Məsçid minarələri

Məsçid minarələri

 Məscid minarələri tarixindən maraqlı faktlar

 

Minarə - adətən, məscidlərin küncündə (künclərində) inşa edilən uzun qülləvari tikiliyə deyilir.

Azan səsinin uzağa yayılması, bəzi hallarda isə işıqlandırma vasitəsi kimi istifadə edilir. Ərəb dilindən “mayak” kimi tərcümə edilir. Səbəbi budur ki, keçmişdə dəniz (okean) sahilində yerləşən şəhərlərin minarələrinin zirvəsində işıq yandırılırdı ki, gəmilər uzaqdan şəhərin istiqamətini təyin edə bilsinlər. 

İslamın ilk onilliklərində minarə yox idi. Azan verən şəxs ya məscidin, ya da məscid yaxınlığında yerləşən hər hansı uca binanın damına qalxırdı. Bəzi məlumatlara görə, ilk dəfə Misir valisi Məsləmə ibn Müxəlləd (vəf. 682) Fustatdakı (köhnə Qahirə) Əmr ibn As camisinin hər küncündə bir minarə tikdirmişdi.
Minarələrin içində dolama pilləkən yerləşdirilir. Azançı həmin pilləkən vasitəsilə minarənin yuxarı qatındakı eyvana (şərəfə) qalxır. Minarələr hündürlükdən asılı olaraq bir, iki və ya üç şərəfəli olur. 

Müxtəlif müsəlman ölkələrindəki məscidlərin minarələri quruluş etibarilə fərqlənir. Bu fərq memarlıq üslublarından irəli gəlir. Məsələn, İran və İraq məscidlərinin minarələri adətən bir şərəfəlidir, dairəvi en kəsiyinə malikdir və dəbilqə formalı günbəzlə yekunlaşır. Türkiyə minarələri bir qayda olaraq nazik dairəvi və ya gülvari en kəsiyinə, konusvari ucluğa, çoxşərəfəli quruluşa malik olur. Məğrib, yəni Şimali Afrika ölkələrindəki minarələr isə adətən kvadrat en kəsiklidir. Son zamanlar Qərb ölkələrində tikilən məscid minarələrində modern üsluba üstünlük verilir.

Məsçid minarələri

 

Dünyanın ən hündür minarəsi Mərakeşin Kasablanka şəhərində yerləşir. Atlantik okeanının sahilində tikilmiş və Mərakeş kralı II Həsənin adı ilə adlandırılmış məscidin dördbucaqlıen kəsiyinə malik minarəsinin hündürlüyü 200 metrdir. Minarənin zirvəsində quraşdırılan və işığı 30 kilometr məsafəyə kimi uzanan lazer şüası qiblənin istiqamətini göstərir.

İslam tarixində minarələrlə bağlı bəzi maraqlı faktlar mövcuddur. Məsələn, Osmanlı sultanı II Səlimin (1566-1574) tapşırığı ilə məşhur türk memarı Sinanın (1489-1588) layihəsi əsasında Ədirnə şəhərində tikilmiş Səlimiyyə camisinin 80 metrlik üçşərəfəli minarələrinin daxilində ayrı-ayrılıqda 3 pilləkən qurulub. Pilləkənlərin hər biri şərəfələrin birinə gedib-çıxır. Bu pilləkənlərlə eyni vaxtda qalxan adamlar bir-birini görmür, yalnız bir-birinin səsini eşidirlər.

Sultan I Əhmədin (1603-1617) zamanında İstanbulda tikilmiş Əhmədiyyə camisinin minarələrinin də maraqlı tarixçəsi var. Minarələrin sayı 6-dır. O vaxtlar yalnız Məkkədəki Beytullah məscidinin 6 minarəsi vardı, bütün qalan məscidlərin minarələrinin sayı bundan az idi. Əhmədiyyə camisi tikilib qurtarandan sonra sultana irad edirlər ki, niyə Məkkə ilə rəqabət aparan məscid tikdirib. Yaranmış söz-söhbətə son qoymaq üçün sultan caminin minarələrindən birini sökmək fikrinə düşür. Amma ona məsləhət görürlər ki, bunu etməkdənsə, Məkkədəki məscidə daha bir minarə əlavə etdirsin. Sultan Əhməd Beytullah məscidi üçün yeddinci minarəni tikdirir. Beləliklə, birincilik yenə Məkkədə qalır.

Məsçid minarələri

 

Sultan Süleyman Qanuninin (1520-1566) zamanında Memar Sinanın İstanbulda tikdiyi Süleymaniyyə camisinin isə 4 minarəsi var. Minarələrdən ikisi 3 şərəfəli, qalan ikisi 2 şərəfəlidir. Bunların cəmi 10 edir. Sültan Süleyman Qanuni də sayca 10-cu Osmanlı sultanıdır. Deyilənlərə görə, Süleymaniyyə camisinin tikintisinin yubandığını eşidən Səfəvi şahı I Təhmasib (o zamanlar İranla Türkiyənin münasibətləri çox gərgin idi) Sultan Süleymana irad məqsədilə ona bir mücrü dolusu daş-qaş göndərir ki, caminin tikintisini davam etdirsin. Sultan Süleyman bu hərəkətdən qəzəblənir, mücrünü Memar Sinana verib tapşırır ki, həmin ləl-cəvahiratı tikintidə daş yerinə işlətsin. Qiymətli daşları suvağın içinə töküb minarələrdən birinin səthinə çəkirlər. Deyirlər ki, həmin minarənin səthi bir neçə il gün işığında parlayırmış.

Məsçid minarələri

 

Digər maraqlı minarə nümunəsi də İranın İsfahan şəhərində yerləşən və Şah Abbasın dövründə vəzir olmuş Şeyx Bəhai tərəfindən layihəsi verilən “Yellənən minarələr”i olan məsciddir. Bu məscidin iki minarəsi var. Maraqlı budur ki, məscidin yaşının 400 il olmasına baxmayarq, bu gün də həmin minarələrdən birini qüvvətlə itələdikdə hər iki minarə yellənməyə başlayır. Bu metod zəlzələ zamanı minarələrin təkanları özündən ötürməsi və dağılmaması üçün işlənmişdi. Uzun müddət bu minarələrin sirrini heç kəs, hətta bir neçə yüz il sonra ora gəlib minarəni araşdıran avropalılar da aça bilmirdi. Qeyd edək ki, məşhur “bir şamla qızan hamam”ın da layihəsi Şeyx Bəhai tərəfindən verilmiş, lakin onun sirri indiyədək açılmamışdır. Bu hamamın qızdırıcı sistemi hazırda qalmayıb. Həmin hamamın sirrini öyrənmək məqsədilə vaxtilə İran-Rusiya müharibələri zamanı İrana rus qoşunları daxil olarkən Rusiya mühəndisləri qızdırıcı sistemi söksələr də, sirrini aça bilmədən çıxıb getmişlər.

 

Məsçid minarələri

 

islam.az

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 17 avqust 2012 20:17
    Magaliye gore teshhekur edirem!gozel magaledir!

  2. 20 avqust 2012 11:19
    cox sagolun eladi fellow

  3. 21 avqust 2012 15:22
    saq olun gozel meqale idi

  4. 13 dekabr 2012 00:05
    maraqli idi

  5. 5 fevral 2013 22:14
    twk.......

  6. 5 fevral 2013 23:02

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.