Şəxsiyyət insanın sosial səciyyəsi kimi

Şəxsiyyət insanın sosial səciyyəsi kimi

 

Şəxsiyyət insanın sosial səciyyəsi kimi
Xəlilov Ruslan Niyaz o. 
Xəzər universitetinin müəllimi.

Fəlsəfədə şəxsiyyət problemi o mənada səciyyələnir ki, şəxsiyyət olmaq etibarilə insanın mahiyyəti nədə ifadə olunur,dünyada və tarixdə onun yeri necə müəyyənləşdirilir.Fəlsəfi fikirdə şəxsiyyət ictimai idealların, sərvətlərin,ictimai münasibətlərin,insanların fəaliyyətinin və ünsiyyətinin ifadəsi və subyekti kimi araşdırılır.
İnsan problemi bütün fəlsəfə üçün ən əhəmiyyətli məsələdir,tarixin inkişafının dönüş mərhələsində xüsusi aktuallıq kəsb edir.Bu problem nəinki ayrıca fərdin, həm də bütün cəmiyyətin mövcudluğunun mənası və məqsəd baxımından həmişə daha kəskin məsələ kimi səciyyələnir.Antik dövrün müdriklərindən biri çox dəqiq və obrazlı şəkildə demişdir;
Insan üçün insanın özündən maraqlı obyekt yoxdur.
Şəxsiyyət anlayışının sosial fəlsəfi təhlili baxımından ilk öncə"insan”,”fərd”və”şəxsiyyət”anlayışlarının konkret müqayisəli izahı metodoloji zərurətdir.
İnsan haqqında ilk təssəvürün fəlsəfənin təşşəkülündən əvvəl yaranır.İnsanın sosial mənada başa düşülməsinin saflaşması formalaşmaqdan olan fəlsəfə ilə mifologiya arasındakı dialoq bazasında baş verir.Müasir fəlsəfi antropologiya insan problemi ilə bağlı 
müxtəlif və ziddiyyətli məktəb və istiqamətləri özündə əks etdirir.İnsan həqiqətən sirli varlıqdır. Bu varlıq öz mahiyyətində bioloji,sosial,mənəvi-psixoloji komponentləri ehtiva edir.
İnsan mürəkkəb bütöv sistemdir,lakin öz növbəsində daha mürəkkəb sistemin-bioloji və sosial sistemlərin komponentidir.Bu onunla şərtlənir ki, insan həm bioloji və eləcə də sosial varlıqdır.İnsan hadisə olmaq etibarilə zamanla daha sərt şəkildə bağlıdır,zamanın dəyişməsi və inkişafı ilə əlaqədar ciddi çətinliklərə məruz qalır.Belə bir fəlsəfi kəlamı nəzərə çatdırmaq yerinə düşər;”Əgər sən nəyisə dərk etmək istəyirsənsə onun necə yarandığını öyrən”.Bu mənada insan məhz biososial varlıq kimi yaranır və inkişaf edir.O törəmə zəkalı, mədəni,əxlaqi,siyasi və s.Varlıqdır.İnsan mahiyyətində bioloji ilə sosialın nisbəti məsələsinə dair müxtəlif fikirlər mövcud olsa da müasir fəlsəfi ədəbiyyatda bu məsələ ilə bağlı iki mpvqe diqqəti daha çox cəlb edir. Həmin mövqelərdən birinə görə insanın təbiəti bütövlükdə sosial məna daşıyır.Digər nöqteyi-nəzər insanın təbiətinin nəinki bioloji eləcə də sosial mahiyyətə malik olduğu nu iddia edir.Həmin amillərin mövcudluğunu hamı etiraf etsə də insanın inkişafında sosial və biloji amillərin nisbəti məsələsi bu günə qədər elmi mübahisələr obyektidir.
Şəxsiyyət probleminin öyrənilməsi baxımından "fərd”anlayışının izahı daha vacibdir.O,hər hansı bütövün bölünməz hissəsi kimi səciyyələnir.İnsan fərd kimi insan nəslinin ayrıca nümayəndəsi baxımından nəzərdən keçirilir.Fərd çoxsaylı insan varlıqlarından biridir və həmişə qeyri-şəxsiyyət kimi səciyyələnir.Bu mənada "fərd”və”şəxsiyyət”həm həcminə,həm də məzmununa görə bir-birinə əks anlayışlarıdır.Fərdilik insanım sadəcə olaraq bölünməzliyi deyil,hər şeydən əvvəl,onun təkliyinin və özünəməxsusluğunun xarakteristikasıdır.Q.İ.Qurdçiyev ədalətli olaraq iddia edir ki,insan çoxluqdur və onda "fərdiyyət yoxdur,ayrıca böyük Mən yoxdur.”
Insanın sosial-fəaliyyətli mahiyyəti hər şeydən əvvəl ,şəxsiyyətin formalaşmasının baş verdiyi prosesdə, başqa sözlə fərdin sosiallaşması əsasında reallaşır.Leontevin dəqiq ifadə etdiyi kimi "şəxsiyyət doğulmur, şəxsiyyət təşəkkül tapır.” Sosiallaşma nə qədər ki, dinamik xarakter daşıyır, şəxsiyyətin təşəkkülü bir o qədər daimilik kəsb edir. Hər bir fərd özünəməxsus xüsusiyyətlərə malik olmaq hüquna malikdir. Bu,onun sosiallaşma ilə genişlənən təbii göstəricisidir. "İnsan " və "fərd” anlayışlarının konkret açıqlanması "şəxsiyyət” anlayışının təhlilinə xidmət edir. Ümumiyyətlə şəxsiyyət fərdin inkişafının nəticəsidir, Bütün insan keyfiyyətlərinin daha tam şəkildə təcəssümüdür.İnsanın sosial mahiyyətini səyciyyələndirərək V.Solovyev qeyd edir ki,cəmiyyət təkmilləşmiş,genişlənmiş şəxsiyyətdir,şəxsiyyət isə sıxılmış və ya bir yerə yığılmış cəmiyyətdir.Buradan belə bir nəticə çıxır ki,insan əzəldən şəxsi –ictimai varlıqdır və bütün tarix tədricən ikitərəfli, şəxsi-ictimai həyatın dərinləşməsi,yüksəlişi və genişlənməsidir. Mövcud cəmiyyətin sosial əhəmiyyətli cəhətlərinin fərdi daşıyıcısı kimi çıxış edən hər bir insan şəxsiyyət anlayışına daxildir. Şəxsiyyət sosial mahiyyət kəsb edən bioloji-sosial varlıqdır. İnsanların sosial inkişafının ümumi səviyyəsi isə onların mənəvi aləmindən kənarda təsəvvür oluna bilməz. Şəxsiyyət fərdin xarakterində konkret ifadə olunan sima kimi çıxış edir. Şəxsiyyətin inkişafı və cəmiyyətdə müxtəlif sosial rolları yerinə yetirməsi yalnız insanın fəaliyyəti sayəsində baş verir.Fərd ancaq fəaliyyət prosesində şəxsiyyət kimi çıxış edir, özünü təsdiqləyir.
Müasir fəlsəfi fikirdə şəxsiyyət haqqında iki başlıca konsepsiya mövcuddur.Birinci konsepsiya şəxsiyyəti insanın funsional xarakteristikası və ya rolu baxımdan qiymətləndirir .Digər konsepsiyaya görə şəxsiyyət mahiyyəti ilə səciyyələnir.Funsional aspekt şəxsiyyətin fəaliyyətinin necə həyata keçirilməsi ilə şərtlənir.Bu konsepsiya XX əsrin 30-cu illərində Amerika sosial psixologiyasına S.Mid tərəfindən gətirilmiş,müxtəlif sosioloji cərəyanlarda geniş yayılmışdır.Lakin bu konsepsiya insanın daxili aləmini dərindən açıqlamağa imkan yaratmır.
Şəxsiyyət anlayışının daha dərindən açıqlamağa ikinci cərəyan daha geniş imkan yaradır, o şəxsiyyətin mahiyyətli xarakteristikasını üzə çıxarır,onun tənzimləyici –mənəvi imkanlarını,iradə mənbəyini və xarakterinin mahiyyətini,azad hərəkətlərinin subyektini,insanın daxili həyatının ali cəhətlərini ifadə edir. A.Spirkin yazır: "Şəxsiyyət ictimai münasibətlərin və insanların funksiyalarının fərdi əsasıdır,dünyanın dərk olunmasının və dəyişdirilməsinin, hüquq və fəlsəfənin etik,estetik və bütün digər sosial normaların subyektidir.”Məhz bu cəhətdən şəxsiyyət həmişə mənəvi cəhətdən inkişaf etmiş insandır.
Fəlsəfi ədəbiyyatda şəxsiyyətin mahiyyətinin müəyyənləşdirilməsi digər mövqelərdən də təhlil olunur.Bu baxlmdan fəaliyyət konsepsiyası maraq doğurur. İ.S.Viqotski şəxsiyyəti hər şeydən əvvəl, fəaliyyətdə olan varlıq kimi araşdırır.
Çünki şəxsiyyətin məqsədi,vəzifələri,davranış və hərəkətləri yalnız insanın fəaliyyətində üzə çıxır.Beləliklə, şəxsiyyət insanın sosial və bioloji başlanğıcının yekunlaşdırıcı funksiyası kimi çıxış edir. Şəxsiyyətin inteqrativ başlanğıca malik fenomen olmaq etibarilə insanda üç aləmin –bioloji, sosial və psixoloji komponentlərin daşıyıcısı olduğunu bilirik. "Şəxsiyyət” onu təşkil edən üç başlıca cəhətin: biogenetik qabiliyyətin, sosial amillərin və psixososial əsasın məcmusudur.
Şəxsiyyətin xarakteristikasını onun azadlığı ilə əlaqələndirməyə cəhd edənlərə də təsadüf olunur.Azadlığı məsuliyyətdən kənarda təsəvvür etmək ağlasığan deyildir. Şəxsiyyət olmaq nə qədər ucalıdırsa və əhəmiyyətlidirsə özünün və başqalarının qarşısında məsuliyyət daşımaq hissi bir o qədər şərəflidir.
Fəlsəfi fikirdə şəxsiyyət anlayışının açıqlanmasına münasibət çoxsaylıdır.Qeyd edək ki,insan haqqında söhbət gedəndə ictimai görüş dairəsi məhdud olanlar iddia edirlər ki,insanın mahiyyəti anadangəlmə keyfiyyətdir, şəxsiyyət sonradan yaranmadır, qeyri-irsidir və s. Şəxsiyyət olmaq etibarilə insanın mahiyyətini asanlıqla heçə endirmək, dəyişdirmək və ya ona zərər yetirmək olmaz. Şəraiti dəyişdirməklə şəxsiyyət demək olar ki,tamamilə dəyişilə bilər,eləcə də bu prosesdə onun itirilməsi mümkündür. Öz növbəsində insanın mahiyyəti onun fiziki və zehni vəziyyətinin bazasıdır. " Şəxsiyyət” anlayışının məzmununu təşkil edən cəhətlərin məzmununun müəyyənlişdirilməsi iki başlıca əhəmiyyətə malikdir.
-Birinci əhəmiyyət şəxsiyyətin sosial dəyərini səciyyələndirir. Şəxsiyyət insani fərddir. Münasibətlərin və şüurlu fəaliyyətin fəal,məqsədyönlü subyektidir.
-İkinci əhəmiyyət insanın sosial- psixoloji simasının kifayət qədər sabit təzahürünü əks etdirir.Burada şəxsiyyət fərdləri səciyyələndirən daimi və müəyyən sosial dəyərli cəhətlərin məcmusu kimi çıxış edir. Şəxsiyyət empırik fərddən həmişə fərqlənir,çünki o, öz hərəkətlərində və qərarlarında müəyyən dəyərlər sisteminə cəlb olunur. Şəxsiyyət dəyərlər sisteminin özünəməxsus daşıyıcısı olmaqla insanın şifahi və əşya forması kimi maddiləşir.Buna görə insan öz həyatını düşündüyü ideal plana uyğun təşkil edə bilər və müəyyən dərəcədə onu şəraiti özünə tabe etmək iqtidarında olması mümkündür.
Sosial şəxsiyyət insanlarla ünsiyyətdə təşəkkül tapır. Mahiyyət etibarilə o, insanın müxtəlif qruplarda sosial rolları sistemi kimi təsəvvür olunur.Heç də təsadüfi deyil ki, şəxsiyyət barədə mövcud olan konsepsiyaların əksəriyyətində fərdin təbii-fərdi xarakteristikasını adətən " şəxsiyyət” anlayışına aid etmirlər.Çünki şəxsiyyət fərdin xarakterində konkret sosial simadır.Lakin qeyd olunmalıdır ki,təbii fərdiyyət şəxsiyyətin inkişafına öz təsirini göstərir.
İnsanın inkişafının konkret-tarixi xüsusiyyətlərinin onun fərdi və tarixi inkişafının müxtəlif səviyyələrində əks etdirmək məqsədilə "fərd” anlayışı ilə yanaşı " şəxsiyyət” anlayışından da istifadə olunur.Belə halda fərd şəxsiyyətin formalaşmasının əsası kimi nəzərdən keçirilir. Şəxsiyyət bütün insani keyfiyyətlərin daha tam şəkildə təcəssümüdür.
İnsanın sosial fəaliyyəti baş yerdə və ya yalnız bioloji zəmində təşəkkül tapmır. İnsan konkret tarixi zamanda və sosial məkanda , praktiki fəaliyyət və tərbiyə prosesində formalaşır. Buna görə də şəxsiyyət sosial fərdiyyət olmaq etibarilə həmişə konkret nəticə,sintez və xeyli müxtəlif amillərin qarşılqlı fəaliyyəti kimi səciyyələnir. Şəxsiyyət nə qədər əhəmiyyətlidirsə bir o qədər insanın sosial-mədəni təcrübəsini mənimsəyir və öz növbəsində onun inkişafına fərdi töhfə bəxş edir.İnsan şəxsiyyət kimi əməli fəaliyyətində təsdiqlənir.Başqa sözlə, insanın sosial fəaliyyətinin mahiyyətinin əsasını fərd təşkil edir və şəxsiyyətin formalaşması da bu zəmində baş verir.Berdiyev yazırdı:”Şəxsiyyət mənəvə-dini kateqoriyadır,fərd isə təbii-bioloji kateqoriyadır. Fərd təbiətin və cəmiyyətin bir hissəsidir. Şəxsiyyət nəyinsə bir hissəsi ola bilməz.”
Hər bir cəmiyyətdə şəxsiyyətin sosiallaşması prosesi,başqa sözlə, insanın fəal, dəyərli varlıq kimi inkişafı məsələsi işlənib hazırlanır.Həmin prosesdə fərdin mövcud cəmiyyətin yaddaşina qovuşması,onun toplanmış ənənələrə yiyələnməsi həyata keçirilir. Şəxsiyyətin sosiallaşması konkret tarixi sosial iqtisadi strukturdan və mədəniyyət tipinin dəyişməsindən asılıdır. .Şəxsiyyətin sosiallaşması onun sosial təcrübəni mənimsəməsini və sosial fəallığını özündə təcəssüm etdirir. Bu mənada sosiallaşma şəxsiyyətin inkişafı ilə üst-üstə düşür.
Şəxsiyyətin sosiallaşmasının ən mühüm məqamı onun özünü aktuallaşdırmasıdır. Sosiallaşma geniş anlayış olmaqla şəxsiyyətin həyat fəaliyyətinin bütün sferalarını əhatə edir. "Sosiallaşma " termininin təşəkkül mənbəyi birmənalı qiymətləndirilmir. Sosiallaşma mövcud cəmiyyətin strukturunun təkrar istehsalını, onun üçün xarakterik olan ictimai- siyasi münasibətləri,bu münasibətlərin inkişaf istiqamətini,eləcə də cəmiyyətin siyasi münasibətlərinin subyektinin- şəxsiyyətin spesifik keyfiyyətlərinin təkrar istehsalını səciyyələndirir. 
"Şəxsiyyətin inkişafı” anlayışı onun şüurunda, fəaliyyətində və davranışında təzahür edən real dəyişikliklərin ardıcıllığını, mükəməlliyini və güclənməsini səciyyələndirir. Sosiallaşma isə şəxsiyyətin təşəkkül prosesi, onun cəmiyyətin tələblərini daimi mənimsəməsi, şüur və davranışda şəxsiyyətlə cəmiyyətin qarşılıqlı fəaliyyətini tənzimləyən sosial əhəmiyyətli cəhətlərin qərarlaşması kimi nnəzərə çarpır. Şəxsiyyətin sosiallaşması zamanı etibarilə bu və ya digər dərəcədə onun bütün həyatı boyu müşahidə olunur.
Sosiallaşma insanın davranış nümunələrini,norma və dəyərləri, mövcud cəmiyyətdə onun uğurlu fəaliyyəti üçün zəruri olanları mənimsəməsi prosesidir.Fransız psixoloqu J. Piaje şəxsiyyətin inkişafında müxtəlif mərhələlərin mövcudluğu ideyasına sadiq qalaraq fərdin idraki strukturunun inkişafına və sosial təcrübədən, qarşılıqlı fəaliyyətdən asılı olaraq onun yenidən təşəkkülünə diqqət yetirmişdir. Şəxsiyyətin sosiallaşması bəşəriyyətin sosial təcrübəsinin nəsildən -nəsilə verilməsini üzvi surətdə birləşdirir.Buna görə varislik, ənənələrin saxlanılması və mənimsənilməsi adamların gündəlik həyatından ayrılmazdır. Onların vasitəsilə yeni nəsillər cəmiyyətin iqtisadi,sosial,siyasi və mənəvi probləmlərinin həllinə cəlb olunurlar.
Qeyd olunanlara əlavə olaraq bunu da əlavə etmək olar ki,şəxsiyyətin sosial fəallığını artırmaq üğün əlverişli şəraitin yaradılması ilk növbədə, həqiqi demokratik cəmiyyətin formalaşması, şəxsiyyətin azadlıqlarının konstitusiyailə təsbit olunması və onun işdə həyata keçirilməsi,şəxsiyyətdə öz xalqı və dövlətinin gələcəyi üçün məsuliyyət və cavabdehlik hisslərinin aşılanması, kütləvi informasiya vasitələri və mədəni obyektlərin yaxindan köməyi ilə şəxsiyyətin mənəvi tərbiyəsinin, ilk növbədə,siyasi mədəniyyətinin yüksəldilməsi ilə şərtlənir.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 2 avqust 2013 11:56
    COX SA OL...AMIGA,MENTQDEN QALAN TESTLERI DE YAZ PLEASE.IXTISASDAN YADNDA QALAN VARSA YAZ...BIR DE AYTEN 4DE IMTAHANA GIRECEK,VARIANTINI SORUSURDU,OZU BURA GIRE BILMR...

  2. 24 yanvar 2014 20:27
    bu sozden xowum geldiikii insan ucun ozunden maaraqli obyekt yoxdur..hheqiqeten dee insan ilk once ozuni tanimali ozunu kewf etmelidir..bu arada bu movzu hakda men 9cu siniif insan ve cemiyyet dersliyin de ferd ve wexsiyyet hakda oyrenmiwdim..insan ve cemiyyet mence mekdebde kecilen en maraqli fendir..esl heyaT dersidi..coox sagolun xebere gore..men cox beyendim..menim maraq dunyama cox yaxin olan movzudu.. :)

    --------------------

  3. 25 yanvar 2015 16:59
    Tesekkurler... lol

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.