Tarxin məhkəməsi

Tarxin məhkəməsi 

 � Tarxin məhkəməsi �[/b]


Dərs : " Mir Cəfər Bağırov "

 

( " Tarxin məhkəməsi " tipində təşkil edilmiş dərs )

 

Müəllif : Nizami Heydər oğlu Heydərov, 245 saylı orta məktəbin tarix müəllimi, Debat Təhsil Proqramı üzrə milli məşqçi

Ünvan : XI sinif

Səviyyə : İstənilən sinif ola bilər

Tədris kursunda yeri : Şagirdlər bu dərs ərəfəsində ilin əvvəlində Azərbaycan tarixi və Rusiya tarixindən Azərbaycanda Sovet hakimiyyətinin yaradılması, Azərbaycanın XI – ci Qırmızı ordu tərəfindən işğalı, Represiya illəri, 1941 – 1945 – ci illər Sovet – Alman müharibəsi, müharibədən sonra bərpa illəri, bu dövrdə Azərbaycanın siyasi həyatında baş verən dəyişikliklər haqqında məlumatı vardır.

Dərsin məqsədi :                      I. Öyrədici

  1. Tarixi mənbələri araşdıraraq, tarixi şəxsiyyətlərin müəyyən dövrlərdə oynadığı müsbət və mənfi rolları təsdiqləyən faktların tapılması
  2. Bu günkü mövqedən həmin tarixi şəxsiyyətlərin siyasi və ictimai fəaliyyətlərini qiymətləndirmək
  3. Faktlardan və sübutlardan tarixi şəxsiyyətlərin hərəkətlərinə haqq qazandırmaq və ya onu taqsırlandırmaq üçün yerində istifadə etmək

                                        II. İnkişaf etdirici

  1. Sinifdə müxtəlif rollarda çıxış etmək, natiqlik bacarığının inkişafı
  2. Müəyyən edilmiş mövqenin faktlarla, sübutlarla, məntiqi cümlələrlə müdafiə etmək bacarığı

                                         III. Tərbiyəvi

  1. Tarıxı şəxsiyyətlərin fəaliyyətindən, onların hakimiyyəti dövrləri etdikləri özbaşınalıqlardan, səhvlərdən və yaxud müsbət hərəkətlərindən nəticə çıxarmaq
  2. Komandada işləmək, komandanın mənafeyi  uğrunda çalışmaq vərdişinin yaranması

 

Dərsin tipi : İnnovasiya texnologiyası, interaktiv təlim  üsullarından olan " Tarixin məhkəməsi " tipində təşkil edilmiş dərs

Dərsin materialı :

  1. " Mir Cəfər Bağırovun məhkəməsi " Bakı 1993.
  2. " Qırmızı terror ” Z. Bünyadov  Bakı 1993
  3. " Turan "  1  Bakı 1991
  4. " Azərbaycan tarixi " XI – ci  sinif  Müxtəlif illər

Əsas istilahlar : kütləvi represiya, totalitar rejim, " üçlük ", avtoritar idarə üsulu, " xalq düşməni”

Dərsin təminatı : qeyd vərəqələri, butafor geyimlər, dərsə uyğun mebel təminatı

Dərsə hazırlıq :

  Bir çox hallarda  bu dərs " Debat " Tədris metodologiyası əsasında keçirilmiş dərsə oxşayır, lakin burda qabaqcadan dəqiq struktur üzrə hazırlanmış çıxış, sərt məntiqi əsaslandırma və ya əks arqumentlər yoxdur. Bu dərs Debata hazırlığın mühüm mərhələsi kimi nəzərdə tutulur. Dərs – məhkəməyə hazırlaşarkən şagirdlər əlavə ədəbiyyat oxuyur, mütəxəssislər ( ekspertlər ) " müttəhimin " tarixi portretini hazırlayır, qəhrəmanın müasirlərinin , keçmiş və indiki tarixçilərin onun haqqında fikirlərini, düşüncələrini və şəhadətlərini toplayırlar. İttihamçılar qrupu ittiham maddələrini hazırlayır və dərsin iştirakçılarının nəzərinə çatdırır. Onlar prosesdə adlarından çıxış etmək mümkün olan şahidləri seçirlər. Şahid kimi yazılı məlumat qoyub getmiş " müttəhim "lə tanış olan tarixi şəxsiyyətlər çıxış edə bilər. Bu cür iş , şagirdlərə tarixi faktları özündən keçirməyə, onu dərindən dərk etməyə imkan yaradır. Mənə elə gəlir ki, bu vərdişlər olmadan " Debat " metodologiyası ilə keçılən dərslərdə iştirak etmək olmaz. Həm də dərs keçiləndən sonra mövzu üzrə " Debat " oyunu və " Debat " metodologiyası üzrə dərslərin keçirilməsi üçün şagirdlərdə bilik, bacarıq, vərdişlər olacaqdır və az bir müddət keçdikdən sonra bu mövzuda həm oyun, həm də debat – dərsləri keçirmək mümkündür. Axı yuxarıda biz qeyd etdik ki, bu dərs Debata hazırlığın mühüm mərhələsidir.

  Müəllim mövzunu şagirdlərə elan edir, mövzu haqqında onlara geniş məlumat verir, şagirdlərin bu haqda olan bilik və məlumatlarını aşkara çıxarır. Mövzu ətrafında məlumatları zənginləşdirmək, mövzuya hərtərəfli hazırlaşmaq üçün mövcud ədəbiyyatın siyahısını şagirdlərə təqdim edir. Şagirdlər mövzuya məqsədyönlü hazırlaşsınlar deyə rollar onlar arasında bölünür. Beləliklə, iştirakçı qabaqcadan hansı mövqedən, hakim kimi, ittihamçı kimi, müdafiə və ya mütəxəssiz kimi çıxış edəcəyini əvvəlcədən bilir, həmin mövqeni müdafiə etmək üçün dərslikdən, əlavə ədəbiyyatdan lazımi faktları, sübutları arayıb axtarır.

 

Dərsin planı :

 

 Sinif 4 komandaya bölünür : ittiham tərəfi, müdafiə tərəfi, mütəxəssislər ( ekspertlər ) və hakimlər komandasına bölünür.

  1. Tarixi şəxsiyyəti təqdim edən  ( qısa tərcümeyi – hal arayışı ) mütəxəssislərin çıxışı
  2. Prokurorun çıxışı
  3. Vəkilin çıxışı
  4. İttiham tərəfindən şahidlərin çıxışı
  5. İttiham tərəfinin şahidlərinə verilən suallar
  6. Müdafıə tərəfinin şahidlərininm çıxışları
  7. Müdafiə tərəfinin şahidlərinə verilən suallar
  8. Mütəxəssislərin çıxışları, tarixi arayış ( keçmiş və müasir dövrün tarixçıləri bu tarixi şəxsi necə qiymətləndirirdilər ).
  9. Məhkəmənin hökmü elan etməsi

Dərsin gedişi

Tarixi şəxsiyyəti təqdim etmək üçün mütəxəssisin çıxışı :

-          Adı : Bağırov Mir Cəfər Abbas oğlu

-          Anadan olduğu yer və il : Bakı quberniyası, Quba şəhəri, 1895 – ci il

-          Milliyyəti : türk

-          İctimai vəziyyəti : qulluqçu – yoxsul kəndli, Ümumittifaq ( bolşeviklər ) Partiyasının üzvü – 1917 – ci i ldən

-          Təhsili : orta ( ibtidai ) – Quba şəhərində 4 sinif, Petrovsk şəhərində 2 illik Pedoqoji kurs

-          Ana dili  : türk

-          Hansı dilləri bilir : türk, rus, ləzgi

  Mir Cəfər Bağırov 1915 – 1917 – ci illər arasında Qubada kənd müəllimi işləyib. 1917 – ci il fevral inqilabından sonra Quba qəza komissarının müavini işləmişdir. 1918 – ci ildə Müvəqqəti hökumətin Qubadakı hakimiyyəti ləğv edildikdən sonra " Uçağan " quldur dəstəsinə rəhbərlik etmişdir. Sonra Quba əhalisinin soyulmasında və qarət edilməsində böyük rol oynayan, " Daşnaksyutun " partiyasının rəhbərlərindən olan Amazaspın dəstəsinə daxil olub və sonralar bu işin üstündə həbs edilmişdir. Bir az keçdikdən sonra Kommunist Partiyasına daxil olmuş, Qızıl Orduda polk komandiri, Azərbaycan diviziyasının hərbi komissarı, Rusiya hərbi dairəsinin Qafqaz korpusunun təlimatçısı, Azərbaycan diviziyası inqilabi tribunalının sədri vəzifələrində işləyib. 1921 – ci ildən 1927 – ci ilədək Xalq Daxili  İşlər komissarlığı Baş Siyasi İdarəsi orqanlarında Baş  Siyasi İdarənin sədri, 1927 – ci ildən 1930 – cu ilədək orada Kollegiyanın sədri və eyni zamanda Zaqafqaziya Su Təchizatı İdarəsinin rəisi vəzifəsində çalışıb. 1932 – ci ildən Azərbaycan Xalq Komissarları Sovetinin sədri . 1934 – cü ildən 1953 – cü ilədək Azərbaycan Kommunist ( bolşeviklər ) Partiyasının 1 – ci katibi vəzifəsini icra etmişdir. 1953 – cü ildə ziyankarlıq fəaliyyətində, qüsurlu rəhbərlik metodlarında və digər əməllərdə təqsirkar bilinərək vəzifəsindən azad edildi. M. C. Bağırov bir müddət Kuybışev neft birliyinin rəis müavini işlədi. Lakin tezliklə həbsə alınaraq, Bakıda 1956 – cı ildə SSRİ Ali məhkəməsi hərbi kollegiyası tərəfindən mühakimə edilib xalq düşməni kimi ölüm cəzasına – güllələnməyə məhkum olundu. Ancaq hökm yerinə yetirilmədi. Hökmün çıxarıldığı vaxtdan təxminən iyirmi il sonra M. C. Bağırov Kazan şəhərindəki həbsxanaların birində vəfat etdi. Beləliklə, uzun illər Azərbaycanın siyasi və ictimai mühitində mühüm  rol oynayan bu şəxs həyatını beləcə başa vurdu.

  Prokurorun çıxışı :

Hörmətli Hakimlər, hörmətli məhkəmə iştirakçıları, bu gün biz uzun illər Azəbaycan Kommunist ( bolşeviklər ) Partiyasının rəhbəri işləmiş, tutduğu vəzifəyə görə Respublikada hökm sahibi olmuş Mir Cəfər Bağırovu tarixin məhkəməsinə çıxarmışıq. İttiham tərəfi belə hesab edir ki, M. C. Bağırov vəzifədə olduğu müddətdə Respublikada xeyli özbaşınalıqlar, vəzifədən sui – istifadə halları olmuş, bu dövrdə 10 minlərlə insan represiyanın qurbanı olmuş, məhz represiyanın qurbanı, çünki sonralar bu şəxslər bəraət qazanmış, məlum olmuşdur ki, onlar nahaq şərin qurbanı olmuşlar. M.C. Bağırov inzibati orqanlara yad millətlərin nümayəndələrini, xüsusilə Sumbatov – Topuridzeni, Borşevi, Qriqoryanı, Markaryanı vəzifəyə gətirməklə Azərbaycan xaqının taleyini onlara tapşırmış, onlar da istədikləri qədər xalqa zülm etmişlər. M. C. Bağırovun hakimiyyəti illərində 19 minə yaxın Azərbaycan ziyalısı qurban getmiş və beləliklə, Bağırov Azərbaycanı faktiki olaraq ziyalısız qoymuşdur. Mən hələ ziyalılarda danışıram, gör indi nə qədər sadə xalqın nümayəndəsi bu oyunların qurbanı olmuşdur. Üstündən neçə illər keçsə də belə hesab edirəm ki, bunun nəticəsini biz sonralar da hiss etmişik və hətta indi də bunun nəticəsi hiss edilməkdədir.

  Eyni zamanda M. C. Bağırov minlərlə namuslu dövlət adamlarına da divan tutmuşdur. Dəhşətlisi o deyildi ki, ayrı – ayrı adanlar həbs edilir, ən dəhşətlisi o idi ki, tutulan adamlara qarşı zor işlədilir, vəhşicəsinə döyülür, bu yolla işgəncəyə dözməyən adamlar faktiki olaraq heç vaxt məşğul olmadıqları əksinqilabi fəaliyyət  göstərdiklərini boyunlarına alır və hətta digər günahsız adamların da üzünə durub şahıdlik edirdilər. Bir Prokuror, bir hüquq işcisi kimi mən qeyd etməliyəm ki, digər dəhşətli hal o idi ki, həmin adamlara müdafiə olunmağa imkan vermirdilər. Təqsirsizlik prezumsiyası demək olar ki, fəaliyyət göstərmirdi. Hüquq elmində bu hal görünməmiş bir hal idi. " Üçlük " insan taleyini həll edirdi. Heç orta əsrlərdə də hüquq elmində belə hal müşahidə olunmamışdı.

  İndi bu hadisələrin üstündən  xeyli vaxt keçmişdir. Deyirlər ki, hər bir kəsə və ya hadisəyə tarix düzgün qiymət verir. İttiham tərəfi belə hesab edir ki, hadisələrin üstündən uzun müddət vaxt keçməsinə baxmayaraq, M. C Bağırov tarix qarşısında, bəşəriyyət qarşısında, ən mühümü isə Azərbaycan xalqı qarşısında günahkardır və o tarix qarşısında öz layiqli qiymətini almalıdır.

Vəkilin çıxışı ( müdafiə tərəfi ) :

  Hörmətli Hakimlər, hörmətli məhkəmə iştirakçıları, hüququnu müdafiə etdiyim M. C. Bağırov Azərbaycan SSR – də uzun müddət müxtəlif vəzifələrdə çalışmışdır. İnzibati orqanlarda, dövlət vəzifələrində fəaliyyət göstərən zaman işinin xüsusiyyətindən asılı olaraq bəzən inzibati xətalara, nöqsanlara yol vermişdir. Sizdən soruşuram  kimin işində nöqsan yoxdur. Bu gün oturub keçən əsrin 30 – 50 – ci illərini müzakirə etmək asan işdir. Bir də var ki, həmin dövrdə yaşayasan və dövrün tələbləri ilə oturub – durasan. Mən bir hadisəni Sizə danışmaq istəyirəm. Sovet İttifaqı Kommunist Partiyasının XX  qurultayında N. S. Xruşşov Stalinin şəxsiyyətinə pərəstişi uzun – uzadı tənqid edir. Bu zaman yerdən ona bir vərəq göndərirlər. Vərəqdə yazılmışdır : " Bəs siz o vaxtı harda idiniz?” N. S. Xruşşov 3 dəfə zaldan soruşur : " Bu yazının müəllifi kimdir? Dursun mən ona cavab verim ". Zaldan səs çıxmır. Onda Xruşşov deyir : " O vaxt mən sizin yerinizdə oturmuşdum ". Bunu danışmaqda məqsədim o idi ki, dövr çətin dövr idi. Məgər Siz bilmirsiniz ki, Daxili İşlər Naziri L. P. Beriya hər ay SSRİ respublikalarından müəyyən sayda ucuz işçi qüvvəsi olan " xalq düşməni " tələb edirdi. Bunu yerinə yetirməyən şəxsin taleyinin necə olacağı məlum idi. Bu imperiyanın tələbi idi. Adını Rus imperiyası, Sovet imperiyası qoyun, fərqi yoxdur. 1956 – cı ildə indiki Şəhriyar adına klubda ( o vaxtı F.E. Dzerjinski adına ) M. C. Bağırov üzərində qurulan məhkəmə Azərbaycan xalqından daha çox imperiya üçün lazım idi. Çünki, zaman – zaman Rus imperiyası ona qulluq edən adamları güdaza verməklə öz əməllərini ört – basdır edir, özünü təmizə çıxarmağa çalışırdı. M. C. Bağırovun və onun kimi digərlərinin də faciəsi bunda idi. Düz deyirlər ki, hadisələrə obyektiv qiymət vermək üçün onlardan bir müddət vaxt keçməlidir. Bu günki məhkəmədə siz şahidi olacaqsıniz ki, M. C. Bağırovun gördüyü işlərin heç hamısında xalqa qarşı cinayət yoxdur. Hətta onların bir çoxunda xalqın mənafeyi qorunmuşdur. Elə bircə Azərbaycan xalqının köçürülmə ideyasının qarşısının alınması nəyə desən dəyər.

  Hörmətli Hakimlər, ümüd edirəm ki, bu məhkəmə obyektiv keçəcək. Hüquqlarını müdafiə etdiyim şəxsin bir çox işlərdə günahsız olduğunun şahidi olacaqsınız.

  Hakim :

Hər iki tərəfi dinlədik, indi sözü ittiham tərəfinin şahidlərinə verək.

  Şahid Orucov ( ittiham tərəfi ) : 1920 – ci ildən M. C. Bağırov Azərbaycan Fövqəladə Komissiyasının sədri idi. Əzizov Əziz Məşədi oğlu 1921 – ci ildə tutuldu. Tutularkən o belə bir ifadə vermişdir ki, 1919 – cu ildə Musavat əksinqilabının agenti olub və agent Lavrenti Beriya ilə birgə xidmət edib. Bağırov və Beriya  onu həbsdən azad etmiş və işinə xitam vermişdilər. 1921 – ci ilin fevralında o Musavat əksinqilabının digər agenti Məmməd Hacıyevi həbsdən azad etmişdi. Həmin ildə Musavat əksinqilabının keçmiş rəisinin arvadı Şıxzamanova barədə cinayət işinə xitam vermişdi.

  Vəkil ( müdafiə tərəfi) : Tarixə məlumdur ki, müdafiə etdiyim şəxs 1917 – ci ildən Polis Nəzarəti kapitanı, sonralar Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin üzvü olan Quba qəza komissarı  Əli bəy Zizikskinin müavini işləmişdir. Elə onun da 1922 – ci ildə üzə çıxmasına köməklik göstərmiş, AXC zamanı Qubada Musavat Partiyası Qəza komitəsinin sədrinin müavini Əlipənah bəy Şəfibəyova  və yüzlərlə belələrinə himayədarlıq etmişdir. Başa düşə bilmirəm, müasir dövrdə AXC xadimlərinə kömək etmək nə vaxtdan cinayət hesab olunur?

  Şahid  Əliyev Zeynal Mehrəli oğlu ( ittiham tərəfi ) : Bağırov  çox vaxt keçmiş Musavat fəallarını öz tərəfinə çəkir və vəzifələrə təyin edirdi. Beləki, Bağırovun Qazax qəzasında milis rəisi vəzifəsinə keçmiş Musavat pristavı Qiyas bəy Şıxlinskini təyin etməsi mənim yaxşı yadımdadır.

  Vəkil ( müdafiə tərəfi ) :  Şahidin dedikləri bir daha mənim sözlərimi təsdiq edir. Bağırovun kömək göstərdiyi şəxslərdən Qubada Musavat Partiyasının təşkilatçısı Əbil Qasım Rüstəmovu, Musavat ordusunun zabiti Məmməd Sarıcalinskini, " İttihad " Partiyasının məsul katibi Əhməd Bədi Triniçi, keçmiş Bakı milyonçusu  Şəmsi Əsədullayevin oğlu, H. Z. Tağıyevin kürəkəni Əli Əsədullayevi və yüzlərlə belələrini göstərmək olar. İndi bu hərəkəti necə adlandırırsınızsa adlandırın, mən bunu xalqa xidmət adlandırıram.

  Prokuror : M. C. Bağırov Beriyanın himayədarlığı və dostluq munasibətləri yaratdığı Stalinə güvənərək, türklərin genetik düşmənləri olan Sumbatov – Topuridze, Qriqoryan, Markaryan , Malyan və s. ermənilərin vasitəsilə on minlərlə azərbaycanlını sürgünə göndərmiş, R. Axundov, Ə. Qarayev, S. M. Əfəndiyev, H. Sultanov, Q. Musabəyov, D. Bünyadzadə xalqa xəyanətdə, əksinqilabi fəaliyyətdə təqsirləndırılərək məhv edildilər.

  Vəkil ( müdafiə tərəfi ) :  Siz M. C. Bağırovu təqsirləndirirsiniz ki, o Ə. Qarayevi, H. Sultanovu, Q. Musabəyovu və s – ni məhv etdirib. Belə hesab edirəm ki, onlar nahaq yerə həbs edilməyib. Onların bir çoxunun xalq qarşısında bu və ya digər dərəcədə günahları var idi. Axı kim idi onlar ?  Əliheydər Qarayev Azərbaycan Xalq Cumhuriyyəti dövründə Parlamentdə dəfələrlə rusları gətirəcəyi haqda hədələrlə çıxış etmişdi və sonralar onu da etdi. Həmid Sultanov Gəncə üsyanı zamanı  rus ordusunun qarşısına düşərək yüzlərlə Gəncə sakinini axtarılıb öldürülməsində böyük kömək göstərmişdir. Onların içərisində görkəmli maarifpərvər və yazıçı Firudin bəy Köçərli də var idi. Digərləri haqda da belə faktlar söyləmək olar. İndi mənə deyin görüm doğrudanmı onların günahı olmayıb ?

  Prokuror :  Ruhulla Axundov və Həmid Sultanovla bağlı uydurma " əksinqilabi – üsyançı – terrorçu " mərkəzin işi ilə əlaqədar 1700 nəfər, " Azneft "də aşkar edilmiş " terrorçu " təşkilatın işi ilə 3300 nəfər müxtəlif cəzalara məruz qaldılar. Onların təqsiri nə idi ? Axı represiyaların qurbanları içərisində Hüseyn Cavid, Mikayıl Müşfiq, Tağı Şahbazi, Salman Mümtaz və s – ri kimi istedadlı savadlı ziyalılar da var idi. Onlar millətin genofondu idi. Onların sayı 1 – 2 nəfər olsaydı dərd yarı idi. 19 min nəfərə yaxın belə ziyalı represiyanın qurbanı oldu. Buna nə sözünüz ?

  Vəkil  ( müdafiə tərəfi ) : Əgər hiss etdinizsə, biz əvvəldə qeyd etdik ki, bəzi adamların günahı var idi, bəzilərinin isə yox. Sovet hakimiyyəti qarşısında qulluq göstərməyə çalışan məmur aparatı həddindən artıq canfəşanlıq edir, bir çoxları isə istedadlı adamları sıradan çıxarmaq istəyir, hətta qonşunun mənzilinə sahib durmaq istəyən şəxslər də çuğulluq etməyə başlayırdılar. Cəmiyyətdə insanlar bir – birini total şəkildə izləyirdilər. Təbii ki, belə dövrdə bir çox şəxslər qurban gedirlər. Sovet cəmiyyəti belə bir avtoritar cəmiyyət idi. Cəmiyyətin bu şəkildə formalaşmasına məgər təkcə M. C. Bağırov cavabdehlik daşıyırdımı ? Bunu deməklə biz məsuliyyəti tamamilə M. C. Bağırovun üzərindən götürmək fikrində deyilik. O, Respublikanın rəhbəri idi və bu respublikada baş verən hadisələrə birbaşa cavabdeh idi. Lakin o, bütün bu zorakılıqların hamısını görə bilməzdi.

  Şahid – Qoryayev Fyodor Yakovleviç ( ittiham tərəfi ) : Mən bir faktı da deməyə bilmərəm. Təqribən 1937 – ci ilin dekabrında Qriqoryan XI şöbəyə müdür təyin olunanda şöbə müdürləri vasitəsilə bütün müstəntiqlərə belə bir cinayətkar əmr verdi : " Hər bir müstəntiq dustağın işini o yerə gətirib çıxarmalı idi ki, Xalq komissarı Sumbatov, daha sonra isə Rayev həmin müttəhimi  " birinci  koteqoriyaya " aid edə bilsin, Ali Sovetin hərbi kollegiyası və ya Hərbi tribunal həmin dustağı ən yüksək cəzaya – güllələnməyə məhkum edə bilsin. Bu zaman dustağın günahkar olub – olmamasının heç bir əhəmiyyəti yox idi. O, istintaq zamanı özünü əksinqilabi təşkilatın üzvü olmaqda günahkar saymalı, onu bu işə təhrik edənin və təşkilatın digər üzvlərinin adını çəkməli idi. Buna müstəntiqlər yalnız bir yolla – dustağı mənəvi və fiziki işgəncələr, əzab əziyyət verməklə nail olurdular.

  Mütəxəssis :  Hərbi Tribunalın sərəncamına göndərməzdən əvvəl xalq xalq komissarları Sumbatov , Rayev, Xalq Komissarının müavinləri Borşev və Qriqoryan dustağın taleyini həll edirdilər. Onu hansı koteqoriyaya aid etmək məsələsinə baxırdılar. Birinci koteqoriya güllələnmə, ikinci koteqoriya həbs düşərgəsi demək idi. Hərbi kollegiya bir gündə 50 – 60 nəfərin işinə baxırdı. Bir qayda olaraq sədrlik edən hər bir müttəhimə iki eyni sualı verirdi  : müttəhim özünü günahkar sayırmı və əksinqilabi təşkilatın üzvü olubmu ? Hər bir müttəhimin dindirilməsinə 2 – 3 dəqiqə vaxt ayrılırdı.

  Hakim  :  Cənab Bağırov, hanı hüquq elmində , hüquq təcrübəsində olan təqsirsizlik prezumpsiyası ? Axı, dustaq özünə cani deməklə onu cinayətkar demək olmaz. Bunu sübut etmək lazımdır. Siz bilən bu məhkəmə idi, yoxsa insanlara divan tutma maşını ?

                                                                       

               Ardı var




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 15 yanvar 2012 00:47
    Nizami muallim bu ders deyil bu kinodu. Esl menada kinodu. Eger bu yazilan kimi ders alinibsa vallahi hec sozum yox buna Ayaq uste alqishlayiram ! Cox deyerli kino oldu menim ucun ne qeder bilmediyimi indi bildim cox saqolun Bele yazilarla cox maariflenmek olar Halal Halal Halal !

  2. 18 yanvar 2012 09:55
    Dogurdanda esidiyim en maraqlitarixlerden biri idi. Danisilanlar insana kino kimi gorsenir... Bu biliye gore tewekkurler....

  3. 2 iyul 2012 09:49
    Bes ona gore xazir deyildi ki milletimizin ziyallarini,vetenperver insanlarini,gorkemli,shucaetli ve xalga hegigeti cattirmax istiyen insanlari, tuturdular ve ishkencelerle mexf edirdiler!Onu eden ve yaxud bilib garshisini almayan rehberlerimiz sozsuzki xalg dushmanidilar!
    Eger menim fikirim sizlere gore o geder de duzgun fikir deyil,gerek meni eff edesiniz.
    Men Vetenime Ana deyirem!Anama Azerbaycan!Ovladima milletim deyirem!Xalgima ovladim!
    Bes beledise,menim yanashmam ayri cur ola bilermi?!
    Tarixci ve Qarabax cehbe xettinde qullug eden Bash Leytenant,
    Anar Cafarxanli.

    davam ve son-reyin evveli 2ci hissededi!

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.