Quba xanlığı

[/b]

[b]Quba xanlığı

Azərbaycanın şimal torpaqlarında yaranmış xanlıqlar içərisində Quba xanlığı xüsusilə fərqlənmişdir. Xanlığın əsasını 1726-cı ildə Hüseynəli xan (1726-1758) qoymuşdur. O, əvvəlcə Quba xanlığını bir hakim kimi idarə etməyə başlayır. Xanlığın iqamətgahı əvvəlcə Xudat qalası, 1735-ci ildən isə Quba şəhəri olur. Nadir şahın ölümündən sonra Hüseynəli xan xanlığı müstəqil idarə etməyə başlayır.

 

         Əlverişli coğrafi-strateji mövqeyə malik Quba xanlığının ərazisi Azərbaycanın zəngin vilayətlərindən biri hesab olunurdu. Qubanın  Azərbaycanı Dağıstan, Şimali Qafqaz və Cənubi Rusiya ilə birləşdirən mühüm ticarət yolu üzərində yerləşməsi, onun münbit torpaqlarında müxtəlif kənd təsərrüfatı bitkilərinin becərilməsi bu xanlığı daha da əhəmiyyətli edir.  Ölkənin təsərrüfatı inkişaf edir, əhalinin sayı artır. Quba şəhərində çoxlu silah emalatxanaları və pul kəsmək üçün zərbxanalar inşa edilir. Hüseynəli xan burada möhtəşəm bir saray da tikdirir. Xanlıq Bakı, Şamaxı, Şəki və Dərbənd xanlıqları, Dağıstanın feodal hakimlikləri ilə həmsərhəd olur.  İnzibati cəhətdən 10 mahaldan ibarət xanlıqda Təngi, Şeşpara, Gülhan, Altıpara, Doqquzpara, Şabran və başqaları daha mühüm əhəmiyyət kəsb edir.

         Hüseynəli xan Quba xanlığının ərazisini genişləndirmə siyasəti yeridir. Nadir şahın ölümündən sonra Salyan üzərində öz qədim, irsi hüququndan istifadə edərək 1856-cı ildə buranı Quba xanlığına birləşdirir. Bu hadisə nəticəsində Salyan Quba xanlığının ayrılmaz bir hissəsinə, mühüm siyasi dayağına və gəlir mənbəyinə çevrilir.  Quba xanlığı Fətəli xanın hakimiyyətdə olduğu 1758-1789-cu illərdə özünün  yüksəliş dövrünü yaşayır. Bir sıra sosial-iqtisadi islahtalar həyata keçirən Fətəli xan, həm də atasının başladığı dövlətin ərazisini genişləndirmək siyasətini uğurla davam etdirir.  O, bu siyasətin həyata keçirilməsinə Dərbənd xanlığından başlayır. Bu vaxt Dərbənd xanlığında hökm sürən özbaşınalıq xalqda və hakim dairələrin bir hissəsində narazılıq yaradır. Onlar bu özbaşınalığa son qoymaq üçün Quba xanlığı ilə birləşmək istəyirlər. Fətəli xan hətta Cənubi Dağıstan əmirlərinin bəzilərini bu işdə özünə müttəfiq edir. 1759-cu ildə Dərbənd torpaqları Quba xanlığına qatılır. Fətəli xan Dərbənd şəhərinin idarəsini arvadı Tuti Bikəyə tapşırır.

         İqtisadi və hərbi cəhətdən zəif olan Bakı xanlığını birləşdirmək  Fətəli xanın dövlətçilik fəaliyyətində mühüm yer tutur. Çünki Bakı xanlığının digər xarici hücumlara məruz qalması Quba xanlığı üçün də təhlükə yarada bilərdi. Bu məqsədlə  «nikah diplomatiyası»na əl atır. Bacısı Xədicə Bikəni Bakı xanı Məlik Məhəmmədə ərə verir. Bu siyasət də öz bəhrəsini verir. 1767-ci ildə Bakı və Abşeron torpaqları Quba xanlığının təsir dairəsinə düşür.  O dövrün rəsmi sənədlərində Fətəli xan artıq «Quba, Dərbənd, Bakı və Salyan hakimi» adlandırılır.

         Şamaxı xanlığının  birləşdirilməsi uğrunda  ardıcıl mübarizənin başlanması ilə Şimal-şərqi Azərbaycan torpaqlarının xanlığa qatılması işi ikinci mərhələyə qədəm qoyur. Əslində Şamaxının  tabe edilməsi planı hələ xeyli əvvəl, Salyanın birləşdirilməsindən sonra mövcud idi. Lakin Şəki xanlığı ilə kəskin rəqabət bu istəyi arxa plana keçirir. Dərbənd, Bakı və Salyan torpaqlarının  birləşdirilməsindən sonra  Fətəli xanın planları reallaşmağa başlayır. Şamaxı xanlığı barədə Fətəli xanın planlarına xanlığın mərkəzini Şamaxıya köçürmək  də daxil idi. Bu arzu həm iqtisadi, həm də siyasi tələblərdən doğurdu. Bu məsələnin iqtisadi əhəmiyyəti Şamaxının mühüm ticarət yollarının üzərində yerləşməsi və yaxşı təsərrüfat imkanlarına malik olması idi. Siyasi cəhətdən isə Şamaxı  xanlığı Şəki və Qarabağ xanlıqlarının birləşdirilməsində, Azərbaycanın cənub torpaqlarına irəliləyişdə mühüm strateji məntəqə rolunu oynamalı idi.

         Şamaxı xanlığında yaranmış vəziyyətdən istifadə edən Fətəli xan Şəki xanının köməyi ilə 1767-ci ildə Şamaxı şəhərini ələ keçirir. Xanlığın ərazisi müttəfiqlər arasında bölüşdürlür. Az sonra Şəki xanı Hüsyen xan keçmiş Şamaxı xanı Ağası  xan ilə ittifaq yaradaraq Fətəli xana qarşı çıxır. 1768-ci ildə baş vermiş döyüşdə müttəfiqlər məğlub olurlar. Bütün Şamaxı torpaqları Quba xanlığına birləşdirilir. Şamaxı xanlığının Quba xanlığına qatılması Fətəli xanın dövlətçilik fəaliyyətində mühüm nailiyyətə çevirir.

         1768-ci ildə Cavad xanlığı da Quba xanlığının tabeçiliyinə keçir. Coğrafi və hərbi-strateji baxımdan əhəmiyyətli olan Muğanın  Quba xanlığına qatılması xanlığın getdikcə  qüvvətlənməsinə səbəb olur.

         Azərbaycanın Şimal-şərq torpaqlarının vahid bir dövlətdə birləşdirilməsini  o dövr üçün mühüm hadisə kimi qiymətləndirmək olar. Çünki bu ərazilərdə ara müharibələrinə  nisbətən son qoyulur, təsərrüfatın inkişafı üçün əlverişli şərait yaranır. Quba xanlığı artmaqda olan iqtisadi və hərbi-siyasi gücünə görə Azərbaycanın bir sıra xanlıqlarını üstələyir və ölkənin siyasi həyatında mühüm rol oynayır. Lakin yerli separatçı qüvvələr aradan götürülmür və bu qüvvələrin ləğvi məsələsi qarşıda duran mühüm vəzifələrdən birinə çevrilir.

         Fətəli xanın planlarına Azərbaycanın cənub torpaqlarını da öz dövlətinə qatmaq daxil olduğundan o, 1784-cü ildə bu ərazilərə yürüş edir. Ərdəbil və Meşkin şəhərləri ələ keçirilir. Lakin bu hadisə Xoy və Qarabağ xanlıqlarının və Rusiya dövlətinin ciddi narazılığına səbəb olur. Çünki, Rusiya Quba xanlığının daha da güclənməsindən ehtiyat edir. Sərhədlərinə yaxın bir bölgədə güclü Azərbaycan dövlətinin yaranması Rusiyanın gələcəkdə Cənubi Qafqazdakı işğalçılıq siyasətinə mane ola bilərdi. Rusiya ilə münasibətləri korlamamaq üçün Fətəli xan geri qayıtmağa məcbur olur.

         Fətəli xanın islahatları və köçürmə siyasəti. Dövrünün görkəmli dövlət və siyasi xadimi, diplomat və tədbirli bir şəxsiyyət kimi tanınmış  Fətəli xan xanlığı möhkəmləndirmək üçün bir sıra sosial-iqtisadi səciyyəli islahatlar keçirir.  Onun keçirdiyi vergi islahatına əsasən vergilərin mahal naibləri tərəfindən toplanması qaydası  ləğv olunur. Çünki mahal naibləri verginin bir hissəsini mənimsəyirdilər. Fətəli xanın hər bir kətxudanın kəndlilərdən topladığı vergini xan xəzinəsinə və anbarlarına özü şəxsən təhvil vermək barədəki göstərişi mahal naiblərinin əliəyriliyinə  son qoyur. Bununla yanaşı, yerli hakimlərin özbaşınalığına son qoymaq məqsədi ilə bəzi mükəlləfiyyətlərin yalnız xan yasovullarının tələbi ilə yerinə yetirilməsi qaydası tətbiq olunur.

         Fətəli xan xanlığın əhalisini artırmaq siyasəti yeridir. Bu məqsədlə o, Azərbaycanın cənub torpaqlarından xeyli əhalini köçürüb Şabranda və ətraf ərazilərdə yerləşdirir. Dövlətin sərhədlərini möhkəmləndirmək məqsədi ilə Muğandan cəngavər şahsevən tayfalarının bir hissəsini xanlıq ərazisinə köçürür. Şirvanda da özünə dayaq yaratmaq üçün burayai Dərbənddən  xeyli əhali  köçürür.

         Xanlıqlararası münasibətlər. Fətəli xan dövlətin təhlükəsizliyini təmin etmək üçün özünə  müttəfiqlər tapır, əsas məqsədi ilə bağlı bir sıra tədbirlər həyata keçirir.  Lakin onun xanlığın ərazisini  genişləndirmək siyasəti qonşu xanlıqlar və Rusiya tərəfindən birmənalı qarşılanmır.

         Qaraqaytaq usmisi Əmir Həmzə və Şamaxı xanı Ağası xanın başçılıq etdiyi bir sıra Azərbaycan və Dağıstan hakimləri 1774-cü ilin iyulunda Quba xanlığına qarşı yürüşə başlayırlar. Xudat  yaxınlığındakı Gavduşan çölündə müttəfiq  qüvvələrlə Fətəli xanın qoşunu arasında qanlı döyüş baş verir. Üç tərəfdən sıxışdırılan Quba ordusu məğlub olaraq Salayna doğru çəkilir. Qubanı və Şamaxını tutan müttəfiqlər Dərbəndi mühasirəyə alırlar.  Dərbəndin müdafiəsinə Fətəli xanın arvadı Tuti Bikə başçılıq edir. Olduqca igid, tədbirli, həm də ağıllı bir qadın olan  Tuti Bikə qardaşı Əmir Həmzənin Dərbəndi hiylə ilə tutmaq planlarını hiss edir və ona inanmır. Belə ki, Əmir Həmzə bacısına xəbər göndərərək Fətəli xanın həlak olduğunu bildirir, onun cənazəsini gətirib Dərbənddə hörmətlə dəfn etmək istədiyini xəbər verir. Hətta bu məqsədlə Dərbənd divarlarına doğru uzanan yalançı bir dəfn karvanı da düzəldir. Lakin Tuti Bikə bunun fitnəkar siyasət olduğunu başa düşür və qalanı təslim etməkdən boyun qaçırır. Dərbənd  doqquz aydan çox davam edən mühasirəyə mətinliklə tab gətirir.  Nəhayət Fətəli xan Rusiyaya müraciət edərək ondan kömək istəyir. Dərbənd barəsində xüsusi planları olan II Yekaterina hökuməti onun bu xahişini yerinə yetirir. 1775-ci ilin martında rus qoşununun köməyi ilə Fətəli xan Dərbəndi azad etməyə nail olur.

         Fətəli xan Dərbəndi azad etdikdən sonra birləşdirmə siyasətini davam etdirir. Bu zaman əsas diqqəti Qarabağ xanlığına yönəldir. Qarabağ xanlığını əvvəlcə diplomatik yolla tabe etmək istəyir. O, 1779-cu ildə Bakı xanı Məlik Məhəmmədi müqavilə bağ­lamaq təklifi ilə Qarabağa göndərir. İbrahimxəlil xan bu gəlişin məqsədini yaxşı başa düşdüyündən Məlik  Məhəmmədi həbs etdirir. Bu hadisə Quba-Qarabağ münasibət­lərini daha da kəskinləşdirir.  Fətəli xanın 1780-1781-ci illərdə Qarabağ xanlığı üzərinə bir neçə yürüşü uğursuzluqla nəticələnir.

         Fətəli xanın birləşdirmə siyasəti sonadak başa çatmır. Onun Azərbaycan torpaqlarının birliyini  yaratmaq səyləri baş tutmur. Çünki Azərbaycan xanlarının hər biri  bu birləşdirməyə öz torpaqlarının işğalı kimi baxırdılar. Daxili çəkişmələr, xarici dövlətlərin müdaxiləsi kimi amillər də Azərbaycan torpaqlarının vahid dövlətdə birləşdirilməsinə mane olur. Fətəli xanın vəfatından sonra hakimiyyətə gələn Əhməd xan (1789-1791) və Şeyxəli xan (1791-1810) dövründə Quba xanlığının qüdrətini qoruyub saxlamaq mümkün olmur. Ona görə də Şəki, Bakı və Şamaxı xanlıqları Quba xanlığının tabeliyindən çıxırlar.

Xarici siyasət.  Qeyd etdiyimiz kimi Şimal-şərqi Azərbaycan dövlətinin yaranması və dövlətin ərazisinin getdikcə genişlənməsi Rusiyanı ciddi şəkildə narahat edir. Fətəli xan bunu nəzərə alaraq, ilk növbədə, Rusiya ilə ehtiyatlı hərəkət edir, onun Azərbaycana qarşı təcavüzkar siyasətini diplomatik yolla aradan qaldırmağa çalışırdı.

Bu məqsədlə də 1775-ci ilin yazında Dərbənd hakimi Mirzə bəy Fərhadbəylinin başçılığı altında Rusiya sarayına elçi göndərir. II Yekaterinaya yazdığı məktubda Fətəli xan Rusiya ilə dostluğa sadiq qaldığını bildirməklə öz xanlığının təhlükəsizliyi üçün təminat istəyir. Məktubun diplomatik sənəd kimi əhəmiyyəti ondadır ki, əvvəla, Fətəli xan Rusiyaya müstəqil hökmdar kimi müraciət edir, digər tərəfdən Rusiya himayəsini qəbul etməsinə baxmayaraq, müstəqilliyini saxlamaq niyyətində olduğunu da bildirir. Rusiya hökuməti bu əlaqələrin İranla qonşuluq münasibətlərinə ziyan vuracağını bəhanə gətirərək, Fətəli xanın təklifini rədd edir. Əslində isə Rusiya diplomatiyası bununla öz işğalçılıq siyasətini pərdələyir. Fətəli xanın irəli sürdüyü təklif  Rusiyanı təmin etsə də, amma o, Quba xanlığının müstəqilliyini tanımaqdan imtina edir. Beləliklə, Azərbaycan xanlarının Rusiya sarayına elçiliyi uğursuzluqla nəticələnir.

Eyni zamanda, Fətəli xan Kartli-Kaxetiya çarı II İraklinin Azərbaycan xanlarının daxili işlərinə qarşımaması üçün də cəhd göstərir. Lakin Gürcüstanın Rusiya ilə yaxınlığı Fətəli xanın bu problemləri hərb yolu ilə nizama salmasını və Azərbaycanda mərkəzi dövlət yaradılmasını çətinləşdirir. Ona görə də Rusiya vasitəsi ilə II İraklinin təcavüzkar niyyətinin qarşısının alınmasına cəhd edilir. Lakin, bu cəhdlər də həmişə istənilən nəticəni vermir.




Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 18 oktyabr 2011 12:41
    sizin meqaleler meni hevaskar tarixci edecek,eslinde her bir azerbaycanlinin oz tarixini bilmeye caliwmasi cox teqdire layiqdir,mende sizin sayenizde bu meqaleden behrelenmeye caliwiram.

  2. 27 yanvar 2014 16:03
     muellim  men bunlarin hamisini dersliklerden oxumusdum.Zehmet olmasa,basqa melumatlar yazin....! fellow

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.