Səfəvi dövləti XVI əsrin sonunda

 

Səfəvi dövləti XVI əsrin sonunda

 

Heydərov Nizami, BDU – nun nəzdindəki “ Gənc İstedadlar”

liseyinin tarix müəllimi, Azərbaycan Müəllimlər İnstitutunun

“ İnnovasiya” kabinetinin ştatdankənar metodisti. 2008-2009-cu

tədris ilində keçirilən “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi.

Email : [email protected] ru  Telefon: ev: 471 12 63, mob: 050 380 19 30

 

Mövzu: Səfəvi dövləti XVI - cı əsrin sonunda

Səviyyə : VIII – ci sinif

Əvvəlki mövzu : Daxili vəziyyət. Səfəvi – Osmanlı müharibəsinin sonrakı mərhələsinin başlanması

Dərsin məqsədi:

  1. I.                  Öyrədici
  2. Səfəvilərin apardığı daxili və xarici siyasətin dövlətin məhvinə doğru apardığını sübut etmək.
  3. Xarici işğalçıların ölkəni bərbad hala saldığını və əhalinin vəziyyətini ağırlaşdırdığını sübut etmək.
  4. Tayfalararası feodal çəkişmələrinin və mərkəzdənqaçma qüvvələrinin həm dövləti, həm də ölkəni hansı vəziyyətə saldığını əyani göstərmək.
    1. II.               İnkişafetdirici
    2. Tarixi hadisələrə, faktlara qiymət vermək, təhlil etmək, ümumiləşdirmək, müqayisə etmək bacarığını aşılamaq.
    3. Hadisələrə hərtərəfli yanaşmaq, nəticə çıxarmaq, sual vermək, sualı cavablandırmaq, dəlil və sübutlarla mövqeni müdafiə etmək bacarığını aşılamaq.
    4. Natiqlik bacarığı, diqqətlə qulaq asmaq , qeydlər aparmaq bacarığını aşılamaq.
      1. III.           Tərbiyəvi
      2. Şagirdlərdə kitablara , tarixə maraq oyatmaq.
      3. Başqalarının fikrinə, mülahizəsinə hörmətlə yanaşmaq.
      4. Öyrənməyi öyrətmək

Dəyərlər:

  1. Azad düşüncə.
  2. Sərbəst fikir.
  3. Dünyagörüşü, bilik
  4. Özgə mülahizəsinə hörmət.

Dərsin tipi.

       İnteraktiv təlim metodlarından istifadə edilməsi ilə keçirilən dərs.

Dərsin mövzusuna aid ədəbiyyat:

  1. “ Azərbaycan tarixi “ Z. Bünyadov, Y. Yusifov. Bakı 1994.
  2. “ Azərbaycan tarixi “ M. İsmayılov . Bakı 1993.
  3. “ Azərbaycan tarixi “ İ. Əliyev. Bakı 1990.
  4. “ Azərbaycan tarixi üzrə qaynaqlar “ Bakı 1989.
  5. “ İranlı Don Juanın kitabı “ O. Bayat  Bakı 1988.
  6. “ Azərbaycan tarixi “ VIII – ci sinif Bakı 2005, 2006.

Əsas anlayışlar

      Müharibə, tayfa çəkişmələri, sülh, mərkəzi hakimiyyət, hakimiyyət zəifliyi, sui – qəsd.

Mənbələr və dərsin təchizatı:

-         mətn

-         marker, vatman, yapışqan.

-         əyani vəsait ( dövrə aid şəkil və tarixi abidələrin görünüşü)

-         “qərarlar ağacı” qeyd edilmiş kağızlar.

-         “ Azərbaycan tarixi “ audivizual tədris vəsaiti “ Orta əsrlər dövrü ” II – ci hissə. Bakı 2007

-         Kompüter, proyektor, pərdə

-         “ XVI – cı əsrin sonu – XVII – ci əsrin əvvəli “ tarixi xəritə, Bakı 2007.

Dərsin planı :

  1. XVI –cı əsrin sonlarında Səfəvi - Osmanlı müharibələrinin yeni mərhələsinin başlanması.
  2. Səfəvi _ Osmanlı müharibələrinin xalqa gətirdiyi əzablar.
  3. Hakimiyyət üstündə olan sui – qəsd və qiyamlar.
  4. Müharibə və münaqişənin həlli yolları və nəticəsi.

Dərsin gedişi :

I – ci mərhələ. Əqli həmlə.

     Bu mərhələnin məqsədi XVI əsrin sonlarında  Səfəvi – Osmanlı müharibələrinin tarixini araşdırmaq, gedişini, səbəb və nəticələrini aşkara çıxarmaqdır. Təbii ki, həm də məqsəd “müharibə”, “tayfa çəkişmələri “,” sülh ”,” mərkəzi hakimiyyət “, “ sui – qəsd “ və sair anlayışların mahiyyətini açıqlamaq və bu sahədə şagirdlərin malik olduqları bilikləri  müəyyənləşdirməyə və genişləndirməyə kömək etməkdir.

    Dərsə başlamamışdan əvvəl “ Azərbaycan tarixi “ audiovizual tədris vəsaitinin Orta əsrlər dövrünün II hissəsini kompüter və proyektor vasitəsilə sinfə nümayiş etdirilir. Dərsin gedişi boyu vaxtaşırı müəllim  arxada sənədlər hissəsində verilmiş olan əyani vəsait və şəkillərdən istifadə edə bilər. Onların bəzilərinin elektron variantını kompüter vasitəsilə sinfə nümayiş etdirmək də olar

Sonra müəllim müzakirəni başlamaq üçün sinfə aşağıdakı sualları verir :

  1. Siz bu tədris vəsaitinin nümayişi zamanı nə gördünüz ?
  2. Səfəvi – Osmanlı müharibəsinin yeni mərhələsi nə vaxt başlandı ?
  3. Hansı döyüşlərdə səfəvilər məğlubiyyətə uğradılar, hansında qalib gəldilər?
  4. Səfəvilərin məğlub olmasının səbəbləri nə idi ?
  5. Osmanlı dövləti daha kimləri müharibəyə cəlb etmişdilər ?
  6. Müharibənin gedişi zamanı hakimiyyət uğrunda mübarizə aparılırdımı ?
  7. XVI əsrin 80 – cı illərin əvvəllərində Səfəvilərin məğlub olduqları və qalib gəldikləri döyüşlər.
  8. Səfəvilər Osmanlıların başladıqları sülh danışıqlarında hansı şərtlərlə sülh bağlamaq istəyirdilər ?
  9. Hakimiyyətə qarşı hansı tayfaların başçıları qiyam edirdilər ?
  10. Nəyə görə sülh müqaviləsi labüd idi ?

Əqli həmlə suallarına şagirdlərin verdikləri təxmini cavablar :

  1. XVI əsrdə Səfəvi – Osmanlı müharibələrinin növbəti mərhələsini əvvəldən axıradək müşahidə etdik.
  2. Səfəvi – Osmanlı müharibələrinin yeni mərhələsi 1578 – ci ildə başladı  və 1590 – cı ilə qədər davam etdi.
  3. Səfəvilər Çıldır ( 1578) döyüşündə məğlub oldular, Qanıx (1578), Tiflis (1578), Mollahəsənli (1578) döyüşlərində isə qalib gəldilər.
  4. Mərkəzi hakimiyyətin zəifliyi, tayfa başçıları və sərkərdələr arasında birliyin olmaması.
  5. Kürdlər və Krım tatarları.
  6. Bəli, tayfa başçıları 1581 – ci ildə şahzadə Abbas Mirzəni, 1585 – ci ildə Təhmasib Mirzəni şah elan etməyə cəhd etdilər, 1586 – cı ildə isə Həmzə Mirzəni öldürdülər.
  7. “ Məşəl savaşı “ (1583), Sufiyan döyüşü (1585)
  8. “ Şabran “ (1581), Təbriz  (1585) döyüşləri.
  9. 1555 – ci il Amasiya sülh müqaviləsi şərtləri ilə.
  10. Türkmən , təkəli, şamlı, ustaclı və sair.
  11. Ölkə dağınıq vəziyyətdə, qüvvə tükənmişdi, müharibəni davam etdirməsi daha çox torpaqların itirilməsinə gətirib çıxara bilərdi.

Cavablardakı əsas fakt və ideyalar müəllim bə ya şagirdlərin biri tərəfindən kağız üzərinə qeyd edilir. Şagirdlərin cavabları səsləndikdən sonra müəllim ümumiləşdirmə apararaq növbəti mərhələyə keçir.

II – mərhələ. Qruplarda iş.

Bu mərhələdə sinif şagirdləri 3 qrupa bölünür və hər bir qrup vatman kağızı və marker alır. Öz yerlərinə əyləşdikdən sonra qruplar arasında üzərində Osmanlı türkləri, Krım tatarları, Azəri türkləri yazılmış kartlar ixtiyari olaraq paylanılır və ya qruplar tərəfindən  seçilmiş şəxslər kart dəstindən adama bir kart çəkirlər. Hər bir qrupun masası üzərində qrupun say nömrəsi və ya qrup tərəfindən müəyyən edilmiş, müxtəlif rənglərdə yazılmış adlar qoyulur. Bu ondan ötəri edilir ki, qrupa müraciət etmək asan olsun.

Sonra qruplara müraciət edilir və qarşılarında duran vəzifələr onlara izah edilir. Deyilir ki, təsəvvür edin ki, siz müharibədə müxtəlif tərəfləri təmsil edirsiniz. Verilmiş vaxt ərzində onlar müharibədə iştiraklarını əsaslandırır və iştirak etdikləri döyüşləri sadalayırlar. Gördükləri işi təqdim etmək üçün qruplar öz aralarından nümayəndə seçməlidirlər.

Təqdimat

Qruplar işi hazır etdikdən sonra növbə ilə təqdim edirlər. Təqdimat zamanı söylədikləri yer adlarını xəritədə göstərirlər.

Qrupların hazır etdikləri təxmini cavablar :

I qrup : Osmanlı türkləri

- Biz güclü imperiyayıq. İmperiyaya isə əlavə torpaqlar lazımdır.

- İslam dininin sünni təriqətinə məxsusuq. Şirvanda , Şəkidə və sair yerlərdə həmtəriqətlərimizi qorumağa borcluyuq.

- Biz şiə təriqətinə məxsus olanları yer üzündən silməliyik, onlar kafirdirlər.

- Əgər soyğunlar, qarətlər olursa bu belə də olmalıdır. Müharibədir, qoşunun çox şeyə ehtiyacı vardır.

- Biz 1583 – cü Samur çayı sahilində “ Məşəl savaşı “nda qızılbaşları əzdik.

- 1583 - cü ildə Fərhad Paşanın komandanlığı ilə İrəvanı tutduq.

- 1585 – ci ildə Sufiyan döyüşündə qızılbaşlara qalib gəldik

- 1585 ci ildə Osman Paşanın başçılığı ilə Təbrizi ələ keçirdik.

- 1586 – 1589 – cu illərdə demək olar ki, bütün Azərbaycanı işğal etdik.

II qrup : Krım tatarları

-         Biz Osmanlı dövlətinin vassalı idik və o dövlətin dediyinə əməl etməli idik.

-         Sünni təriqətinə məxsus idik və burdakı qardaşlarımızı qorumalı idik.

-         Qarət və soyğunçuluq olurdu, qoşuna ərzaq , sursat lazım idi.

-         1578 – ci ildə 12 minlik qüvvə ilə Mollahəsənlidə məğlub olduq. Başçımız Adil Gəray əsir düşdü.

-         Ancaq 1579 – cu ildə Məhəmməd Gərayın komandanlığı ilə 100 minlik qoşunla Şirvana girib oranı soyub taladıq.

-         1580 – ci ildə  Şirvana daxil olduq, qızılbaşların düşərgəsini qarət etdik, onların gəldiklərini eşitdikdə Şirvanı  tərk etdik.

-         1581 – ci ildə Qazi Gərayın rəhbərliyi ilə Şabran yaxınlığında məğlub olduq. Komandanımız əsir düşdü. Müharibədə belə də olur.

III qrup : Azəri türkləri

-         Vətəni müdafiə edirdik.

-         Din uğrunda vuruşurduq.

-         Hərdən tayfa başçılarımızın sözünə baxıb bir – birimizi qırırdıq.

-         1580 – cı ildə biz Mollahəsənliyə gələndə Osmanlı və Krım tatarları Şirvandan çıxıb Dərbənddə möhkəmləndilər.

-         1581 – ci ildə Peykər xanın başçılığı ilə Krım türklərini və osmanlıları məğlub etdik.

-         1583 – cü ildə Şirvanın işğalını tələb edən sülh müqaviləsini rədd etdik. Biz 1555 – ci (Amasiya) sülhünün şərtlərinə razı idik.

-         1586 – cı ildə Osman paşanı Təbrizdən vurub çıxardıq.

-         1586 – 1589 – cu ilin hərbi əməliyyatlarının əksəriyyətində məğlub olduq.

Təqdimat

Qruplar gördükləri işləri təqdim edirlər. Təqdimatın gedişi zamanı qruplara suallar verilir.Təqdimat bitdikdə sonra müzakirə və mərhələni yekunlaşdırmaq üçün sinfə aşağıdakı sualları verir :

-         Qrupların təqdimatı zamanı siz nəyin şahidi oldunuz ?

-         Hansı qruplar öz məqsədlərini müxtəlif bəhanələrlə gizlətmək istəyirdi ?

-         Qruplar daha çox hansı döyüşlərin adlarını çəkməyə çalışırdılar ?

-         Hansı qruplar öz soyğunçuluqlarına və qarətlərinə haqq qazandırmağa çalışırdı ?

-         Müharibə hansı qruplar üçün ədalətli, hansı qruplar üçün ədalətsiz idi ?

Beləliklə, bir neçə sualla müəllim mərhələni yekunlaşdırıb növbəti mərhələyə keçir.

III mərhələ : Mətn üzərində iş.

Müəllim sinfi yenə 3 qrupa bölür. Sonra üzərində Oruc bəy Bayatlının “ İranlı Don Juanın kitabı” əsərindən yazılmış  olan üç mətni ixtiyari olaraq qruplara paylayır (Mətnlər dərsin arxasında verilir.). Eyni zamanda hər bir qrupa kağız və marker verilir. Sonra qruplara izah edilir ki, onlar ayrılmış vaxt ərzində mətnlərlə tanış olmalı, yaranmış fikir və düşüncələrini kağız üzərinə köçürməlidirlər. Sonda isə qrup içərisindən seçilmiş bir nəfər alınmış nəticəni təqdim etməlidir.

Qrupların yazacağı təxmini fikirlər.(Adətən bu və yuxarıdakı fikir və cavablar şagird üçün deyil, müəllim üçün verilir. Müəllim keçirdiyi dərsdə hansı fikir və suallarla qarşılaşacağını əvvəlcədən bilməli, bu və ya digər interaktiv üsul və metodların ondan nə tələb etdiyini başa düşməlidir – Müəllif)

 I qrup :

     -  Ölkədə özbaşınalıq hökm sürür.

     -  Mərkəzi hakimiyyət zəifdir.

     -  Tayfalarda müstəqillik çoxdur.

     -  Dövlət qızılbaş əmirlərindən asılıdır.

     -  Ölkənin müharibə şəraitində olması qızılbaş əmirlərinin sərbəstliyinə şərait yaradır.

II qrup :

-         Ölkədə feodal dağınıqlığı hökm sürür.

-         Qızılbaş əmirləri mərkəzi hakimiyyət uğrunda mübarizə aparırdılar.

-         Hakimiyyət zəifdir.

-         Səfəvi – Osmanlı müharibəsi özbaşınalığa şərait yaradır.

-         Qoşunların tayfa əlamətinə görə yaradılması dövlətin müdafiə qabiliyyətini zəiflədir.

III qrup :

-         Hakimiyyət hərisliyi feodalların gözünü tutmuşdu.

-         Mərkəzi hakimiyyət əmirlərin qarşısında aciz idi.

-         Dövlətin zəifliyi qızılbaş tayfa qoşunlarının dövlətdən çox öz əmirlərinə tabe olması idi.

-         Feodallar özləri də bilmədən dövləti məhvə doğru aparırdılar.

Təqdimat

Qruplar gördükləri işləri təqdim edirlər. Təqdimat zamanı qruplara suallar verilir.

Təqdimat bitdikdən sonra mərhələni yekunlaşdırmaq üçün müəllim sinfə aşağıdakı sualları verir :

-         Təqdimatda tez – tez səslənən fikirlər hansılar idi ?

-         Niyə ölkə bu vəziyyətə düşmüşdü ?

-         Özbaşınalıq nəyə şərait yaradır ?

Müəllim bir neçə sualla mərhələni yekunlaşdırıb növbəti mərhələyə keçir.

IV mərhələ : Qərarlar ağacı

Bu mərhələdə də müəllim sinfi 3 qrupa bölür. Hər bir qrupa üzərində “ Qərarlar ağacı “ təsvir olunmuş vatman və markerlər verilir(“ Qərarlar ağacı”nın təsviri dərsə əlavə edilmiş “ Sənədlər “hissəsində verilir ). Qruplara görəcəkləri iş haqqında izahat verilir. Onlara deyilir ki, təsəvvür edin ki, müharibənin taleyini həll etmək sizə tapşırılıb. Qərar qəbul etməlisiniz. Amma onu da bilin ki, hər bir qərarın müsbət və mənfi tərəfləri vardır. Siz qərarın hər hansı bir üç variantını işləyib hazırlayırsınız. Onların müsbət və mənfi tərəflərini göstərirsiniz. Son qərarı aşağıda yazıb, o hissəni geriyə qatlayırsınız ki, bunu digər qruplar görməsin. Çünki, təqdimat zamanı qrupun hansı qərara gəldiyini digər qruplar tapmalıdırlar.

 Şagirdlərin müzakirədən sonra gələ biləcəkləri müsbət və mənfi tərəfləri ilə təsvir edilmiş təxmini qərarlar :

-         Müharibəni axıra qədər davam etdirmək.

-         Qüvvə yox, şimal torpaqlarının əksəriyyəti işğal edilib.

-         Müharibəni dayandırıb sülh müqaviləsi bağlamaq lazımdır.

-         Şəki , Şirvan, Qarabağın itirilməsi ilə necə razılaşmaq olar.

-         Üçüncü tərəfi maraqlandırmaq , onu müharibəyə cəlb etmək lazımdır.

-         Üçüncü tərəf öz iddialarını ortaya qoyub elə şərtlər tələb edə bilər ki, onu qəbul etmək olmaz.

-         Sülh müqaviləsi bağlamaq lazımdır.

-         Məgər torpaqların itirilməsi ilə razılaşmaq olar ?

-         Başqa dövlətlərlə ittifaqa girmək lazımdır.

-         Osmanlı dövləti güclüdür, ona qarşı müharibəyə girişən dövlət tapılmaz.

-         Xalqı mübarizəyə qaldırmaq lazımdır.

-         Xalq onsuz da qüvvədən düşüb. Daha çox torpaq itirməkdənsə sülh bağlamaq lazımdır.

-         Sülh müqaviləsi bağlamaq lazımdır.

-         Vətən torpağı düşmən əlində olduğu halda sülhdən danışmaq olmaz.

-         Yerlərdə üsyanlar təşkil etmək lazımdır. Xalq üsyanları Osmanlı türklərini burdan çəkilib getməyə vadar edər.

-         Xalq müharibədən cana doymuşdur. Onları silahlandırmağa vəsait yoxdur.

-         “ Yanmış torpaq “ siyasəti yeritmək lazımdır. Onda Osmanlı türkləri duruş gətirməz.

-         Mümkün deyil. Çünki Şirvanda , Şəkidə onları müdafiə edənlər də var. Bir də onlar həddindən artıq torpaq ələ keçirmişlər.

Təqdimat

Qruplar hazırladıqları işi sinfə təqdim edirlər. Təqdimatın gedişində qruplara suallar verilir.Qruplar təqdimatı başa vurur, hər bir qrup digərlərinin qəbul etdikləri ümumi qərarı tapmağa çalışır. Bu iş yaradıcılıq tələb etdiyi üçün şagirdlər tərəfindən adətən maraqla qarşılanır. Əlavə müzakirəyə ehtiyac yaranır. Əgər vaxt imkan verirsə, əgər buna tələb varsa, müəllim mərhələni yekunlaşdırmaq üçün sinfə aşağıdakı sualları verir :

-         Siz bilən, qərar qəbul etmək asan idimi ?

-         Qərar verərkən məsuliyyət hiss edirdinizmi ?

-         Müasir dövrdə belə qərarlar verməyə ehtiyac vardımı ?

-         Qərarı verərkən niyə biz çətinlik çəkirik ?

 

V mərhələ : Qiymətləndirmə və yekunlaşdırma

Qiymətləndirmə zamanı müəllim müxtəlif üsul və metodlardan istifadə edə bilər. Ya müəllim seçmə yolu ilə özü şagirdlərin dərsdə fəallığını və ya qeyri – fəallığını nəzərə alaraq onları qiymətləndirir və ya hər bir qrup növbəti qrupun tərkibindəki şagirdləri, onlar da öz növbəsində növbəti qrupun tərkibindəki şagirdləri qiymətləndirir, ikincilər də üçüncüləri qiymətləndirməklə iş başa çatır. Təcrübə göstərir ki, şagirdlərin bir – birini qiymətləndirməsi daha obyektiv olur.

 

İndi Əliqulu xan Şamlı gənc şahzadə Abbas Mirzəni öz nəzarəti altında girov saxlayırdı. Həqiqətdə bütün bəlaların baisi o idi......Şah Məhəmməd Xüdabəndə Həmzə Mirzə ilə Herata yürüş etdi, lakin Əliqulu xan qalanın müdafiəsini yaxşı təşkil etdiyindən , üç ay müddətində onu ələ keçirmək mümkün olmadı. Sultan Muradın ölkənin qərbinə yürüşə hazırlaşdığını eşidib Şah Heratdan geri çəkildi.     ( səh 102)

 

 

Mənbə    II

 

40 minlik türkmən qoşunu Təbrizə yaxınlaşanda  onlara arxayın olan Şah mühasirədəki türklərə sülh təklif edərək onların şəhərdən çıxıb Sufiyan istiqamətində sərbəst gedəcəklərinə zəmanət verdi. Lakin, Əmir xanın ölümünü unutmayan və Həmzə Mirzənin hakimiyyəti öz əlində cəmləşdirdiyini görən türkmən və təkəli əmirləri qiyam edərək 11 yaşlı Təhmasib Mirzəni oğurlayıb şah elan etmək fikrinə düşdülər. Onlar şahzadənin mühafizəçilərini öldürüb, onu ölüm qorxusu altında Qəzvinə aparıb Şah elan etdilər və qiyamçıların iradələrini həyata keçirməyə məcbur etdilər...Bir  müddət sonra qiyamçıları məğlub edən Həmzə Mirzə Təhmasibi Ələmut qalasında həbsə saldırdı( səh. 119-120 )

 

Mənbə   III

 

Şahzadə Həmzə Mirzənin oğlu İsmayıl Mirzənin Lələsi təyin edilən İsmi xan Şamlı tutduğu vəzifənin üstünlüklərindən vəcdə gəldi ( İsmayıl Mirzə Həmzə Mirzədən  sonra hakimiyyətə namizəd ikinci şəxs idi). O, İsmayıl Mirzəni hakimiyyətə gətirmək fikrinə düşdü. 14 nəfər xanın və qohumlarının iştirakı ilə  qəsd hazırladı. Həmzə Mirzənin ölümünü onun şəxsi dəlləyi Xudaverdi həyata keçirməli idi.......Gecə şahzadə yatarkən o alaçığa daxil olub əlindəki ülgüclə öz mənfur işini gördü, Həmzə Mirzənin boğazını kəsdi. ( səh  124)

 

 

 

Səfəvi dövləti XVI əsrin sonunda

 

                           

 

 

 



Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 5 noyabr 2013 19:48
    maraqlidir.tesekkurler.cox safolun maralidir

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.