Azərbaycan tarixi fənni kurikulumu

Azərbaycan tarixi  fənni kurikulumu

Azərbaycan tarixi  fənni kurikulumu və onun xarakterik cəhətləri.

 

Azərbaycan tarixi  fənni kurikulumu ümumtəhsil məktəblərində Azərbaycan tarixi fənninin fəlsəfəsini, bu fənnin təlimi sahəsində fəaliyyətləri əks etdirən konseptual sənəddir. Bu sənəddə fənnin məzmunu (məzmun standartları), fəndaxili və fənlərarası inteqrasiya, müəllim və şagird fəaliyyətinə dair texnologiyalar, şagird nailiyyətlərinin qiymətləndirilməsi məsələləri əhatə olunmuşdur.

Qədim tarixə malik olan Azərbaycanın tarixi keçmişi bir-birini izləyən və tamamlayan, dinamik şəkildə biri digərini əvəz edən fakt və hadisələrlə zəngindir. Bu fakt və hadisələr Azərbaycan xalqının tarixi yaddaşında ən xarakterik abidələr kimi qalmaqdadır. Bu gün tarix özünün müasirliyi ilə müasir həyatı quranlar, gələcəyin perspektivlərini yaradanlar üçün bünövrə rolunu oynayır. Azərbaycanda insanların tarixi yaddaşının, milli mentalitetinin formalaşmasına təsir göstərir. Həm tarixi müstəvidə, həm də müasir zamanda sosial, iqtisadi, mədəni inkişaf baxımından  müqayisə və təhlillər aparmağa imkan yaranır.

Bütün bunlar Azərbaycan tarixi üzrə biliklərin, ilk növbədə, tarixi xronoloji ardıcıllıqla müəyyən olunmasını və məzmun standartlarında nəzərə alınmasını  tələb etmişdir. Həmin biliklər seçilmiş, ümumiləşdirilərək tarixi məkan, tarixi zaman, dövlət, şəxsiyyət, mədəniyyət məzmun xətləri üzrə qruplaşdırılmışdır.

Azərbaycan tarixinə dair məzmun standartları müəyyənləşdirilərkən şagirdlərin öyrənəcəkləri tarixi biliklərin, eləcə də bu fənn üzrə konkret təlim fəaliyyətlərinin (idraki, hissi, psixomotor) əhatə olunması diqqət mərkəzində saxlanılmışdır. Şagirdlərin təlim nailiyyətlərinin nəticələri müəyyən olunaraq kurikuluma daxil edilmişdir.

Məzmun standartlarında Azərbaycan tarixinə dair deklarativ biliklərlə yanaşı, şagirdlərə prosedural və kontekstual biliklərin verilməsi də nəzərdə tutulmuşdur. Bununla şagirdlərin praktik fəaliyyətə yönəldilməsi, xəritə üzrə işə, tədqiqatçılığa, qrafik və cədvəllər hazırlamağa istiqamətləndirilməsi, onların yaradıcı işə cəlb olunması üçün imkan yaradılmışdır.

Məzmun standartları, təlim strategiyaları və qiymətləndirmə mexanizmləri hazırlanarkən şagird şəxsiyyətinin inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılmışdır. İlk növbədə, onların meyil və maraqları, əqli və fiziki imkanları mühüm tələblər kimi əsas götürülmüşdür.

Azərbaycan tarixi fənni kurikulumu hazırlanarkən cəmiyyətdə gedən aşağıdakı sosial, iqtisadi, mədəni dəyişikliklər də nəzərə alınmışdır:

-       iqtisadiyyatda elm, təhsil və xidmətin üstün rol oynaması;

-       cəmiyyətin sosial, siyasi və mənəvi həyatının, iqtisadiyyatın bütün sahələrində informasiya texnologiyalarının tətbiqi ilə əlaqədar texnoloji yeniliklərin fasiləsizliyi;

-       əhalinin peşə məşğuliyyətinin strukturunun dəyişməsi, informasiyaların istehsalı, yayılması, mühafizəsi və ötürülməsi ilə əlaqədar olan əhali qruplarının cəmiyyətdə üstünlük (çoxluq) təşkil etməsi;

-       təhsil səviyyəsinin şəxsiyyətin, sosial təbəqələrin sosial strukturunu müəyyən edən əsas amil rolu oynaması;

-       cəmiyyətin gündəlik həyatında kütləvi informasiya vasitələrindən, video məhsullardan, reklamlardan və s. asılılığın getdikcə artması.

Bütün bunlara Azərbaycan tarixi fənni kurikulumunun xarakterik cəhətləri kimi diqqət yetirilmişdir. 

 

Fənnin əhəmiyyəti, məqsəd və vəzifələri.

Azərbaycan tarixi ölkəmizin ərazisində uzaq və yaxın keçmişdə yaşamış insanların həyatını, onların həyatında baş verən hadisələri, həmin hadisələrin səbəb və nəticələrini öyrənən elmdir. Onun bir fənn kimi ümumtəhsil məktəblərində öyrənilməsi xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan tarixinin ümumtəhsil məktəblərində tədrisi dərin və əhatəli biliyə, bacarıq və vərdişlərə, yüksək intellektə, geniş dünyagörüşünə malik olan və onu daim inkişaf etdirməyə çalışan şəxsiyyət formalaşdırmağa, öz soykökünə, adət-ənənələrə, milli-mənəvi dəyərlərə əsaslanan, şərəfli tarixi keçmişinə dərindən yiyələnən, ailəsini, vətənini, millətini sevən və onu daim ucaltmağa çalışan vətəndaş tərbiyə etməyə xidmət edir.

Azərbaycan tarixi fənni şagirdlərdə ünsiyyət qurmaq və əməkdaşlıq etmək kimi yüksək mənəvi keyfiyyətlərin, mühakimə yürütmək, qoyulmuş problemə fərqli baxış nümayiş etdirmək, öz nöqteyi-nəzərini əsaslandırmaq, hüquqlarını qorumaq, başqalarının hüquqlarına hörmətlə yanaşmaq, dövlət, cəmiyyət və xalq qarşısında vəzifələrinə məsuliyyətlə yanaşmaq bacarığının formalaşmasına xidmət edir. 

Azərbaycan tarixi fənn kurikulumunun əsas cəhətlərindən biri kimi  nəticəyönümlülük şagird fəaliyyətinin ardıcıl izlənilməsini, onun nailiyyətlərindəki irəliləyişlərin müntəzəm qiymətləndirilməsini təmin edir. Şagirdlərə gündəlik həyatda lazım olan zəruri bacarıqların aşılanmasını və onun ardıcıl olaraq inkişaf etdirilməsini ön plana çəkir. Təlim prosesi ilə gözlənilən nəticə arasında qarşılıqlı əlaqə üçün zəmin yaradır.

Ümumtəhsil məktəblərində Azərbaycan tarixi fənninin əsas məqsədi məktəblilərdə vətənpərvərlik, fəal vətəndaşlıq mövqeyi, digər xalqlara, ümumbəşəri humanist dəyərlərə hörmət, ənənəvi və mədəni nailiyyətlərə əsaslanan əqidə prinsipləri, dövlətçilik ənənələrinə sədaqət hissi formalaşdırmaq üçün onlara keçmiş və müasir dövrün hadisələrini sərbəst təhlil etmək, faktları ümumiləşdirmək, əldə olunan biliklərdən cəmiyyətin müasir vəziyyətinin qiymətləndirməsində istifadə, tarixi mənbə, müxtəlif fikir və konsepsiyaları təhlil etmək, başqalarının fikirlərinə hörmət etmək, eləcə də sərbəst nəticə çıxarmaq və kollektivdə işləmək bacarıq və vərdişləri aşılamaqla informativ-kommunikativ və hüquqi mədəniyyət formalaşdırmaqdan ibarətdir.

Bu məqsədin reallaşdırılması üçün aşağıdakı vəzifələrin həyata keçirilməsi məqsədəmüvafiq hesab edilir:

-         tarixi hadisələrin, həmçinin müasir həyatda baş verən ictimai hadisələrin dərk, təhlil və təsnif edilməsi;

-         milli-mənəvi dəyərlərdən, mədəni irsdən  istifadə etməklə daxili potensialın zənginləşdirilməsi və onların gələcək nəsillərə ötürülməsi;

-         dövlətçilik ənənələrinə istinad olunması, ölkəmizin müstəqil dövlət quruculuğunda şüurlu və məsuliyyətli vətəndaş kimi iştirak etməsi;

-         vətənin tarixində baş vermiş hadisələr nəzərə alınmaqla milli mənafenin və maraqların qorunması;

-         müxtəlif mənbələri təhlil etməklə onlardan nəticələrin çıxarılması, sosioloji məlumatlar üzərində işin təşkili, sosial, iqtisadi, mədəni problemlərin tarixi baxımından inkişafının digər fənlərlə əlaqədə izlənilməsi;

-         tarixi hadisələrin qarşılıqlı əlaqələrini təhlil etməklə məntiqi və yaradıcı təfəkkürün inkişaf etdirilməsi.

Müəyyən  edilmişdir  ki, ümumtəhsil  məktəblərində  Azərbaycan tarixinin  tədrisi  vasitəsilə:

  •  ümumi orta təhsil səviyyəsində Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olması, dövlətçilik ənənələri, Azərbaycan xalqının, onun milli, sosial, əxlaqi-mənəvi dəyərlərinin təşəkkülü və formalaşması, qeosiyasi məkanda mövqeyi və rolu, bəşər sivilizasiyasının inkişafına təsiri, Azərbaycanın məruz qaldığı təcavüzlər və onlara qarşı mübarizə, müasir dünyada mövqeyi, ölkənin ümumi inkişafı, tarixi şəxsiyyətləri, maddi və mənəvi mədəniyyət abidələri haqqında sistemli məlumatların mənimsənilməsi təmin olunur, şagirdlərdə tarixi hadisələri təhlil etmək və onlara münasibət bildirmək, əlavə faktlar toplamaq və sistemləşdirib təqdim etmək, tarixi mənbələrlə işləmək bacarıqları formalaşdırılır, onlara vətənpərvərlik, milli iftixar hisləri aşılanır.
  • tam orta təhsil səviyyəsində ümumi orta təhsil pilləsində nəzərdə tutulmuş fəaliyyətləri genişləndirməklə sivilizasiyalı inkişaf şəraitlərində yürüdülən siyasi xəttin Azərbaycanın ərazi bütövlüyünə, milli-mənəvi dəyərlərinə təsiri, bu dövrlərdə sosial-iqtisadi, mədəni inkişaf tendensiyaları, milli azadlıq hərəkatı, dövlətçiliyin bərpası, qorunması, inkişafı, müasir dövrdə Azərbaycanın dünyadakı mövqeyi, ölkənin ümumi inkişafını şərtləndirən amillər haqqında məlumatlar mənimsənilir, demokratik cəmiyyət şəraitində şagirdlərdə sosial-siyasi və tarixi hadisələrə münasibət bildirmək və qiymətləndirmək bacarıqları formalaşdırılır.

"Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə müvafiq olaraq icbari təhsil doqquzuncu sinif bazasında tamamlandığından  respublikanın ümumtəhsil məktəblərində Azərbaycan tarixi üzrə təlimin məzmunu əvvəlki dövrlərdən fərqli olaraq konsentrik prinsipə əsasən aşağıdakı kimi qurulmuşdur.

Ümumi orta təhsil bazasında:

  • V sinifdə Vətən tarixinin qədim zamanlardan bu günədək ən mühüm tarixi hadisə, proses və təzahürləri barədə ilkin təsəvvürlərin yaradılması istiqamətində təlim fəaliyyətinin qurulması;
  • VI-IX siniflərdə sivilizasiyalı inkişaf nöqteyi-nəzərindən müvafiq bölmələr üzrə xronoloji ardıcıllıq gözlənilməklə Azərbaycan tarixinin ən qədim dövründən bu günə qədərki hadisə, proses və təzahürlər üzərində təlim fəaliyyətinin qurulması;

       Tam orta təhsil bazasında:

  • X-XI siniflərdə Azərbaycanın tarixi keçmişini və müasir dövrünü, sivilizasiyaların inkişafında rolunu, qlobal problemlərin həllində mövqeyini dəyərləndirməyə imkan verən təlim materialları üzərində fəaliyyətlərin qurulması.  

ardı var




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 20 fevral 2012 21:33
    Bildiyim qeder bu sayta ekser tarix muallimleri daxil olur.Ona
    gerede isterdim ki,tarix muallimleri Azerbaycan tarixi kurikulumu mezmun standartlari, qiymetlendirme standartlari haqqnda oz bildiklerini digerleri ile bolushdursunler.

  2. 26 fevral 2012 03:39
    Cox saq olum melumata gor...Amma xahish edirem testlerin kurik-m teslerinden numuneler derc edesiniz...teshekkurler.

  3. 17 may 2013 17:57
    Salam millet necesiz men tarixe aid kurik.m testleri haqda bilmek istiyirem mene komek ede bilersiz???? recourse

  4. 21 noyabr 2013 16:19
    bunlar daha ox muelimlerwe aididire.
    bize yoxxxxxxxxxx

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.