəfər ukraynalı, 51 nəfər tatar, 17 nəfər erməni, 11 nəfəri ləzgi, 2 nəfər gürcü, 1 nəfər talış, 30 nəfər isə digər millətlərin nümayəndəsi olmaqla) olmuşdur.

Tarix

Naxçıvan çoxəsirlik tarixə və zəngin maddi-mədəniyyət abidələrinə malik olan ən qədim Azərbaycan torpağıdır. Burada hələ neolit dövründə yerli tayfalar oturaq həyat sürmüş, müxtəlif təsərrüfat və sənət sahələri ilə məşğul olmuşlar. "Naxçuan", "Naxcuan" və ya "Naqşecahan" adlanmışdır.

Bir sıra Fars və Türk mənbələrində Naxçıvan "Nəqşicahan" kimi göstərilir. Naxçıvan sözünün türk mənşəli olduğunu "Naxçıvan" sözü ilk mənbələrdə müxtəlif şəkildə verilmişdir. Şəhər yunanca "Naksuana", pəhləvicə "Naxç", ərəbcə - "Nəşəva" və ya onu Akçıvan-Naxçıvan-Oğuz ağ ərənlər vətəni kimi mənalandıranlar da vardır. Son tədqiqatlar Naxçıvan sözünün mənşəyini elam dilindəki "Nahhunte" sözü ilə əlaqədar izah edirlər. "Van" toponimik formatının qədimliyini nəzərə aldıqda şəhərin ilk adının Nahhuntevan olduğunu düşünmək olar. Bu adın sonralar yerli türk əhalisi tərəfindən Naxçıvan şəklinə düşməsi mümkündür.

Naxçıvan Yaxın Şərqin ən məşhur qədim şəhərlərindən biridir. Onun 3500 ildən çox yaşı vardır. Naxçıvan haqqında ilk yazılı məlumata Klavdiy Ptolemeyin "Coğrafiya" əsərində rast gəlinir. O, Naxçıvanın hələ miladdan öncə II yüzillikdə şəhər olduğunu xəbər verərək yazmışdır: "Naksuana geniş ərazisi olan Vaspuraqanın mərkəzidir. 37 nahiyədən ibarət olan bu ölkənin bir nahiyəsini də Naksuana təşkil edir". Son tədqiqatlar şəhərin bina edilməsinin miladdan öncə II minilliyin ortalarına (1539) aid olduğunu göstərir.

Böyük karvan yolunun üzərində yerləşən Naxçıvan şəhəri miladın III yüzilliyində sasanilər tərəfindən dağıdılmışdır. Burda VI yüzilliyin birinci yarısından VII yüzilliyin birinci yarısına qədərki dövrdə sasanilərə məxsus zərbxanalarda üzərində "Naxç" sözü yazılmış gümüş pullar kəsilmişdir.
Naxçıvan xanlığı

1747-ci ildə Nadir Əfşar sui-qəsd nəticəsində öldürüldükdən sonra Azərbaycanda iyirmiyə qədər müstəqil feodal dövlətlər - xanlıqlar yarandı. Azərbaycan xanlıqları qüzey və güneydə iki qrupa bölünürdü:

Qüzeydə: Şəki, Quba, Gəncə, Bakı, Dərbənd, Naxçıvan, Şirvan, Talış, İrəvan, Salyan, Qarabağ, Cavad.

Güneydə: Təbriz, Urmiya, Ərdəbil, Xoy, Qaradağ, Sərab, Marağa, Maku. XVIII əsrin ortalarında kəngərli tayfa başçısı Heydərqulu xan özünü Naxçıvanın xanı elan etmişdir. Naxçıvan xanlığına Naxçıvan, Şərur, Ordubad, Mehri, Qafan və başqa əyalətlər daxil idi. 1787-ci ildə Naxçıvanın xanı Kalbalı xan oldu. Xanlıqlar dövründə Naxçıvanda bir qədər dirçəliş baş verdi.

Birinci Rusiya - İran müharibəsi (1805-1813) illərində Naxçıvan xanlığı Gülüstan müqaviləsinə görə İranın hakimiyyəti altında qalmışdı.
İkinci Rusiya - İran müharibəsi (1826-1828) gedişində - 1827-ci ildə rus ordusu Naxçıvanı tutmuşdu. Naxçıvan xanlığının zorla Rusiyaya birləşdirilməsi 1828-ci ildə Rusiya və İran arasında bağlanan Türkmənçay müqaviləsi ilə başa çatdırılmışdı. Naxçıvan 1841-ci ildə qəza mərkəzi oldu. Onun ərazisi 1841-ci ildən Gürcüstan - İmeretiya, 1850-ci ildən isə əslən Azərbaycanlıların idarəçiliyində olan İrəvan quberniyasının tərkibinə daxil idi.

Sovetlər Birliyi dövründə Naxçıvan

Naxçıvan Azərbaycanda bolşeviklər hakimiyyətə gəldikdən sonra iyulun 28-də Naxçıvan Sovet Sosialist Respublikası yaradıldı. Àli orqan olan Naxçıvan İnqilab Komitəsi seçildi. İnqilab Komitəsi Naxçıvanı Azərbaycanın ayrılmaz hissəsi elan etdi. Moskvada bağlanmış Moskva və Qars müqavilələrinə əsasən Naxçıvan ölkəsinin üçüncü bir dövlətə güzəştə gedilməməsi şərti ilə Azərbaycanın himayəsinə verilməsi qərara alınmışdı. Naxçıvanın ərazisinin qorunmasında Moskva və Qars müqavilələrinin mühüm əhəmiyyəti olmuşdur. Sovetlər Birliyi dövründə Naxçıvanın bir sıra ərazisi Ermənistana verilmiş, qonşu Türkiyə Respublikası ilə iqtisadi, siyasi və mədəni əlaqələrin qarşısı alınmışdır.

Naxçıvan 1921-ci il martin 16-dan başlayaraq əvvəlcə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır.

Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan MR istiqlaliyyət qazanmaq üçün uzun müddət mübarizə aparmışdır. SSRİ-nin dağılma prosesi 1980-cı illərin sonunda Qarabağ hadisələrinin təkrar alovlandırılmasına və azərbaycanlılarla ermənilərin qarşıdurmasına gətirib çıxartdı. Müstəqillik hərəkatını boğmaq üçün 19 Yanvar 1990-cı ildə Sovet Ordusu hissələri Bakıya girərək qanlı qırğın törətdi. Bundan 8 saat əvvəl rus-erməni birləşmələri Naxçıvan MR-in Kərki kəndini işğal etdi, sərhəd boyu intensiv hücuma keçdi. Yüzlərlə Azərbaycanlı şəhid oldu. Sərhədlərinin qorunmasına təminat ala bilməyən Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Soveti Moskva və Qars müqavilələrini əsas götürərək SSRİ-nin tərkibindən çıxmaq barədə qarar qəbul etdi. Bu, faktiki olaraq SSRİ-nin süqutunun başlanğıcı idi.

Azərbaycanın digər torpaqları kimi Naxçıvan da rusların hakimiyyəti altına keçdikdən sonra ermənilərin həmin torpaqlarda yerləşdirilməsinə başlanmışdır. Bilindiyi kimi, bu bölgələrdə erməni əhalisi azlıqda qaldığından 1828-ci ildə Güney Azərbaycandan, Təbriz və çevrəsindən, 1829-1830-cu illərdə Ərzurum və çevrəsindən ermənilər köçürülərək Naxçıvan və İrəvan dairəsində yerləşdirilmişdi. 1905-ci ildən başlayaraq Naxçıvanda da ermənilərlə azərbaycanlılar arasında qırğın baş vermişdi. 1917-ci ildən ermənilər Naxçıvana ərazi iddiaları ilə çıxış etmişlər.

Muxtar dövlət

Naxçıvan Muxtar Respublikası hüquqi statusuna görə Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Sahəsi 5,5 min kvadrat kilometr, əhalisi 384,5 min nəfərdir (2007). Hakim din islam, yerli və rəsmi dil Azərbaycan dili, paytaxtı Naxçıvan şəhəri, ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədridir.

Naxçıvan Muxtar Respublikasının Konstitusiyası müstəqil Azərbaycanın 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş ilk konstitusiyası əsasında hazırlanıb, 1998-ci il aprelin 28-də muxtar respublikanın Ali Məclisində qəbul edilərək həmin il dekabrın 29-da Azərbaycan Respublikasının Milli Məclisində təsdiq edilib və 1999-cu il yanvarın 8-dən qüvvəyə minib. Konstitusiyanın 1-ci maddəsinə görə, Naxçıvan Muxtar Respublikasının muxtariyyət statusu Azərbaycan Respublikası Konstitusiyası və 1921-ci il Moskva və Qars müqavilələri ilə müəyyən edilir.

Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikası Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildir. Muxtar respublikada dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir; qanunvericilik hakimiyyətini Naxçıvan Muxtar Respublikasının parlamenti – Ali Məclisi, icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir.



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 2 fevral 2015 21:39
    tesekkurler..........

    --------------------

  2. 3 fevral 2015 11:50
    Çox sağol Jale

  3. 3 fevral 2015 22:06
    zehmetkesh
    Cox sag ol, shendil, xoshuma geldi.

    zehmetkesh
    Defne 2004, senin de meqalen qeshengdir. Halaldir.

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.