Ünsiyyət

 Ünsiyyət


ÜNSİYYƏT

 

 

Salamlaşın ki, aranızdakı sevgi və məhəbbət artsın.       

Məhəmməd Peyğəmbər

 

Dərsin məqsədi:

-        ünsiyyət anlayışının mahiyyətini aydınlaşdırmaqdır;

-        ünsiyyətr yaratmağın yollarını və ünsiyyət qurmağa mane olan amilləri müəyyənləşdirməkdir;

-        ünsiyyət qurmaq, özünü qarşı tərəfə təqdim etmək bacarığı formalaşdırmaqdır;

-        insanlara hörmət, sözə qiymət vermək, tolerantlıq dəyərləri yaratmaqdır.

 

Biliklər:

-        ünsiyyət anlayışı;

-        ünsiyyəti yaratmağın yolları və formaları;

-        ünsiyyətə mane olan amillər.

 

Bacarıqlar:

-        ünsiyyət yaratmaq; 

-        özünü qarşı tərəfə təqdim etmə; 

-        ünsiyyəti yaratmağa kömək edən amilləri özündə tərbiyə etmə. 

 

Dəyərlər:

-      insanlara hörmət;

-      sözün qüdrəti;

-      tolerantlıq.

 

Əsas  anlayışlar: ünsiyyət, nitq, söz 

Mənbələr və materiallar:

–      ünsiyyət anlıyışının tərifi yazılmış plakat

–      markerlər;

–      kağız;

–      skoç;

–      A1 formatlı kağız

 

Dərsin planı:

  1. 1.      Ünsiyyət nə deməkdir? 
  2. 2.      Ünsiyyətə kömək edən amillər 
  3. 3.      Ünsiyyətə mane olan amillər 

 

Dərsin gedişi:

 

1-ci mərhələ. Müzakirə

Müəllim şagirdlərlə aşağıda qeyd edilən suallar ətrafında müzakirələr aparır:

-        Bir-birilə ünsiyyət saxlamayan hər hansı  bir cəmiyyət, insan qrupu varmı?

-        Ünsiyyətsiz yaşamaq mümkündürmü?

-        Nə üçün insanların bəziləri ilə ünsiyyət yaratmaq çətindir?

-        Niyə bəzi insanlar çox asanlıqla ünsiyyət  qura bilirlər?

Müəllim şagirdlərin cavablarını ümumiləşdirib tərif yazılmış plakatı  lövhədən asır:

ÜNSİYYƏT insanlar arasında informasiya mübadiləsi, qarşılıqlı təsir, onların bir-birini qavraması və anlaması prosesidir”.

 

2-ci mərhələ. Kiçik qruplarda iş

Müəllim qeyd edir ki, insanların uğurlu ünsiyyət yaratmasına bir sıra amillər kömək edir. Şagirdlər 4 qrupa bölünür. Hər qrup qeydlər aparmaq üçün vatman kağızı və marker  alır.

 

Qruplara tapşırıq:

İnsanların müvəffəqiyyətli ünsiyyət yaratmasına gətirib çıxaran 3 amili kağızda qeyd edin. Tapşırığın yerinə yetirilməsinə 3 dəqiqə vaxt verilir. Bu müddət bitəndən sonra müəllim şagirdlərə təklif edir ki, plakatları dəyişsinlər. Yeni plakat  alarkən qrup özündən əvvəlki qrupun qeydləri ilə tanış olur  və oraya öz əlavələrini edir (3-dən çox olmamaq şərtilə).  Bu mərhələdə qruplara 3 dəqiqə vaxt verilir. Sonra yenidən plakatlar dəyişdirilir. Proses 3 dəfə təkrar olunur. Beləliklə, hər qrup 4 plakatla işləyə bilir. Axırıncı mərhələdə plakat onu ilk olaraq işləmiş qrupa qaytarılır.

 

Qrupların təqdimatı

Qruplar öz işlərini təqdim edirlər. Qrupların işində  qeyd olunan  mümkün nümunələr:

-        İnsanların uğurlu ünsiyyətinə salamlaşmaq, şirin sözlü, qılıql, doğruçul, gülərüz olmaq və s. yardım edə bilir.

-        Nitq də ünsiyyətdə böyük rol oynayır. Burda mimika, jestlər, işarələr də müəyyən rol oynayır.

-        Danışıq, nitq insanın əxlaqını, elmini, dünyagörüşünü, xasiyyətini, mədəni səviyyəsini əks etdirən bir güzgüdür.

-        Salamvermə də ünsiyyətin əsas əlamətlərindən biridir.

-        Ünsiyyət, nəzakət və ədəb özünə və başqalarına hörmətin əsasıdır.

 

3-cü mərhələ. Rollu oyun

Dərsin bu mərhələsində məqsəd rollu oyun vasitəsilə başqa insanlarla ünsiyyət yaratmağa maneçilik törədən amilləri müəyyənləşdirməkdir. Müəllim sinif şagirdlərindən 4 nəfərə rollu oyunun  mətnini verir və bu səhnəni ifa etməyi onlardan xahiş edir. Müəllim rollu oyunun mətnini şagirdlərə 3-4 gün əvvəl də verə bilər. Bu  şagirdlərə  səhnəciyi əvvəlcədən və  peşəkarlıqla  hazırlamaq imkanı verər.

 

Rollu oyunun mətni (əlavə 1)

 

4-cü mərhələ. Müzakirə

Rollu oyun bitdikdən sonra müəllim ifa edilmiş səhnə ətrafında müzakirəyə başlayır. Müzakirə aşağıdakı suallar ətrafında aparıla bilər:

 

-        Gördüyümüz səhnədə başqaları ilə ünsiyyət yaratmağa maneçilik törədən amillər hansılar idi?

-        Eynəkli oğlanın tənha qalmasının səbəbi nə idi?

-        Hər hansı bir maşın, texnika insan ünsiyyətini əvəz edə bilərmi?

-        Siz bilən ünsiyyəti yaratmağın ən təsirli vasitəsi nədir?

-        Niyə əvvəlki uşaqların sözlərinə kəskin reaksiya verən eynəkli oğlan sonuncu ilə ünsiyyətə daxil oldu?

-        Siz həyatınızda belə hallara rast gəlmisinizmi?

-        Həmin situasiyadan necə çıxmısınız?

 

 

 

5-ci mərhələ.Cütlərlə iş

 

Müəllim  şagirdləri  cütlərə bölür və  xahiş edir ki, onlar verilmiş cədvəldə  ünsiyyətə kömək edən və mane olan amiləri qruplaşdırıb qeyd etsinlər (əlavə 2).

Cütlərin təqdimatından sonra  müəllim  lövhədə  eyni  formada  bir cədvəl  hazırlayır və daha çox təkrar olunan fikirləri  qeyd edir.

 

Müəllimin şərhi:

Müzakirəni yekunlaşdıran müəllim qeyd edir ki, biz cəmiyyətdə yaşayırıq. Cəmiyyətdə ünsiyyətsiz yaşamaq mümkün deyil. Ünsiyyət qurmaq  asan iş deyil, ondan düzgün istifadə etmək lazımdır. Burda hər şey sizin fikirlərinizdən, baxışlarınızdan, qərarlarınızdan asılıdır. İnsanlar arasında ünsiyyət yaratmağın ən təsirli vasitəsi sözdür. Sözdən düzgün, ehtiyatla, vaxtında və yerində istifadə etmək bacarığı vacib şərtdir.

 Müəllim klassik şairimiz N.Gəncəvinin “Sirlər xəzinəsi” əsərindən  kiçik bir parça söyləməklə fikrini bədii şəkildə daha dolğun çatdıra bilər.

 

Sözün də su kimi lətafəti var,

Artıq içiləndə dərd verir su da.

Bir inci  saflığı  varsa da suda

Artıq içiləndə dərd verir o da.

 

6-cı mərhələ. Qiymətləndirmə və refleksiya

 

1. Biz bu dərsdə nə öyrəndik?

2. İnsanlarla ünsiyyət yaratmağın hansı yolları vardır?

3 .Ünsiyyətdə əsas  rol oynayan nədir?

 

7-ci mərhələ. Ümumiləşdirmə

 

Dərsin sonunda şagirdlər belə nəticəyə gələ bilər:

1. Cəmiyyətdə yaşayıb heç kimlə ünsiyyət saxlamamaq qeyri-mümkündür;

2. Ünsiyyət qurmaq üçün salamlaşmaq, nitq, hal-əhval tutmaq, xoş rəftar və s. əsas şərtləridir;

3. Ünsiyyət yaratmağın ən təsirli vasitəsi sözdür;

4. Ünsiyyət, nəzakət, ədəb özünə və başqalarına hörmətin əsasıdır.

 

Ev tapşırığı

 

  1. Valideyin və övlad münasibətlarində problemlər mövzusunda  esse hazırlamaq.
  2. Ünsiyyət, söz, nəzakət, nitq haqqında atalar sözləri və aforizmlər toplamaq.

 

 

Əlavə 1

Rollu oyunun mətni:

Məktəb dəhlizidir. Eynəkli bir oğlan heç kəsə qoşulmayaraq divara söykənib xəyala dalmışdır. Uşaqlar ona fikir vermədən bir-bir, iki-iki dəhlizdə gəzişirlər. Hərdən bir də ona söz atırlar:

-        Salam, “professor”!

-        Rədd ol!

-        Necəsən ə, “alim”?

-        Sənə nə?

Bu vaxt sinfin yaxşı oxuyan, tərbiyəsi ilə digərlərindən fərqlənən şagirdlərindən biri ona yaxınlaşır.

-        Salam!

-        Salam!

-        Necəsən?

-        Heç, kefim yoxdur. Uşaqlar da bir tərəfdən sataşırlar.

-        Sataşarlar da, heç kəsə qarışmırsan, axşamacan evdə kompüterin qarşısında oturursan, çölə çıxmırsan. Sinifdə də həmçinin, nə  dinmirsən nə danışmırsan, nə də bir kimsəyə   kömək etmirsən. Belə yoldaşlıq olar? Özün heç pis oğlan da deyilsən!

-        Sən bilən mən başqaları ilə dil tapa bilərəm?

-        Əlbəttə taparsan, sən onlara kompyuterdə işləməyi öyrədərsən, onlar da digər işlərində sənə yardımçı olarlar, burda nə problem var ki?

-        Heç özümə inanmağım gəlmir.

-        Özünə inam müvəffəqiyyətin əsasıdır.

-        Nə deyirəm, bəlkə bir sınayaq?

-        Gedək, indi idman  dərsidir. Uşaqlar iki komandaya bölünüb futbol oynayacaqlar, sən bizim komandada oynayarsan.

-        Axı, mən futbol oynamağı bacarmıram.

-        Hərbi xidmətdə deyirlər: “İstəmirsən məcbur edərik, bacarmırsan öyrədərik!” Getdik!

 

 

Əlavə 2

 

Ünsiyyətə  kömək edən amillər

 

Ünsiyyətə mane olan  amillər

 

1________________________

 

2________________________

 

3_______________________

 

4______________________

 

1_________________________

 

2_________________________

 

3_________________________

 

4________________________

 

Ünsiyyət



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 25 dekabr 2011 00:26
    Nizami muallim cox deyerli bir dersdir. Bu cur dersin qurulmasi onsuzda mektebde az fikir verilen ve ushaqlar arasinda rusvayci fenn sayilan nsan ve Cemiyyet fennine boyuk maraq artirar. Bununla shaqirdler esl menada istirahet ede biler. Ancaq onu da deyim ki bele dersi hetta bu modelle tanish ola bilen muallim bu dersi qurub basha catdirmaqda huneri ve hevesi olmalidir. Dersin maraqli alinmasi ve onun ushaqlara sevdirilmesinde kim ne deyirse desin bele muallim helledici amildir. Onu da qeyd edim her bir muallim bu ishe qirishmez cunki bu derse hazirlashmaq ozu bir vaxt ve imkandir. Coxlari ise ozunu yormadan onsuzda "boyuk maashini" alacaq deye dushunub bunu etsende etmesende. Neyse bu dersi men patriot muallimlerimize hesr olunduqunu dushunerek Size boyuk alqishlarla TESHEKKUR EDREM ! Cox saqolun !

  2. 17 fevral 2012 20:08
    salam dost olaq

  3. 15 oktyabr 2013 18:43
    we are human beings wink wink wink wink

  4. 31 oktyabr 2014 01:07
    Sag olun,Nizami muellim.

  5. 1 yanvar 2015 15:27
    Mən müəllimə deyiləm, ona görə mənə bir o qədər lazım olmadı. Amma müəllimlərə köməyi dəyə bilər. wink

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.