Qazan xan

Qazan xan

Əbbasilər xilafəti süquta uğradıqdan sonra Azərbaycan beşinci monqol ulusu-Hülakular dövlətinin tərkibinə daxil oldu. Azərbaycan bu dövlətin siyasi-inzibati mərkəzinə çevrildi, Təbriz şəhəri Abaqa xanın zamanından başlayaraq dövlətin paytaxtı oldu. Azərbaycanda köçəri monqol feodallarının hakimiyyəti başladı... Hülakular (Elxanilər) dövlətinin hökmdarları sırasında yer alan Qazan xan (1295-1304) bir sıra islahatlar keçirməklə tarix səyifələrinə öz adını qızıl hərflərlə yazdırmağı bacardı. Qazan xanın dövründə Azərbaycanda bütün sahələr inkişaf etdirilmişdi. Çünki, xan özünü Azərbaycan mənşəli şəxs hesab edirdi. Qazan xan dövlətin idarə olunmasını təkmilləşdirmişdi, bir çox sahələrdə islahatlar keçirmişdi. (din, dil, aqrar, hərbi və s.) Buna misal olaraq memarlıq sahəsindəki uğurlar xüsusi ilə seçilirdi. Həmin dövrə aid memarlıq nümunəsi kimi Qazan xanın türbəsi göstərilə bilər, (1304-1305, Təbriz şəhəri.)

 

 

XVII əsrdə yaşamış Devid Vulberin çəkdiyi rəsmə əsasən türbə planda on güşəli prizmalı gövdədən ibarətdir. Türbənin hündürlüyü 32 m, diametri 17 m idi. Yer altı və yer üstü hissələrdən ibarət olan türbə yer səviyyəsindən 4 m hündürlükdə idi. Baştağı hissəsi zəngin tərtibatı ilə seçilirdi. Fasada baxan 3 əsas səthin üzərində relyeflər vardı: mərkəzi səth üzərində əqrəb (Qazan xanın bürcü); şir (hakimiyyət rəmzi); həyat ağacı və 2 fiqur (ölməzlik sinvolu). Türbənin alt hissəsi daşdan, üst hissəsi bişmiş kərpicdən idi. Türbənin üzərinə Qazan xana məxsus olan yazı həkk olunmuşdur.

 

Xan eyni zamanda Təbriz yaxınlığında Qazaniyyə (yaxud Şənbi-Qazan) adlı şəhərcik saldırmışdı. Müasir dillə desək, o vaxtın “Nazirlər kabineti” bu şəhərcikdə yerləşirdi.

 

Qazan xanın vəziri Rəşidəddin 2-ci belə bir şəhər saldırır: Rəbbi-Rəşidiyyə adlanan bu şəhərdə alimlər, filosoflar, sənətkarlar toplaşmışdı, yaşayıb-yaradırdılar.

 

Hülakular dövlətini iqtisdadi və siyasi böhrandan xilas etmək üçün Qazan xan ciddi addımlar atdı. O, hakimiyyətinin ilk illərində rəqiblərinə qaşı kəskin mübarizə apararaq mərkəzi dövləti möhkəmlədə bildi. Qazan xan yerli oturaq feodalları və müsəlman din xadimlərini öz tərəfinə çəkmək naminə islam dinini qəbul etdi. Onun özünün etiraf etdiyi kimi, “bütün əhalinin müsəlmançılığa razı olması və bütpərəstlikdən üz döndərməsi boş uydurma deyildi” və ciddi siyasi məqsədlər güdürdü. Azərbaycan tarixçisi Əbu Bəkr Əl-Qütbi Əl-Əhəri (xıv əsr) yazır: “Qazan xan düşmənlərinin dəf etmək üçün tədbir aradığı vaxt şəhadət kəlməsini təlqin edib müsəlman oldu”

 

Qazan xan daha sonra bir sıra islahatlar keçirdi və bu işdə vəziri Fəzlullah Rəşidəddin böyük rol oynadı. Qazan xan yeni islahatlar keçirməklə əhalinin istismarını nizama salmaq və dövlət gəlirlərinin mütəmadi axınını təmin etmək, bu işdə monqol əyanlarının özbaşınalığına son qoymaq və eləcə də sıravi monqolara torpaq malikanələri verməklə onların yaşayışı üçün şərait yaratmaq məqsədi güdürdü.

 

Qazan xan vergilərin növü, miqdarı, toplanması üsulu və vaxtı barədə dəqiq qayda - qanun yaratdı. Vergi verənlərin siyahısı tutuldu, hər bir kəndin, şəhərin ödəyəcəyi vergi məbləği böyük lövhələrdə həkk olunub baxımlı yerlərdə nümayiş etdirildi. Vergilərin nağd pulla və ya natura halında toplanılacağı və ilin hansı vaxtında yığılacağı müəyyənləşdirildi. Qeyri-qanuni vergilərin toplanılması qadağan edildi. Vergilərin yığılması Baş divanın sərəncamına verildi və vilayət hakimlərinin bu işə qarışması qadağan olundu. Qazan xanın islahatı vergi toplanılmasının icarəyə verilməsi təcrübəsini ləğv etməsə də, bu işdə ciddi qayda-qanun yaratdı, vergi toplanması 3 il müddətinə icarəyə verildi. Toplanılmış vergilərin məsrəfi və dövlət xəzinələrinin fəaliyyəti üzərində ciddi nəzarət qoyuldu. Vergi islahatı 1297-1304-cü illərdə Qazan xanın narazı qüvvələrə qarşı mübarizəsi şəraitində həyata keçirildi.

 

Qazan xanın rabitə sahəsində həyata keçirdiyi tədbirlər ölkədə vahid rabitə sisteminin yaranmasına səbəb oldu. Qazan xanın fərmanına əsasən, bütün əsas yollarda hər 3 fərsəxdən bir (21 km) rabitə dayanacaqları-“yam”lar yaradıldı. Yamlara əmirlər təyin olundu və onlar lazımi qədər qulluqçularla və paydzaları (xüsusi lövhələri) ləğv etdi və əvəzinə yenilərini düzəltdirib onlardan istifadə üzərinə nəzarət qoydu. Elçilərin və yam işçilərinin yerli əhalidən vəsait alması qəti qadağan edildi. Hər bir elçi-müsafir ezamiyyət xərclərini divandan almalı və yam xidmətindən istifadə edərək lazımi məntəqəyə getməli idi. Mühüm dövlət sənədləri və məktublar da bir yamdam digərinə ötürülməklə ünvana çatdırıldı. Yollarda karvansaralar tikildi və müsafirlərin rəiyyətin evində qalmaları qadağan olundu. Yol gömrüklərinin toplanması sahəsində də qayda-qanun yaradıldı. Rabitə sahəsindəki islahatlar iki il müddətinə həyata keçirildi.

 

Ölkədə höküm sürən hüquqi qanunsuzluqları, məhkəmə işinin həddən ziyadə dolaşıq olmasını, özbaşınalığın və rüşvətxorluğun son həddə çatdığını, “qazı” vəzifəsinin icarəyə verilməsinin mənfi nəticələrini nəzərə alan Qazan xan vəziyyəti nizamlamaq məqsədilə məhkəmə islahatı keçirdi. Əsas diqqət “qazı” vəzifəsinə layiqli din xadimlərinin təyin olunmasına, məhkəmələrindəki qanunsuzluqlara son qoyulmasına, alqı-satqı işlərində qayda-qanunun yaradılmasına yönəldildi. 30 illik tarixə malik iddiaların öz qanuni qüvvəsini itirdiyi elan olundu. Məhkəmələrin aparılması üçün toplanan ödəmələrin dəqiq məbləği müəyyənləşdirildi. Məhkəmə sədri-qazı vəzifəsinə təyin olunanlardan qanuna ciddi əməl edəcəkləri barədə qəbz alınması qaydası tətbiq olundu. Cinayətkarların, cinayətə müvafiq, cəzalanmaları üçün tədbirlər görüldü. Bütün bunlara baxmayaraq, Qazan xanın məhkəmə islahatı tam şəkildə həyata keçirilmədi.

 

Qazan xan torpaq islahatı monqolların orta təbəqələrinə və elxanlara qulluq göstərən yerli əyanların mənafeyini və yaşayışını təmin etməyə istiqamətlənmişdi.. Bu islahatın əsas hissəsini monqol qoşunlarına iqta torpaq sahələrinin verilməsi təşkil edirdi. Qazan xanın fərmanına əsasən incu və divan torpaqları və eləcə də, boş qalmış torpaqlar (bayrat torpaqlar) hesabına bir çox ərazilər hərbi hissələrin sərəncamına verildi. Torpaq sahələri ilə yanaşı həmin ərazidəki kəndlər, suvarma şəbəkələri və s. iqtidarların ixtiyarına keçdi. Qazan xanın fərmanı kəndliləri də öz yaşayış yerlərinə təhkim edirdi və onların bir yerdən digərinə getməsi qadağan olunmuşdu. İqta torpaqları alınıb-satıla, bağışlana, cehiz və ya başqa şəkildə özgəsinə verilə bilməzdi. Yalnız hərbi qulluq göstərənlər iqta ala bilərdilər. İqtalar iqtadarın ölümündən sonra onun hərbi işi davam etdirən xələfinə çatırdı.

 

Qazan xan istifadəsiz qalan bayrat torpaqların becərilməsi üçün təsirli tədbirlər gördü: bütün istifadəsiz torpaqlar divana təhkim olundu, becərilməyən mülklər də satın alınaraq divana verildi. Həmin torpaqlar yeni sahibkarlara paylandı və onların bu ərazilər üzərindəki hüquqları xüsusi divan sənədləri ilə qanuniləşdirildi.

 

Yeni sahibkarlar həmin torpaqları satmaq, bağışlamaq, icarəyə vermək və s. hüququna malik idilər. Bayrat torpaqlardan dövlət vergiləri ərazinin təbii şəraitindən, məhsuldarlığından, xüsusilə su təchizatından asılı olaraq güzəştli şərtlərdə toplanırdı və bu baxımdan 3 yerə bölünmüşdü.

 

Qazan xan ticarətin inkişafını təmin etmək məqsədilə vahid pul sistemi yaratdı, çəki və ölçü vahidlərini sabitləşdirdi. Ticarət yolarında və bazarlarda gömrük toplanması, karvanların, yolların və ticarət mərkəzlərinin qorunması üçün əsaslı tədbirlər gördü.

 

Qazan xan öz siyasətində yerli feodallarla əlaqənin möhkəmləndirilməsi xəttini yeritdi. Bu məqsədlə, o, islam dinini qəbul etdi və xüsusi islahatlar keçirdi. Köçəri feodallar Qazan xana qarşı kəskin mübarizəyə qalxdılar, iğtişaşlar, üsyanlar baş verdi, sui-qəsdlər təşkil olundu. Lakin Qazan xan yerli feodallara arxalanaraq baş vermiş bütün iğtişaşları yatıra bildi, mərkəzi dövləti möhkəmləndirdi. Köçəri feodalların əksəriyyəti Qazan xanın hakimiyyətinə tabe edildilər.

 

Qazan xan uşaqlıqdan itaət etdiyi bütpərəstlikdən üz döndərib islamı qəbul etdi və onu yenidən dövlət dini elan etdi. Qazan xanın dini islahatı nəticəsində bütpərəst monqolların əksəriyyəti islamı qəbul etdilər. Narazı qüvvələr ölkədən çıxarıldı. Qazan xan fərman verib bildirdi ki, islam dinini qəbul etmək istəməyənlər dövlətin ərazisini tərk etsinlər və istədikləri səmtə getsinlər, “burada qalanlar isə iki üzlülük etməsinlər və islamın təmiz adını öz riyakarlığı ilə ləkələməsinlər”.

 

Qazan xanın dini islahatı islamın mərkəzi dövləti aparatındakı mövqeyini bərpa etdi və islam rəsmən dövlət dini kimi fəaliyyət göstərməyə başladı. Dövlət fərmanlarında, sikkə zərbində, xütbə oxunuşunda yenidən müsəlman formullarından istifadə olundu. Həmin islahata görə, Qazan xan “Hicri altıncı əsrin islam dininin islahatçısı” kimi tanındı.

 

Qazan xan din islahatı bütpərəstliyin və eləcə də xristianlığın və başqa dinlərin mövqelərini sarsıtdı. İlk vaxtlarda inşa edilmiş bütxanalarla yanaşı, kilsələr, yəhudi məbədləri (sinaqoqalar) da dağıdıldı, onların yerində məscidlər, xanəgahlar və s. müsəlman abidələri tikildi. Ölkədə yeni bütxanaların inşası qəti qadağan olundu. Qazan xanın dini islahatı monqol-erməni münasibətlərinə ciddi zərbə vurdu və son nəticədə Kilikiya erməni çarlığının süqutuna səbəb oldu.

 

Dini işlərin idarəsinə ölkənin baş qazısı cavabdeh idi. Onun sərəmcamında “qazılar dördlüyü”, vilayət və şəhər qazıları işləyirdilər. Baş qazı şəriət qanunları əsasında mühakimələr aparır, dini baxışları genişlənməsi, gəlirlərin  artırılması, xəzinənin (beytul-malın) və vəqf əmlakının mühafizəsi ilə məşğul olurdu. İctimai-iqtisadi və mədəni həyatın bir çox sahələri- zəkat və cizyə toplanması, əhali arasında nizam-intizamın qorunması, ticarətdə, pul dövriyyəsində əyintilərə yol verilməməsi, karvan yollarında əmin- amanlığın təmini, məscid, mədrəsə və tibb sahələrinin idarəsi dini idarələrin öhtəsinə düşürdü.

 

Qazan xanın islahatları ilk vaxtlarda təsirli nəticələr verdi, xalq kütlələrinin vəziyyətini nisbətən yüngülləşdirdi, ölkə iqtisadiyyatında canlanma baş verdi, sui-istifadə halları azaldı. Dövlət xəzinəsinə daxil olan gəlirlər artdı və əvvəlki 1700 tümən əvəzinə 2100 tümənə çatdı.

 

Mərkəzi dövlət müvəqqəti olsa da möhkəmləndi və beləliklə də Hülakular dövlətinin labüd tənəzzülü bir neçə onillik müddətində təxirə düşdü....

 

Mənbə: “Azərbaycan tarixi”  1-cild, Bakı 1994.

 

Z.M. Bünyadovun və Y.B. Yusifovun redaktəsilə.

 


Paylaş

Oxşar xəbərlər

Rəylərin sayı:.

  1. 14 iyul 2014 19:37
    sag olun bu melumati yerleshdirdiyinize gore

    --------------------

Məlumat Hörmətli qonaq, sizin qeydiyyatınız olmadığı üçün siz rəy yaza bilməzsiniz.Xahiş edirik qeydiyyatdan keçin.