Azərbaycan tarixinin inteqrativ kurikulumu

Azərbaycan tarixinin inteqrativ kurikulumu

 
«Ümumi Təhsilin Konsepsiyası (Milli Kurikulumu)» sənədi və onun əsasında hazırlanmaqda olan Azərbaycan tarixi kurikulumu fəndaxili və fənlərarası əlaqələrin geniş tətbiqini nəzərdə tutur. Ənənəvi təlimdə şagirdlərə faktlar toplusu verilir və onları əzbərləmək tələb olunur. Nəticədə isə şagirdlər həyatda onlara lazım olmayan  məsələləri də öyrənməli olurlar. Onlar çox vaxt cəmiyyətdə və öz kollektivlərində baş verən proseslərdən baş çıxara bilmirlər. İnteqrativ kurikulum isə fənn sahələrinin  kombinasiyasını özündə əks etdirməklə şagirdi obeyktə deyil, subyektə çevirir. Burada təhsilin məqsədinə hadisə və təzahürləri yalnız öyrənmək və bilmək deyil, həm də əldə olunmuş bilik, bacarıq və dəyərlərdən müxtəlif situasiyalarda istifadə etmək, araşdırmaları təkmilləşdirmək, anlama, birbaşa şəxsi iştirak daxildir. Belə kurrikulum şagirdlərə öyrənmə zamanı müxtəlif fənlər arasında bilik, vərdiş və konsepsiya səviyyəsində dəyərli əlaqələr yaratmaqda köməklik göstərir.

 

 

         Digər fənn kurrikulumları kimi Azərbaycan tarixi kurrikulumu da biliklərin fənlər vasitəsi ilə təşkil olunmuş konsepsiyasına əsaslanır. Bu yanaşmaya görə şagird məktəbdə tədris olunan fənlər vasitəsi ilə müxtəlif sahələr üzrə  seçilmiş məzmunu  öyrənməli və tətbiq etməyi bacarmalıdır. Azərbaycan tarixinin inteqrativ kurrikulumu aşağıdakı səciyyəvi xüsusiyyətlərə malikdir:

-təlimin fəal, cəlbedici və əyləncəli olması;

-çoxlu hissələrə bölünməməsi;

-məzmunun sadə, əhatəli və anlaşıqlı olması;

-fənlərinin sayının çox olmaması (iki, üç və dördə fənn);

-eyni konsepsiyanın iki müxtəlif fəndə öyrənilməsi;

-təlimin müxtəlif mərhələlərinin əlaqələndirilməsi (şaquli inteqrasiya);

-konsepsiyaların əlaqələndirilməsi (üfüqi inteqrasiya);

-yüksək nailiyyət səviyyəsinin və intellektual bacarığın inkişafının stimullaşdırılması.

         Nəzərə almaq lazımdır ki, Azərbaycan tarixinin məzmunu yüksək dərəcədə inteqrativdir. Çünki hər növbəti tarixi mərhələnin hadisə və təzahürləri  müəyyən dərəcədə əvvəlki hadisələrlə bağlıdır və onlardan asılıdır. Buna görə də şaquli inteqrasiya prinsipi gözlənilmədən tarixin gedişini anlamaq mümkün deyildir. Həmin prinsipin gözlənilməsi Azərbaycan tarixi fənninin əsas xüsusiyyətlərindən biridir.  Digər tərəfdən, Azərbaycan tarixi ölkəmiz ərazisində yaşamış və yaşayan insanların həyatının bütün sahələrini və təzahürlərini əhatə etdiyi üçün onun başqa fənlərlə, başqa bilik sahələri ilə yüksək bağlılığı  vadır. Buna görə də Azərbaycan tarixi fənninin hər mərhələsində üfqi inteqrasiya gözlənilməlidir. Bu şagirdlər tərəfindən fənnin məzmununun mənimsənilməsinin zəruri şərtlərindən biridir.

Azərbaycan tarixinin tədrisində iki tip inteqrasiya tətbiq etmək məqsədəuyğundur: Birinci tipə fənn daxilində (şaquli) inteqrasiya, ikinci tipə isə fənlərarası (üfqi) inteqrasiya daxildir. Birinci tip inteqrasiya özündə aşağıdakı modelləri birləşdirir:

-fraqmentlənmiş (hissələrə bölünmüş) inteqrasiya;

-əlaqəli inteqrasiya;

-sıxlaşdırılmış (iç-içə yerləşdirilmiş) inteqrasiya.

          Kurikulumun ənənəvi planlaşdırma və təşkili modeli olan fraqmentlənmiş (hissələrə bölünmüş) model ayrı-ayrı fənlərin olmasını tələb edir. Burada da digər  fənnlərdə olduğu kimi, Azərbaycan tarixi də müstəqil tədris sahəsidir. Əsas və Orta təhsil pillələrində Azərbaycan tarixi ayrıca fənn kimi tədris olunur. Bu modeldə fraqmentlənmə olmasına baxmayaraq, Azərbaycan tarixi fənni daxilində tədris prioritetlərini sistemli təşkil etmək, üst-üstə düşmə və yüklənmə hallarını azaltmaq üçün inteqrasiya mövzuların, bacarıqların və konsepsiyaların sıra ilə qeyd olunması və dəyərləndirilməsi ilə başlana bilər. Məsələn, VII sinifdə "Albaniya Erkən Orta əsrlərdə” və "Atropatena Erkən Orta əsrlərdə” mövzuları bu qəbildəndir. Belə ki, Erkən Orta əsrlərdə Albaniya və Azərbaycan Sasanilər imperiyasının tərkibində olduğundan onların hər ikisində baş vermiş hadisə və təzahürlərdə oxşarlıq çoxdur. Bu mövzuların inteqrasiyası şagirdlərə Azərbaycan tarixinin həmin dövrünü tam halda dəyərləndirməklə yanaşı, hadisə və təzahürlər arasında oxşar və fərqli prosesləri müqayisə edərək səbəb-nəticə əlaqələrini müəyyənləşdirmək imkanı verir. Bu inteqrasiya modeli məzmun, konsepsiya və bacarıqların şaquli əlaqələndirilməsinin sadə forması da ola bilər. Məsələn, VII sinifdə Azərbaycan tarixindən "Ərəb xilafəti dövründə torpaq mülkiyyəti formaları”  mövzusunda verilmiş məzmun, konsepsiya və bacarıqlar VIII-X siniflərdə  iqtisadi məsələlərlə bağlı mövzuların tədrisi zamanı əlaqələndirilir. Əsas torpaq mülkiyyəti formaları kimi iqta, divan, mülk, vəqficma torpaq mülkiyyəti anlayışları bütün siniflərdə müvafiq mövzularda öyrənilir. Onlar haqqında əvvəllər əldə olunmuş bilik və bacarıqlara istinad etməklə şagirdlər daha ətraflı məzmun və bacarıq əldə etmək, müqayisələr aparmaqla torpaq mülkiyyəti formalarında baş vermiş dəyişiklikləri izləmək və onların səbəblərini müəyyənləşdirmək imkanı əldə edirlər.

         Əlaqəli inteqrasiya modeli Azərbaycan tarixi fənni daxilində diqqəti mövzulara, bacarıqlara və konsepsiyalara yönəldir. Bu modeldə fənn daxilindəki mövzular, bacarıqlar və konsepsiyalar arasındakı əlaqələr aydın şəkildə qurulur. Məsələn, insanlar arasında bərabərsizlyin yaranmasının nəticəsi olaraq sosial qrup və təbəqələrin meydana çıxması ilk dövlət qurumlarının və dövlətlərin yaranması ilə,  onlar da öz növbəsində  xalqın fiziki və mənəvi varlığının qorunması  üçün tariximizin bütün mərhələlərində müstəqil dövlətçiliyə malik olmaq, onu qorumaq və möhkəmləndirmək uğrunda mübarizə, son nəticədə  isə dövlətçiliyin inkişafı, demokratik idarəetmə formalı dövlətin-Şərqdə, bütün türk-islam dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin  yaradılması ilə əlaqələndirilir. Bu modelin üstünlüyü ondadır ki, hər bir sinifdə, hər bir təhsil mərhələsində dövlətçlik və onun qorunması konsepsiyası əlaqələndirilir, sistemləşdirilir və genişləndirilir. Bu da öz növbəsində fənn daxilində mövzuların və bacarıqların əvvəlkilərə istinad olunaraq yenidən nəzərdən keçirilməsinə və mənimsənilməsinə gətirib çıxarır.

         Sıxlaşdırpılmış (iç-içə yerəlşdirilmiş) modelə çox vaxt  "yuva” modeli də deyirlər. Azərbaycan tarixinin inteqrativ kurikulumnda  bu modeli açıq şəkildə əlaqələndirmələrin və ya kombinasiyaların qurulması yolu ilə tətbiq etmək mümkündür. Bu modelin tətbiqi əsas diqqətin fənnin daxilində çoxşaxəli bacarıqlara (sosial bacarıq, düşünmə bacarığı və məzmunyönümlü bacarıq) yönəldilməsinə şərait yaradır. Məslən, müəllim sasanilərin, ərəblərin və monqolların Azərbyacan torpaqlarına köçürmə  siyasətini şagirdlərin diqqətində saxlamaqla yanaşı, Rusiya hakim dairələrinin erməniləri Azərbaycanın şimal torpaqlarına köçürməsi siyasətinin doğurduğu demoqrafik, siyasi və iqtisadi problemlərin onlar tərəfindən  müəyyənləşdirilməsinə,  o dövrə aid sənədlərin  təhlili əsasında  "Azərbaycan torpaqlarına köçürülmələr: nəticə və reallıqlar”  mövzusunda esse yazılmasına nail ola bilər. Bu modelin tətbiqi eyni vaxtda müxtəlif sahələrə diqqətin yönəldilməsinə,  əhatəli və nəticəyönümlü  bilik əldə olunmasına şərait yaradır.

         İnteqrasiyanın ikinci tipi fənlər arasında tətbiq olunur. Bu zaman Azərbaycan tarixinin əsas və orta təhsil pillələrində  Ana dili, Oxu, Riyaziyyat,  Ümumi tarix, Coğrafiya, Kimya, Biologiya, Həyat bilgisi, Musiqi və nəğmə, Təsviri incəsənət fənləri ilə inteqrasiyası mümkündür.  Azərbaycan tarixinin inteqrativ kurrikulumunda fənlər arasında inteqrasiyanın aşağıdakı modellərini tətbiq etmək mümkündür:

-ardıcıl (sıralanmış) model;

-ümumi (ortaq) model;

-zəncirvari (hörülmüş) model;

-inteqrasiya olunmuş model.

         Azərbaycan tarixinin inteqrativ kurikulumunda Ümumdünya tarixi ilə inteqrasiya daha çox ardıcıl (sıralanmış) modelin tətbiqi nəticəsində mümkündür. Bu fənlərdə çoxlu oxşar bölmələr və mövzular vardır ki, onlar ayrı-ayrılıqda tədris olunur. Lakin onları elə planlaşdırmaq olar ki, (bunun üstün cəhəti həmin fənlərin eyni müəllim tərəfindən tədris olunmasıdır) əlaqəli konsepsiyalar, biliklər və bacarıqlar eyni çərçivədə yaranır və eyni vaxtda öyrənilir. Bu cür inteqrasiyanın həyata keçirilməsi üçün kurrikuluma dair sənədlərdə məzmun hökmən balanslaşdırılmalıdır. Azərbaycan tarixi və Ümumdünya tarixi fənləri üzrə oxşar mövzular əsasən aşağıdakılardır: "İbtidai dövr”, "İlk dövlət qurumları”, "Manna dövlətinin xarici siyasəti (Urartu və Assuriya ilə münasibətlər)”, "Azəraycan ərazisində Sak-İskit padşahlığı”, "Azərbaycan torpaqları Midiya və Əhəməni  imperiyalarının tərkibində”, "Atro­patena və Albaniyanın Roma işğallarına qarşı mübarizəsi”, "Albaynia və Atropatena Erkən Orta əsrlərdə”, "Azərbaycan Ərəb xilafətinin tərkibində”, "Azərbyacan Böyük Səlcuq, Monqol və Hülakü imperatorluqlarının tərkibində”, "Əmir Teymurun və Toxtamışın Azərbaycana yürüşləri”, "Azərbaycan Əfşar və Qacar imperatorluqlarının tərkibində”, "Azər­bay­can  Birinci və İkinci Dünya müharibələri illərində”, "Azərbaycan beynəlxalq münasibətlər sistemində (1991-2006-cı illər)”, "Azərbaycanın neft strategiyası” və s. Bu zaman fənlər ayrı olsa da, biliklər, konsepsiyalar və bacarıqlar  əlaqəli şəkildə öyrənilir.

         Ümumi model iki müxtəlif fənni vahid istiqamət üzrə bir araya gətirir. Bu modelin də Azərbaycan tarixindən inteqrativ kurrikulumda tətbiqi imkanları genişdir. Ümumi model üzrə yanaşmaya əsasən inteqrasiya  apara bilmək üçün fənn müəllimləri təlim prosesinə fənlərarası mövqelərdən yanaşaraq fənbirləşmə yığıncaqlarında əsas konsepsiyaları, bacarıq və dəyərləri müəyyənləşdirirlər.  Bu daha çox Azərbaycan tarixi və ədəbiyyat fənlərinin tədrisində  mümkündür. Məslən, ədəbiyyat müəllimi "Kitabi-Dədə Qorqud” dastanının təhlilini bir konsepsiya kimi seçə  bilər. Bu yolla ədəbiyyat və tarix müəllimləri komanda formasında fəaliyyət göstərərək şagirdlərə ümumi cəhətləri göstərə və ümumi əlamətləri  müəyyənləşdirmə prosesinə kömək edə bilərlər. Məsələn, VII sinifdə Azərbaycan tarixindən "Türk tayfalarının Azərbaycan xalqının təşəkkülündə rolu”  mövzusunu tarix və ədəbiyyat müəllimləri komanda şəklində tədris edə bilərlər. Azərbaycan xalqının təşəkkülündə mühüm rol oynamış ikinci və üçüncü etnik axınlar tarix müəllimi tərəfindən şərh olunduqdan sonra ədəbiyyat müəlliminin istiqamətvericiliyi ilə şagirdlər belə bir nəticəyə gəlirlər ki, ikinci axın zamanı Azərbaycana gələn türk mənşəli hun tayfaları ilə yanaşı oğuz türkləri daha çox üstünlük  təşkil etmişlər.  Bu mühüm tarixi faktı təsdiq edən ən etibarlı yazılı mənbə isə "Kitabi-Dədə Qorqud”  dastanıdır. Dastanın ayrı-ayrı boylarından məlum olur ki, xalqımızın soykökündə duran güclü və nüfuzlu Ağqoyunlu və Qaraqoyunlu tayfaları VI əsrin sonu-VII əsrin əvvəllərində Dərbənd keçidindən və Böyük Qafqaz sıra dağlarının ətəklərindən tutmuş Zəncanadək uzanan tarixi Azərbaycan torpaqlarının müxtəlif bölgələrində məskunlaşmışlar. "İslam dininin Azərbaycanda yayılması” mövzusunun tədrisi zamanı da ümumi modeldən istifadə etmək mümkündür.

         İnteqrasiya olunmuş model Azərbaycan tarixinin inteqrativ kurrikulumunda fənlərarası mövzuların üst-üstə düşən konsepsiyaları və onların məlum olan xüsusiyyətləri əsasında tətbiq olunur. Bu model ortaq (ümumi) modellə oxşardır. Lakin fərqli cəhət ondan ibarətdir ki, buraya ikidən artıq fənn daxil edilir. İnteqrasiya olunmuş model elm sahələri üzrə üst-üstə düşən bacarıqlar, konsepsiyalar və dəyərlər üzərində qurulur. Bu model fənn sahələrini  sinergetik  birləşdirir, yəni bir fənn üzrə biliklər digər fənndən ayrılmır, bölünmə yalnız fərqləndirilən məzmunun və ya anlayışın tədrisində baş verir. Bu model inteqrasiya fənlərinin məzmunundan əlaqəli fikirləri  seçib ayırmaq nəticəsində yaranır. Azərbaycan tarixindən inteqrasiya olunmuş modelə uyğun gələn  müəyyən dərs nümunələri vardır. Onlara "Azərbyacanın neft strategiyası” (Azərbaycan tarixi, kimya və biologiya müəllimləri tərəfindən aparılır), və "Xəzər dənizi və onun problemləri” (Azərbaycan tarixi, coğrafiya və biologiya müəllimləri tərəfindən aparılır) mövzularını misal göstərmək olar.

         


Müəllif

administrator

Oxunub

5208

Tarix

10-11-2011, 19:17

Bölmə

Kurikulum

Rəylər

3

 

 
 

Oxşar xəbərlər:

 

sevda | 26 fevral 2012 04:08

Artiq 10-ildir ki ,muellimlik fealiyyetimi dayandirmishdim....InshALLAH bu il ishlemek isteyirem..Bildiyime gore imtahanda 25-kurikulium tipli tarix suallari olacaq....Men ise bu qeder fasileden sonra needim bilmirem...Yalniz bu haqda olan kitablarin adini da qeyd etseniz gozel olar...hec olmazsa hazirlashardim...ilkin melumatlari ise sizin sayitdan aldiqim ucun sizlere teshekkur edirem...cox saq olun...

administrator | 26 fevral 2012 12:47

Sevda xanum mesele bundadi ki imtahanda kurikulum ve mentiq suallari cemi men bilen 5-5 dir amma tarixden yani fenn suallari ise 25-dir Yeni metoda qelince ise sadece biraz meshqul olmaq lazimdir cetin ish yoxdur

sevda | 27 fevral 2012 02:06

Salam...Hormetli admin gerek deqiqleshdirim...mene ele dediler...Amma yenelazimdir ki oxuyum hamisini...Buna ise vaxt- catacaq ya yox?Tarix fenni cox cetindir...Bir ili yox -bir gunun de sehv yazdin -hec olur....ne ise Allah razi olsun..yene burada melumat coxdur..hamisindan yararlanariq....saq olun...

Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.