Böyük ziyalı və fədakar siyasi xadim Yusif bəy Yusifbəyli!

Böyük ziyalı və fədakar siyasi xadim Yusif bəy Yusifbəyli!

 

Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli simalarından biri olan Nəsib bəy Yusifbəylinin adı hər kəsə yaxşı tanışdır. Amma onun atası, böyük ziyalı və fədakar siyasi xadim Yusif bəy Yusifbəylinin həyatı haqqında çox az adam məlumatlıdır. 

Qəhrəman bir nəslin yetirməsi

Yusif bəy Gəncədə çox məşhur bir nəslin nümayəndəsi olub. Onun atası Həşim bəy Gəncə xanı Cavad xanın vəziri Usub bəyin nəvəsi idi. 1804-cü ildə Gəncənin müdafiəsi zamanı Cavad xan şəhid olanda rus zabiti onun meyidinə tüpürmək istəyib. Bu zaman onun qaynı və vəziri olan Usub bəyin oğlu Eyyub bəy insanların arasından çıxaraq rus zabitini öldürüb.

1852-ci ildə belə bir ziyalı ailədə dünyaya göz açan Yusif bəyin böyüyüb tərbiyə almasında ailə mühitinin önəmli rolu olmuşdur. Təsadüfi deyil ki, o, irsən keçən bu dəyərləri sonradan öz oğulları - Nəsib bəy, Həmid bəy və Eyyub bəy kimi istiqlal mücahidlərinə ötürmüşdür. Yusif bəy ata himayəsindən tez məhrum olub. Günlərin birində iş dalınca İrana gedən atası Həşim bəy bir daha geri qayıtmayıb. Beləliklə, ailənin yeganə övladı olan Yusif bəy anası Bəşirət xanımın himayəsində böyüyüb. Anası dövrünün ən qabaqcıl maarifpərvər qadınlarından idi. Bəşirət xanım da Azərbaycanda məşhur bir ailənin yetirməsi olub. O, Üzeyir Hacıbəyovun atası Əbdülhüseyn bəyin bibisi idi.

Onun maarifçilik işləri haqqında yazılı mənbələrdə məlumatlar var. Maarifpərvər qadın Gəncədə xüsusi rus məktəbinin açılmasında fəal iştirak edib. Həmin məktəb Cavad xanın dəftərxanasında fəaliyyət göstərib. Məktəbdə cəmisi 7 şagird oxuyurdu. Onlardan dördü erməni, ikisi yəhudi, biri isə Yusif bəy idi. Məktəbin müəllimləri Tiflisdən gəlirdilər.

Bu fədakar qadın oğlunu oxutmaq, Peterburqda universitetə qoymaq üçün əlindən gələni edir. Hətta Gəncə qubernatorunun verdiyi sənəd əsasında Rusiya çarı II Aleksandrın qəbuluna gedir. Çarın qardaşı Yusif bəyi anası ilə birlikdə qəbul edir və beləliklə, Yusif bəy Peterburq universitetinin hüquq fakültəsinə qəbul olunur. Burada ali təhsilini başa vuran gənc hüquqşünas Gəncəyə qayıdır. Ilk addımda ən aşağı işlərdən birinə - Yelizavetpol (Gəncə) qəza məhkəməsinə tərcüməçi vəzifəsinə götürülür. Şahidlərin xatırladığına görə, Yusif bəyin ailəsində həmişə vətənpərvərlik, müstəqillik haqqında söhbətlər getmişdir.

Böyük ziyalı və fədakar siyasi xadim Yusif bəy Yusifbəyli!

 

 

Yusif bəyin “inqilabçı” evi

Yusif bəyin Hacıkənddəki ikimərtəbəli yaylaq evinə Gəncənin sayılıb-seçilən adamları yığışardı. Istiqlal, müstəqillik, muxtariyyat haqqında söhbətlər gedərdi. O zamanlar Hacıkənddə qubernatorun da yaylağı var idi. Qubernatora Yusif bəyin evində yığıncaqlar keçirilməsi barədə məlumat çatır və o, ermənilərə evi yandırmaq göstərişi verir. 1905-ci ilin yanvarında ermənilər həmin evi yandırırlar. Çox illər sonra yanğını bilavasitə törədənlərdən biri bunu etriaf edir. 1964-cü ildə Hacıkənddəki “Inşaatçılar” pioner düşərgəsində ermənilərin yaşadığı Çaykənd kəndindən olan 80 yaşlı erməni Levon düşərgədə ocaqçı işləyirmiş. Levon danışırmış ki, “1905-ci ildə Gəncə qubernatoru atamı yanına çağırdı. O vaxt 21 yaşım var idi. Atamla bərabər mən və əmim oğlu da qubernatorun qəbulunda olduq. Qubernator bizə Yusif bəyin Hacıkənddəki evinə od vurmağı tapşırdı. Tapşırığa elə həmin günün axşamı əməl olundu”.

Yanğından sonra evin birinci mərtəbəsini Yusif bəy bərpa etdirib. Sovet vaxtı isə bu evin bir hissəsində mülki müdafiə komitəsi yerləşib. Bu ev sonra tarixi qərarların verildiyi bir ocaq olub. 1905-ci ildə erməni quldurlarının fəallaşdığı bir vaxtda, Yusif bəy, oğlu Həmid bəy, dostu və qohumu Ələkbər bəy Rəfibəyli, Ələsgər bəy Xasməmmədli bərpa edilmiş evdə “Türk sosial-federalist inqilabı” adlı komitə yaratmağı qərara alırlar. Məhz həmin təşkilat Azərbaycana muxtariyyət verilməsi və Rusiyanın federativ şəkildə qurulması ideyasını qoyan ilk siyasi qüvvə olur. Komitənin əsasında “Qeyrət” təşkilatı yaradılır. Bəzi sənədlərdə “Tatar sosialistlər, federalistlər, inqilabçılar partiyası” adlanan təşkilatın rəhbərliyinə Ələkbər bəy Rəfibəyli, Yusif bəy Yusifbəyli, Ələsgər bəy Xasməmmədov və Həmid bəy Yusifbəyli daxil idi. O zaman el ağsaqqalı Ələkbər bəy Rəfibəyli həmin partiyanın rəhbərliyinin Həmid bəy Yusifbəyliyə tapşırılmasını təklif etmişdi.

Böyük ziyalı və fədakar siyasi xadim Yusif bəy Yusifbəyli!

 

 

 

Azərbaycan uğrunda müqəddəs mübarizə

Bu dövrdə “Qeyrət” partiyası Gəncədə çox işlər gördü. Amma onlar çarizmin fitvası ilə 1905-ci ildə erməni-daşnak quldurları tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımın qarşısını ala bilmədilər. Qırğınların qarşısını almaq məqsədi ilə Əhməd bəy Ağayev 1906-cı ildə Şuşada “Difai” partiyası yaratdı. Yeni yaradılmış “Difai” partiyası ən çox Gəncə və Gəncə quberniyasında fəaliyyət göstərirdi.Bu partiyanın Gəncə təşkilatının sədri Mirzə Məhəmməd Pişnamazzadə, müavini isə Ələkbər bəy Rəfibəyli idi. Yusif bəy və Həmid bəy Yusifbəylilər, Ələkbər bəy və Ələsgər bəy Xasməmmədli qardaşları, Həsən bəy Ağayev, Məhəmməd Hüseyn Rəfiyev təşkilatın ən fəal üzvləri idilər. Məlumat üçün bildirək ki, Həsən bəy Ağayevlə Xasməmmədlilər də Yusif bəyin qohumları olub.

Beləliklə, həm “Qeyrət”, həm də “Difai” partiyasının əsasən gizli yığıncaqları Yusif bəyin Hacıkənddəki “Lemsə bulağı” deyilən yerdəki yaylaq evində keçirilirdi. Bu ev şəhərdən nisbətən uzaq ərazidə yerləşdiyinə görə təhlükəsiz sayılırdı.

“Difai”nin Mərkəzi Komitəsi Bakıda olsa da, Gəncə təşkilatı daha nüfuzlu və fəal idi. Bu təşkilata ilk dəfə Mirzə Məhəmməd Pişnamazzadə sədrlik edib. M.M.Pişnamazzadə “Difai”dəki fəaliyyətinə görə Kazan şəhərinə sürgünə göndərilib. Bundan sonra “Difahi”yə Ələkbər bəy Rəfibəyli sədrlik edir. Təşkilata Həmid bəy Yusifbəyli, Ə.Xasməmmədov, Məşədi Əli Rəfiyev, M.Qazıyev, Molla Ismayılzadə, Q.M.Həmzəyev daxil idi.

Vətənpərvər insanların yaratdığı “Difahi”nin əsas məqsədi ermənilərin rusların köməyi ilə azərbaycanlılara qarşı törətdikləri zorakılığın və soyqırımın qarşısını almaq idi. Xalq arasında bu təşkilat “Qisas” da adlanırdı. Bu dövrdə erməni terrorunun qarşısını almaqda, eləcə də erməni qatillərini cəzalandırmaqda qorxmaz, igid, qaçaq Dəli Alının fəaliyyəti böyük olub. “Difai”nin fəaliyyəti nəticəsində demək olar ki, Gəncədə erməni terroruna son qoyuldu.

1917-ci il fevral inqilabından sonra Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə “Qeyrət” siyasi arenaya yeni ad altında - “Türk-ədəmi-mərkəziyyət” partiyası kimi daxil oldu. Bundan sonra Yusif bəy siyasi fəaliyyətini dayandırdı.

Şahidlərin sözlərinə görə, Yusif bəy çox xeyirxah, kövrək bir insan olub. Hamıya əl tutub, köməyini əsirgəməyib. Dayəsinin əri bir Novruz bayramı axşamı Yusif bəyə çuxa bağışlayır. Yusif bəy cavab olaraq ona deyib ki, sən mənə çuxa bağışladın, mən də sənə olduğunuz evi bağışlayıram. Gəncə toxuculuq kombinatının ərazisi, yeni Irəvan qəsəbəsinin sahəsi, “Quruqov” adlanan torpaqlar, Gəncənin kənarındakı Quşqara deyilən yerdəki ağ torpaqlar Yusif bəyə məxsus olub.

 

MTN-in arxiv sənədlərindən məlum olur ki, şəhərin kənarında Yusif bəyin kərpic zavodu da varmış. Yusif bəy Gəncəyə üç kəhriz çəkdirib. Həmin kəhrizlərdən biri Yusif bəyin məhləsində, biri toxuculuq kombinatının ərazisində, biri isə yeni Irəvan qəsəbəsi yerləşən yerdə olub. 1960-cı illərin əvvəllərinə qədər fəaliyyət göstərən kəhrizlər baxımsızlıqdan batıb.

 

Yusif bəy 1922-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. Ölümünün sürətlənməsinə səbəb isə Nəsib bəyin qətlə yetirilməsi xəbəri olub. Bundan sonra da Yusifbəylilər nəsli Sovet hakimiyyəti dövründə böyük təqiblərə məruz qalıb.

Böyük ziyalı və fədakar siyasi xadim Yusif bəy Yusifbəyli!

 

 

 




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 20 avqust 2012 18:46
    Bu cur boyuk shexsiyetlere her zaman ehtiyacimiz var!

  2. 21 avqust 2012 12:21
    Bu cur hexsiyyetler dunyaya bir defe gelir.davamcilari nadir halarda ola biler.meqaleye gore teekkur edirem xoma geldi.

  3. 22 avqust 2012 21:09
    100ilden bir dogulur bele dahiler.
    Xeber ucun tesekkur. secilmise atim. cox xosuma geldi. smile

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.