Kiçik yaşlı məktəblilər üçün tarix dərslikləri

Kiçik yaşlı məktəblilər üçün tarix dərslikləri
Kiçik yaşlı məktəblilər üçün tarix dərslikləri və 9-10 yaşlı uşaqların inkişafının psixoloji xüsusiyyətləri "Böyük - yaşı çox olan deyil, ağılı çox olandır!” ( Atalar sözü ) Bakı, 25 iyul, 2011- 10 yanvar 2012-ci il Aydın Allahverdiyev Bakı, 72 saylı məktəb-liseyin tarix müəllimi, "Azərbaycan Tarix Müəllimləri” İctimai Birliyi İdarə Heyətinin üzvü Dərsliklər milli, sosial və dövlətçilik maraqlarına xidmət edən təlim prosesinin mühüm komponentini təşkil edirlər. Sosial fənn dərslikləri, o cümlədən tarix dərslikləri bu sırada xüsusi yer tuturlar. İnsanın ifrat millətçi, əslini, kökünü, keçmişini danan, yaxud unudan bir manqurt və ya öz xalqını ürəkdən sevən, eyni zamanda insanpərvər, beynəlmiləlçi bir şəxs kimi yetişməsində bəlkə də tarix fənni qədər mühüm rol oynayan ikinci bir fənn yoxdur.(1) Biliyin hələlik daha cox dərsliklərdən alındığı bizim kimi dövlətlərdə cəmiyyətin gələcəyi bir çox hallarda dərsliklərdə təbliğ edilən ideyalardan birbaşa asılı olur. Necə deyərlər, dərsliklər əsasında bütöv nəsillər yetişir. Bu baxımdan ictimai fənn dərslikləri, xüsusən də, tarix dərslikləri daim yeniləşən, cəmiyyətin tələblərinə uyğunlaşmağı bacaran, faydalı və yaradıcı şəxsiyyət yetişdirilməsidə, bu yolla həm də ictimai şüurun formalaşmasında əvəzsiz rol oynayırlar. Lakin internetin getdikcə həyatımıza daha çox daxil olduğu indiki dövrdə informasiya mənbələri xeyli çoxaldığından dərsliklərin əsas informasiya mənbəyi rolunu oynamaq funksiyası da tədricən dəyişir. Belə bir şəraitdə dərsliyin informasiya mənbəyi olmaqdan daha cox, informasiyanı, bilikləri necə əldə etməyi öyrənmək vasitəsi olması rolu ön plana keçir. Müasir dərslik eyni zamanda şagirdin müxtəlif kanallardan aldığı informasiyanı sistemə salmalı, təlimə xidmət edən bütün vasitələri (dərs vəsaitləri, elmi-kütləvi ədəbiyyat, bədii ədəbiyyat, əyani vasitələr, audio-videomateriallar, internet resursları və sair digər didaktik materialları ) əlaqələndirməli, şagirdin bunlarla işini koordinasiya etməli, istiqamətverici rol oynamalıdır.(2) Respublikamızda təhsil sahəsində ciddi islahatlara dövlət müstəqilliyi əldə edildikdən sonra başlanmış və bu gün də davam etməkdədir. Fənn kurikulumlarının (təlimnamələrinin) hazırlanması və bunların əsasında milli strateji maraqlara istiqamətlənmiş yeni dərsliklərin yazılması da təhsil sistemində həyata keçirilən çətin və çoxşaxəli islahatların tərkib hissəsidir. Lakin təəssüf hissi ilə qeyd etməliyəm ki, tarix dərsliklərinin həm dizayn, həm də məzmun baxımından ildən ilə təkmilləşməsinə baxmayaraq, onlara xas olan bir sıra ənənəvi qüsurlar hələ də qalmaqdadır. Əslində, yaxşı tarix dərsliyi obyektiv meyarların və subyektiv təcrübənin nəticəsində yaranır.(3) Düşünürəm ki, bu meyarlarla zəif tanışlıq, həm də bir qədər təcrübəsizlik dərsliklərimizin qeyd olunan qüsurlarının əsas səbəbləridir. Hazırda tarix fənnindən kurikulum (təlimnamə) standartlarına uyğun olaraq orta umumtəhsil məktəblərinin V sinifləri üçün yeni tarix dərslikləri hazırlanır. Bir istifadəçi, tarix müəllimi və vətəndaş kimi arzu etdiyim yaxşı tarix dərsliyi ilə bağlı düşüncələrimi Sizinlə, əlbəttə, nəzərə alsalar, həm də hörmətli dərslik müəllifləri ilə bölüşmək istəyirəm. Hörmətli həmkarlar, müşahidə və araşdırmalar göstərir ki, pedaqoji prosesin təşkili zamanı, xüsusən də dərsliklər və dərs vəsaitləri tərtib olunarkən müxtəlif yaş mərhələlərində uşaqların inkişafının psixoloji xüsusiyyətlərinin nəzərə alınmaması, layihəsiz və smetasız bir evin tikintisinə başlamağa bənzəyir. Nəticənin necə olacağı əvvəlcədən bəlli olmur. Məsələnin vacibliyini nəzərə alaraq, 9-10 yaşlı uşaqların inkişafının aşağıdakı psixoloji xüsusiyyətlərini nəzərinizə çatdırıram. Müşahidələr göstərir ki, bu yaş dövründə uşaqlar hələ valideyinlərinə bağlı olur və tez-tez onların yardımına ehtiyac hiss edirlər. (4) Deməli, bu dövrdə valideyinlə uşaq arasında sıx və səmimi münasibətlərin qurulması üçün imkan yaranır. Valideyinlər öz övladlarının ən yaxın dostuna çevrilmək şansı əldə edirlər. Bu imkanın itirilməsi, sonralar ailə daxilində ciddi problemlərin yaşanmasına gətirib çıxara bilər. Dərslik və dərs vəsaitlərində müvafiq tapşırıqlar (məsələn: ailə tarixinin araşdırılması, yaxud valideyinlər arsında onların şahidi olduqları əlamətdar tarixi hadisələrlə bağlı sorğuların aparılması və s.) verməklə valideyin-uşaq münasibətlərinin möhkəmlənməsinə yardım etmək olar. Pedaqoji təcrübə də bunu təsdiq edir. Məlumdur ki, bu yaş dövründə uşağın özünə inamı hələ zəif olur, eyni zamanda, onun möhkəmləndirilməsinə ehtiyac hiss edir. (5) Bu hissi gerçəkləşdirmək üçün, şagirdə onun həll edə biləcəyi tapşırıqları vermək, uğurlu nəticələr əldə etdikdə rəğbətləndirmək, uğursuzluğa görə isə danlamamaq tövsiyə olunur. Əksinə, görülmüş işin müsbət cəhətlərini qeyd edib tərifləmək, uğursüzluğa səbəb olan nöqsanları şagirdin nəzərinə çatdırmaq və aradan qaldırmaq yollarını başa salmaq lazımdır. Lakin eyni zamanda diqqət yetirmək lazımdır ki, tərif və rəğbətləndirmə uşaqda müştəbehlik, təkəbbür və səhlənkarlıq kimi mənfi keyfiyyətlərin formalaşmasına gətirib çıxarmasın. Dərslik və vəsaitlərdə hərdən elə tapşırıq və situasiyalar nəzərdə tutulmalıdır ki, onlarla tanış olan şagird bu mənfi keyfiyyətlərin insan üçün hansı acı nəticələr verə biləcəyini görə bilsin. Ümumiyyətlə, sual və tapşırıqlar tərtib olunarkən uşaqların burada göstərilən meyil, maraq və psixoloji imkanlarının nəzərə alınması təlimin şəxsiyyət yönümlülüyünü təmin etmiş olardı. Məlumdur ki, 9-10 yaşlı uşaqların qavrayışında konkretlik və emosionallıq hələ güclü olur. Onlar tanış olduqları müsbət qəhrəmanlara bənzəməyə çalışırlar. (4) Bu səbəbdən, emosional baxımdan parlaq, maraqlı, həmçinin milli və ümumbəşəri dəyərlərin üst-üstə düşdüyü pozitiv nümunələr əsasında tərtib olunmuş mətn və tapşırıqlar təlimin müasir məqsədlərinə daha effektli nail olmağa imkan verir. Araşdırmalar göstərir ki, uşaqlar dərsliklərindən daha çox müəllimlərinin dediklərinə inanırlar.(3) Lakin, 9-10 yaşlarında onların psixi funksiyalarında ixtiyarilik səviyyəsi (seçicilik) keyfiyyətcə dəyişməyə başlayır. Onlarda idrak obyektlərinə tənqidi yanaşma meyli güclənir.(4) Bu səbəbdən müəllimin etdiyi səhvlər ona olan inamı azalda bilər. Müəlliflər mətn, sual və tapşırıqları tərtib edərkən, müəllimlər isə təlim zamanı bu amilə xüsusi diqqət yetirməlidirlər. Müəllimlər dərsi, muəlliflər isə dərsliyi bacarıqların formalaşması üçün az əhəmiyyətli təfərrüatlarla yükləməməlidirlər. Müşahidələr göstərir ki, nəzərdən keçirilən yaş dövründə uşaqların sumük və əzələləri hələ tam möhkəmlənmir. Bu səbəbdən, onlar çox yazı yazmaqdan xoşlanmır, tez-tez barmaqlarının yorulmasından şikayətlənirlər. Uşaqları səhv yazdıqlarını yenidən yazmağa vadar etdikdə, yenə pis, bəzən isə daha pis nəticələr əldə olunur. Bu, uşağın yorulduğunu göstərən ciddi siqnaldır. Mətn və tapşırıqlar elə tərtib olunmalıdır ki, onları həll etdikdən sonra şagirdin başqa uşaqlarla oynamağa, əylənməyə və digər işləri ilə məşğul olmağa vaxtı qalmış olsun. Hər paraqraf üçün sual və tapşırıqların sayının 2- 3 dənədən artıq olması tövsiyə olunmur. Unutmaq olmaz ki, 9-10 yaşlı uşaqların fənnə münasibəti daha çox müəllimin obrazı və fənnin doğurduğu hisslərlə bağlı olur. Təqdim olunan materialların, mətn və tapşırıqların keyfiyyəti, o cümlədən təlim prosesinin necə qurulması bu münasıbətin formalaşmasında önəmli rol oynayır. Bu səbəbdən həm tapşırıqlar, həm də təlim texnologiyaları tövsiyə olunarkən təlim şəraiti daim diqqət mərkəzində saxlanılmalı, yalnız şəhər məktəbləri nəzərdə tutulmamalıdır. Tapşırıqlar uşağın anlaya bildiyi şəkildə, həyatdan götürülmüş misallar üzərində qurulmalı, onların həlli şagird üçün həyati bacarıqların (təcrübənin) əldə olunmasına gətirib çıxarmalıdır. (Məsələn: müxtəlif tarixi artefaktların, islahat, yaxud qanun layihələrinin hazırlanması və s.) Bu işlərin qrup halında görülməsi, qrup üzvləri arasında vəzifə bölgüsünün aparılması və icra vaxtının əvvəldən müəyyən edilməsi şagirdlərdə kommunikabellik keyfiyyəti və əməkdaşlıq mühitinində işləmək vərdişləri yaradır. Birgə fəaliyyət şagirdlərdə qarşılıqlı məsuliyyət, cavabdehlik hissini gücləndirir.(5) Onlar bir-birindən bəhrələnir, gücün birlikdə olduğunu dərk edirlər. Bu keyfiyyətin əldə olunmasının daxili parçalanmalar üzündən başı bəlalar çəkmiş millətimizə nə qədər faydalı olduğunu isbat etməyə, zənnimcə, ehtiyac yoxdur. Materiallar sadədən mürəkkəbə doğru elə tərtib olunmalıdır ki, hər bir sonrakı mərhələdə problemlərin, o cümlədən sual və tapşırıqların həlli əvvəlki mərhələdə əldə olunmuş bilik və təcrübə əsasında baş tutmuş olsun. Bu tezisin dərslikdə, iş dəftərində və müəllim üçün vəsaitdə reallaşması təmin olunmalıdır. Əks-təqdirdə, dərsliyin tələb edilən inkişafetdirici- lik funksiyası ödənilməyəcəkdir. Psixoloqlar göstərir ki, hafizə "üç sütunun” üstündə dayanır. Bunlar assosiasiya, təəssürat və təkrardır. 12 yaşadək uşaqların hafizəsi mexaniki və emosional xarakter daşıyır. Onlar parlaq qəhrəman obrazlarını və onlarla bağlı hadisələri yaxşı yadda saxlayırlar. Digər tərəfdən, informasiyanın qəbulu zamanı eyni anda nə qədər çox analizator (duyğu üzvü) iştirak edərsə, informasiya o qədər yaxşı yadda qalır.(4) Görmə yaddaşı isə daha güclü olur. Bu səbəbdən kiçik yaşlı uşaqlar üçün tərtib olunan dərsliklərdə zəruri məlumatların bir qisminin illüstrasiyalar vasitəsi ilə çatdırılması vacibdir. Təcrubədən o da məlumdur ki, uşaqlar öyrəndikləri məlumatın sonra lazım olacağını bildikdə onu daha yaxşı yadda saxlamağa meyilli olurlar. Müəlliflərin dərslikdə, müəllimlərin isə təlim zamanı muvafiq anonslar verməsi qeyd olunan psixoloji meylin stimullaşdırılmasına xidmət edərdi. Müşahidələr göstərir ki, uzun cümlələr, xırda təfərrüatlarla dolu izahatlar uşaqların yadında qalmır. Unutmaq olmaz ki, kiçik yaşlı uşaqlar (təəssüf ki, bəzi yaşlılar da) yadda saxlamanı əzbərləmək kimi anlayırlar. Bu, təhlükəlidir. Psixoloji eksperimentlər nəticəsində müəyyən olunmuşdur ki, 6 rabitəsiz sözü yadda saxlamaq üçün bir təkrar kifayət etdiyi halda, 12 belə sözü yadda saxlamaq üçün 14-15 təkrar, 36 rabitəsiz söz üçün isə 55 (!) təkrar lazımdır. Alman psixoloqu Ebbinhauz öz üzərində qoyduğu təcrübələr əsasında müəyyən etmişdir ki, rabitəsiz söz yığınından ibarət cümlələrlə müqayisədə şeiri 9-10 dəfə tez öyrənmək mümkündür.(6) Müəlliflər tərtib etdikləri mətnlərin yaxşı yadda qalması üçün ilk növbədə istifadə etdikləri sözlərin cümlə daxilində, cümlələrin isə mətn daxilində məntiqi rabitəsinə (üslubiyyətə) xüsusi diqqət yetirməlidirlər. Çünki insanlar söz və cümlələri deyil, onların ifadə etdiyi fikir və ideyaları öz təxəyyül süzgəclərindən keçirib ( yəni "öz dillərinə tərcümə edib”) yadda saxlayırlar. Onları anlamadıqları şeyləri əzbərləməyə məcbur etmək isə passiv və asılı insan yetişdirmək deməkdir. Bu isə qloballaşan dünyaya getdikcə daha çox inteqrasiya edən millətimizin strateji hədəflərinə, zənnimcə, uyğun deyil. Təlim prosesində təkcə hansı tip sual və tapşırıqlardan istifadə edilməsi deyil, həm də onlardan necə və nə zaman istifadə edilməsi də mühüm əhəmiyyət kəsb edir. Təcrübə göstərir ki, sonrakı paraqraflarda əvvəlki mövzularla əlaqəli sual və tapşırıqların qoyulması vacibdir. Bu, bir tərəfdən əldə olunmuş biliklərin möhkəmləndirilməsinə, digər tərəfdən isə yuxarıda qeyd etdiyimiz kimi dərsliyin inkişafetdiricilik funksiyasının reallaşmasına xidmət edir. Pedaqoji təcrübədən məlumdur ki, plan və tezislərin tərtibi ilə bağlı tapşırıqlar da şagirdin öz biliyini sistemləşdirməsinə və davamlı yadda saxlamasına yardım edir.(4) Bu səbəbdən təlim zamanı onlardan istifadə edilməsi məqsədəuyğundur. Zənnimcə, dərslik və dərs vəsaitlərinin tərtibi zamanı şagirdin qeyd olunan psixoloji xüsusiyyətlərinin nəzərə alınması mənimsəməni xeyli yaxşılaşdırar, həmin dərslik və vəsaitlərin uğurunu təmin etmiş olardı. Hafizəni gücləndirmək, mənimsəmənin keyfiyyətini yaxşılaşdırmaq üçün empatik (hissi) qavrama metodundan da istifadə edilməsi zəruridir. Bu metodun ən yaxşı formalarından biri rollu oyunlardır. Rollu oyunlar vasitəsi ilə tarixi və sosial təcrübəni daha yaxşı qavramaq mümkündür. Tarixi şəxsiyyətlərin səhv və nöqsanlarının acı nəticələrini, yaxud dövlət əhəmiyyətli məsələlərin həlli zamanı qarşılaşdıqları çətinlikləri göstərən kiçik tamaşa və səhnəciklər həm də güclü tərbiyəedici təsirə malikdirlər. Lakin onların hazırlanması yaradıcı və vaxtaparan iş olduğundan, müəllimlər bu metodun tətbiqinə həvəs göstərmirlər. Bu səbəbdən onların vəsaitdə hazır şəkildə verilməsinə ehtiyac var. Təcrübə göstərir ki, beynəlxalq müqavilələrin şərtləri, yaxud mühüm islahatlarla bağlı mövzuların öyrənilməsi zamanı rollu oyunlardan istifadə edilməsi təlim məqsədlərinə daha effektli nail olmağa imkan verir. Psixoloji araşdırmalar 9-10 yaşlı uşaqlarda həm də diqqətin həcminin genişləndiyini göstərir. Onlar eyni vaxtda 4-5 obyekti qavraya bilirlər.(4) Bu yaşda uşaqlar müqayisə aparmaq, oxsar, yaxud fərqli cəhətləri tapmaq imkanına malik olurlar. Müvafiq sual və tapşırıqlar qeyd olunan qabiliyyətin inkişafına xidmət edir. Lakin bu yaşda uşaqların diqqəti hələ yetərincə davamlı olmadığından, müəlliflər bu amili nəzərə almalı, mətn və tapşırıqları elə həcmdə tərtib etməlidirlər ki, pedaqoji normalara riayət olunması şərti ilə onların düzgün oxunmasına şagird maksimum 10 dəqiqə vaxt sərf etmiş olsun. Eyni zamanda məlumdur ki, 9-10 yaşlı şagirdlər bilavasitə təlabatları ilə bağlı olan, yaxud onları maraqlandıran məsələlərlə qarşılaşdıqda həmin məsələlər üzərində diqqətlərini daha çox (15-20 dəqiqə) cəmləşdirə bilirlər. (6) Uşaqların diqqətinin mərkəzləşməsini təmin etmək və davamlılığını artırmaq üçün mətnlərdə əsas anlayışların, mühüm məsələlərin xüsusi şriftlərlə fərqləndirilməsi (qiraətin idarə olunması taktikası), paraqrafların adının yığcam və stimullaşdırıcı, illüstrasiyaların rəngli və iri, tapşırıqların eynitipli, yorucu deyil, rəngarəng və maraqlı tərtib edilməsi məqsədəuyğundur. Muqayisə xarakterli, yaxud əsas əlmətin tapılmasını tələb edən tapşırıqlar diqqətin mərkəzləşməsinə və onun davamlılığının artırılmasına xidmət edirlər. Müşahidələr göstərir ki, rejimlə işləmək, səliqəli və intizamlı olmaq da diqqəti gücləndirən amillərdəndir. Dərslik və vəsaitlərin hazırlanması, həmçinin təlim zamanı bunların nəzərə alınması, zənnimcə, təhsilin keyfiyyətini xeyli yaxşılaşdırar, ictimai faydalı bacarıqlara malik insan yetişdirmək ideyasının reallaşmasına xidmət edərdi. Məlumdur ki, 9-10 yaşlı uşaqlarda ixtiyari (seçici) diqqətin inkişaf etməsi üçün də psixoloji zəmin yaranır.(4) Təcrübə göstərir ki, bu imkandan vaxtında istifadə edilməməsi, yuxarı siniflərdə mənimsəmədə müəyyən problemlər yaradır. Şagirdlər müəyyən zahiri bənzəyişi olan fərqli şeyləri ayırmaqda çətinlik çəkirlər. Bu səbəbdən həm müəllim üçün vəsaitdə, həm də şagird üçün iş dəftərində oxşar olanlar arasında fərqin , fərqli olanlar arasında isə oxşarlıqların (bu yaş həddi üçün 1-2 əlamətin) tapılmasını ehtiva edən tapşırıqların davamlı verilməsi məqsədəuyğundur. Təcrübə göstərir ki, şagirdlərin fənni yaxşı mənimsəmələrinə mane olan səbəblərdən biri də həmin fənnin dilini (anlayışlar və onların məna çalarları arasındakı fərqləri) başa düşməmələridir. Təəssüf ki, anlayışlara qeyri-həssas yanaşma bu gün təkcə uşaqlar deyil, yaşlılar arasında da yayılmışdır. Ən dəhşətlisi isə belə qüsurlara dərsliklərdə də rast gəlinməsidir. Kiçik yaşlı uşaqlar təqlid etməyə meyilli olurlar.(4) Bu səbəbdən həm müəllimin nitqi, həm də dərsliyin dili şagirdlər üçün nümunə olmalıdır. Dərslik və dərs vəsaitlərinin tərtibi zamanı müəlliflər bu amili xüsusi diqqətdə saxlamalı, həm özləri anlayışlara həssas yanaşmalı, həm də rəngarəng sual və tapşırıqlar (məsələn: a) anlayışın mənasını tap, b) şifrələnmiş anlayışı tap, c) anlayışa mənaca yaxın anlayışı seç, d) zahiri bənzəyişi olan 2 terminin uyğun mənalarını seç və s.) qoymaqla bu vərdişi şagirdlərə aşılamalıdırlar. Unutmaq olmaz ki, düzgün yazı vərdişləri, düzgün oxu və nitq vərdişlərindən sonra yaranır. (4) Təlimin keyfiyyətinə təsir edən mühüm amillərdən biri də qiymətləndirmədir. Təəssüf ki, müəllimlərimiz bəzən "qiymətlə” "qiymətləndirmə”ni eyniləşdirirlər. Halbuki bunlar fərqli anlayışlardır. Qiymət - keyfiyyətin səviyyəsini göstərən ölçü vahidi, qiymətləndirmə isə nəticələrin təhlili, onlara rəy verilməsi, münasibət bildirilməsidir. Əslində daha əhəmiyyətli olan qiymətləndirmə ədalətli və obyektiv olduqda, təlimin nəticələrinin yaxşılaşmasına güclü təsir edir. Psixoloqlar göstərirlər ki, 9-10 yaşlı uşaqlar müqayisə etməklə yanaşı, nəticələr çıxarmaq, səhvləri, uyğunsuzluqları tapmaq, onları törədən səbəblər barədə müəyyən mülahizələr söyləmək imkanına malik olurlar.(6) Lakin, pedaqoji təcrübə göstərir ki, şagirdlərimizin bir hissəsi, hətta yuxarı yaş həddində belə özlərinə və ətrafda baş verənlərə obyektiv və ədalətli qiymət verməkdə çətinlik çəkirlər. Əhəmiyyətli olanların vaxtında və düzgün dəyərləndirilməməsi isə cəmiyyətin inkişafına ləngidici təsir edir. İctimai şüurda təzahürü hazırda qabarıq hiss edilən bu qüsuru təlim prosesində tədricən aradan qaldırmaq mümkündür. Bunun üçün dərslikdə və iş dəftərindəki tapşırıqların hazır nümunələri müəllim üçün vəsaitdə verilməlidir. Müəllim təlim zamanı müəyyən vaxtdan sonra düzgün nəticəni ortaya qoyub, şagirdlərinə səhvləri tapmağı və qiymətləndirməyi tövsiyə edə bilər. Nəzərdən keçirilən yaş dövründə uşaqlarda idrak maraqları da yaranmağa başlayır. Psixoloqlar göstərirlər ki, onlar problemləri ayrı-ayrı həll etməkdənsə, onların ümumi həlli üsulunu tapmağa meyil edirlər.(4) Bu yolla əslində onlar dövr, predmet, hadisə və proseslər arasında əsas əlaqə və münasibətləri tapmağa çalışırlar. Həm dərslikdə , həm də vəsaitlərdə, xüsusən də iş dəftərində elə tapşırıqlar qoymaq olar ki, uşaqlarda müşahidə olunan bu meyil inkişaf etmiş olsun. Məsələn: oxşar, yaxud fərqli cəhətlərin, predmet, hadisə və ya proseslər arasında qanunauyğunluqların aşkar edilməsini, yaxud verilmiş qanunauyğunluqları tətbiq etməklə problemin həllinin tapılmasını tələb edən, sadə və ya orta çətinlik səviyyəsində olan tapşırıqlar. Bu tip tapşırıqların tərtibi zamanı şagirdin , əvvələrdə qeyd olunan psixoloji imkanları da nəzərə alınmalıdır. Nəzərdən keçirilən yaş dövründə uşaqlar məkanı həm əyaniliklə bağlı, həm də onsuz müəyyənləşdirməyi bacarırlar. Təcrübə göstərir ki, öyrədildikdə onlar "şərq-qərb”, "şimal- cənub” və s. kimi məkan anlayışlarını düzgün dərk edib, tətbiq edə bilirlər.(4) Bu bacarıqları möhkəmləndirmək üçün dərslik və dərs vəsaitlərində müvafiq tapşırıqların nəzərdə tutulması məqsədəuyğundur. Təlim nəticəsində 7-8 yaşlı uşaqlarda həm də zaman haqqında ilkin təsəvvürlər formalaşmağa başlayır. Onlar saata görə vaxtı müəyyən etməyi, "dünən”, "bu gün” və "sabah” kimi zaman anlayışlarını fərqləndirməyi bacarırlar. Lakin məkandan fərqli olaraq, zaman kiçik yaşlı uşaqların şüurunda konkret əlamətlərlə əks olunmadığından, idrak obyekti kimi çox çətin qavranılır. Xüsusən də, onlar "dünən”in sırağa gün üçün "sabah” olduğunu, "sabah”ın isə o biri gün üçün "dünən”ə çevriləcəyini ( zaman fasiləsiz dəyişdiyindən, zaman məfhumlarının nisbi xarakter daşımasını ) anlaya bilmirlər.(4) 9-10 yaşlı uşaqlar həm də, "bizim era”, "bizim eradan əvvəl” kimi iri zaman kəsiklərində tarixi proseslərin vaxtını müəyyən etməkdə, müəllimlər isə bunu öyrətməkdə çox böyük çətinliklərlə qarşılaşırlar. Bu, ilk növbədə uşaqların qavrayışının hələlik daha çox konkret, assosiativ və emosional xarakter daşıması ilə bağlıdır. Lakin çətinliklərə baxmayaraq, 9-10 yaşlı uşaqların psixoloji imkanlarını nəzərə almaqla bu problemin mərhələli həlli mümkündür. Bunun üçün müəllif dərslikdə, müəllim isə sinifdə ( vəsaitdə dərsin təşkili və aparılması ilə bağlı müvafiq tövsiyələr verilməlidir ) əyanilikdən ( şəkillərdən, sxemlərdən və s. ) istifadə etməklə, uşağa tanış olan ( həyatdan götürülmüş ) və yadda qalan misallarla, mümkün qədər sadə dildə, əvvəlcə zaman ölçü vahidləri haqda uşaqlara tanış olan biliklərə (saat, gün, həftə, ay, təqvim) istinad edib, il, əsr və minillik kimi yeni zaman məfhumlarını izah etməlidir. Sonra uşaqlar "era” və "bizim era” (yaxud,"miladdan sonra”. "Hicri era”nın isə 7-ci sinifdə öyrədilməsi məqsədəuyğundur.) anlayişları ilə tanış olub, bu zaman kəsiyində tarixi hadisələrin vaxtını müəyyən etmək qaydalarını öyrənməli və tətbiq etməyi bacarmalıdırlar. Daha sonra isə (yaxşı olardı ki, növbəti dərsdə) onlar ”bizim eradan əvvəl” ( yaxud,”miladdan əvvəl”) məfhumu ilə tanış olub, həmin zaman kəsiyində tarixi hadisələrin vaxtını müəyyən etmək qaydalarına yiyələnməli və onun "bizim era”dakından fərqlərini tapmağı bacarmalıdırlar. Yalnız bu işlər görüldükdən sonra şagirdlərə ayrı-ayrı eraları əhatə edən tarixi hadisələrin "zaman yolu”nda necə yerləşdiyini göstərmək və onlar arasında vaxt fərqinin tapılması ilə bağlı hesablamalar aparmaq üsullarını öyrətmək olar. Fənnin öyrənilməsində son dərəcə əhəmiyyətli olan bu çətin məsələnin şagirdlər tərəfindən keyfiyyətli mənimsənilməsi üçün, onun bütün tədris ili ərzində diqqət mərkəzində saxlanması, müvafiq sual və tapşırıqlar vasitəsi ilə təkrar-təkrar yoxlanması və möhkəmləndirilməsi vacibdir. Yuxarıda qeyd etdiyimiz kimi, 9-10 yaşlı uşaqların təfəkküründə konkretlik və emosionallıq əsas yer tutur. Onlar konkret obyektlər və bu obyektlər arasında əlaqələrlə bağlı fikri əməliyyatlar apara bilir, üzərində işlədikləri əyani obyektlər arasında fərqli və oxşar cəhətləri tapmağı bacarırlar. Lakin müşahidələr göstərir ki, bu zaman onlar fərqləri daha asan müəyyənləşdirirlər. Psixoloqların fikrincə 9-10 yaşlı şagirdlər oxşar şərtlər daxilində oxşar nəticələri tapmağı tələb edən tapşırıqları həll etmək gücündədirlər.(5) Onlar həm də mətndən müxtəlif məzmunlu süjetləri ayırmaq, predmet və hadisələri ümümi əlamətlərinə görə qruplaşdırmaq, onların mühüm əlamətlərini seçmək bacarığına malikdirlər. Lakin hökm verərkən, yaxud nəticə çıxararkən uşaqlar adətən ya ayrı-ayrı parlaq faktlara, ya da öz təcrübələrinə əsaslanırlar. Kiçik yaşlı şagirdlərin qeyd olunan imkanlarının daha dolğun reallaşması üçün tapşırıqlar əyanilik üzərində qurulmalı (xəritə, sxem, illüstrasiya və s.), yaxud onlara həyatdan və ya dərslikdən tanış olan parlaq nümunələr əsasında tərtib olunmalıdır.Verilmiş şərtlər nəzərə alınmaqla tərtib olunmuş, səhvləri (yaxud, uyğunsuzluqları) tap, onları törədən səbəbləri (bir və ya iki) müəyyən et tipli tapşırıqlar uşaqların təfəkkürünü inkişaf etdirən tapşırıqlardır. Nəzərdən keçırlən yaş dövründə uşaqların bərpaedici təxəyyülü hələ sabit olmur, əyaniliyə əsaslanır və qeyd olunduğu kimi, emosional xarakter daşıyır. Bu səbəbdən tarixlə müqayisədə onlar təbiətşünaslığa aid mətnlər əsasında müxtəlif obrazları təxəyyüldə daha asan yarada bilirlər. Psixoloqlar müəyyən etmişlər ki, uşaqlar baharda baharı, qışda qışı təsvir edən mətnləri təxəyyüldə daha asan canlandırır və yaxşı mənimsəyirlər.(4) Çünki yeni informasiyanın qəbulu zamanı şagirdin xarici aləmdən aldığı parlaq və canlı təəssürat təxəyyülun aktivliyinə səmərəli təsir edir. Bu səbəbdən bəzi dərslərin hadisələrin baş verdiyi mövsümə uyğun vaxtda, yaxud muzeydə keçirilməsi yaxşı nəticə verir. Müşahidələr göstərir ki, məktəbəqədərki yaş dövründə çoxlu nağıl və hekayə dinləmiş uşaqların bərpaedici təxəyyülü daha yaxşı inkişaf etmiş olur. Belə uşaqlar məktəbdə oxuduqları tarixi mətnlərdəki emosional baxımdan parlaq obrazları, illüstrasiyalara istinadən, təxəyyüldə nisbətən asan bərpa edə bilirlər. Psixoloji tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, 6-7 yaşlı uşaqlar mətndə təsvir edilən 10 əlamətdən 3-nü, 7-8 yaşlılar 4-5-ni, 9-10 yaşlılar isə 8-ni təxəyyüldə əks etdirmək imkanına malikdirlər.(5) Mövzuların aydın və canlı dildə yazılması, "... təsvir et”, "... şəklini çək” kimi tapşırıqların qoyulması uşaqlarda bərpaedici təxəyyülün inkişafına pozitiv təsir edir. Bu isə öz növbəsində yaradıcı təxəyyülün inkişafına təkan verir və uşaqlarda düşüncələrini şəkil vasitəsi ilə təsvir etməyə, müxtəlif oyunlar icad etməyə, özündən nağıl və hekayələr uydurmağa meyil yaradır. Qeyd olunanları nəzərə alaraq, təlim prosesinin müəyyən mərhələsində şagirdlər bir müddət bərpaedici təxəyyülü inkişaf etdirən tapşırıqlarla işlədikdən sonra onlara yaradıcı təxəyyülü inkişaf etdirən tapşırıqların verilməsi vacibdir. Məsələn: "Bu belə olmasaydı ... davam edib öz hekayənizi tərtib edin”, "A, yaxud, A və B dəyişdikdə nələr dəyişərdi” və s., yaxud informasiyanın bir ifadə formasından başqa ifadə formasına keçirilməsini nəzərdə tutan, məsələn; mətn əsasında şəkil çəkin, şəkil əsasında kiçik süjet tərtib edin və s. kimi yaradıcı tapşırıqlar tədris ilinin ikinci yarısından nəzərdə tutulmalıdır. Dərs ilinin sonuna yaxın isə şagirdin qarşısında öyrəndiyi tarixi hadisə və proseslərin bütün mümkün səbəbləri və ya nəticələri ilə bağlı mülahizələr söyləməyi tələb edən tapşırıqlar qoyulmalıdır. Şagirdin bu vaxtadək qazandığı bilik və bacarıqları səfərbər etməklə belə tapşırıqları həll edə bilməsi onun inkişafının göstəricisi hesab oluna bilər. Tədqiqatlar göstərir ki, 9-10 yaşlı uşaqların hissləri hələ sabit olmur.(4) Kiçicik bir uğursuzluq onların əhvalını dəyişdirir və ruhdan salır. Uşaq gördüyü işə görə tərif və rəğbətləndirmə gözləyir. Uğurlu nəticələr onu qanadlandırır və özünəinam hissini gücləndirir. Təlim zamanı şagirdlərə özünüifadə imkanı yaradılmalıdır. Bunun üçun dərslik və vəsaitlər müxtəlif səviyyəli çalışmalarla təchiz olunmalı, müəllimlər isə sagirdlərə dərsdə differensial yanaşmanı (hər kəsə bacarığına uyğun tapşırıqlar verilməsini) təmin etməlidirlər. Əziz həmkarlar, nəzərdən keçirilən yaş dövrü, həm də uşaqlara vacib dəyərlərin aşılanması üçün ən əlverişli vaxtdır. Onları daha çox pozitiv nümunələr əsasında tərbiyə etmək lazımdır. Təlim zamanı bu cəhət diqqət mərkəzində saxlanmalıdır. Unutmaq olmaz ki, uşaqlar faydalılığını dərk etdikləri şeylərə xüsusi maraq göstərirlər. Qazandıqları biliyin uğurlu tətbiqi bu marağı daha da gücləndirir. Lakin məktəbdə təlqin olunan dəyərlərlə, reallıqlar arasında ziddiyyət yaranarsa, yaxud uşağın dəyər kimi mənimsədiyi şeylər məktəbdə ona fayda , cəmiyyətdə isə ziyan gətirərsə, onda ətrafdakılara etimadsızlıq, ikiüzlülük və yalançılıq kimi mənfi keyfiyyətlərin formalaşması qaçılmazdır. Müəyyən olunmuşdur ki, 6-8 yaşlı uşaqları maraqlı fakt və hadisələr özünə daha çox cəlb edir. Onlar səyahəti sevir, sərgüzəştli, fantastik hadisələrə xüsusi maraq göstərirlər. 9-11 yaşlılar isə həm də bu hadisələrin səbəbini tapmağa çalışırlar. Onlar insanların davranışlarını qiymətləndirməyə maraq göstərir, özlərini yaşlı həmcinsləri ilə müqayisə etməyə başlayırlar. Bu səbəbdən, dərslik və dərs vəsaitlərində pozitiv tarixi şəxsiyyətlərin (o cümlədən, qızların tərbiyəsi üçün örnək ola biləcək görkəmli qadınların) həyatını əks etdirən yazıların olması vacibdir. Bu yaş dövründə uşaqların müxtəlif məsələlərə dair öz mülahizələrini söyləməyə həvəs göstərdiklərini nəzərə alaraq, - Baş vermiş dəyişiklik kimin maraqlarına uyğundur?, - Siz o dövrdə yaşasaydınız hansı fikrinizi həyata keçirməyə çalışardınız?, Nə üçün?, - Öyrəndiyiniz tarixi dövrdə mövcud olmuş qaydalardan hansı artıq yoxdur, yaxud dəyişməmişdir? və s. -kimi tapşırıqlar qoymaqla onları düşündürmək və fikirlərini ifadə etməyə həvəsləndirmək mümkündür. Əziz həmkarlar, Azərbaycan Respublikasında 2005-ci ildə qəbul olunmuş "Ümumi təhsil sistemində dərslik siyasəti” adlı sənəddə göstərilir ki, "ümumi təhsil sistemində dərslik siyasəti Azərbaycan hökumətinin strateji fəaliyyət dairəsinə daxil olan təhsil sahəsində prioritet istiqamətlərdən biridir.” (7) Çunki dərsliklər azad, cəsarətli, təşəbbüskar, yaradıcı təfəkkürə malik olan, dəyər verməyi və strateji düşünməyi bacaran, işgüzar, həssas, millətini və vətənini sevən, ümumbəşəri dəyərlərə hörmətlə yanaşan, həmçinin demokratik cəmiyyətdə yaşamaq üçün zəruri olan keyfiyyətlərə malik gənclərin yetişdirilməsində mühüm rol oynayır. Hər bir dərslik, o cümlədən tarix dərslikləri müvafiq fənn kurikulumunda müəyyən olunmuş nəticəyönümlü və şəxsiyyətyönümlü standartları ehtiva edən məzmunun daşıyıcısıdır. Bu məzmun dərslikdə elə ifadə olunmalıdır ki, şagirdlərdə öyrənməyə həvəs yaratsın, eyni zamanda asan mənimsənilsin, onları axtarışa, müqayisə aparmağa və nəticələr cıxarmağa istiqamətləndirsin. Azərbaycan Respublikasının Təhsil Naziri c-b M.Mərdanovun haqlı olaraq qeyd etdiyi kimi, "dərslik hər cəhətdən - xarici görünüşü, tərtibatı, məzmununun ifadə tərzi ilə şagird üçün maraqlı olmalı, təlim məqsədlərinə xidmət göstərməyən, bu məqsədlərin həyata keçirilməsində müəllimə kömək etməyən əlavə materiallarla yüklənməməlidir. Dərslikdəki təlim materialları şagirdin yaş xüsusiyyətlərinə uyğun hazırlanmalı, qaydalar yığcam, konkret, aydın şəkildə ifadə edilməli, ... tapşırıq və çalışmalar inkişafyönümlü xarakterdə olmalıdır.”(2) Bu aspektdən, yuxarıda qeyd olunanların respublikamızda həyata keçirilən dərslik siyasətinin əsl mahiyyətinə çevrilməsinin zəruriliyi isə, zənnimcə artıq heç kəsdə şübhə doğurmur. ƏDƏBİYYAT Babayev F.İ. Tarixin tədrisində müasir üsullar (şərhlər, tövsiyələr, nümunələr). Bakı, 2000 Mərdanov M. Baş redaktordan. "Kurikulum” jurnalı, 2011, № 1 Joke van der Leeuw-Roord. Учебники истории в Европе. Что такое хороший учебник истории? "Учебник: десять разных мнений.” Вильнюс, 2000 Qədirov Ə.Ə., Məmmədov İ.N. Yaş psixologiyası. Bakı, 1986 Xəlilov H. Uşaq və yeniyetmələrin inkişafının sosial-psixoloji məsələləri. Bakı, 2010 Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Bakı, "Çinar-Çap”, 2009 Abbasov Ə. Müasir dərsliklər: xüsusiyyətlər, tələblər. ”Kurikulum” jurnalı, 2011, № 4
Yükləmək ücün qeydiyyatdan keçin!



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 18 noyabr 2012 22:02
    xebere gore twk wink

  2. 19 noyabr 2012 17:29
    maraqlidir

  3. 25 mart 2013 20:09
    uwaqlqrin indiki dersliklerinden hec xowum gelmir recourse

    --------------------

  4. 25 mart 2013 20:14
    hmmmmmm tesekkurler wink

  5. 8 aprel 2013 21:20
    indi oxumaq cox asandir,amma yaxshi qidalanasan.

  6. 18 iyun 2013 16:09
    herseyin oz vaxti var ... indide balacalarin vaxtidir

  7. 18 avqust 2013 14:25
    cox sagolun

  8. 2 noyabr 2013 14:48
    maraqli melumatlardi +

  9. 4 dekabr 2013 20:25
    chox maraglidi menimde xoshuma geldi.

  10. 26 yanvar 2014 14:32
    maraqlidir

  11. 4 fevral 2014 19:00
    eladir xosuma geldi mene lazim olur

  12. 11 oktyabr 2015 09:45
    çoxx sağ olun gözel

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.