AĞDAM ÇÖRƏK MUZEYİ

AĞDAM ÇÖRƏK MUZEYİ


AĞDAM ÇÖRƏK MUZEYİ

Çörəkbişirmə ən qədim və hörmətli peşələrdən sayılır. Çörəyin tarixi bəşəriyyətin tarixi qədər qədimdir. İsveçrənin Sürix şəhərindəki muzeydə ən qədim eksponatlardan biri 6 min il əvvəl bişirilmiş çörəkdir. Ölkəmizdə aparılan arxeoloji qazıntılar zamanı tapılan daşlaşmış buğda növləri eramızdan əvvəl VII-VI minilliyə aid edilir. 
Ta qədimdən insanlar arasında dostluq rəmzi sayılan "duz-çörək” anlayışı indi də öz əhəmiyyətini itirməyib. Hər xalqın çörəyə öz münasibəti var. Xalqımız çörəyi hər zaman müqəddəs tutub, onu nemətlərin şahı sayıb. Çörək bizdə dostluq, qardaşlıq, etibar rəmzidir. 
Xalqımızın çörəkdən istifadə mədəniyyətinin özünəməxsusluğu da diqqəti cəlb edir. Burada yazılmamış qaydalar var. Məsələn, insan çörəyə əl vurmamışdan əvvəl mütləq əllərini yumalıdır. Bu yalnız gigiyenik qayda deyil, həm də çörəyə hörmətin göstəricisidir. Ayaq üstə çörək yemək, çörəyi tərs üzünə qoymaq, yaxud arxada tutmaq – bütün bunlar çörəyə hörmətsizlik sayılır. Hələ son dövrlərədək qorunub-saxlanan bir adətə görə, dəyirmana un üyütməyə ailənin "əli bərəkətli” üzvü gedərdi. Dəyirmana gələnə "Çörəyiniz bol olsun” deyərdilər. 
 
 
Bərəkətinə and içdiyimiz çörəyə hörmət xalqımızın yaddaşına hopub və ənənəyə çevrilərək bu günümüzə gəlib çatıb. Yəqin ki, hər birimiz çörəyə hörmətsizlik edənin gec-tez cəzasını çəkəcəyi barədə söhbətlərin dəfələrlə şahidi olmuşuq. 
Bu müqəddəs nemətə sayğı dolu ənənələri gələcək nəsillərə ötürmək, milli-əxlaqi dəyərləri daha geniş və məzmunlu təbliğ etmək məqsədi ilə bir sıra xalqlar çörək muzeyləri yaradıblar. Bu muzeylər arasında Ağdam Çörək Muzeyinin öz yeri vardı... 

Ağdamda XIX əsrin sonlarında bir dəyirman tikilmişdi. El arasında "od dəyirmanı” adlanan bu dənüyütmə qurğusu mazutla işləyirdi. Dəyirman şəhəri nəinki unla, həm də enerji ilə təmin edirdi: gündüzlər dəyirman kimi işləyir, axşamlar isə şəhərin bir sıra məhəllələrinə işıq verirdi. İkinci Dünya müharibəsi illərində "od dəyirmanı” şəhər sakinlərinin ümid yerinə çevrilmişdi.
1982-ci ildə bu dəyirmanın binasında çörək muzeyi açmaq haqqında qərar qəbul edildi. Eləhəmin il başlanan təmir-bərpa işləri növbəti ildə başa çatdırıldı və noyabrın 25-də muzey ilk ziyarətçilərini qəbul etdi. 

Muzey binasının fasadında gözəl daş mozaika yaradılmışdı. Muzeyə giriş birbaşa yay zalına açılırdı. Bu zalın ortasında kiçik fəvvarə vardı. Zala girən kimi sola dönməklə sərgi salonuna daxil olurdun. Hündür olduğundan salonun müəyyən hissəsi alt-üst mərtəbələrə ayrılmışdı. Muzeyin böyük zalında gündə 8-10 ton buğda üyütmək gücü olan mexaniki dəyirman yerləşirdi. Ötən əsrin 30-cu illərində istifadə edilən taxıltə mizləyici qurğu da burada idi. İkinci sərgi zalında əmək alətləri – xış, vəl, çin, oraq, II əsrə aid əl dəyirmanı (kirkirə), "çarçar” adlı taxıldöyən, un saxlamaq üçün qədim küplər və digər əşyalar nümayiş olunurdu.

Muzeydə Azərbaycan taxılının zəngin növlərini və çörək mədəniyyətimizin qədim ənənələrini göstərən eksponatlar, əslində, respublikamızın bütün ərazisini əhatə edirdi. Məsələn, Qazax rayonu ərazisində tapılmış külçəbasanın – çörəyə naxış vurmaq üçün yaradılmış əşyanın üç min il yaşı vardı. Bu sadə alət hər şeydə gözəllik axtarmaq vərdişinin qədimlərdən bəri xalqımızın qanında olduğundan xəbər verirdi. Muzeydə müxtəlif taxıl növləri ilə yanaşı, buğdadan düzəlmiş eksponatlar da nümayiş etdirilirdi. Eksponatlar içərisində buğda dənələrindən düzəldilmiş və həmin dövr də ziyarətçilərdə böyük maraq doğuran Azərbaycan xəritəsi də var idi. Bu qeyri-adi xəritəni Zaqatalada hazırlayıb muzeyə gətirmişdilər. 

Ağdam Çörək Muzeyində nümayiş olunan eksponatların bir hissəsini buranı ziyarətə gələn əcnəbi qonaqlar bağışlamışdılar. Eksponatlar arasında ən təsirlisi Qalina Konayeva adlı bir qadının Leninqrad (indiki Sankt-Peterburq) şəhərindən gətirdiyi "blokada çörəyi” idi. Böyük Vətən müharibəsi zamanı Leninqrad şəhəri uzun müddət faşistlərin mühasirəsində qalmışdı. O zaman şəhər əhalisinə adambaşı gündəlik çörək norması olaraq 125 qramlıq qara çörək verilirdi. Konayeva həmin günlərin yadigarı olaraq bir çörək tikəsini saxlamışdı. Televiziyada muzeylə bağlı süjet verildikdən az sonra o, Ağdama gələrək onu muzeyə təqdim etmişdi. Daşa dönmüş bu xırdaca tikə çörəyin qədrini bilməyənlərə ibrət, həyat dərsi idi! 

Böyük hərflərlə yazılıb muzeyin divarlarına vurulmuş atalar sözləri də çörəyin müqəddəsliyini, gücünü, qüdrətini bir daha ziyarətçilərin yadına salırdı:
Çörək baha olanda ölüm ucuz olar. 
Qılınc kəsməyəni çörək kəsər... 
 
 
Muzeyin xatirə kitabında buraya gəlmiş adamların ürək sözləri yazılmışdı. Onların arasında xarici vətəndaşlar, yüksək vəzifəli rəsmi şəxslər də vardı. Yazıların birində bu xeyir-bərəkət ocağı "insan dühasının şah əsərinə insanın məhəbbət abidəsi” adlandırılmışdı.
Qarabağda yerləşən bir çox tarixi-mədəni abidələrimiz kimi, Ağdam Çörək Muzeyi də çörəyi dizinin üstündə olan namərd qonşularımızın təcavüzünə məruz qaldı. 1992-ci il avqustun 12-də saat 16:40 radələrində ermənilərin atdığı mərmi Ağdam Çörək Muzeyinin varlığına son qoydu. Yanğını söndürməyə cəhd göstərilsə də, bu, mümkün olmadı. Eksponatların çoxu, eləcə də muzeyin tavanı taxta materialdan hazırlandığına görə tez alışdı. Bir saatın içində muzey külə döndü, dəyirmanın yalnız divarları qaldı. Qiymətli eksponatlar məhv oldu. Onlardan yalnız ən qədimi – daşlaşmış buğda dənələri xilas edilərək Bakıda Milli Azərbaycan Tarixi Muzeyinə əmanət verildi. 
Bəli, məhz əmanət kimi. Çünki haqq-ədalət mütləq qalib gələcək, işğal altında olan torpaqlarımız gec-tez qaytarılacaq, dağıdılmış, talan edilmiş şəhər və kəndlərimiz, mədəniyyət ocaqlarımız bərpa olunacaq.
Vüqar Tofiqlinin 
"Ağdam Çörək Muzeyi: dünəni, bu günü və sabahı” kitabından




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 12 yanvar 2015 17:12
    Birdə bu var, Çörəyə hörmət olaraq,yerə düşəndə götürüb öpüb alnına qoyursan....Çox gözəl məqalədir.Təşəkkürlər!
    Amma heyif ki,ermənilərin əlindədir o yerlər.Özlərinə uyğun "abadlaşdırırlar"

    --------------------

  2. 12 yanvar 2015 18:55
    smile tesekkurler Alisoy

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.